Страницы

28.05.2012

KARTOF VƏ GÖY-GÖYƏRTİ

Akif Abbasov

Əlikram ayağını soyunmaq istəyəndə Qızxanım onun başının üstünü aldı:
-Əliş, başına dönüm, bir dəstə göy soğan, vəzəri, reyhan, bir də  turp al, qayıt.
Qızxanım adət etmişdi. Əlikrama Əliş deyirdi,  elə Əlikram da onu Xanım  çağırardı.
Əlikram: “Xanım... “
O nəsə demək, narazılığını bildirmək istədi, Qızxanım imkan vermədi, şirin dilini işə saldı:

-Əliş, bilirəm, deyəcəksən ki, gecdir, axşam saat 10-dur. Bu vaxt göy-göyərti olmaz. Olsa da büzüşüb-durub. Nə edim, Əliş, başım  dolma bükməyə qarışdığndan  göy-göyərti almaq yadımdan çıxıb. Göyərtisiz dolmanın nə ləzzəti? 
Əlikram istədi desin ki, “Xanım, eybi yox, mənim qəbulumdur”, Qızxanım imkan vermədi ki, o sözləri dilinə gətirsin:
-Üzə vurmasan da, yenə ağız burnunu əyəcəksən. İndi Bəhlul da gələcək, o da şam etməyib. Gələndə iki kiloqram  kartof da al. Sabaha lazımdır. Getməyinə gedirsən, quru soğan da al, gətir. Bir də kimdir ondan ötrü çölə-bayıra çıxan. Düzdür, soğan var, amma azdır, sabah, o biri gün onsuz da almalısan.  Uzağa ha getməyəcəksən. Həyətdə Kazımda yaxşı göyərti də, kartof-soğan da olur.
Qızxanım  sifarişlərinin sayını artırmasın deyə Əlikram tez özünü çölə atdı. Günorta yediyinin üstündə idi. Bərk acmışdı. Kazım köhnə taxtadan, dəmirdən tapıb bir əldəqayırma dükan-bazar düzəltmişdi. Burada mer-meyvə, çörək, qatıq, süd, göy-göyərti və hər nə gəldi satırdı. İnsafən, tərəzisi də düz idi. Əlikram Kazıma arxayın olub həyətə düşmüşdü. Amma dükan tərəfdən işıq gəlmirdi. Əlikram öz-özünə fikirləşdi: “Yəqin işıqları sönüb, dükanda elektrik xətləri hər necə gəldi çəkilmişdi. Montyor özünü yetirənə kimi şam yandırardı. Onunçun nə fərqi var? Təki alveri getsin.
Əlikram ümidlə yaxınlaşdı. Yox, dükan-bazar bağlı idi. Ətrafdakılardan soruşdu. Dedilər ki, qardaşı öz oğluna toy edir, Kazım toydadır.
Əlikram kor-peşman geri döndü. Bir istədi evə qayıtsın, amma fikirləşdi, düz, ya əyrı arvad iş tapşırıb, qan-qaraçılıq olacaq. Əlini yelləyib pay-piyada o biri dayanacaqdakı əldəqayırma dükan-bazarlara sarı üz tutdu. Çox olsa, yarım saat vaxtı gedəcəkdi...
...Artıq bir saat keçmişdi. Əlikram qayıtmaq bilmirdi. Bəhlul gəlmiş, gözləməyə səbri çatmamış, şam etmişdi. Qızxanım da ona qoşulub yeməyini yemişdi. Nə qədər gözləyəcəkdilər?!. On ikinin yarısı idi. Kazımın bazar-dükanına gedib-qayıtmaq uzağı iyirmi dəqiqə vaxt aparardı. Amma Əlikram gəlib çıxmaq bilmirdi ki, bilmirdi.  Qızxanım narahat halda Bəhlula baxdı. Anası bir söz deməsə də, Bəhlul onun qırımından başa düşdü: Qızxanım istəyir ki, o, atasının dalınca getsin.
Bəhlul ayağını geyinirdi ki, qapının zəngi çalındı. Əlikram idi. O, qucağında kağız torba içəri girdi. Torbanı Qızxanıma uzatdı. Qadın aldı. Əlikram nəfəsini dərib otağa keçdi. Pərt idi. Qızxanım gəlib qarşı stulda əyləşdi. Gözlərini Əlikramın sifətinə zillədi. Yəni: “Əliş, danış görək haralarda qalmısan?!”
Demə...
Əlikram bir-iki kiloqram kartof, göy-göyərti aldı. Fikirləşdi ki, quru soğan hələ ki var, sonra Kazımdan alar. Odur ki, geri döndü. Kağız torbaya belı bağlı olmadığından onu qucağına aldı. Bir də görürdün güc düşdüyündən kağız torba alt hissədən cırıldı, aldıqların da gəldi yerə. Sonra da gəl yerə əyilib onları yığ, həm də torban olsa. Olmayanda qalırsan ətrafa boylana-boylana. Ona görə Əlikram möhkəm parçadan bazarlıq torbası tikdirmişdi. Özü ilə gəzdirərdi. İndi bazarlıq söhbəti qəflətən ortaya çıxdığından onu götürməmişdi.
Saat on ikiyə işləyirdi. İşıqlar sönmüşdü. Əlikram ətrafına göz gəzdirə-gəzdirə gedirdi. Birdən qarşısına üç nəfər cavan oğlan çıxdı. Onlar ucadan səsləndilər:
-Dayan!
Əlikram ayaq saxladı.
-Əlindəki torbanı ver.
-Neyləyirsiniz? - deyib kağız torbanı daha bərk-bərk özünə tərəf sıxdı.
Bunu görən gənclər onun üstünə yeridilər:
-Demədik bəri  ver.
-Kartofdur, göydür, göyərtidir...
Cavanlardan biri dişini ağardaraq:
-Necə kartof, necə göy-göyərti olduğunu bilirik...
Kağız torbanı dartaraq onun əlindən aldılar və götürüldülər.
Əlikram onların ardınca baxa-baxa qaldı. İndi arvada nə cavab versin?! Necə desin ki, tapşırdıqlarını almamışam. Əvvəla, almamısansa – niyə? İkincisi, bəs bu müddətdə harada küllənirdin? Desə ki, almışdım, əlimdən qapıb  qaçdılar, arvad buna inanmayıb deyəcək – üç nəfər cavan oğlanın nəyinə gərəkdir iki kilo kartof, 3-4 dəstə göy-göyərti? Ya da deyəcək gör nə qədər əfəlsən ki, torbanı əlindən alıb qaçırlar. Əlqərəz, bütün dəlillər onun əleyhinə idi. Lap mat-məəttəl qalmalı iş idi. Doğrudan da, nələrinə lazım idi o kağız torbadakılar???
Dilxor olan və həm də acından nəfəsi kəsilən Əlikram səkinin qırağında əyləşdi. Bərk yorulmuşdu. Gün ərzində adam nə qədər ayaq döyər?! Evdə də söz-söhbət bitib-tükənmir. Mürgü vurur, evə getməyə tələsmirdi. Kimsə əlini onun çiyninə qoydu. O, başını qaldırdı. Həmin gənclər idi. Kağız torbanı ona uzatdılar:
-Day-day, demə düzünü deyirsənmiş, sənə inanmadıq. Elə bildik torbadakı pullardır, yalandan üstünü kartofla, göy-göyərti ilə örtübsən. İndi çoxları belə edir. Adam aldadırlar. Qorxurlar ki, oğrular ciblərini kəsərlər.
Qızxanım ərinin hekayətinə qulaq asıb:
-Demədin ki, mən o fərasətin yiyəsi deyiləm və olmayacağam da. Demədin ki, mənım cibimə pulu zorla basırlar, çıxarıb özlərinə verirəm. Pulu üstümə atıb gedəndə də dallarınca qaçıb qaytarıram. Heç olmasa belə deyəydin ki, bir də qabağını kəsməyəydilər.

                                              Akif Abbasov,
                            pedaqoji elmlər doktoru, professor, 
                   Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü,
                            Azərbaycan Yazıçılar Birliyinin üzvü

Комментариев нет:

Отправить комментарий