Страницы

02.06.2012

“Ədəbiyyat onun yaşam tərzidir”

İlhamə Dağlı: “Biz atalarımızdan qocaldığına görə imtina edə bilmərik”

Bakı Dövlət Universitetinin müəllimi, yazar İlhamə Dağlı ilə müsahibə

-İlhamə xanım,  elmi fəaliyyətlə məşğul olmağınıza baxmayaraq ədəbi-bədii yazılarla da mətbuatda çıxış edirsiniz. Amma nədənsə ədəbi mühitdə çox az görünürsünüz.
-Bilirsiniz, mən özümü peşəkar qələm adamı hesab etmirəm. Siz dediyiniz kimi, əsasən elmi işlə məşğulam. Bir sıra elmi məqalələrin müəllifiyəm. Hal-hazırda da  “Müasir Bakı şairlərinin dilində dialektizmlər” mövzusunda namizədlik dissertasiyası üzərində çalışıram, artıq demək olar ki, yazıb tamamlamışam, bircə müdafiə etmək qalır. Bakı Dövlət Universitetində dərs deyirəm. Amma ardıcıl olaraq bədii yaradıcılıqla da məşğul oluram. Əlbəttə, yazıçılığa iddialı deyiləm, yazıçılıq çox əzablı bir peşədir, ədəbiyyat insandan bütün həyatını istəyir.
Mən özümdə bu gücü hiss etmədiyimdən bacardığım işlə, elmi işlə məşğul olmağı üstün tutmuşam və hesab edirəm ki, elmi-pedaqoji sahədə daha çox uğur qazana bilərəm. Amma  ədəbi mühitdə baş verənləri kənardan izləyirəm və görürəm ki, bu mühitdə heç də sağlam atmosfer hökm sürmür. Çoxu gündəmdə qalmaq üçün süni qalmaqallara meyl edir. Mənim diqqətimi cəlb edən əsərlər çox azdır. Gənc yazarlardan Oktay Hacımusalının yazılarını izləyirəm, Sayman Aruzun şeirlərini poeziyamızda hadisə hesab edirəm. Onun çox təmiz nəfəsi var, orijinal dəst-xəttə malik bir şairdir. Eşitmişəm təzə romanı da çapdan çıxıb. Bundan başqa, Şahinə Könülün, Xatirə Nurgülün şeirlərini çox bəyənirəm. Onların yaradıcılığını daim izləyirəm. Heç kimə məsləhət vermək fikrim yoxdur, amma bədii mətndə epataja üstünlük vermək məni iyrəndirir. Söyüşlə ədəbiyyat yaratmaq olmaz. Məsələn, postmodern adıyla ağzına gələni yazmaq istedada dəlalət etmir. İstedadlı şəxs söyüşü bədii mətndə elə işlətməlidir ki, o, oxucuda ikrah hissi yaratmasın.

-Gənc nəsil özündən əvvəlkiləri inkar edir. Buna necə baxırsınız?
-Bunu anlamaq o qədər də çətin deyil. Hər gələn nəsil özündən əvvəlki nəsli inkar edir. Bu, təbii qanunauyğunluqdur. Amma baxır necə? Ədəbsizcəsinə inkar etmək olmaz, biz atalarımızdan qocaldığına görə imtina edə bilmərik ki. Onların dünyagörüşünü, ideyalarını qəbul etməyə bilərik, bu, normaldır, amma onlara ölüm arzulaya bilmərik. İndiki gənclər yaşlı nəsli ədəbsizcəsinə inkar edir. Bütün mənəvi-əxlaqi kateqoriyaları ayaqlayırlar. Bu, yolverilməzdir.

-İlhamə xanım, son zamanlar mütaliə etdiyiniz əsərlərdən hansıların adını çəkə bilərsiniz?
-Bu yaxınlarda Sabir Rüstəmxanlının “Difai fədailəri” romanını oxudum. Sabir bəyə böyük sayğım var. Hərçənd ona qarşı da haqsız ittihamlar səslənir. Mən bu ittihamları heç cür anlaya bilmirəm. Sabir bəy Azərbaycana istiqlal qazandıran adamlardan biridir. O, bütün şüurlu həyatını Azərbaycanın bütövlüyünə həsr etmiş bir adamdır. Onu ittiham edənlərin hansı biri onun qədər bu millətə xidmət göstərib? Haqqı nahaqqın ayağına vermək olmaz. Biz iftixar mənbəyi olan ziyalılarımıza çamur atmaqla nə qazanırıq? Bunu yeri gəlmişkən dedim. “Difai fədailəri” çox möhtəşəm bir əsərdir. Bundan başqa, Sabir bəyin “Babadağ ziyarəti” povestini də çox böyük maraq hissi ilə oxudum. Müəllif oxucunu da özüylə bu ziyarətə aparır. Mütaliə prosesində çox həyəcanlı hisslər keçirdim. Elif Şafakın “İsgəndər”ini oxudum. “İsgəndər”in bizim dilə tərcüməsində çox ciddi dil xətaları var. Bildiyim qədərilə romanı yeniyetmə bir qız çevirib. Bu cəhdin özü təqdirəlayiqdir. Amma yaxşı olardı ki, əsər tərcümə olunduqdan sonra əsaslı şəkildə redaktə olunaydı. Onda görülən işin keyfiyyəti daha yüksək olardı. Baxmayaraq ki, vaxtım çox məhduddur, mütləq mütaliə edirəm. Publisistik yazılar yazıram. Bir povest yazmışam, yaxın zamanlarda onu çapa verəcəyəm.
-Həyat yoldaşınız yaradıcılığınızdan razıdır?
-Onu özündən soruşun. Kənan artıq peşəkar yazı adamıdır, dünya ədəbiyyatını gözəl bilir. Onun bəyənmədiyi yazını heç vaxt üzə çıxarmaram. Amma ona hər yazını bəyəndirmək olmur. Bu barədə çox xəsisdir. (gülür)

-Bəs siz onun yazılarını oxuyursunuz?
-Əlbəttə. Onun üç kitabının redaktoru mən olmuşam. Mən ixtisasca dilçi olduğum üçün dillə bağlı məsələlərdə mütləq mənimlə məsləhətləşir. Dilə qarşı çox həssasdır. Sizə deyim ki, onun “Yağ kimi” romanı çox ciddi bir əsərdir. Çox təəssüf edirəm ki, bu əsər nədənsə diqqətdən kənarda qalıb. Bir dilçi kimi bu əsərdəki dil məni valeh etdi. Zahir Əzəmət də, Sevda Sultanova da müsahibələrində “Yağ kimi” haqqında yüksək fikirdə olduqlarını demişdilər. Ədəbi mühitdə yaxşı əsərə qarşı bir qısqanclıq hissi var, Cəlil Cavanşir Kənanın romanı haqqında yazısında çox doğru olaraq qeyd edir ki, paxıllıq və qısqanclıq hissi “Yağ kimi”nin kənarda qalmasının əsas səbəblərindən biridir. Bu roman bədii cəhətdən Oxu zalında müzakirə olunan əsərlərin hansı birindən aşağıdır? Heç birindən! Hətta bəzilərindən üstün bir əsərdir. Amma bu əsər  “Ən yeni ədəbiyyat” seriyasından nəşr olunmasına baxmayaraq onun müzakirəsini hələ də keçirmirlər. Kənan bir çox qələm dostlarının əsərləri haqqında ürək genişliyi ilə yazılar yazıb. Amma o adamların heç biri bu kitab haqqında yazmadılar. Zaur Qəriboğlu və Cəlil Cavanşir yazdı. Sağ olsunlar! Bilirəm ki, bu müsahibədən sonra Kənanın şiddətli qınağına tuş olacağam. O, heç vaxt bu haqda danışmağı sevmir. Düşünür ki, əgər yazdığım yaxşı əsərdirsə, mütləq yazacaqlar. Amma görürəm ki, məqsədyönlü şəkildə onu diqqətdən kənarda saxlayırlar. Bu da bir yazıçı olaraq ona təsir edir. Baxmayaraq ki, bunu büruzə vermir, amma hiss edirəm ki, daxilən çox narahatdır, bu diqqətsizliyi qəbul edə bilmir.

-İlhamə xanım, iki qələm adamının bir evdə yaşaması çətinlik yaratmırmı?
-Çətinliklər olur. Biz birotaqlı evdə yaşayırıq. O, bəzən gecə səhərə qədər yazır, oxuyur. Bəzən bunun üstündə mübahisəmiz düşür. İndi stolüstü gecə lampası var, onu yandırır ki, mənə çox mane olmasın. Bir-birimizə iradlarımızı da deyirik, arada inciklik də olur. Bu adam mütaliədən, yazı-pozudan qətiyyən yorulmur. Bəzən yaxşı mənada ona qibtə edirəm. O, bütün həyatını ədəbiyyata həsr edib.

-Sizcə, buna dəyərmi?
-Allah ona istedad verib. O da bu istedadın nazını çəkir. Mən ona mane olmuram. Ədəbiyyat onun yaşam tərzidir.

Dilrubə Vaqifzadə                            dayaq.org

Комментариев нет:

Отправить комментарий