körpə bir uşaq şən qığıltıları ilə keçdi yanımdan
gözüm yolları çəkdi apardı
əlimdə əlinin ətri qalmışdı
gecənin bir yarısı oyanıb yuxudan
anasını itirən uşaq kimi əllərim
fəryad qopardı
səninçün darıxdım
olmaz dedin darıx dedin
darıxanda daha çox qədri bilinir
darıxacağın kimsənin
mən də sözə baxanam da guya
əmrini gözləyirəmmiş kimi
bakıda bir guşənişin oldum
günlərlə evdən çıxmayan
bir sözünçün acıdım
bir baxışın mənə laylan kimi şirin gəldi
məstliyin zirvəsində mən
göyüzünün təmizliyində sən
səninçün darıxdım
eyni anda ikimizin də eyni sözləri deməyimiz
sonra gülməyimiz
xoşbəxt olduğumuzu pıçıldamağımız
düşdü yadıma
darıxdım
darıxdım
darıxdım
və sonunda bu gün evdən çıxdım
***
yenə yuxumdasan uzadıb əllərini ovcumda gizlədirsən
yenə yuxumdasan qısılırsan mənə üzümə baxmağa utanıb
gözlərini yumaraq
yenə yuxumdasan saçlarında ulduzlar
bakıda yağış yağır və islanırıq bir yerdə
qəribədir küləksiz sakit bir hava
yenə yuxumdasan səsini
səsini eşidirəm ancaq
yenə yuxumdasan telefonla danışırıq
üzün gözümün qabağından çəkilib gedib
mən səni səs kimi görürəm
yenə yuxumdasan ad qoymaq istəyirəm yaşadıqlarıma
olmur alınmır yeni ad fikirləşməliyəm
su desəm
sus desəm
susuz desəm
yenə yuxumdasan və tapdım mən yenə susuzam
susuzam halsızam bir az da sənsizəm
ammmmmaaaaa sən
yenə yuxumdasan
Oktay Hacimusali
Комментариев нет:
Отправить комментарий