Страницы

19.07.2012

O, qadınla faşist kimi davranır...

 Sevda Sultanova


"Öldürməyəndə özümü pis hiss edirəm"


"Mən dünyanı dəyişə biləcək kino çəkmirəm. Dünyanı dəyişmək siyasətçilərin işidir. Hekayətləri obraz və xarakterlərlə anladıram. Mənim üçün kino informasiya yox, ifadə vasitəsidir".
Matteo Garrone
Kann festivalının müsabiqə proqramında filmi nümayiş olunan digər maraqlı rejissorlardan biri, italyan Matteo Garronedir.
44 yaşlı Matteo Garronenin "İlk sevgi" dramını izləyəndə bir daha əmin oldum ki, qərb dramaturgiyasının tükənməsi haqda fikirlər yanlışdır.
Garrone bu ekran işində faşizmə orijinal rakursdan yanaşır.

Heykəltəraş kişi sevdiyi qadını 40 kiloyadək arıqlatmaqla incəsənət üçün ideal saydığı ölçüyə gətirmək istəyir.
O, qadınla eynilə faşist kimi davranır, arıqlaması üçün ona sərt nəzarət edir, qadından iradəsi əleyhinə ari obrazı yaratmaq istəyir, onu psixoloji və fiziki cəhətdən sındırır.
Qadın üzücü proses zamanı həyat eşqini itirsə də kölə kimi sevgilisinə tabe olur. Qəhrəmanların psixoloji durumları rejissorun kamerasından son dərəcə realist görünür.
Garronenin ən məşhur filmlərindən biri "Gomorra" sosial-kriminal dramı mafiya haqdadır.
Hərçənd, ekranda adət etdiyimiz klassik mafiya mənzərəsini, ona qarşı mübarizə aparan romantik qəhrəmanı, hansısa qorxmaz, amansız mafioz obrazını görmürük.
Film klassik musiqisi, qədim mədəniyyəti, möhtəşəm abidələri ilə qürur duyan İtaliyanın bu gözəllikləri arxasında gizlənən çirkinliyi, acı gerçəkliyi haqdadır.
Əvvəla deyim ki, "Gomorra" italyan jurnalisti Roberto Savianonun bütün dünyada bestsellerə çevrilmiş eyni adlı sənədli kitabı əsasında çəkilib.
Saviano Avropanın ən nüfuzlu cinayətkar qruplarından biri Gomorrann fəaliyyəti haqda yazıb, faktlara istinad edib və konkret adlar çəkib.
Umberto Ekonun milli qəhrəman elan etdiyi Saviano mafiyadan ölüm təhdidi aldığından bir neçə ildir ki, polislər tərəfindən qorunur.
Savianodan fərqli olaraq, rejissor filmində real şəxslərə istinad etmir, gerçəkliyi maksimum göstərməklə bədii obrazlardan istifadə edir.
İtalyancadan tərcümədə "banda" mənasını verən Gomorra dünyanın ən böyük cinayətkar qruplarından biri Neapolitan klanının adıdır.
Garronenin filmi braziliyalı rejissor Fernando Meyrellışin sosial bərabərsizliyi anladan, Rio de Janeyronun ən kriminal məhəlləsində kiçik uşaqların belə adam öldürdüyü, reallığı əks etdirən "Tanrının şəhəri" dramının ruhunda və üslubunda çəkilib.
"Tanrının şəhəri"ndə olduğu kimi burda da dinamik montaj var, informasiyalar sürətlə tamaşaçının beyninə axır, adam öldürmək uşaqlar, yeniyetmələr üçün həm karyera qurmaq, həm də əyləncə deməkdir.
Garronenin qəhrəmansız filmində biri digəri ilə əlaqəsi olmayan, amma hamısını mafiyaya bağlayan bir neçə süjet xətti var: ən böyük arzusu mafiyada işləmək olan, ona yaşıdları kimi nəsə müqəddəs bir şey kimi baxan 13 yaşlı Toto, silah ələ keçirib digər cinayətkarları öldürən iki yeniyetmə, mafioz sahibindən gizlin onun rəqibinə işləyən dərzi və s.
Filmdəki noir (qara) atmosferdə baş verən qətllərə rejissor zərrə qədər də dramatizm qatmır. Bunu onların gündəlik yaşamı, adi həyat tərzi kimi təqdim edir.
Yeniyetmələrdən biri deyir: "Öldürməyəndə özümü pis hiss edirəm"
Neapolda maddi çətinliklər qoynunda yaşayan insanlar üçün cinayət var olmanın yeganə vasitəsidir. Problemlərin yeganə həlli mütləq kimisə öldürməkdir.
Garrone əsas hədəfinə nail olur. O, mafiyanın, onun üzvləri haqda formalaşmış sirli, möhtəşəm obrazın əvəzinə onların miskin dünyasını, ləyaqətsizliyini, mafiyanın Neapolun çirkli, kasıb, yöndəmsiz həyət- bacalarından qaynaqlandığını, uşaqların belə silah hesabına gücə çevrilə biləcəyini təsvir edir.
Finalda statistik məlumatlar filmin reallıq gücünü artırır. Rəsmi məlumatlara görə Neapolda gənclərin 20 faizi qətlə yetirilir.
Rejissorun mafiyanın gerçək sifətini aşağılayıcı tərzdə göstərməsi italyan mafiozlarının xoşuna gəlməyib.
Garrone çəkilişlərdən əvvəl çətinliklə də olsa "xaç ata"ları ilə görüşüb. O, müsahibələrindən birində deyir: "Mən qəfəsdəki kimi yaşayan bu adamlar haqda danışmaq istəmişəm. Onlar daim gizlənir, ömürləri qeyri- insani gərginlikdə keçir. Hətta mənə elə gəlir ki, həbs olunanda yüngüllük hiss edirlər".
"Gomorra"da kinoman olan bəzi mafiya üzvləri ikinci planda oynayıb və tamaşaçılar filmi izləyərkən onları tanıyaraq polisə məlumat verib. Filmin nümayişindən sonra onlar həbs olunub.
2008-ci ildə Kann festivalında Gran Pri alan "Gomorra" bir çox ölkələr tərəfindən alınıb və 28 milyon dolllar gəlir əldə edib. Üstəlik, Avropa Kino Akademiyasının 5 mükafatını qazanıb.
Garronnenin bu il Kann festivalında daha bir mükafat qazanan "Realiti" filmi isə "Böyük qardaş" şousuna qatılmaq üçün prodüsserlərdən xəbər gözləyən balıq dükanının sahibinin həyəcanlarını anladır.

Комментариев нет:

Отправить комментарий