Страницы

27.06.2012

Elçin Mirzəbəyli: “İstedadlı əclaf haqqında roman yazacam”


“Poz bu sükutu” adlı kitabım demək olar ki, öz zəhmətimin məhsuludur”


Bu eşq hücrəsində duam yarımçıq,
Ünvanı bilinmir, adı görünmür.
Mənim ürəyimin dərinliyində
Közərən ocağın odu görünmür.

Elçin Mirzəbəylinin “Sev məni” şeirindən olan bu bir bənd  yaxınlarda çoxlarının dillər əzbəri olacaq. Həzin bir musiqi kimi qəlblərimizə köç edib öz yuvasını quracaq.
Şair, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, publisist Elçin Mirzəbəyli ilə müsahibəni oxuculara təqdim edirik.

– Yeni kitabınız artıq oxuculara təqdim olunub. Mən sizin həm müəllif, həm də oxucu kimi bu kitab haqqında nə düşündüyünüzü bilmək istərdim.
– “Poz bu sükutu” adlı kitabım demək olar ki, öz zəhmətimin məhsuludur. Kitabın dizaynından başlamış ta səhifələnməsinə qədər hər bir işi özüm görmüşəm. O baxımdan əgər bu gün ürəyimə nəsə yatmırsa, deməli, günahı özümdə axtarmalıyam.
– “Poz bu sükutu” adlı kitabınız uzun bir fasilədən sonra oxucularla olan görüşünüzdü. Bu fasiləyə ehtiyac var idimi? Bəlkə, sizi ədəbiyyatdan küsdürən bir qüvvə var idi?
– Üçüncü kitabımla bu kitab arasında düz on il fərq var. Ədəbiyyatdan bir az uzaq düşmüşdüm və çox az hallarda olur ki, qələmi əlimə alıb şeir yazım. Əslində, heç bir incikliyim və narahatlığım yox idi. Nə poeziyadan, nə də ədəbiyyatdan küsməmişdim. Sadəcə işimin çox olması, həmçinin gündəlik qəzetin işi, məsuliyyəti var idi. Nəticə etibarilə də bütün bunların hamısı yaradıcılığıma təsir göstərə bildi. Çalışdım ki, on ildən sonra bu sükutu pozum.

– Bildiyim qədər kitabın adı ilə bağlı bir az qərarsızlıq var idi?
– Əvvəl düşündüm ki, kitabın adını “Salam, məmləkət” qoyum. Amma sonra elə bu sükutu pozmağımın şərəfinə, həm də poeziyaya yenidən qayıtdığım üçün elə “Poz bu sükutu” adlandırdım. Məncə, bu qayıdış və kitab uğursuz alınmayıb.
– Siz düz on il bundan öncə daha “şeir yazmayacam” sözlərini demişdiz. Bəs necə oldu fikrinizi dəyişdiniz?
– Düzdür, elə bir istəyim var idi və elə bir sözü də demişdim. Amma gördüyünüz kimi, bunu bacara bilmədim. Özümə və duyğularıma zor edə bilmədim. Sözün doğrusu, heç yazmaq istəmirdim. Amma arada belə deyirlər ki, bir insan daima siyasətlə məşğul olursa, o zaman siyasətdə ədəbiyyatdan yararlanmaq kimi bir ifadə meydana gəlir. Bu məndən öncəki insanlara da ayrı-ayrı dövrlərdə irad kimi tutulub. Bununla bağlı bir müddətlik ədəbiyyatdan aralı düşdüm. Amma aralı düşməyimin artıq sonu gəldi və uzaq qalmağı da bacarmadım.
– Siz həm siyasətdə, həm ədəbiyyatda, həm də media sahəsində fəaliyyət göstərirsiz. Bəs bu üç sahəni bir insan necə daşıya bilir və ya bir insanda bu üç sahə necə cəm olur? Axı üç sahə bəzən insanı parçalaya bilir axı. Bəs siz bu bölgünü necə apara bilirsiz?
– Bir çoxlarının bilmədiyi başqa sahələrdə də bacarığım var. Əvvəla deyim ki, mən ədəbiyyata bir peşə kimi yanaşmıram. Məncə, indiki zamanda heç kim ədəbiyyatdan gəlir götürə bilmir. Sadəcə, bunu sovet zamanında ədəbiyyatın ideologiya xidmət aspektindən deyirəm. Öz həyatını qura bilən insanlar var. İndi kitab satışı ilə də problemlər var və hər kəs də bunu bilir. O baxımdan mən ədəbiyyatdan qazanmıram və ona görə də ona bir peşə kimi baxa bilmərəm. Mənim hazırkı işim “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru olmaqdır. Peşəkar kimi məşğul olduğum sahə ancaq budur. Ancaq iyirmi ildir siyasətdəyəm və bu proseslərin içində bişmiş bir insanam. Peşə sahəsində daha çox özümü siyasətdə və publisistikada görürəm.
– Bölgü deyəndə mən bunları nəzərdə tuturdum: siyasətdə sərt və ambisiyalı olmaq, mediada qərəzsiz və dəqiq, ədəbiyyatda isə ancaq duyğusal olmaq olar.
– Bunların heç biri mənə təsir göstərə bilmir. Ən əsası balansı qoruyub saxlamağı bacarmaqdır. Əsas ədəbiyyatda siyasətçi, siyasətdə ədəbiyyatçı olmamaqdır. Mənim üçün siyasət ambisiyadan çox analitikadır. Mən nəzəri fəaliyyətə daha çox üstünlük verirəm. Mən illər ərzində siyasətdə bir analitik, bir ekspert kimi formalaşmışam. Obyektivlik hissini itirmədiyin təqdirdə heç bir sahə sənin fəaliyyətinə mane olmayacaq və qarışıqlıq yaratmayacaq. İnsan ədalət hissini itirmirsə, tutduğu siyasi xətlə ədəbiyyatda, jurnalistikadakı mövqeyini uyğunlaşdırmağa çalışırsa, və bunu bacarırsa, ortaq məxrəcə gələ bilirsə, məncə, heç bir çətinlik olmayacaq. Məncə, bütün bunlar da sonda insanın xarakterinin, dünyagörüşünün formalaşmasına gətirib çıxarır. Bu zaman da bütün problemlər aradan qalxır. Ən önəmlisi insan nə işlə məşğul olursa-olsun, öz insanlığını, öz daxili mədəniyyətini itirməməsidir. Mədəniyyət varsa, heç bir problem olmayacaq.
– Bəs bu ağırlığın içində istirahətə zaman qalırmı?
– Bəzən qələm dostlarım, əməkdaşlarım da mənə deyir ki, fiziki cəhətdən bunları danışmaq çox çətindir. Mən özüm də doğrusu bilmirəm ki, bu işləri necə çatdırıram. İşləri heç vaxt düşünmürəm, planlaşdırmıram. İndiki zamanda o iş varsa onu da görürəm. Dayanmağı, işsizliyi xoşlamıram. Səhər doqquzun yarısından gecəyə kimi işdə oluram. Bu haradasa on beş saata kimi çəkir. Məni yaşadan da elə budur. Bəsit həyat tərzini sevmirəm.
– Müasir Azərbaycan ədəbiyyatına bir nəzər salan Elçin Mirzəbəyli nələri görür?
– Azərbaycan ədəbiyyatı bu gün o qədər genişdir ki, bir baxışla iş bitmir. Bu gün ədəbiyyatımızda istedadlı gənclərimiz çoxdur. Mən bacardıqca onların yaradıcılığını izləməyə çalışıram. Yaxşı ki, bu internet texnologiyaları var və biz də istedadlı gənclərin yaradıcılığını izləyə bilirik. Mən belə düşünürəm ki, çağdaş Azərbaycan ədəbiyyatı bu günə kimi mövcud olan ədəbiyyatın ən güclüsüdür. Bundan sonra daha da güclənəcək. Dil baxımından, onun imkanlarından istifadə baxımından, informasiya bolluğu baxımından indiki Azərbaycan ədəbiyyatı daha üstündür.
– Bəs bu yaradıcı gənclərdən kimləri oxuyursuz?
– Oktay Hacımusalını, Qan Turalı, Aqşin Yeniseyi, elə sizi, Könül Səidi də oxuyuram. Heç kim nəzərimdən qaçmır. Həm də gəncləri media da çox geniş şəkildə təqdim edir. Sağ olsun Rəşad Məcid, illərdir “Ədəbiyyat” qəzetinin missiyasını öz üzərinə götürüb və kifayət qədər bu sahədə işlər görür. Gəncləri və ümumən ədəbiyyatı təbliğ edir. Bu işi həmçinin bir neçə qəzetlər də görür. Eləcə də “Kaspi”, “Şərq”, “Yeni Azərbaycan” və “Xalq Cəbhəsi” qəzeti də bu xətlə gedir və gəncləri çap olunmasına dəstək olur.
– Son zamanlar Azərbaycan Yazıçılar Birliyində kifayət qədər qalmaqallar və gərginliklər yaşandı. Bəs olubmu ki, sizi də belə bir qalmaqala sövq etməyə çalışsınlar?
– Məni heç kim heç bir qalmaqala nə təhrik, nə də sövq edə bilməz. Mən nələrin baş verdiyinin fərqindəyəm, sadəcə obyektivliyimi saxlayıram. Bu işlər kiminsə karyera maraqlarına xidmət edirsə, orda nə mənim, nə də "Xalq Cəhbəsi" qəzetinin rolu olmaz. Mən düşünürəm ki, bu günə qədər AYB-nin ünvanına səsləndirdiyimiz tənqidlər çox obyektiv olub. Həmçinin müsbət irəliləyiş olan da onu dəyərləndirməyi bacarırıq. Obyektivlik baxımından bütün tərəflərin mövqeyini veririk, amma burda heç bir təhqirdən söz gedə bilməz.
– Belə bir söz gəzir ki, kimlərsə sizi AYB-nin sədrliyinə namizəd kimi görür. Bu məsələyə sizin münasibətiniz necədir ?
– Kitabın təqdimatında Rəşad Məcid zarafatla bu məsələyə toxunmuşdu. O, demişdi ki, AYB-nin missiyasını Mətbuat Şurası öz üzərinə götürüb. Elə isə hər ikisini birləşdirmək lazımdı. O zaman da kənardan replikanı isə Anar Yusifoğlu atdı ki, elə də sədrliyə ən yaxşı namizəd elə Elçin Mirzəbəylidir. Bu bir zarafat idi. Mənim heç birinə iddiam yoxdur. Amma mən belə düşünürəm ki, AYB-də bir sıra dəyişiklər olmalıdır. Məncə, ilk növbədə forması dəyişilməlidir. Yönləndirici, istiqamətləndirici bir quruma çevrilməlidir.
– Yaradıcı insan yaradıcılığa ilk olaraq şeirlə başlayır, sonra hekayə, povest yazır və son nöqtə də roman olur. Sizin necə roman yazmaq kimi bir fikriniz varmı?
– Mən də bir roman üzərində işləyirəm. Əslində, süjet xətti də beynimdə var və oturub bir neçə günə də yazıb bitirə bilərəm. Amma zamanla yeni-yeni müşahidələrim olsun deyə vaxtı uzadıram. Romanda hadisələr 80-93-cü illəri əhatə edir. Bu haqda çox danışmaq istəmirəm. Onu deyə bilərəm ki, mən istedadlı bir əclaf obrazını yaradıram. Romanda siyasi proseslərə çox da müdaxilə etməyəcəyəm, sadəcə özümün də içində olduğum bəzi proseslərə və hadisələrə toxunacağam. Mən tarixi bir roman yazmadığım üçün çox da tarixi hadisələrdən yazmamışam. Yazdığım hadisələri də tam bədiiləşdirilmiş formada təqdim etmişəm. Obraz da bir neçə tanıdığım tipin ümumiləşdirilmiş şəklidir.
– Bildiyim qədər sizin ixtisasınız mədəniyyət sahəsinə gedib çıxır. Sizi bu sahədən nə ayırıb?
– Bu sahədə ilk fəaliyyətim teatr sahəsində olub. Amma bununla yanaşı televiziyada bir sıra layihələrim də olub. Teatrda ən böyük işim isə Naxçıvan Dövlət Teatrında Nəriman Nərimanovun “Nadir şah” əsərinin quruluşçu rejissoru olmağımdır. Məni bu sahədən heç bir qüvvə ayırmayıb. Düşünürəm ki, insan daima axtarışda olmalıdır. Bir yandan da həyat öz şərtlərini diktə edir və bu şərtlər altında çalışmaq mütləqdir.
– Deyəsən bir neçə şeirinizə mahnı yazılıb. Abbas Əhmədin oxuduğu “Ürəyim yanar” mahnısı hələ də sevilir. Bəs bu sahədə nə kimi yeniliklər var ?
– Bu sahədə fəaliyyətim var, hətta gənclər də mənim sözlərimə yazılan musiqiləri ifa edir. Amma bir sirri də elə burda açacam. Bu yaxınlarda Flora Kərimova mənim şeirimə bəstələnmiş bir mahnı oxuyacaq. “Sev məni” adlanan şeir elə yeni kitabımda da var.

Könül Səid

Комментариев нет:

Отправить комментарий