Страницы

04.07.2012

Ağaca dırmaşan şairlər...

Xuraman Hüseynzadə


Bir müddət öncə bir telekanaldan canlı efirə dəvət aldım. Mövzunun nə olduğunu soruşdum. “Sevgi”, - dedilər. Az keçməmiş, həmin kanaldan yenə dəvət aldım. Mövzu yenə də sevgi idi. Üçüncü dəfə dəvət alanda da mövzunun nə olduğunu soruşdum. Yenə sevgi haqda danışacağımı bildirdilər.
Gələ bilməyəcəyimi dedim. Çünki, sevgi haqda bildiklərimi danışmışdım... Bu, heç də sevginin ülvi hiss olduğunu şüurlara yeritmək missiyası deyildi. Sadəcə, proqramın müəllifləri mövzu tapa bilmirdilər.
Bizim televiziyalar ədəbiyyat böhranı keçirir. Hər kanalın öz sevimli “şairi”, “yazıçısı” var. Gəlin, baxaq: İctimai Televiziyanın şairləri Musa Ələkbərli, Barat Vüsal, Zəlimxan Yaqub; ATV-nin əbədi ədəbi “ulduzu” Baba Vəziroğlu; Space-inki Xanım İsmayılqızı, Xuraman Vəfadır. Lider TV-nin adı gələndə Rəhim Rəhimlidən və YAP-çılardan başqa heç kim yada düşmür. Az.Tv-nin “şairi” əvvəl Vüqar Əhməd idi, indi bu yer boşdu.
Görünür, Az.Tv hələ axtarışdadı. ANS-in isə başı meyxanaya, toylara “kral”, “kraliça” seçməyə qarışıb. Bu, tək kadr çatışmazlığının və ya peşəkarlığın səviyyəsinin aşağı olması ilə bağlı deyil. Səbəblər çoxdu...
Əsas səbəblərdən biri TV rəhbərlərinin ədəbiyyata marağının olmaması, ictimai zövqlə hesablaşmamasıdır. Rəhbərlərin özündə problem çoxdu. Məsələn, İsmayıl Ömərov həyatının qalan hissəsini “Yevrovijn”ə həsr edibsə, Vaqif Mustafayevin hind filmlərinə olan eşqi səngimək bilmir. ATV-nin gedən və gələn bütün rəhbərləri üçün Azərbaycanda tək bir sahə mövcuddur: şou-biznes...
TV-də maraqlı bir dənə də olsa, ədəbiyyata aid süjet hazırlanmır. Uzaqbaşı hansısa çayxana şairinə müəyyən məbləğ qarşılığında veriliş həsr edirlər: həmin şairi ya ağaca dırmaşdırırlar, ya dəniz kənarına aparırlar, ya da Qazan xanın oğlu Tural kimi buraxırlar çəmənliyə. Bir-iki mənasız sual, bayağı cavab və lazımsız şeirlər... Vəssalam. Sanki Azərbaycanda bütün infrastruktur inkişaf edir; millətin heç bir problemi yoxdu; ən gözəl filmləri biz çəkirik; ən möhtəşəm musiqi əsərləri bizdə yaranır; yazıçılarımız “Biləcəri” sərhədini darmadağın edib; bütün dünyaya meydan oxuyuruq-bizim televiziyalar vizual olaraq bunları diqtə edir. Ədəbi portallarda, mətbuatda dərc olunan bu qədər istedadlı gənc yazarın bizim televiziyalara heç bir istisi-soyuğu yoxdu. Maraqlıdır, bu adamlar saytları, mətbuatı izləmirmi? Lazımsız müsabiqələr keçirirlər. Qiyamət qopmaz ki, bir dənə də ədəbiyyat müsabiqəsi keçirsələr?! Müğənniləri təbliğ edib, onlara disk satışından, toy bazarından pul qazanmağa kömək göstərdikləri kimi, yazıçıları da təbliğ edib, kitablarının satılmasına yardımçı olsalar, dünyamı dağılar?!
Bizim efir məkanımızın palitrasında nə istəsəniz, görə bilərsiniz-mətbəx verilişlərindən tutmuş seriallara, müğənnilərin qarderobuna kimi. Ədəbiyyatdan başqa. Baxdığınız mənəviyyat, əxlaqi dəyərlər kontekstində hazırlanan verilişlər sizi aldatmasın-onlar da şouya hesablanıb. Məsələn, belə proqramlarda Rəşid Mahmudov və Xeyrəddin Qocayla model-müğənnillərin “döyüşdürülməsi” birbaşa tamaşaçı yığmağa hesablanmış gedişdir...
***
Ədəbiyyat televiziyaların əlilə qətlə yetirilir. Halbuki... yazıçı Marqaret Düras müsahibələrinin birində deyirdi ki, ədəbiyyat ölməyə xidmət edir-öz içində ölməyə...


qafqazinfo.az

Комментариев нет:

Отправить комментарий