Страницы

27.05.2012

Dərilim, sərilim o yuxuya mən

 Qalib Şəfahət

Yuxu

Nə xəbəri olsun, nə gözü görsün,
Dəfn olum o qızın yuxusuna mən.
Nə məzar gərəkdir, nə də başdaşı,
Burunum ətrinə, qoxusuna mən.

Gözdən, könüldən də uzaq olum mən,
Ölüyəm, diriyəm, görən olmasın.
Nə o yuxularda can verən olsun,
Nə də o yuxunu dərən olmasın.


Dərilim, sərilim o yuxuya mən,
Mən olum, bir o qız, bir də o yuxu.
Bu gecə yuxuda şeir yazıram,
Gəl ovut qəlbimi, bir nəğmə oxu.

O YANA

Kim gələcək, kim gedəcək,
Səndən, məndən o yana ki?
Kim qalacaq, kim olacaq,
Səndən, məndən o yana ki?

Bulud olub çəkiləmməz,
Yağış olub töküləmməz,
Dan yeritək söküləmməz,
Səndən, məndən o yana ki?

Çox olsa da gəlib-gedən,
Kədər-qüssə bağrın didən,
Nə sən olmaz, nə də ki, mən,
Səndən, məndən o yana ki?

Kölgəsindən qorxan adam

Gah çəkilir, gah boylanır,
Kölgəsindən qorxan adam.
Özü-özündən xoflanır,
Kölgəsindən qorxan adam.

Harasa tələsəndə də,
Hər sözdə, kəlməsində də,
Qorxur külək əsəndə də,
Kölgəsindən qorxan adam.

Lap günün gündüzündə də,
Lap gecənin gözündə də,
Qorxur təkcə gəzəndə də,
Kölgəsindən qorxan adam.

Kiməsə papaq olubdu,
Nəyəsə yamaq olubdu,
Çobana çomaq olubdu,
Kölgəsindən qorxan adam.

Ətrafı əkilən gündən,
Kölgəsi çəkilən gündən,
Daha qorxmur kölgəsindən,
Kölgəsindən qorxan adam.

Комментариев нет:

Отправить комментарий