Страницы

30.05.2012

Bəxtiyar Elcan: "Müsabiqənin obyektivliyinə zərrə qədər şübhəniz olmasın"

Bir müddət əvvəl publika.az saytı ədəbiyyat müsabiqəsinə start verib. Müsabiqənin məqsədi, şərtləri, digər müsabiqələrdən fərqi ilə bağlı təşkilatçılardan biri - publika.az saytının redaktoru Bəxtiyar Elcanla söhbətləşdik. Müsabiqəyə qatılmaq istəyən qələm adamları bu müsahibədə bir çox suallara cavab tapacaqlar.

- Necə oldu ki, müsabiqə keçirmək qərarına gəldiniz?
- Son vaxtlar ədəbiyyatımızdakı inkişaf meyilləri bizim də diqqətimizi cəlb elədi. Bu məsələdə xüsusi olaraq Qurban Yaquboğlunun təşəbbüskarlığını qeyd etmək istərdim. Müsabiqənin ideyası onun tərəfindən irəli sürülüb və təbii ki, rəhbərlik də bu layihəni həvəslə dəstəkləyib. Hesab edirəm ki, ədəbiyyatın inkişafı üçün bu cür müsabiqələr olduqca vacibdir.
Bu amilləri nəzərə alıb, bir az götür-qoydan sonra ədəbiyyat müsabiqəsinə başlamağa qərar verdik. Məqsədimiz gənc nəslin ədəbiyyata olan marağını artırmaq, istedadlı qələm adamlarının yarıdıcılğını stimullaşdırmaqdır. Eyni zamanda, Azərbaycanda baş tutan bir çox ədəbi müsabiqələrdə qələm adamlarının narazılığı duyulur. Biz, obyektivlik nümunəsi göstərmək istəyirik. Hər kəsin razı qala biləcəyi, bütün çevrələri əhatə edən bir müsabiqə keçirmək arzusundayıq.

-Azərbaycan reallığında hər kəsin razı qalacağı bir müsabiqə keçirmək mümkündürmü?
-Heç kəsin hüququnu pozmadan ciddi və obyektiv müsabiqə keçirmək mümkündür. İnanıram ki, bu müsabiqədən narazı qalan olmayacaq. Düzdür, bəzi adamlar var ki, onlar hər şeydən narazıdır. Amma biz narazılığa imkan verməyəcəyik. Bunun üçün rəhbərlik tərəfindən bizə bütün imkanlar yaradılıb. Müsabiqənin maliyyə tərəfindən tutmuş, texniki problemlərinə qədər hər şey demək olar ki, həll olunub. Qalır prosesə ciddi nəzarət edib obyektivliyə nail olmaq. Məncə, biz bunu da bacaracağıq.

- Müsabiqənin şərtləri haqqında qısaca məlumat verə bilərsinizmi?
- Bununla bağlı artıq saytımıza elan yerləşdirmişik. Eyni zamanda ədəbiyyat və mədəniyyət saytlarında, bir sıra qəzetlərdə elanlarımız dərc olunub. Müsabiqədə Azərbaycan dilində yaradıcılıqla məşğul olan istənilən şəxs iştirak edə bilər. Qısaca olaraq şərtlərimizi də xatırlada bilərəm.

-Müsabiqə 35 yaşa qədər yazarları əhatə edir; -Müəlliflər indiyə qədər heç yerdə dərc olunmamış iki janr üzrə əsər – 1 hekayə (həcmi 10 min simvoldan yuxarı olmamaqla) və 2 şeir təqdim edə bilərlər; -Müsabiqənin təşkilat komitəsi bədii səciyyə daşıyan əsərləri qəbul edəcək; -Əsər təqdim etmiş müəlliflər özləri haqda qısa bioqrafik məlumat (həqiqi ad-soyad, doğum tarixi, iş və yaşayış yeri, təhsil) və əlaqə vasitələrini (e-mail ünvanı və telefon) yazmalı, foto göndərməlidirlər; -Əsər qəbulu konkret tarix çərçivəsində aparılacaq.
Müsabiqəyə əsər təqdimi mayın 8-dən avqustun 8-dək davam edəcək. Əsərlər Publika.az-ın elektron ünvanına (info@publika.az) göndərilməlidir. Əsərlər yalnız elektron variantda qəbul olunacaq və Publika.az saytında yerləşdiriləcək.

-Bəzi məsələləri mümkünsə bir az da açıqlayaq. Bədii səciyyə daşıyan əsərlərin qəbulu ilə bağlı şərtinizi bir az geniş izah edərdiniz...
-Bəzən ədəbiyyatdan uzaq olan adamlar da öz cızma-qaralarını ədəbi nümunə hesab edir. Ancaq bizim elan etdiyimiz hekayə və şeir müsabiqəsinin konkret tələbləri var. Publisistik yazılar, göstərilən həcmdən böyük olan əsərlər müsabiqəyə qəbul edilməyəcək. Eyni zamanda, əxlaqa uyğun olmayan yazılar da qəbul olunmayacaq. İnşa səviyyəli yazıları göndərmək istəyənlərə bildiririk ki, bizim öz meyarlarımız var. Ədəbiyyat həm də əxlaqlı olmalıdır.

- Əxlaqa uyğun olmayan yazılar dedikdə söhbət nədən gedir?
- Konkret olaraq açıq-saçıq şeirləri və hekayələri müsabiqəyə buraxmayacağıq. Bu müsabiqə təşkilatçılarının yekun rəyidir. Müsabiqə mədəni hadisə olduğu üçün əxlaqsız, vulqar mətnləri qəbul etməmək təbii haqqımızdır.

- Bu yanaşma iştirakçıları narazı salmayacaq?
- Bir-iki nəfərə görə ədəbiyyata ziyan vurmaq, onu gözdən salmaq düzgün deyil.

- Müsabiqənin mükafat fondu haqqında nə deyə bilərsiniz?
- Cəmi 3 aydır fəaliyyətə başlamağımıza baxmayaraq, publika.az olduqca ciddi bir mətbu orqandır. Ona görə də, qaliblərimiz üçün normal mükafat nəzərdə tutmuşuq. Əvvəlcə onu qeyd edim ki, müsabiqəyə təqdim olunub saytda yerləşdirilmiş bütün əsərlər müsabiqəyə qəbul olunmuş sayılır. Onları münsiflər heyəti dərəcləndirəcək. Münsiflərin qalib hesab etdiyi müəlliflər hər janr üzrə 1 yer olmaqla 3 kateqoriya üzrə mükafatlandırılacaqlar:
1. Birinci yerlər – şeir və hekayə üzrə hər biri 700 manat 2. İkinci yerlər – şeir və hekayə üzrə hər biri 400 manat 3. Üçüncü yerlər – şeir və hekayə üzrə hər biri 150 manat.
Məncə mükafat fondumuz qənaətbəxşdir.

-Münsiflər heyəti haqqında məlumat verə bilərsinizmi?
-Şərtlərimizə görə bunu demək hüququm yoxdur. Amma əmin olun ki, münsiflərimiz çox ciddi, bütün cəbhələrin qəbul etdiyi ədəbiyyat adamları olacaq. Sadə oxuculara və iştirakçılara üzümü tutub demək istəyirəm: Müsabiqənin ədalətli keçiriləcəyinə zərrə qədər də şübhəniz olmasın.

Söhbətləşdi: Cəlil CAVANŞİR

Комментариев нет:

Отправить комментарий