sən birсə dəfə sormadın
bir dərdin varmıdır? – deyə.
səndən umduqlarım qədər
səndən küsəmmirəm, niyə?!
keçirəm hər yanlışından,
keçirəm səhvindən elə.
sən hər məni «sındıranda»
sənə sığınıram yenə.
sən bircə dəfə sormadın,
niyə bu qədər susuram,
varlığından inciyəndə
yoxluğuna üz tuturam.
sən bircə dəfə sormadın
istimi, soyuqmu mənə.
mən acmıyam, susuzmuyam -
yox isti-soyuğu sənə.
«niyə bunları sormadım?..» -
deyə, özünü çox yorma.
sən «dost» adında düşmənsən,
bircə “niyə”sini sorma.
***
nə özüm qəribəm, nə qəribim var,
bircə öz ömrümçün qəribsəyirəm,
yollar da yolumdan oğurlanıbdı,
əllərim qoynumda, yol gözləyirəm.
bir ümid əlini qoyub çiynimə,
bir yalan köksümü içəri basır.
gözlərim sevinci geyib əyninə,
ürəyim qorxudan boynunu qısır.
hamının yerinə özüm yaşadım,
hamının yerinə özüm ölmüşəm.
yüklənib çoxunun dərdin daşıdım,
görün neçə ömrə şərik gəlmişəm.
kaş ki öz ömrüm də gələydi bir gün,
çıxıb yad ömürdən, özüm olaydım.
sevincdən, ümiddən bəzənib hər gün,
ömrümlə baş-başa, yalnız qalaydım.
gəzdim öz ömrümü yad yuxularda,
birində xəzanam, birində qaram.
göndərdim özümü ömür dalınca,
indi nə ömrüm var, nə özüm varam.
Комментариев нет:
Отправить комментарий