Страницы

21.06.2012

Evlənənlərə "toy tutanlar"...

Fransanın Nitsa şəhərində səs-küylü toy etmək qadağan edilib. Şəhər meri Khristian Estrosinin sözlərinə görə, səs-küy, fit səsləri, çox sayda insanın toplaşması, parad ictimai asayişi pozur.
Qadağa iyunun 1-dən qüvəyə minib. Bu qadağanın qüvvəyə minməsindən sonra müxalifətçi- sosialistlər yeni qanunun Fransanın müsəlman əhalisinin qanunlarının üstüörtülü şəkildə pozulması anlamına gəldiyini bildirdilər. Çünki adətən müsəlman toyları "fit və səs küylə" müşahidə edilir.
Şəhər meri isə qanunun məqsədinin insanların sevinclərini göstərməsinə mane olmaq yox, sadəcə onlara elementar ədəb-ərkan qaydalarını xatırlatmaq olduğunu deyib.

İfratçılıq və israfçılığın geniş yayıldığı Azərbaycanda da belə bir qaydanın tətbiq edilməsi pis olmazdı. Çünki istər toy, istərsə də yas mərasimlərimizdə bu gün kifayət qədər ifrata varılır. Toy və yas mərasimi təşkil edən vətəndaşlarımız bu gün az qala bir-biriləriilə bəhsə girərək, öz imkanlarını nümayiş etdirirlər.
Toy mərasimlərinin ən əsas problemi isə xoş günlərinin həddindən artıq səs-küylü keçməsidir. Belə ki, şadlıq saraylarında səs-küy səviyyəsinin norması 65 dB olduğu halda, adətən səsin səviyyəsi bu normadan bir neçə dəfə artıq olur. 5-60 dB diapazonda səs insan orqanizminə fərdi olaraq həm mənfi təsir edə bilər, həm də təsirsiz qala bilər. 70-90 dB diapazonlu səsin uzunmüddətli təsiri mərkəzi sinir sisteminin xəstəliklərinə, 100 dB və daha yüksək diapazonlu səs isə eşitmə qüsurlarının yaranmasına və hətta karlığa da səbəb ola bilər.
Nəticədə insanı dincəltməli olan musiqi tempinin həddən artıq yüksək olması nəinki əsəb sisteminə, hətta həzm prosesinə də ciddi təsir edir. Toydakı səs-küy eşitmə qabiliyyətinin zəifləməsinə, zehni yorğunluğa gətirib çıxarır,səs-küy şəraitində insanın diqqəti yayınır, o, düşünə, fikrini cəmləyə bilmir. Şadlıq saraylarındakı səs-küy insanlarda hətta yaddaş pozğunluğu və nevrozun əmələ gəlməsinə belə səbəb ola bilər. Başağrıdıcı səsdə çətinliklə oturan qonaqlar mərasimin sonuna kimi dözə bilmir. Toyun sonuna kimi dözüb oturanlar isə şadlıq sarayından bayıra çıxanda ağır döyüşdən çıxanlar kimi qulaqları uğuldayır.
Lakin istər səs küy, istərsə süfrə mədəniyyəti, istərsə də adət ənənələr ilə bağlı ifaratçılıq ancaq toy mərasimlərinə xas deyil. Belə hallarda yas mərasimlərində də kifayət qədər çox rast gəlinir.
İlahiyyatçı İsmayıl Əhmədovun sözlərinə görə, İslan dinimizə görə israfçılıq haram və böyük günahlardandır. “Əhalinin böyük hissəsi bu kimi məclisləri Allahın razılığını qazanmaq üçün deyil, "qonşudan qalma dala" prinsipinə sadiq qalaraq yerinə yetirir ki, bu da başqa bir böyük günaha, yəni riyakarlığa yol açır. Nəticədə savab yox iki böyük günah birdən qazanmış oluruq. Islama görə həddi aşmadan yas mərasimləri 3 gün qeyd olunmalıdır. Yaxınlarını itirmiş şəxsə maddi və mənəvi yardımlar olunmalıdır ki, biz ölkəmizdə bununu əksini müşahidə edrik. Toy məclislərində də halal yolla və həddi aşmadan keçirmək lazımdır”, - deyə ilahiyyatçı bildirir.
Düzdür, İslam yas və toy mərasimləri barədə xüsusi ayinlər təqdim etmir. Ancaq milli adət ənənəyə uyğun keçirilən məclislərdə yeganə şərt harama və israfçılığa yol verilməməsidir.
Bəzən ən xoş günlərində insanlar halal-haram məsələlərinədə riayət etməyi unudurlar. İ.Əhmədov buna misal olaraq toylardakı şampan şəlaləsi göstərir. “Bu spirtli içkidir. İslam dininə görə, içki günah sayılır”.
Lakin toylarımızın problemi bununla bitmir. Milli toylarımızın özüməxsus gözəllikləri, zəngin ənənələri, mənəvi keyfiyyətlərindən biridə süfrədir. Altay Strateji Araşdırmalar Mərkəzinin (ASAM) sədri Elçin Bayramlının sözlərinə görə, qədim toylarımızda da qonaqlara müxtəlif növ milli yeməklər təklif olunub. Lakin, süfrə heç də toyun əsas atributu sayılmayıb. Hazırda isə toylarda əsas məsələ yemək-içməkdir.
“Süfrələrin üstündə lap nağıllarda deyildiyi kimi quş südü, can dərmanı - hər şey var. Hər kəs bir-birinin bəhsinə girib daha "ağır" stol açmaq istəyir. Əksər restoranlarda 5-10 çeşiddə yemək, 30-40 çeşiddə çərəz və salat təklif olunur”, - Elçin Bayramlı bildirir.


Toya yazılan pullar kimə çatsın?


Bu gün hamıya bəllidir ki, toya gələn qonaqlar toy sahibləri üçün müəyyən qədər pul yazıdırırlar. Siyahıya yazdırdığı məbləğ, əslində yeni evlənənlərə çatmalıdır. Bu pulla yeni ailə quranlar heç olmasa, öz evləri üçün çatışmayan nələrisə ala bilər və ya bal ayına çıxa bilərlər. Amma belə şəraitdə bu pullar şadlıq sarayının sahibinə verilməli olur. ASAM sədrinin sözlərinə görə, hətta bəzən, heç toya yazılmış pullar şadlıq sarayının xərcini ödəməyə belə çatmır və toy sahini borca düşür.
Ekspert şadlıq saraylarında yemək içməyə və sairəyə xərclənən vəsaiti daha məntiqli məsələlərə yönəltməyi də təklif edir. Onun fikrincə, belə mərasimdə qonaqlara 2-3 cür yemək verib, qalan pulları gənclərin hansısa problemlərini həll etməsi üçün özlərinə saxlamaq daha məqsədəuyğun ola bilər. Bunun üçün ictimai qınaq və nəzarət mexanizmi fikirləşməyin əsl vaxtıdır.
E.Bayramlı toylardakı bəzi adətlərdən də narahatdır. Bunlardan biri insanın, xüsusilə də uşaqların dözə biləcəyi səs həddi ilə bağlıdır. Həddindən artıq səs həddi toya gələnləri əyləndirmək əvəzinə onların əsəblərinin pozulmasına, başağırısına yol açır.
Daha bir problem onlarla insanın olduğu zalda fişənglərin yandırılmasıdır. Belə ki, bu zaman zəhərli tüstü yaranır ki, bu da xüsusilə uşaqların sağlamlığı üşün ciddi təhlükə yaradır.
Mərasimlərdəki israfçılıq Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, nasir Seyran Səxavəti də narahat edir. Nasir ANS PRESS-ə açıqlamasında toylarda yol verilən israfçılığın adət-ənənələrlə heç bir əlaqəsi olmadığını bildirib. “Mən Azərbaycan adət ənələrini yetərincə bilən bir adam kimi deyə bilərəm ki, burada şöhrətpərəstlik rol oynayır. İnsanlar istəyirlər ki, toydan sonra onlar haqqında danışsınlar. Desinlər ki, “KİŞİ-nin oğlu elə bir stol açmışdı ki, 90 faiz töküldü qaldı. Nə qədər yemək olar?”. Bu ən yumşaq halda desək qudurğanlıqdır. İsrafçılıq Quranla – kitabla da qadağadır. Amma biz toylarda da yaslarda da israfçılıq baş alıb gedir”. 
Azərbaycanda aşağı səviyyədə yaşayan yetərincə ailələr var. Elə ailələr var ki aylarla, həftələrlə dillərinə ət dəymir. Belə israfçılıq zamanı elə bilin ki, bəziləri onların payını toylarda, yaslarda israf edir. “Bu nə Allaha, nə də yarı tox, yarı ac olan insalara xoş getməz”.
İctimai xadim bu cür mərasimlərdə israfçılığın qanunla qadağan edilməsi məsələsinədə müsbət yanaşmır. S.Səxavət bununla bağlı qanun qəbul etməyin özünün bir eyib olduğunu deyir. Onun fikrincə, israfçılığa yol vermə bizim milli şüurla bağlı olan məsələdir: “Milli şüur isə öz növbəsində təhsillə bağlıdır. Adamlar özləri könüllü sürətdə israfçılıqdan çəkinməlidirlər. Bu cür qanunlar şürda olmalıdır. Zorla bunu etmək olmaz. İnsan gərək xarakter olaraq dünyagöörüşlü, savadlı olsun, kitab oxusun. Genetik kodu təmiz olsun”.


Qanunun qəbulu ləngiyir


Toy və yas mərasimlərinin nizama salınması parlamentində diqqət mərkəzindədir. Bununla bağlı xüsusi normaların işlənib-hazırlanması bir neçə dəfə müzakirə edilsə də hələlik nəticə yoxdur. Milli Məclisin mədəniyyət komitəsinin üzvü, millət vəkili Jalə Əliyeva ANS PRESS-ə açıqlamasında “Toy və yas mərasimləri haqqında" qanun layihəsi haqqında təkliflər verildiyini desə də, hazırda ortalıqda hazır layihə olmadığını bildirib. O, bunu müxtəlif səbəbləri olduğunu deyir.
“Bu insan hüquqlarının məhdudlaşdırılması kimi dəyərləndirilə bilər. Mərasim hər bir vətandaşın hüququdur və plüralist bir cəmiyyətdə o bunu istədiyi formada edə bilər, bunun üçündə qanuna ehtiyac olmaması kimi fikirlər səsləndirilir. Bu məsələ uzun müddətdir ki, ictimaiyyətin müzakirəsində olsada, hazırda bu məsələ açıq qalır”, - deyə Jalə Əliyeva qeyd edir. .
Düzdür, bu gün hamımız toylara gedirik və ordakı israfçılıqdan, bayağılıqdan narazı halda qayıdırıq. Hamı nə isə yeniliyə ehtiyac olduğunu deyir. Amma bunu kim etməlidir, ilk addımı kim atacaq?
J.Əliyeva indi hətta yas mərasimlərimiz belə bər-bəzəyi ilə toylardan heç də geri qalmadığını deyir. Onun fikrincə, bu israfçılığın yoluna qoyulması üçün qanuna ehtiyac var: “Amma qanunlar ali olsada, hər şey qanunla tənzimlənmir. Əgər buna nəzarət, əməl edilməyəcəksə onun yazılmağının da bir mənası yoxdur. Digər tərəfdən əgər vətəndaş “mən oğlumun toyunda “fil, kababı ləvəngisi” olsun” deyirsə, bunun qarşısını qanun layihəsi ala bilməz. Bu məsələdə kriteriyalar çox müxtəlifdir, məsələ ilə bağlı çox müxtəlif fikirlər var”.
Millət vəkili ANS PRESS-ə açıqlamasında insanların hüququna, sosial məsələlərə, vətandaşın zövqünə birbaşa toxunan işlə bağlı çox böyük çətinliklə qarşılaşdıqlarını deyir. Çünki zövqlər, düşüncələr, səviyyələr müxtəlidir.
Mərasimlərlə bağlı orijinal qanunlardan biri Tacikistanda mövcuddur. Belə ki, orada həm yaslarda, həm də toylarda ciddi məhdudiyyətlər var və taciklər bu qaydalara asanlıqla əməl edirlər. Tacik parlamentariləri özləri bu qanunlara asanlıqla riayət edildiyini vurğulasalar da, Azərbaycanda müvafiq qaydaları tətbiq etməyin çətin olacağını qənaətindədirlər.
Onlar bunu hətta azərbaycanlı həmkarları ilə görüşlərində də deyiblər: “Çünki Tacikistanda əhali kasıbdır, mərasimləri kimisə dəbdəbəli keçirməsi ümumi əhalinin xətrinə dəyirdi. Bunu biz insanlar arasında danışıqlar aparmaqla, maarifləndirmə ilə asanlıqla həyat keçirdik. Amma Azərbaycanda xalqın vəziyyəti yaxşıdır, zəngin ölkədir. Bu qanunun səbəbini insanlara izah etmək çətin olacaq”, - deyə millət vəkili söyləyib.
Amma artıq mərasimlərimizdəki bu israfçılıqla mübarizə aparmağın vaxtı gəlib çatıb. Jalə Əliyevada bu düşüncədədir ki, indi həm yaslarımız, həm də toylarımız öz cızığından çıxıb. Artıq onları qaydaya salmağın vaxtı çatıb. Hələlik qanun olmamasına baxmayaraq, bunun üçün hər birimiz özümüzdən başlamayılıq. Əgər qanun yubanırsa, onun işləviliyini təmin etmək üçün əvvəlcə maariflənmə aparılmalıdır: “Bunun üçün ilk olaraq KİV, televiziyanın rolu böyükdür. İnsanlara anlatmaq lazımdır ki, toya gələn insan ilk olaraq orada əylənməli, sevinməlidir. Yasa gələnlərdə məncə bir qaşıq halva yeyib, başsağlığı verib gedərsə, bu daha savab olar, nəinki yas mərasimində doğranmış bananları, az tatılan nemətləri yemək”.

Комментариев нет:

Отправить комментарий