Страницы

24.05.2012

İtkin

Əli Şirin Şükürlü

şaxtada yoxa çıxdı
gözlənilmədən – 22 yaşında.

səsi özündən sonra yox oldu tədricən azala-azala.
son sözü şaxta boyu üzü yuxarı çevrilib sədaya
hardasa itdi. itdi hardasa, amma hardasa
movcudolmada yəqin ki. hər varlığa bir yoxluq,
hər yoxluğa bir varlıq hakim kəsilər həmişə.


hara qeyb ola bilər – çox axtardılar,
bütün şaxtanı ələk-vələk eləyib
həyacan təbili çaldılar.

qəfil
bir adam peyda oldu cavan itən yerdə,
təxminən 65-70 yaşında saç-saqqalı ağarmış.
eynən itən cavanı xatırladırdı
gözlərində sevinc qorxu qarışıq:

bu mənəm, - itən səsiydi qayıtmışdı sanki - hüznlü,
özü kimi dəyişmiş formada. qəfildən
bir dəliyə düşdüm. uçurdum çevrə boyunca.
cürbəcür hadisələrdən, müxtəlif məkanlardan
keçirdim sürətlə;
dayanmaq istəsəm də məkanlardan bəzisi
qəbul etmirdi, sanki bir sıxlıq hökm sürürdü orda,
ilk baxışdan əşyalar arasında boşluq  nəzərə çarpsa da.
bəzi məkanlarsa özü cəzb edib saxlayırdı məni.
canlılar həm adama, həm heyvana,
həm də bitkiyə bənzəyirdi.
indi yuxu kimi gəlir mənə gördüklərim,
çoxdan yaşanmış yuxu kimi. çoxunu
xatırlamıram nədənsə.

yaşlı biri:
-qocalıb zavallı yarım saat ərzində

yaraşıqlı gənc:
-bütün cavanlığını itirdi

həyatı sevən:
-yox. az qala bütün ömrü keçdi hədərə

intihar barədə düşünən:
-nə yaxşı. 50 il irəli düşdü

hərə bir söz deyirdi çaşqınlıq içində.

cavan qocanın və ya qoca cavanın  
üzündəsə təbəssüm:
yaşayıram hələ də. 

Комментариев нет:

Отправить комментарий