Страницы

31.07.2012

ETİBAR MƏMMƏDOV ELÇİBƏYƏ SUİ-QƏSD PLANINDA SUÇLANDI


Oqtay Qasımov: “4 iyun qiyamı AMİP-in və onun liderinin üzərində tarixi ləkədir”


“Plan belə idi ki, Etibar Məmmədov Əbülfəz Elçibəyi Bakıya gəlməyə, sonra isə istefa ərizəsi yazmağa razı salır. Bunun ardınca prezident iqamətgahına hücum təşkil edilir, prezident qətlə yetirilir...”

Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov “Bizim Yol” qəzetinə müsahibəsində 1993-cü ilin iyun hadisələri haqqında danışıb. AMİP lideri bildirib ki, Heydər Əliyev, Rəsul Quliyev və o, iyunun 17-də axşam saat 10-na qədər prezident Əbülfəz Elçibəyin kabinetində olublar. Həmin görüşdə Əbülfəz Elçibəy Bakını tərk edəcəyi haqqında onlara heç nə deməyibmiş: “Biz prezidentlə görüşdən çıxıb o zaman baş nazirin müavini olan Rəsul Quliyevin otağına gəldik. Sonra Vaqif Axundov zəng edib məlum hadisə haqqında xəbər verdi. Bizə bildirdi ki, Heydər Əliyev bizi gözləyir. Rəsul Quliyevlə Cəlal Əliyevin evinə getdik. Çünki o zaman Heydər Əliyev Cəlal Əliyevin evində yaşayırdı. Heydər Əliyev əsəbi şəkildə bizə bildirdi ki, Elçibəy Bakını tərk edib”.

Etibar Məmmədov sonrakı günlərdə Əbülfəz Elçibəyi Bakıya çağırdığını, ancaq onun təhlükəsizliyinə təminat olmadığı üçün bundan imtina etdiyini deyir. AMİP lideri iddia edir ki, Elçibəyin təhlükəsizliyinin təmin edilməsinə gücü çatardı. Jurnalistin “Rəsul Quliyev Elçibəyi həyatının təhlükədə olmasına Heydər Əliyevin inandırdığını deyir...” replikasına Etibar Məmmədov belə cavab verib: “Mən onu kimin inandırdığını deyə bilmərəm... Onun təhlükəsizliyini təmin edə biləcəyim üçün prezidentin qayıtmağını istəmişdim. Təəssüf ki, gəlmədi”.
4 iyun qiyamı günlərinin canlı şahidlərindən olan Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov Etibar Məmmədovun 17 iyundan az sonra prezidentə zəng etməsi faktını təsdiqləməklə yanaşı bir sıra ilginc faktları da açıqlayır: “Doğrudan da iyunun 17-də Heydər Əliyev, Rəsul Quliyev və Etibar Məmmədov prezidentin yanındaydılar. Ancaq onlar Əbülfəz Elçibəyi güc strukturlarının rəhbərlərini dəyişdirməyə, ən əsası da Rövşən Cavadovu daxili işlər naziri təyin etməyə razı salmağa çalışırdılar. Elçibəy bu təkliflərin heç biri ilə razılaşmadı. Onlar gedəndən sonra AXC rəhbərliyini yanına çağırdı. Sonra isə Bakını tərk etdi. Prezidenti bu addımı atmağa məcbur edən səbəblər haqqında çox danışılıb. Sonrakı günlərdə - ya iyunun 18-i, ya da 19-u - Etibar Məmmədov Kələkiyə zəng vurub Elçibəylə danışmışdı. Ancaq ondan soruşmaq gərəkdir ki, o, sadəcə Milli Məclisin üzvü, müxalifət partiyasının lideri ola-ola prezidentin təhlükəsizliyinə təminat verəcək gücü haradan alacaqdı? Yaxşı olardı, Etibar Məmmədov bu məqamda tez-tələsik İmam Mustafayevin başçılığı ilə dəfn komissiyasının yaradılmasından da danışsın. Bu faktı unutmaq istəyənlərə bir daha xatırladım, plan belə idi, Etibar Məmmədov Əbülfəz Elçibəyi Bakıya gəlməyə, Bakıda isə istefa ərizəsi yazmağa razı salır, bunun ardınca prezident iqamətgahına hücum təşkil edilir, prezident qətlə yetirilir. Çünki ortada Əbülfəz Elçibəyin istefa ərizəsi olsaydı, qiyama siyasi don geyindirmək olduqca asanlaşacaqdı. O zaman dövlət çevrilişi planı belə tamamlanmalıydı. Ancaq Elçibəy Kələkidə qalmaq qərarı verdiyinə görə, bu plan baş tutmadı”.
Oqtay Qasımov “Yeni Müsavat”a açıqlamasında 4 iyun qiyamı ilə bağlı daha bir neçə məqama toxunub: “Etibar Məmmədovun sağ əli, AMİP-in sədr müavini 4 iyun qiyamından sonra Gəncədə Surət Hüseynovun yanında idi. Şadman Hüseynov həmin günlər Surət Hüseynovun tərəfdarları sırasında xüsusi aktivliyi ilə seçilirdi. Bundan başqa, hələ 4 iyun qiyamı baş verməmişdən öncə AMİP-in Göyçay rayon təşkilatının üzvləri o bölgədə narkotik alverçisi kimi tanınan ”Saqqal" ləqəbli kriminal ünsürlə bərabər Göyçayda və ətraf rayonlarda sabitliyi pozur, süni gərginlik yaradırdılar. O zaman prezidentin xüsusi göstərişi ilə Daxili İşlər Nazirliyinin təlimatlandırılmış qüvvələri bölgəyə ezam olundu və kriminal elementləri zərərsizləşdirdi. Bundan başqa, Etibar Məmmədov 4 iyun qiyamından sonra Müdafiə Nazirliyinə hansı məqsədlə getməsinin səbəblərinin açıqlamalıdır. 1993-cü il iyunun 13-də Rəsul Quliyev, Etibar Məmmədov, Rəhim Qazıyev Müdafiə Nazirliyində müşavirə keçirdilər. Bunda sonra Müdafiə Nazirliyi Gəncədə Surət Hüseynovun başçılıq etdiyi 709 saylı briqada ilə bağlı məsələnin hərbi çevriliş yox, siyasi məsələ olması, ordunun bu işə qarışmadığı haqqında açıqlama verdi. Hərbi birləşmənin mərkəzi hakimiyyətə tabe olmaması nə zamandan siyasi məsələ olub? Bunun yalnız bir adı var - qiyam. O qiyamı kimin təşkil etdiyini, kimlərin icra etdiyini də hər kəs çox yaxşı bilir. Aradan 19 il ötübsə də heç kimə elə gəlməsin ki, tarixi faktlar, Azərbaycan dövlətçiliyik tarixinə zərbə vuran olaylar yaddan çıxıb".
Oqtay Qasımov Etibar Məmmədovu faktları öz xeyrinə ciddi şəkildə təhrif etdiyini düşünür: “Etibar Məmmədov əgər doğrudan da Elçibəyin hakimiyyətdə qalmasını istəyirdisə, o zaman Heydər Əliyev onun səlahiyyətlərinin mənimsəyəndə nədən susurdu? Axı Əbülfəz Elçibəy onsuz da səlahiyyətlərinin 90 faizini Milli Məclis sədrinə vermişdi. Etibar Məmmədovun parlamentdəki hərəkətləri, göstərdiyi şou nəydi?”
O.Qasımov 4 iyun qiyamı ilə bağlı ən dəqiq fikir söyləyənlərdən birinin o zamanlar Azərbaycanda baş verənlərin canlı şahidlərindən biri ABŞ-dan olan jurnalist Tomas Holts olduğunu deyir: “Tomas Holts iyun qiyamından sonra Azərbaycanda demokratik proseslər haqqında yazdığı məqalədə çox təsirli bir fikir söyləmişdi. Holts yazırdı ki, Azərbaycanda demokratiya Əbülfəz Elçibəyin timsalında öldürüldü. Demokratiyanın məzarı üstündə göz yaşı tökən İsa Qəmbər və Pənah Hüseyn oldu. Etibar Məmmədov isə bu faciədə İuda rolunda idi. (İuda Xristianlıq tarixinə İsa Məsihi satan həvarilərdən biri kimi düşüb- red.) 1993-cü il qiyamı Etibar Məmmədovun və onun başçılıq etdiyi AMİP-in üzərində tarixi bir ləkədir. Onlar Rusiyanın, İranın birbaşa dəstək verdiyi iyun qiyamına dəstək verib, qiyamın iştirakçısı olub. İlkin plana görə, baş nazir kürsüsünə Surət Hüseynov deyil, Etibar Məmmədov oturmalı idi. Sadəcə Etibar Məmmədov son anda bu işin məsuliyyəti altına girməkdən çəkindi. O, Heydər Əliyevin qiyamdan sonra onun ”pay"ını verəcəyini düşünürdü. Heydər Əliyev onun payını verdi, ancaq özünəməxsus şəkildə".


Aygün MURADXANLI                  musavat.com

Комментариев нет:

Отправить комментарий