Страницы

29.06.2012

bakı gəl alım aparım səni

Canlı klassiklər


Oktay Hacımusalı


a kişi nə var bax burda nöş oturmusan
hə atam atam sualıma cavab ver də
harda istəsən xan bəy balası kimi yaşayarsan
istəsən lap rəqqasələr də oynayar qabağında babam qəbri
gəl bakı
gəl alım aparım səni


xoşuna gəlir məzun günündə atəşfəşanlığın işıqları altında
bir küncə çəkilib sevişən cavanları görüb başını qaldırmamaq
bəlkə sənə ləzzət eləyir hər yağış yağandan sonra

murdar gölməçələrdə dəstəmazlanmağın
qardaş canı bir də gözünü açıb görəcəksən ki bir bir
bütün sənə doğma olan yerləri sökürlər
gəl bakı
gəl alım aparım səni


səni tanımayacaq axı mənim uşağım
de görək ona hansı şəklini göstərəcəyəm
güləcək deyəcək ata dəli olmusan nədi
bu aerodrom kepkalı kişi kimdi
mən necə danışacağam səndən ona
nəyini deyəcəyəm
nəyin qalıb
bir həsirsən bir məmmədnəsir
məhlə uşağı conun tində sallağı oturmağını
göstərəcək mənə şəstlə
bax görürsən redbul içir
deyəcək nike geyir
axşam uşaqlarla vahidə getməyəcək
mcdonalds – da yığışacaqlar
ona görə də
gəl bakı
gəl alım aparım səni


gəlmirsən ki
onda
davay dosvidaniya


kiminsə sevdiyi


kiminsə sevdiyi olub bu qadın
kimdənsə nəsə umub nəsə gözləyib
cavan qız olanda deyib
eybi yox bir gün bəxtim açılar
qismətim çıxar
sonra bir gün bəxti açılıb
qisməti gəlib çıxıb
baxıb ki qismətinin heç nəyi yoxdur
nə evi
nə maşını
nə də yaxşı işi


kiminsə sevdiyi olub bu qadın
kimdənsə ayırıblar onu
beynini doldurublar xoşbəxt olmayacaqsan
alınmayacaq da alınmayacaq sizinki
gözləri yaşla dolub
ağlayıb səhər axşam


bəxtini ağ yuyub qara sərib
hər sözə söhbətə sinə gərib
yaşayıb el nə deyər qınağıyla
sonra qulağını dolduranlar
qulluğunda durmağını istəyiblər ondan
uşaqlarını məktəbə yola salan həmyaşlarına
həsrətlə baxıb kövrəlib


və bir gün
kiminsə sevdiyi olduğunu unudub o qadın


kimin sevdiyi olub o qadın


7:05 cinayətinin xronikası


unutmaq deyil adı
sevgidir heç şübhəsiz
neçədə yatsan belə
7:05 - ə qurursan saatı


gözlərin yol çəkir hey
səhər saat 7:05
bir parkda oturub
diqqətlə keçib gedən
insanlara baxırsan


insanlar duymaz səni
duymaz oktay hacımusalı
kimin nəyinə lazımdı
sən niyə burda oturmusan
və kimin
evdən çıxmağını gözləyirsən


deyirlər sən şairsən
kiməsə pul fırladan şarlatan
səndən daha ağıllıdır
yaşamağın çəmin tapıb
çünki


eybi yox ya bəxt
7:05 - ə qurub saatı
gözləyirəm evdən hamı çıxsın
bu gün ilk dəfə cinayət törədəcəyəm
ev yaracağam
yaxşı yaşamağın çəmin tapmağa çalışacağam
görüm əlimə nə keçir


unutmaqdan deyil bu
sevgidəndir heç şübhəsiz


II


bu da bu
adamda bəxt olsun e gərək
ətağa cəddi
düzəltdirdiyim bir topa açarın
heç biri girmədi qapıya
tapa bilmədim yaşamağın çəmini


Allah da bağışlamaz daha məni

Комментариев нет:

Отправить комментарий