Страницы

18.06.2012

“Bircə yol adama oxşatdın məni...”


Canlı klassiklər

Xanımının “dəli” deməsi ilə adama oxşatdığı şair Salam Lent.az-ın “Yaxın adam” layihəsində


Onunla nə vaxtsa müsahib olmuşam, yenə də, həmişə ondan müsahibə almağın arzusundayam, amma bunu həyata keçirməyə cəhd etmirəm. Niyə? Çünki əvvəla, dostu müsahib yerinə qoymaq asan məsələ deyil, ikincisi ona görə ki, Salam onun haqqında olan hər bir cümləni özü oxuyub, ordakı hər sözü xəlbirdən, ələkdən, nə bilim süzgəcdən keçirib sözün canını almağı xoşlayır. Sonra da bu sözün düşməni olan söz adamının “yaman” günə qoyduğu söz onu yazanın da, fikrimcə oxuyanın da gözündə “qaxaca” dönür. Bir səbəb də var, elə bilirəm bu ən müqəddəsidir ki, nə vaxtsa çox uzaqlarda olan - ona doğru uzun yol qət edəcəyimiz günlərin birində Salamdan hələ alınmamış - ən gözəl müsahibəni özüm alacam.

Hələlik isə, xanımı – Ceyhunə həmsöhbətimdir. Salam bu söhbəti də nöqtə, vergülünə qədər oxumaq istəyirdi, amma hamısını oxutdurmadıq ona. Bəzi yerlərindən tamam bixəbər qaldı. Mənə dediyi “dava salaram”, “sən bunu eləməzsən” və bu kimi hədələrinin arxasında Ceyhunəni gözləyən təhlükəni nəzərə alıb əlac ona qalır ki, yazı sayta getməmiş onun xanımını heç olmasa bir neçə saatlıq qaçırdım. Bir vaxtlar Salamın onu yaxın rəfiqələrinin gözləri qarşısında, onların arasında əlindən tutub qaçırtdığı kimi.


Mən özüm deyiləm, Salam olmuşam


Salamla 87-ci ildə tanış olmuşuq. O vaxtkı Xalq Təsərrüfatı institutunda oxuyurdu, mən isə APİ-də. Dərnəgüldə tələbə yataqxanasında yaşayırdıq. Yataqxanalarımız üzbəüz idi. Salam məni və rəfiqələrimi uzaqdan-uzağa tanıyırmış, çünki bizim eyvanlarımız bir-birinə baxırmış. Bunu tanış olandan sonra fərq etdim. Salam da həmin eyvandan müşahidələri ilə tanıyırmış bizi. Şəxsi tanışlığımız isə Azadlıq meydanındakı mitinqlərin birində oldu. O vaxt insanların biri-birinə çox isti, mehriban münasibətləri var idi. Heç vaxt bir-birini görməmiş adamlar mitinqlərdə doğmalaşır, neçə illərin tanışı kimi dərdləşir, siyasi söhbətlər edirdilər. İlk söhbətimiz mübahisəli oldu. Salam mitinqdəki hər şeyə ironiyayla yanaşır, mən əsəbiləşirdim. Rəfiqəm isə onunla razılaşırdı. Əslində, o vaxtlar bu maraqlı adama qarşı münasibətimin yaranmasında həmin rəfiqəmin təsiri böyük olub. Onu tanıdıqca, mənə qarşı hisslərini anladıqca rəfiqəmin işi-gücü Salamın insanlığından, şəxsiyyətindən, istedadından danışmaq olurdu. Bəzən Salam ona hələ mürəkkəbi qurumamış şeirlərini verirdi. Qız da o şeirləri bizə oxuyur, hər bir kəlməsini analiz edirdi. Təbii ki, qızlar o misralarda öz aləmlərində məni görürdülər. Bir də gördüm ki, mən də artıq həmin şeirlərdə özümü axtarıram. Beləcə, Salamın həm də ilk oxucuları idik.
Tanıdıqca gördüm ki, Salam bizim o vaxt apardığımız azadlıq mübarizəsinə deyil, demək olar ki, hər şeyə ironik yanaşır, fərqli yanaşır. Yəni bizim, başqalarının görmədiklərini görməyi bacarır. O, mənim təfəkkürümü, dünyagörüşümü xeyli dəyişdi, hər şeyə “gülməyi” öyrətdi.
Hara gedirdim, qarşıma çıxırdı. Dərsdən çıxıram, görürəm İnstitutun qarşısındadı, çörək almağa gedirəm, görürəm çörək dükanının qabağındadı, kitabxanada oxu zalında otururam, bir də görürəm yanımda əyləşib. Ətrafımdakı bütün adamlarla dost olmuşdu, mənim dostlarım artıq onun dostları olmuşdular. Artıq onu məndən çox istəyirdilər, mənə acıqları tuturdu ki, Salama soyuq münasibət göstərirəm. Mənim də soyuqluğumun əvəzində ona istilik göstərirdilər. Özünü belə sevdirməyi bacarmışdı. Bir də hiss elədim ki, içimdə ona qarşı nəsə bir istilik var, daha laqeyd qala bilmirəm, əksinə, hara gedirəmsə özümdən asılı olmadan gözüm onu axtarır.
Onda qabarıq gördüyüm bir neçə keyfiyyət vardı ki, bir insan kimi hörmət doğururdu məndə. Genişürəklilik, fərqli düşüncə tərzi, çılğınlıq və təbii ki, istedad. Fərqlilik dedim bir şey yadıma düşdü. Tələbə vaxtı bir dəfə ad günümdə mənə gül gətirmişdi. Gülü selofan torbanın içinə qoyub vermişdi mənə. Açanda gördüm ki, başıaşağı qoyulmuş güllərin ləçəkləri tökülüb-dağılıb. Sonra bildim ki, əlində nümayişkaranə gül götürməyi xoşlamır. Ona görə gülləri torbada gizlətmişdi.
Sonralar yazdığı “Bu dünyanın çiçəkləri süpürgə bağlamağadı” şeiri həmişə mənə bu hadisəni xatırladır.


Mənə bircə şeir yazıb


O mənə bircə şeir yazıb, onu da tələbəlikdə “Siyasi iqtisad” kitabının ilk səhifəsinə yazıb vermişdi: “Yaxşı ki, bircə yol “dəli” deməklə bircə yol adama oxşatdın məni”…
Mən şeirə o qədər də meylli deyildim. Salamı tanıyandan sonra şeirə də münasibətim dəyişdi. Onun şeirləri bizim indiyə qədər oxuduğumuz şeirlərə oxşamırdı. Onun şerləri adamın düşüncəsinə toxunurdu, adamın əhvalını dəyişirdi. Salamın bütün kitabını əzbər bilirəm, ancaq nədənsə ən çox sevdiyim şeiri budur:


Zibil qutularında hər gün
çörək tullantılarını yığan bomj
bu dəfə tullanmış solğun gülləri yığırdı
qadınına bağışlamaqçün.


Ailə həyatında da həmin Salamı gördüm. Ancaq əlavə keyfiyyətləri də üzə çıxdı. O həm mənim, həm də özünün bacı-qardaşına böyük qardaş oldu. Onların qayğılarıyla yaşadı, böyüklük elədi. O bizə vaxtsız itirdiyimiz atamızı unutdurdu…


Salamın yanında çətinliklər hiss olunmur


Çətinliklərimiz çox olub. Kirayədə yaşamaq, Salamın işsiz vaxtları… Ancaq bu sıxıntıları bir qadın kimi rahat keçirə bilmişəm. Yəqin Salamın güclü xarakterə malik olmasındandır ki, onun yanında çətinlikləri o qədər də hiss eləmirsən.
Bizim bütün qohumlarımız rayondadır. Biz Salamla burda bir-birimizə atalıq, analıq, bacılıq, qardaşlıq elədik. Bir-birimizçün uşaq da olduq hətta.
Çatışmayan bir cəhəti var, yazı yazanda çox pinti olur – külqabısı dolu, klaviaturanın üstünə tökülmüş kül, kompüterin ətrafında çay, qəhvə içdiyi qablar və sairə. Özü də səliqə sevəndi, birdən ətrafına baxıb yaratdığı tör-töküntünü görəndə hər yarım saatdan bir mənə dediyi məşhur ifadəsi var: “buraları sadələşdir”.
Bir dəfə Salam işdə olanda möhkəm darıxdım. Zəng eləyib dedim ki, ay Salam, hardasan, gəl tök-dağıt buraları, mən yığışdırım”. Salam bu sözümdən sonra telefonda elə ləzzətlə gülməyə başladı ki… Təsəvvür elə o, telefonun o başında gülür, mən bu başında onun gülüşünə ağlayırdım…


Salam hönkür-hönkür ağlayıb


Salamın hönkür-hönkür ağladığını üç dəfə görmüşəm. Maşın vurmuş kiçik bacısı Salamın qucağında dünyasını dəyişdi, ilk dəfə onda Salamın necə hönkürdüyünü gördüm. İkinci dəfə mənim qardaşım Ceyhun Nağını itirəndə onun necə ağladığını görüb özümü yaddan çıxartmışdım. Bir də anası rəhmətə gedəndə. Anasından sonra xeyli ruhdan düşdü. Həm də Ceyhunla Salamın anasının ölümü arasında çox az vaxt oldu. Salamın anası uşaqları üçün çox əziyyətlər çəkib. Salam onu bir ana kimi yox, fədakar bir insan kimi dəyərləndirir. O anasına xırda bir sevinc də bağışlayanda çox rahat olurdu. Hətta televiziyaya da anasına görə çıxırdı. Salam efirə həvəsli adam deyil, dəvətlərin çoxundan qaçıb həmişə. Ancaq anası onu hərdən televiziyada görəndə sevinirdi deyə, Salam bəzi verilişlərə candərdi də olsa gedirdi.
Sanki onda məişət sevinci hissi yoxdu. Evimiz var, yoxdu, fərq eləmir. Yaxud evə nə isə almağın, hansısa bir problemin həllindən sevindiyini görməmişəm. Belə hissi Salamda ancaq ədəbiyyatla bağlı görmüşəm. İstedadlı hazırlanan verilişə, yaxud istedadlı deyilən bir kəlməyə belə uşaq kimi sevinir, internetdə bir maraqlı misra tapan kimi mənə oxuyur, sanki özü yazıbmış kimi qürrələnir.
Məncə, Salam Azərbaycan üçün nadir istedadlardan biridir. Ancaq inanın ki, bunun belə olduğunun Salam özü fərqinə varmır. On ildir ki, bu evə köçmüşük, ancaq qapıbir qonşularımız belə onun şair olduğunu bilmirlər. Salam barədə bu yaxınlarda bir kitab çıxıb – “Şeiri sevməyən şair”. Bu ifadədə uyğun çalarlar var, mən həqiqətən, Salamı şeirlərinə, şairliyinə qarşı həmişə laqeyd görmüşəm. Özünün yazdığı, dediyi bu şeirlərin həqiqətən də Azərbaycan poeziyasında nadirlərdən olduğunu bilmir, yaxud elə qiymətləndirmir özünü. Necə bir usta ev tikməyə gündəlik işi kimi baxır, Salam üçün də şeir yazmaq elə bil sadəcə ustanın daşı daş üstə qoyması kimidir.
Dəfələrlə xarici ölkəyə yaşamağa getmək istəyib, sonra fikrindən daşınıb. Gah Almaniya, sonra Kanada keçib fikrindən. Bir ara hiss edirdim ki, Azərbaycanda olduğu hər anı işgəncə kimi yaşayır. Sonralar başa düşdüm ki, bu onun daxili vəziyyəti ilə bağlıdır. Hiss edirəm ki, o əslində ölkəni dəyişsə, də daxili aləmindən qurtula bilməyəcəyini anladığı üçün sakitləşib. Kim bilir, bəlkə yenə o halları yaşayacaq, Salamı nə bilmək olar. Salamdır da...”


Ramilə Qurbanlı

Комментариев нет:

Отправить комментарий