Страницы

22.05.2012

O, bir meh kimi gəlib keçdi dünyamızdan

O, sərin bir yaz mehi kimi gəlib keçdi dünyamızdan. Əvvəli-axırı görünməyən zaman okeanında 41 illik ömür nədir ki! Milyon-milyon ulduz sayrışan səmanın altında çoxları belə qısa vaxt ərzində heç özü üçün bir ocaq da çata bilməyib. Amma o, bu qısa müddətdə yorulmadan çalışmaqla tanrının ona verdiyi istedadı tamamilə reallaşdıra bilib. Minlərlə ürəkdə öz əbədi qalasını qurub, yarpaq pıçıltısına bənzər səsi ilə Azərbaycan dinləyicisinin hisslərini, duyğularını dilləndirib. Dünənimizdən, tariximizdən qopub gələn minillik bayatılarımız, atalar sözləri və məsələlərimiz Bulaq Dədə dediyimiz bu şəxsin dili ilə ən ağır zamanlarda tikanlı məftillər hörülmüş sərhədləri aşaraq Quzeydən - Güneyə yol eləyib...
Və nəhayət, bir vaxtlar onun səsi ilə Kral Lir danışıb, Şirvanşah İbrahim tarixin o biri üzündən nərə çəkib, Vaqif gözəlləmə deyib.
Səməndər Rzayev... yaşasaydı, bu yanvar günlərində 65 yaşını qeyd edəcəkdik. Amma bu gün o, bütün böyük sənətkarlar kimi il, ay ölçüsündən kənarda yaşayır, buna görə də bizim təqvimə tabe deyil.. O, dəyişən illəri, fəsilləri heç vaxt hiss etməyəcək. Gözlərindəki od, səsindəki həlimlik, gülüşündəki şaqraqlıq heç bir zaman dəyişməyəcək.
Odlu ürəyi, bahar kimi mülayim xarakteri olan Səməndər Rzayev 1945-ci ilin soyuq yanvar günlərinin birində Ağsu rayonunda d?nyaya gəlib. Azərbaycan Dövlət Tetar İnstitutunun aktyorluq fakultəsində Rza Təhmasib, Mehdi Məmmədov, Ədil İsgəndərov kim ustad sənətkarlardan dərs alan gənc aktyor tələbəliyin ilk kurslarından televiziyadakı çıxışları ilə qiraət ustası kimi sevilmişdi. O, klassik Azərbaycan şairlərinin demək olar ki, hamısından nümunələr söyləyib. Ömrünün sonunadək radiomuzun “Bulaq” folklor toplusunun Bulaq Dədəsi olub.
Onun aktyorluq istedadı ilk dəfə özünü Milli Dram Teatrında Şekspirin “Hamlet” faciəsinidə göstərib. Horatsio rolu ilə teatra qədəm qoyan sonuncu kurs tələbəsi elə ilk rolundan kollektivin, teatr ictimaiyyətinin və tənqidin nəzərini cəlb edib. Tez bir zamanda repertuardakı ən mürəkkəb janrlı tamaşalarda əsas ifaçıya çevrilən Səməndər Rzayevin istedadında “ölçü”, “hədd” olmayıb. O, Hüseyn Cavidin “Xəyyam” pyesində Xacə Nazim, “Knyaz”da Knyaz, “İblis”də İbn Yəmin, Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəlişah” komediyasında Hatəmxan ağa, Səməd Vurğunun “Vaqif” mənzum dramında Vaqif rollarını məharətlə ifa edib.
Səməndər Rzayev daxilən azad sənətkar olub. O, ürəyi istəməyən rolları oynamayıb. Ona görə də rollarının çoxunda özünə oxşarlıq var. Onların çoxu ağayana, öz sözünü deyən, həm də mülayim insanların obrazlarıdır. “Şəhərin yay günləri”ndə o, Bəhram Zeynallı bu mənada xüsusi olaraq diqqəti cəlb edir. O, özündərazı professor obrazını olduqca dəqiq ştrixlərlə canlandırır.
Səməndər Rzayevrola bütün varlığı ilə daxil olurdu. Buna görə də onun qəhrəmanları, tamaşaçıya çox doğma, yaxın olurdu. Elə bilirdin, bu adamları nə vaxtsa, hardasa görmüsən.
Kinoya Səməndərin hansı rolla başladığını demək çətindir. Amma onun sənət dostu, xalq artisti Yaşar Nuri deyir ki, ilk filmi haqqında bir özü bilirdi, bir də mən... “Uşaqlığın son gecəsi” filminin lap əvvəlində küçədə gəzən iki milis işçisindən biri Səməndər idi. Amma sonralar o, kinoda da öz sözünü dedi. Doğrudur, onun aktyorluq potensialından kinomuzda yetərincə istifadə olunmadı, lakin bir sıra yaddaqalan obrazları - Səməndərli anları kino tariximizə köçürüb”- deyə Yaşar Nuri bildirib.
S.Rzayev “Uşaqlığın son gecəsi”, “Babamın babasının babası”, “Od içində”, “Babək”, “Bəyin oğurlanması” və digər bədii filmlərdə epizodik və aparıcı obrazlara çəkilib.
Səməndər Rzayev çox rejissorlarla işləyib. Tofiq Tağızadə, Arif Babayev, Həsən Seyidbəyli, Tofiq İsmayılov, Vaqif Mustafayev Səməndəri böyük məmnuniyyətlə filmlərinə dəvət ediblər. Ancaq Səməndər Rzayev çox vaxt filmlərdən imtina edib. Çünki vaxtı olmurdu. Teatrda işləyir, televiziya filmlərində, tamaşalarında oynayırdı, “Bulaq” verilişinin isə daimi aparıcılarından idi.
 Böyük aktyorun son günlərini sənət dostları belə təsvir edir: “Səməndər xəstəxanada idi. Buna baxmayaraq, pərəstişkarlarını nigaran qoymaq istəməmiş, “Həyatın dibində” tamaşasına xəstə vəziyyətdə gəlmişdi. Həmin axşam Səməndər teatrda ən ağır və ən çətin gününü yaşadı. Bu, soyuq səhnədə aktyorun son oyunu oldu...”
Bundan az sonra - 1986-cı il martın 27-də xalq artisti Səməndər Rzayev əbədi olaraq dünyaya gözünü yumdu.
Onun böyük istedadı və əməyi zamanında öz dəyərini alıb.O, 1974-cü ildə əməkdar artist, 1980-cı ildə dövlət mükafatına layiq görülüb
Təbii ki, 41 illik bir ömür üçün bunlar ölçüyəgəlməz nailiyyətlərdir. Amma o, bütün bunları etməyə macal tapdı. Necə deyərlər görə biləcəyi işləri görüb, bir sərin yaz mehi kimi əsib keçdi dünyamızdan.

Leyla İbrahimqızı

Комментариев нет:

Отправить комментарий