Kəbutər Haqverdi
David məni görən kimi əlini uzadıb yumşaq yerimi qaşıdı. Əlinin üstünə bir şapalaq ilişdirsəm də hər ikimizi gülmək tutdu. Geyimim onu heyrətləndirmişdi. Dünən gecə yarısına qədər şəhəri bir-birinə vurub dəbdəbəli mağazaların birindən mənə kofta almışdılar. Sonra bulvarda oturub çay içmişdik. Heç nə deməsələr də, könlümü açmaq üçün vurnuxduqlarını bilirdim.
Mənimçün də, kimsəsiz evə girib oturmaqdansa, onlarla bir yerdə olmaq xoş idi. Kafedən çıxanda Nərgizdən ötrü mısmırığını sallamış Ruslanı fikirdən ayırmaq üçün - “Sən Şəkər Villasının kralı ola bilərsən?” soruşdum. O da özünü dartıb ucadan “Mən Şəkər Kralam” deyə bəyan etdi.
- Onda mən də kraliça - cəld onun qoluna girdim.
Bir az gedəndən Ruslanın o biri tərəfinə keçib:
- Ziba, Ruslanın qoluna gir - dedim - bizim kral yaman arvadbazdı.
Bir xeyli gülüşdük. Sonra Ruslan “sən niyə belə yeriyirsən, elə bil at çapırsan” dedi. Mən də zarafatla fəvvarənin səkisinə çıxıb podiumdaymış kimi nazla o baş-bu başa yeridim. Səs-küyümüz bulvarı başına götürmüşdü. Hamı təəccüblə bizə baxırdı, yekə adamların uşaq şıltaqlığı onlara qəribə gəlirdi.
Evə gələndə David onu soruşdu. Heç nəyi gizlətmədim. Yanına qızın gəldiyini, bir yerdə gecələdiklərini deyəndə Davidi gülmək tutdu:
- Qızla qalıb da. Kişiylə qalacaqdı?
- Bu qız məndən çox əvvəl varmış.
- Hə, nə olsun?
Davidə nəsə başa salmağa heyim qalmamışdı. İki günlük əzabın didib-tökdüyü ürəyim pis-pis ağrıyırdı. Candərdi pıçıldadım:
- Bəs mən nəyə lazım idim?
- Sevib də səni.
- Bəs onda, o?
- Ay dəli, kişilərin hamısı belədi.
- O belə deyildi.
- Niyə kişi deyil?
- O bütün kişilərdən fərqlidi.
Davidi bir də gülmək tutdu:
- Daha nə istəyirsən?
Nə qədər əlləşsəm də göz yaşlarımı saxlaya bilmədim:
- O mənim hisslərimlə oynadı…
Başımı maşının oturacağına söykəyib ağlamağım hamısının qanını qaraltdı.
Otağa girən kimi telefonun həşiri evi başına götürdü. M idi. Bir xeyli hal-əhval tutandan sonra dünənki hərəkətinə görə üzr istədi. “Narahat olma” - dedim - “axı neynəmisən ki?”
- Yox, nahar eləyəndən sonra gərək pent-hauza qalxmayaydıq.
Nə vardı ki, orda. Çay içdik, şəhərə tamaşa elədik. Ürəyimdə məni məclisə dəvət etdiyi üçün rəfiqəmə minnətdarıydım. Nə onun, nə də məni bu cür ağrıdan xəyanətinin haqqında düşünmürdüm. Gözəl gecəydi. Ay elə bil yerə enmişdi, ulduzlar əlini uzatsan çatardılar. Hələ zarafatla M-dən “Sənə ulduz dərim” - deyə soruşdum. Ərimlə atamgilə qonaq gedəndə yerimizi bağdan - adama boy verməyən otların arasından salardıq. Göydə hərə özü üçün ulduz tutar, sonra bir-birimizin ulduzunu tapardıq. Mənim hər dəfə onun ulduzunu asanlıqla tapmağım ərimi özündən çıxarırdı. Onun görüşdüyü qadınları da beləcə fəhmlə müəyyənləşdirirdim və hər növbəti “kəşfim” uzun-uzadı ailə qalmaqalları ilə sonunclanırdı. Ərli günlərimin həmişə yaddaşımda qalan acı ovqatının yaşla doldurduğu gözlərimi M-ya zilləyib susurdum və düşünürdüm ki, Ondan başqa heç kimi sevə bilmirəm. Birdən başa düşdüm ki, Onun elədikləri mənim anladığım kimi xəyanət-filan deyil. Onun mənə yazığı gəlmişdi vəssalam. Ağılsız…Ağılsız… Alnımı mərmər üzlüklü məhəccərə döyəcləməkdən özümü güclə saxlayırdım. Mənim sevgim, sədaqətim heç Ona lazım da deyilmiş. O da hamı kimi, bəlkə də hamıdan daha pisdi. Yox, yox, pis yox, onun haqqında pis nəsə fikirləşə bilmirəm və… Yəqin M-də bura kiminsə qolları arasından çıxıb gəlib və burda nələrsə baş verərsə o qadın üçün maraqlı olmaya bilər. Ola bilsin o qadın da hansı pent-hauzdasa təsadüfü tanışlarının birilə elə beləcə mazaqlaşır. Doğurdanmı dünyada müqəddəs duyğu-filan hamısı uydurulmuş şeylərdi və axmaq yerində qalmaq istəmirsənsə aldatmalısan? Hiss edirdim ki, burda M-lə beləcə durmağım, bayaqdan qulaq asmağa hövsələmin çatmadığı təmtəraqlı vədlər, onun üzümə zillənmiş umacaqlı baxışları hamısı dünyanın ən murdar hərəkətlərinin başlanğıcıdı və içimdəki o müqəddəs hissləri məhv etməyə gücüm yetmədiyindən M-in çiynimə enmiş əlinin barmaqlarından tutub geri elədim. Evə də getmək istəmirdim, illərlə qoruyub saxladığım kitablarla dolu dolabı, Onun divarın hər yerindən düz gözlərimin içinə baxan şəkillərini görmək ağrısından qaçmaq üçün ulduzlarına sevindiyim bu aylı gecə ən yaxşı sığınacağım idi. M. əl-ayaqdan uzaq bağ evindən, uzun xiyabanı döyəcləyən dənizdən danışırdı. Gülümsündüm. Hərdən Davidgillə yığışıb dənizə qaçırdıq. Ayın süd kimi aydınlatdığı dənizdə çiməndən sonra maşının işığında qaçdı-tutdu oynayır, səhərin alatoranında əsən mehin soyuğundan qorunmaq üçün bir-birimizə sığınıb quma bələnmiş bir tikə pendir-çörəyin üstündə əməllicə didişirdik. Hamıdan qarınqulu olduğuma görə ən çox qapaz da mənə dəyirdi. M hələ danışırdı -”Gedək də, pis olmaz”. Ürəyim bulanırdı. Özümə acığım tutmuşdu. Onu sevdiyimə, Onun elədiklərinin ağrısını yünglləşdirmək üçün uydurduğum təsəllilərə, səsini eşitməkdən ötrü içimdəki ehtiyaca görə özümdən zəhləm gedirdi. Geri boylandım. Burdan çox rahatca aşağı atılmaq olar. Əzilib şosseyə yapışan murdar bir cəsədə çevrilmək üçün mənə cəmi bir neçə saniyə vaxt lazımdı. Görəsən yoxluğum heç olmasa bir günlük də olsa Onu kədərləndirərmi? Bir gün deyəsən çox oldu axı, hə? Bununla belə məni balaca uşağa çevirən təmkinini pozmağa yol tapdığıma sevindim. Görəsən başa düşər ki, mən hər şeydən xəbər tutmuşam? Eh, hardan. Mən axmaqsa şoseyə düşüb qalar, səhərə qədər sağa, sola şütüyən maşınların təkərlərinə yapışar, duyğuları köhnəlmiş paltar kimi bir tərəfə atılmış bədənim əzilib itər, sonra da məni dəfn eləmək üçün bir şey tapıb asfaltdan qaşıyarlar. Nənəgilin köhnə qapı qonşuları kimi. Güclü yağan qarda evinin yanındaca maşın altına düşən, bir həftə sonra qar əriyəndə asfalta yapışan gördükləri Zeynəb xalanı zibil atan bellə bir təhər qaşıyıb neylon torbaya yığıb harasa apardılar. Şossenin üstündə nəhəng hörümçək toru kimi naxış salmış saçlarını qopara bilmədiklərindən tez-tələsik həmin yerə bir maşın asfalt töküb ört-basdır etdilər. Nənəgil o məhəllədən köçənə qədər həmin yolu keçib qarşı tərəfdə yerləşən bazar-dükana getmək mənim üçün əsl işgəncəydi. M yaman pis olmuşdu. Hansısa müqəddəslərə and içirdi ki, bayaqdan dediyi sözlərində yalan-filan yoxdu. Ona nə düşüb ki, bu sözləri dilinə gətirsin, bir şey ki, indiyə qədər ona yox deyən olmayıb. Ay, Allah, bu kişilər niyə belə səfeh olurlar. Məni gülmək tutmuşdu. Birinci görüşdən sonra sir-sifəti düz əməlli yadımda qalmayan bu adamın belə iddiasını gülünclük hesab etsəm də, heyrətdən və pərtlikdən parıldayan gözlərinə baxdıqca ona yazığım gəlirdi. Yalan danışa bilmədiyimdən ondan elə ilk görüşdəcə xoşuma gəldiyini gizlətmədim və ailə qurmaq fikrim olarsa onu seçəcəyimdən uzun bir leksiya oxudum. Deyəsən ailə məsələsini özümdən uydurduğumu anlamışdı. İndi M pent-hauzda dediyi sözlərə görə üzr istəyirdi “həmişə belə ol”. “Necə” - dedim - “Erkək hinduşka görəndə yaşmaq tutum?” Əməllicə incidi, dodaqaltı “isteriçka” deyib dəstəyi asdı.
Axşam yerimizə girəndə Onun haqqında Zibaya xeyli danışdım. Darıxmağa başlamışdım. Əllərinin tumarı, öpüşləri yadıma düşmüşdü. Yanında olsaydım boynuna sarılar, səhərə qədər qollarının arasından çıxmazdım.
Adyalı başıma çəkib ağladım. Darıxdıqca qürurum, heysiyyətim öz yerini sevgiyə verirdi. Telefonu qaldırıb əlim gələr-gəlməz nömrəsini yığdım. Mehriban, yumşaq səsi bütün incikliyimi götürüb getdi. Bir neçə dəfə “alo” deməsinə qulaq asıb ürəyim əsə-əsə “darıxmışam” dedim. O da, deyəsən iki günlük soyuqluğumdan incimişdi. Bütün səsim, suallarım sevirəm desə də çox sakit, soyuq danışırdı. Mənimsə şıltaqlığım tutmuşdu. Onu cırnatmaq, özündən çıxartmaq istəyirdim. O isə mənim bütün səfeh suallarıma ahəstə, aramla cavab verir, mən yenə də həmin o təmkinin, o soyuqqanlılığın qarşısında bütün gücümü itirib balaca uşağa çevrilirdim. Səsini eşitməyim bəsim idi. Daha başqa qadınla görüşməsi də vecimə deyildi.
Səhər tezdən durub yorulana qədər idman elədim. Hamamdan sonra əməllicə bəzəndim. Zibaya yaman yazığım gəlirdi. Ruslana uşaq kimi vurulmuşdu. Bir yandan da, David zəhləsini tökürdü. Belə hisslər dəhşətdir. “At onu başından” deyirdim. O isə qəmli gözlərini ağzıma dikib Ruslandan nəsə danışmağımı gözləyirdi. Nə qədər eləsəm də ürəyim yanmırdı. Bircə kəlmə “bəs sən” desəydi hönkürüb ağlayacağımı bilsəm də, - güclü olmalısan - deyə ona dərs deyirdim - yoxsa ətrafdakıların zərbəsi adamı öldürər”.
Zəngləşib vədələşdik. Yol boyu onu görəndə necə fors edəcəyimi danışıb Zibanı güldürürdüm. Onu necə sevdiyimdən danışırdım və bu mənə hədsiz ləzzət verirdi. Həyat mənim üçün yenidən başlayırdı.
Nəhayət mənim sevgilim üfüqdə göründü. Guya heç görmürdüm. Amma nənəm atamı işdən yorğun-arğın kənd yoluyla gələn görəndə olduğu kimi mən də onun boyunu oxşayırdım. “Görürsən, Ziba, o necə sevimlidi, necə məğrur, hamıdan əzəmətlidi. Ona bax, bütün kişilər Onun yanında lap cırtdana oxşayır”.
Ziba:
- Mən də deyirəm bu kişilər niyə belə kifirləşiblər - deyə için-için gülüb əlini ağzına apardı.
İnciyib üzümü çevirdim. O gəlib çatdı və biz bir neçə gün əvvəl yarımçıq qalmış işlərimizi davam elətdirmək üçün yaxınlıqdakı studiyaya girdik. Arabir işlədiyi yerdən çevrilib mənə baxır, mən də Onu görmürmüş kimi qaş-gözümü oynadaraq Zibayla söhbət edir, lap astadan danışıb gülürdüm. Yəqin ki, Ondan və Ona olan sevgimdən danışdığımı ağlına da gətirmir. Bu balaca otaq mənim xoşbəxtliyimlə dolmuşdu. İki gün əvvəl baş verənləri də, səhər tezdən Zibaya verdiyim dərsləri də unutmuşdum.
Köhnə universitet yoldaşımın içəri girməsi elə qəfil oldu ki, çaşıb qaldım. Heç birimiz danışmadıq. Mən onu görən kimi tanısam da adımı eşidəndə diksinməyindən anladım ki, o da məni görəcəyini gözləmirmiş. Qəfil qızın gözlərinə dolmuş qorxuya baxanda ürəyim sıxıldı. Hərdən ərimin iş yoldaşı və müxtəlif tanışları kimi evə gətirdiyi qadınları görəndə mən də belə qorxardım. Bir gün sevdiyin adamın səni tərk edəcəyi fikri çox dəhşətlidi. Evsiz-eşiksiz bir quşu sığındığı yuvadan uçurtmaqdan qorxurmuş kimi başımı qaldırıb onun üzünə baxa bilmirdim. Nə vaxtsa sevdiyim insanı əlimdən alan qadınların qarşısında duyduğum gücsüzlüyüm yenidən qayıtmışdı. Bütün bu olub-keçənlərin günahkarı özüm olduğundan lampası sönmüşə dönmüşdüm. Nə qədər əlləşsəm də özümü toplaya bilmirdim. Onun da bir gözü üzümdə qalmışdı. Qız gedəndən sonra gəlib yanımda oturdu. Bayaqdan studiyada ora-bura şütüyən qırmızı köynək oğlan göz-qaşla “Sevirsən?” deyə soruşdu. Dərdli-dərdli başımı tərpətdim. “Bəs nə olub?” Gözlərim yaşla doldu. Ağlayacağımdan qorxub üzümü çevirdim. Hiss etdim ki, eynəyinin altından diqqətlə mənə baxsa da, fikri başqa yerdə, yəqin ki, indicə vədələşib ayrıldığı qızın yanındadı. Onu bilmirəm, mənim üçün bu dəqiqə heç nəyin fərqi yoxuydu. Onu tanıdığım vaxtdan indiyədək belə darıxmamışdım. Təki bircə dəfə əlimi ovcuna alaydı, mən də “darıxıram” deyə pıçıldaya biləydim. Yan-yana otursaq da elə bilirdim ki, əlimi daha heç vaxt Ona toxundura bilməyəcəm. Tək bircə dəfə əlimdən tutsaydı studiyanın qabağındakı güllərin çiçəkləyəcəyinə inanardım. Çantamdakı dəvətnaməni çıxartmağa cəsarət eləmədiyimdən axşamkı konsertdən də heç nə demədim.
Ayrılıb ofisə getdim. Dəvətnaməni Ruslana verəndə Ziqfridlə konsertə getmək istədiyimi deyib kompüterin arxasında oturdum. Kalendarların dizaynı ilə başımı qatdım ki, fikirləşməyə vaxtım qalmasın. Ruslan bir azdan gəlib “Ziqfridi harasa çağırıblar, konsertə mənimlə gedərsən” dedi. Ziqfrid çamadanını götürüb gedəndə pərtliyi nəzərimdən qaçmadı. Ruslansa Daviddən otaqdan çıxmasını xahiş edib “Biz dostuq dedi, ona görə də hər şey olar, neçə geyinirsən?” Mənim bu vaxtacan belə dostlarım olmamışdı. Nə yumşaq yerimi qaşıyan, nə də alt paltarımın hansı ölçüdə olduğunu soruşan. Bununla belə həyatımda bu uşaqlara ehtiyac yaranmışdı. İşim dolaşığa düşəndə, qanım qaralanda, dərdim güc gələndə zəngləşib görüşürdük. Utanmağa macal tapmamış Ruslan şkafın gözündən yaraşıqlı qutusu olan busqalter çıxarıb masanın üstünə qoydu. Pərtlikdən gülümsünəndə əlini uzadıb çənəmə toxundurdu:
- Ağzın niyə əyridi?
Təəccüblənməyi yadırğasam da kişi dostumun mənə alt paltarı bağışlamasından özümü itirmişdim. Bükülünü çantama qoyub otaqdan çıxanda çaşıb qalmış David soruşdu:
- Neynirdiz orda?
Dişlərimi ağartdım:
- Öpüşürdük.
Kompüterin arxasında oturan qadınlar diksinib mənə baxdılar.
Konsertə geciksək də təklif olunan oturacaqlar əla yerdəydi. Skripkaların sızıltısı əsəblərimə sığal çəkirdi. Onu dəvət etmədiyimə peşiman olmuşdum. Birdən fikrim aydınlaşdı. Hiss etdim ki, Ziqfridin işi nədirsə Ruslanla bağlıdı. Dünən ofisə girən kimi uşaqları yığıb Ziqfridə ərə getmək fikrinə düşdüyümü deməklə hamını çaş-baş eləmişdim. Niyə axı? Hə bildim, Ruslan Ziqfridi əlindən buraxmaq istəmir. Bir ayın içində Ziqfridin firmada yaratdığt qayda-qanun, səliqə-sahman, gördüyü işlər və aydındır ki, tək üçümüzə məlum olan və bir neçə ildən sonra Ziqfridə çatacaq pullar. Ax, eqoist… Dönüb əlimdəki çantanı arxada oturan Ruslanın başına vurmaq istəyirdim ki, kök oğlan barmaqlarını pianonun dillərinə toxundurdu. O yadıma düşdü. Kaş yanımda oturmuş olaydı. Nəfəsini hiss edəydim. Arabir gözucu mənə baxıb gülümsünəydi. Əvvəllər olduğu kimi. Taxtabaş. Adam tapıb konsertə dəvət etməyə. Ziqfrid. Hm, pulları da dəysin təpəsinə. Qapını astaca döyməyimi, onun qapını açıb məni qollarının arasına almağını, ehtiyatla sinəsinə sıxmasını, dodaqlarının istisini xatırlayırdım.
Nə qədər keçmişdi ki? Cəmi bir neçə gün. Durub yanına qaçmaq, yenə də sinəsinə sıxılmaq, bütün elədiklərinə baxmayaraq hələ də sevdiyimi demək istəyirdim. Yan oturacaqlardakı qadınlar gözlərini bərəldib üzümə baxırdılar. Deyəsən musiqi-zad eyinlərinə deyildi. Zal alqışdan titrəyəndə mən də gözlərimi silib sakitləşdim. İstəmirdim Ruslan ağladığımı bilsin. Kök oğlan alışıb-yanan pianodan aralanmırdı. Uşaq vaxtı mən də belə piano arzulayırdım. Bütün günü anama yalvarırdım ki, mənə şəhərdən piano alsınlar. Deyəsən zəhlələrini tökdüyümdən axır ki, razılaşdılar. Qış təzə girəndə atam tövlədə uzanıb arıqlığından ayağa dura bilməyən balaca erkəyi göstərib şərt kəsdi. Qış çıxana qədər kökəldə bilsəydim onu satıb mənə piano alacaqdılar. Bütün günü işimi-gücümü atıb arıq düşmüş erkəyə qulluq edirdim. Anam hərdən inəklər üçün yem hazırladıqları qazandan bir qab arpa götürüb onun qabağına tökürdü. Qaşov çəkməkdən dırnaqlarımın arası qapqara kir olurdu. Atamın baha qiymətə aldığı dərmandan suya qatıb həftə səkkiz, mən doqquz balaca erkəyi çimizdirirdim. Bilirdim ki, həmin dərman arıq düşmüş heyvanları qışdan çıxmağa qoymayan bör-böcəyin qənimidi. Əvəzində özüm yaman günə qalmışdım. Dərman iyi əllərimdən getmədiyindən düz-əməlli çörək də yeyə bilmirdim. Gələn qışa qədər mənim danam böyüyüb ətli-canlı erkəyə döndü. Dananı satdılar. Pulunun üstünü bir az artırıb uşaqlar üçün yanı balalı inək aldılar. Gözlərimin yaşını yığıb-yığışdıra bilmirdim. Vecsiz bir musiqi alətindən sarı bu qədər ağladığıma görə atamla anam növbəylə məni yun çubuğuyla yaxşıca çırpırdılar. Gecəni səhərə qədər bütün ili xəyalımda hər cürə mahnı çalsam da, indiyəcən cəsarət edib bircə dilinə belə toxuna bilmədiyim bu yaraşıqlı musiqi alətinin fikrini başımdan çıxartmağa çalışmağımın nəticəsi ağır oldu. Uzun müalicədən sonra göz qapaqlarım örtülsə də, diqqətlə baxanda ağzımın əyrisi uzaqdan bilinirdi. Atam yadıma düşdü, mənim balaca, ətli danamı maşına qoyub bazara aparmağı, həmin maşın bazardan qayıdıb həyətimizə girənə qədər evin qulabanında oturub rayondan gələn tozlu yola boylanmağım və… Eh. Nə qədər eləsəm də, atamın sifətini xatırlaya bilmədim. Ruslana ağzımın əyrisindən danışmaq istəsəm də, susdum. Fikrim qətiydi. İşlərimizi bitirən kimi Onunla bütün əlaqələrimi kəsəcəkdim. Yəqin ki, özü də məni axtarmayacaqdı. Yol boyu Ruslana Zibadan danışdım. O da daş atıb başını tutdu ki, yox. Yox, yox də, eh. Evə gəlib yerimə girdim. Nə qədər eşələnsəm da yata bilmədim. Telefonu götürüb ona dünyanın ən isti sözlərini yığdığım uzun-uzadı mesaj yolladım.
Günəş pəncərəmin qənşərini kəsdirib duranda ağlamaqdan şişmiş göz qapaqlarımı zorla açıb saata baxdım. Yuxudan duran vaxtıydı. Telefona əl atdım. “Gün aydın, əzizim, bilirsən, heç demə mən səni sevirmişəm.” Günəşə göz vurub adyalı başıma çəkdim. “Məni narahat eləmə, Onu sevdiyimdən doğan xoşbəxtliklə baş-başa yatmaq istəyirəm.”

Комментариев нет:
Отправить комментарий