Страницы

18.08.2012

Sayman Aruzun min illik üsyanı

 Arzu Abdulla

Elə bil ney səsiydi, qulaqlarıma dolurdu, beynimi dondururdu, “ancaq məni dinlə” deyirdi... Məhrəm, dərdli bir səslə kimsə lap uzaqlarda qalmış bir əfsanəni pıçıldayırdı.
Amma deyəsən, bu, çox da uzaqlarda qalmamışdı. Axı, bu heç əfsanə də deyildi.
Nə zaman başlamışdı? Dünya yaranandan. Harada baş verirdi? Dünya adlı evimizdə.
Uşaq çağlarında qonşuluqda bir qız sevən oğlan körpə qəlbiylə ancaq dərd çəkir, ətrafa qan qoxuyur. Hər dəqiqə doğmalarını itirmək və öldürülmək, həbs olunmaq təhlükəsi doğulandan başının üstünü qılınc kimi kəsib. Doğma şəhərində doğma adamlarını qanına qəltan edirlər. Amma bunların sevgiyə dəxli yoxdur ki... O, sevir. Elə xəlvət-xəlvət, qorxa-qorxa...
Bu necə məmləkətdir torpağı qan qoxuyur? Bu necə sevgilidi dırnağından qan damır? Bu yurdda gözünün qarşısında sevdiyini əzirlər, öldürürlər, parçalayırlar, səsini çıxara bilmirsən, bu harasıdır hələ, sənə də öldürməyi, sevdiyini öz əllərinlə öldürməyi, dırnaqlarını çıxarmağı əmr verirlər.
Lütfən, deməyin bu məmləkət hardadır, sormayın sevgililərin adı nədir? Bu bizim yaşadığımız dünyada, bizlə bu dünyada nəfəs alan, yaşayan və köç edən insanların yaşamıdır. Millətin, dinin, dilin İNSAN-a, onun yaşadıqlarına nə dəxli var?
“Marksın “Kapital”ı var?”
Bu, Həjirin səsi idi. O zaman 16-17 yaşı olardı. Kürd idi. Bunu ləhcəsindən və geyindiyi paltardan da çox rahat bilmək olardı.
Sonra o, Həjiri asdılar: “Bir neçə ay sonra bildik ki, Həjir asılacaq. Gözləyirdilər onun 18 yaşı tamam olsun və sonra assınlar. Onun cürmü ölkənin bütövlüyünə qarşı silahlı mübarizə aparmaq idi. O asılan günü heç unutmaram”.
Həjiri kürd olduğuna görə deyil, üsyan etdiyinə görə asdılar. Amma o, Həjirin doğmaları bu Seyidin doğmalarını qanına qəltan eləmişdi. Ya Rəbbim, nə idi bu insanların çəkdikləri? Suçları insan olmaq, anlamaq, sevmək idimi?
Seyid isə sevdiyi üçün cəhənnəm əzabı çəkirdi. Lütfən, sormayın, o, hansı məmləkətdə yaşayırdı və niyə sevdiyi üçün əzab çəkirdi? Zatən, sevgi əzabdır, zatən, anlamaq ən böyük əzabdır:
“Raziyə?
- Hə.
- Mən Cabbar olsaydım, sən mənnən evlənərdin?
Təəccüb və sual dolu baxışlarla üzümə baxıb-deyərdi:
- Hə... amma sən də məni heç vaxt tək qoyma... yaxşı?”
Lütfən sormayın, Raziyə niyə qorxurdu təklikdən? Bütün sevənlər kimi Raziyə də itirməkdən qorxurdu. Sevənlər itirməz ki. Qoy hara gedir getsin. Qəlbindən ki qaça bilməz. Bu mümkünmü?
Seyid də Raziyənin həyatından yoxa çıxdı. Amma uzağa getməmişdi. Qəlbinin elə dərinliyinə girmişdi ki, damarındakı qanın hər zərrəsi üzü Seyidə can atırdı.
Sonra Seyid Raziyənin dırnaqlarını kəlbətinlə çəkəcək. Dəhşətlidir. Amma gerçəkdir. Həyat çox acınacaqlıdır.
Elə bil, ney səsiydi, qulaqlarıma dolurdu, beynimi dondururdu, “ancaq məni dinlə” deyirdi... Məhrəm, dərdli bir səslə kimsə lap uzaqlarda qalmış bir əfsanəni pıçıldayırdı.
Bu Sayman Aruz idi. “Yüz il inqilab” dondurmuşdu beynimi. Sanki Sayman babamın o uca zirvəsindən enib gəldiyi Savalan dağının başında var gücüylə qışqırır, boyunlarının damarı çıxır, yer-göy lərzəyə gəlir, dərdli ürəyi parçalanır bu naləyə, amma o fəryad, o bağırtı bizə su damlası kimi gəlib çatır. Soyuq, cansız daş üzərinə daman su damlası.
Bu su, bu ün çox da uzaqlarda qalmamışdı. Axı, bu, heç əfsanə də deyildi...

arzuabdulla@inbox.ru                       publika.az

Комментариев нет:

Отправить комментарий