Страницы

14.08.2012

Sabunçuda çıxarılan “dağ suyu”

Dövlət Məmmədov: “Bakıda qablaşdırılan suyun üstünə yazırlar ki, Gədəbəyin kəhrizlərindən gətirilib”

Yay mövsümündə içkilərə tələbatın artması bazarın saxta məhsullarla doldurulmasına şərait yaradıb. Əhaliyə təklif edilən içkilər adi sudan tutmuş kimyəvi tərkibə malik müxtəlif “meyvə şirələri”dir. Bu suların, meyvə şirələrinin tərkibindəkilər barədə isə heç birimiz ən adi məlumatı belə bilmirik. Qonşu Türkiyədə isə içməli sularla bağlı qalmaqal yaşanır. Azərbaycanda da vəziyyət yaxşı deyil.


Bizə nə içirirlər?


Son vaxtların tez-tez təkrarlanan hadisələrindən biri də ekoloji cəhətdən təmiz olmayan, külli miqdarda keyfiyyətsiz və ya saxta ərzaq məhsullarının satışdan çıxarılmasıdır. Bu məhsullar siyahısına sular, sərinləşdirici içkilər də daxildir.

İşbazlar isə mövsümün tələbatını görüb bazarı keyfiyyətsiz məhsullarla doldurur. Bu sahəyə cavabdeh dövlət qurumları müəyyən tədbirlər görür, qanun çərçivəsində işə əncam çəkir, amma problem həll edilmir. 
Qeyri-rəsmi məlumatlara görə, hazırda təkcə paytaxtımızda saxta məhsul istehsalı ilə məşğul olan yüzlərlə gizli obyekt var. Bizə “bəh-bəh”lə təqdim edilən, dağlardakı bulaqlardan qablaşdırıldığı iddia olunan suların çoxu belə obyektlərdə hazırlanır. Bu gizli sexlərdə kustar üsulla nəinki keyfiyyətsiz, hətta təhlükəli məhsullar istehsal olunub alıcılara sırınır. 

Pivə şüşəsinin içindəki pivə deyil...


Əgər ekoloji cəhətdən təmiz və ya normal səraitdə hazırlanan məhsullar bir qədər baha başa gəlirsə, saxta məhsullar təbii ki, bundan xeyli aşağı maya dəyərinə malik olur. Bu cür məhsulların qiymətinin aşağı olması onların bazarda rəqabət qabiliyyətini artırır və daha çox satılmasına gətirib çıxarır. Sərinləşdirici içkilər sektorunda saxtakarlıq, qanunsuzluq və natəmizlik baş alıb gedir. 

Yay mövsümündə ən çox satılan pivəni içənlər isə: “Bu, pivə deyil, pivəyə bir az oxşadılmış naməlum bir mayedir” - deyə şikayətlənirlər. Mütəxəssislərin fikrincə, onlar haqlıdır. Çünki indi pivələrin əksəriyyəti hansısa “paraşok”dan hazırlanır. Məhsulun qiymətinin ucuzluğu da bunu təsdiq edir. 
Ən təhlükəli hallardan biri saxta alkoqollu içkilərə daha çox şadlıq evlərində rast gəlinməsidir. Bu isə kütləvi zəhərlənmələrlə nəticələnə bilər. 

Energetik içkilər təhlükəlidir


Son zamanlar energetik içkilərin tərkibi, bu içkilərin insan orqanızminə zərərləri barədə olduqca çox məlumat var. Düzdür, həkimlər insanın energetik içkilər içməsinin tərəfdarı deyil, əvəzində təbii qidalarla enerji almağın üstünlüyünü deyirlər. Amma əsasən gənc nəsil bu içkiləri çox sevir. 

Həkim Rəhman Sadıqov bildirir ki, hər bir yetkin insan orqanizmi gün ərzində 2400-2500 kkal enerjiyə ehtiyac duyur. Bu enerjini insan gün ərzində qəbul etdiyi qida və içkilərdən əldə edir. Həkim bildirir ki, energetik içkilərin hər yüz milliqramında 192 Kkal enerji olur ki, 250 millilik qablaşdırma insanın gündəlik enerji tələbatının təxminən beşdə birini verir: “Amma nəzərə alsaq ki, bu enerji idmançının oyundan öncə içdiyi dopinqə bənzəyir, o zaman onun qəbulu da yolverilməzdir. Energetik içki bədəni oyandırır və temperament verir, amma sabahı gün insanda ürəkbulanması, başağrısı, qusma-öyümə yaradır. Problem yalnız yeni energetik içki içdikdə aradan qalxır. Yəni bədən artıq ona öyrəşib”.

İçkilərin adı psixologiyaya təsir edir


Azərbaycan Su İstehsalçıları Birliyinin (SİB) sədri Dövlət Məmmədovla söhbətimizdə isə daha maraqlı məsələyə diqqət çəkdi: “Energetik içkilərlərin adına bir baxın - “Qırmızı öküz”, “Akula”, “Yarasa”, “Dinamit”, “100 Kvt ”, “Yaquar”. Bu adların özü belə insanda qəribə bir hiss yaradır, insan psixologiyasına təsir edir, insana dəhşət hissi aşılayır”

Energetik içki istifadəçisi Ramal İsmayılzadə deyir ki, əvvəllər sadəcə sərinləşmək üçün istifadə etdiyi bu içkilər indi onun ayrılmaz yoldaşıdır: “Birinci dəfə içəndə əhvalım yaxşılaşdı, hərəkət etmək, atılıb-düşmək istəyirdim. Amma sabah başım ağrıyırdı. İndi hər gün qəbul edirəm, düzdü, yuxumu qaçırır, yata bilmirəm, amma qəbul etməsəm narahat oluram”.
Dövlət Məmmədov bildirdi ki, ölkənin sərinləşdirici içki bazarında olan içkilərin çoxu saxtadır, tərkibi təhlükəlidir, təbii qazlı yox, süni qazlı içkilər çoxalır: “Adicə suya qaz vurulur, adı da qoyulur ki, bulaq suyudur. Bu bulaq nə qədər su verir ki, hər gün eyni marka altında min tonlarla su satılır?”

Ofislərin sifariş etdiyi sular harda qablaşdırılır?


Dövlət Məmmədov deyir ki, işbazlar 20 litrlik sulara da fırıldaq edirlər. Tələbat artdıqca su biznesi ilə məşğul olanlar bu prosesə haram qatır. Ekspert bildirir ki, suyun üzərinə “Dağ suyu”, “Buzlaq suyu”, “Qax suyu”, “Lerik suyu” adı yazaraq istehlakçını aldadırlar: “Əmin olun ki, bu suların hamısı Bakıda qablaşdırılır. Tutaq ki, “Dağlar suyu” buraxırlar, üstünə də bir dağ şəkli yapışdırırlar. Amma ünvan yerinə Sabunçu rayonu yazırlar. Suyun üstünə yazırlar ki, “Gədəbəyin kəhrizlərindən gətirilmiş kəhriz suyu”. Sonra da məlum olur ki, suyu Binəqədi rayonundakı sex qablaşdırır. Bu, sahibkara sertifikat verən dövlət orqanının günahıdır bu. Bu məsələləri tənzimləyən qanunlarda boşluqlar çoxdur”.

Lalə Mehralı                           teleqraf.com

Комментариев нет:

Отправить комментарий