Страницы

20.08.2012

Tural Qul - ŞEYTANIN ÇARXI


Hərə bir söz yazır, bir söz danışır,
Kimisi özüylə hər gün yarışır...
İndi sularımız yağla qarışır,
Bu dünya həzzləri aldadır bizi -
Şeytan öz çarxında fırladır bizi!

Kağızın üstündə qələm dayanıb,
İnsanlar cürbə-cür rəngə boyanıb,
Aslanlar oyanıb, fillər oyanıb,
Bu dünya həzzləri aldadır bizi -
Şeytan öz çarxında fırladır bizi!

Keçmişi unutduq, boşdu önümüz,
Xəyallar içində xoşdu günümüz.
Çətin ki, düşmənə keçə sözümüz,
Bu dünya həzzləri aldadır bizi -
Şeytan öz çarxında fırladır bizi!

Nədənsə yalançı doğru sayılır,
Doğruçu, evində oğru sayılır.
Yolu salmayanlar yollu sayılır,
Bu dünya həzzləri aldadır bizi -
Şeytan öz çarxında fırladır bizi!

Dillər zəhər kimi, kinli baxışlar...
Quruyan üzlərə yağmır yağışlar.
Əl açsan Allaha, inan bağışlar,
Bu dünya həzzləri aldadır bizi -
Şeytan öz çarxında fırladır bizi!

Комментариев нет:

Отправить комментарий