Страницы

11.08.2012

Daha özüm olacam

 Qalib Şəfahət

Onda, səndə, ozümdə
Daha özüm olacam.
Həqiqətin gözündə
Daha özüm olacam.

Zamanın gərdişində,
Yerisəm, yerişimdə,
Öz işimdə-gücümdə
Daha özüm olacam.

Şimşək kimi çaxacağam,
Gözə eynək taxacam.
Sənə səntək baxacam,
Daha özüm olacam.

Yol zirvədən sallanar,
Sözdən yanaq allanar.
Gün keçər, ay dolanar…
Daha özüm olacam.

Düşəcəyəm izimə,
Gedəcəyəm düzünə,
Qayıdacam özümə,
Daha özüm olacam.

Verdin yola, bilmədim,
Oldun bəla, bilmədim,
Səndə qala bilmədim,
Daha özüm olacam.

Комментариев нет:

Отправить комментарий