Страницы

31.05.2012

İSRAİLİN AZƏRBAYCAN ÜZƏRİNDƏN İRANLA MÜHARİBƏ İSTƏYİ

Zümrüd Yağmur


Bu gün İrana qarşı qurulmuş planda Azərbaycanı qurbanlıq kimi istifadə etməyə çalışırlar


İranla Azərbaycan arasında gərginlik səngimək bilmir. Artıq hər iki tərəf öz səfirini məsləhətləşmələr adı ilə geri çağırıb. Səfirlərin geri çağırılması əslində diplomatiyada qarşı tərəfə etirazın ən sərt və nümayişkaranə şəkildə ifadə edilməsidir. Diplomatik krizin dərinləşməsi qarşısında Azərbaycanın İranla təkbaşına hara qədər davam edə biləcəyi maraq və təəccüb doğurur. Artıq İran Xəzərlə bağlı Rusiyanın dəstəyini alaraq birgə bəyanat verməklə ölkəmizə qarşı regional təzyiq ittifaqı qurmağa nail olub.
Bunun qarşılığında isə Bakının strateji müttəfiqi sayılan Türkiyənin dəstəyini ala bilməməsi və təklənmiş vəziyyətdə qalması Azərbaycanın xarici siyasətdə müttəfiq dəstəyindən mərhum olduğu gerçəyini büruzə verməkdədir. Strateji müttəfiqimiz olan Türkiyənin İran-Azərbaycan ziddiyyətlərində məsafəli davranması və münasibətlərin normallaşması üçün təşəbbüs göstərməməsi də özlüyündə ilginc məqamlardan xəbər verir.


Türkiyəyə qarşı haqsızlıq


Əvvəla, Türkiyənin bu məsələdə kənar qalmaq səyləri Azərbaycanın cəlb olunduğu təhlükəli geopolitik planlarla bağlıdır. İran-Azərbaycan münasibətlərindəki gərginliyin böhrana çevrilməsi və qarşıdurmanın dərinləşməsi ölkəmizin İsraillə hərbi sahədəki əməkdaşlığının aşkara çıxması ilə eyni vaxta təsadüf edir. Demək, indiki qarşıdurma üzdə Azərbaycanla olsa da, bu gərginliyin pərdəarxası səbəbi İsrailin İranın şimal sərhədində Azərbaycanı  hərbi tərəfdaşlığa cəlb etməsidir. Təbii ki İsraillə müharibə vəziyyətində olan İran üçün bu, çox təhlükəli təhdid sayılır və bu üzdən də İranın reaksiyaları bu qədər sərtdir. Türkiyənin isə İsraillə münasibətləri kifayət qədər gərgindir. İsrailin nüfuzuna ən ağır zərbə də məhz Türkiyənin əli ilə vurulub. Türkiyə ilə münasibətlər pozulandan sonra İsrailin Azərbaycana marağı daha da artdı. Azərbaycanla münasibətlərin dərinləşməsi həm  Türkiyənin müttəfiqinə sahib olmaq baxımından, həm də İranla bağlı maraqlara görə İsrail üçün çox önəmli hesab oluna bilər. Təbii ki, bu da Türkiyəni qane edən bir durum olmadığı üçün indi qardaş ölkə Azərbaycanın onun strateji rəqibi ilə müttəfiqliyinin bədəlini ödəməsinə mane olmaq istəmir. Bu baxımdan Türkiyəni qınamaq üçün nəinki siyasi, heç  mənəvi əsasımız da yoxdur. Qarabağ məsələsinə görə Ermənistanla bu günə qədər sərhədini açmayan Türkiyənin davranışlarına qarşı, Azərbaycanın onun ən aqressiv rəqibi ilə müttəfiqlik etməsi təbii ki, ümumi maraqlar kontekstindən anlaşılan bir mövqe deyil.


Fəlakət ssenarisi


Ancaq bu məsələnin ölkəmiz üçün ən təhlükəli tərəfi İsrailin Azərbaycanla bağlı planlarında gizlənir. Azərbaycan parlamentində İranla bağlı gedən müzakirələr, dövlət rəsmilərinin diplomatik üsluba sığmayan sərt açıqlamaları elə təəssürat yaradır ki, sanki Azərbaycan öz cənub qonşusunu provokasiyaya çəkməklə məşğuldur. Əvvəllər İran tərəfindən sərhədlərimizin pozulmasına münasibət bildirməyə cəsarət edə bilməyənlərin birdən-birə “qan-qan” demələri əlbəttə ki, boşuna deyil. Belə görünür ki, burada şüurlu surətdə gərginliyi artırmaq istəkləri var və İran kimi aqressiv bir ölkə ilə “çomaq-çomağa” vurmağın arxasında elə Azərbaycana bu “qazı” verən İsrailin niyyətləri dayanır.
Əsas məsələ məhz bu niyyətlərdə gizlənir. İrana qarşı hərbi əməliyyatlara başlamaq üçün uzun müddət çalışsa da beynəlxalq birliyin razılığını ala bilməyən İsrail Azərbaycanın əli ilə indi bu ölkəyə müdaxilə üçün zəmin yaratmağa çalışır. Belə ki, Azərbaycanın İran qarşısında aqressiv davranışları cənub qonşumuzu qıcıqlandırıb hərbi müdaxiləyə sövq etdirə bilər. Məhz bu baş verəcəyi təqdirdə vaxtilə İraqın Küveytə hücumunda olduğu kimi, İsrailin İranla bağlı hərbi əməliyyatlar ssenarisi işə düşə bilər.
Göründüyü kimi, bu gün İrana qarşı qurulmuş planda Azərbaycanı qurbanlıq kimi istifadə etməyə çalışırlar.
Hələlik  iqtidar da bu ssenaridə istedadsız,  amma iddialı “aktyor” kimi öz rolunu ifa edir.

Комментариев нет:

Отправить комментарий