Страницы

23.08.2012

Ziba Xəlil - Yolları sər üstümə

Günəşə qar yağır

Günəşə qar yağır  yenə
Sabahdan
Əllərim üşüyür əllərində
İçin heçnə demir mənə
Üzün kimi
Boş şüşə kimisən indi
Nə məst edəcək bir şeyin
Nə özünə gətirəcək
Səmtini  itirmiş gəmisən
Kompasın düşüb dənizə
Göy uçmuş altında qalmış
Yaşam həvəsin
Sığınıb köksümün dalğılarına
Qurtulmaq da istəmirsən

Sən -aysberq
Mən -vulkan
Nə əridə bildim səni
Nə sən mən də isin
Günəşə qar yağır yenə...

İlğlm
                                         
Nə gözəldi o günlər.
“İlğım” filminə baxmağı sevirdik.
80-in diskosunu dinləməyi.
Maykl  Ceksonu təzə- təzə tanıyırdıq.
Hələ tüpürcəkli saqqızlar Arazın o tayından
ağzımıza  yol tapmamışdı.
Azadlığın sözünü bilirdik, dadını yox.
Dünyanın yarısı boyda vətənimiz  vardı.
Hər şeyə dözməyə, hər yükü çəkməyə
dəmirdən möhkəm bədənimiz.
Utopik arzularla yaşayırdıq.
Hələ toxunmamışdıq  sərt qayalara.
Hələ asılmamışdı “Demokl qılıncı” başımız üstdə.
Hələ könül  verib sevdalanmaışdıq.
Hazırlaşırdıq hələ...
Qəlbimiz vurulmağa hazır idi.
Həyacandan titrəməyə.
Hələ yerində idi dünyanın  bütün rəngləri.
Baharın oyanışı qanımızı qaynadırdı.
Hələ göy qurşağını görə bilirdik.
Duya bilirdik son bahar rüzgarını.
Dur deməyən leysanını.
Ruhumuz qar dənəsiydi  zərif, həssas.
Ələ düşsə əriyən.
Hələ keçməmişdi  könül dənizindən
sevgi  gəmisi.
Düşməmişdik  tufanına.
Şaxtasında üşüyüb, günəşində ısınırdık  dünyanın.
Hələ arzular yolundaydıq, ümid zəmisində.
Gələcəyin ruhumuza, gözəlliyimizə
laiq olacağına inanırdıq.
Bununçun oxuyurduq.
Çalışırdıq, savadlanırdıq.
Sabaha hazırlanırdıq.
Nə gözəldi o illər...
Hər şey Cıdır Düzündən başladı.
Topxana  meşəsindən.
Sonra söküldü corab sapı kimi.
Meydanlara daşındı  vucudumuz.
Ruhumuz  tribunlara .
Ekstaz halında idik,
Sərxoş  vahimədə.
Ruhumuzu tırtıllar tapdaladı.
Ümidlərimizi qəddar əsgər çəkmələri.
Arzularımızı güllələdi avtomatlar.
İlk görüş yerimiz məzarlıq oldu.
Əlimizdə qərənfillər.
Sevdalılar torpaq altına yollandılar.
Sağ qalanlar diriykən ölü.
Qıymadılar bizi ayaqda gömməyə.
Oysa ruhumuz  çıxmışdı vücuddan.
Cəhənnəmə, ya  cənnətə üz tutmuşdu.
İtirmişdik özümüzü nəsə tapmaq çabasıyla.
Bulunca gec oldu.
Ömür keçmişdi.
Ortada sönmüş  ocağın titrəyən külü
Qarşımızda  qocaman bir uçurum.
Biz atılmağa hazır.
İlğıma doğru...

Yolları sər üstümə

Asta-asta dolanıram xəyallar cığırında.
Susamışam sevgiyə, acmışam nəvazişə.
Payız alıb üstümü ömrümün baharında.
Yolları sər üstümə.
Kövrəlmişəm mən yenə.

Döşəyimi  xəzəldən, yorğanı çəndən eylə.
Yastığımı rəngbərəng güldən çiçəkdən eylə.
Suyumu ovcunda ver, damcılasın sinəmə.
Yolları sər üstümə.
Kövrəlmişəm mən yenə.

Sinəndəki  gəmiyə oturdub apar məni.
Bu şəhərdən, bu evdən, dünyadan qopar məni.
Qalsam çürüyəcəyəm, zaval  yoxdu gedənə.
Yolları sər üstümə.
Kövrəlmişəm mən yenə.

Saqqızımı oğurladı

Saqqızımı oğurladı.
O can alan gözlərin.
Saqqız ağızda olur ki,
Nə günahı gözlərin?!

Saqqızımı oğurladı.
Şirin-şirin dillərin.
Dil ünsiyyət vasitəsi.
Suçu nəydi  əllərin?

Saqqızımı oğurladı.
Əllərinin təması.
Günəşli  yaz günü etdi.
Tutqun payız səmasın.

Saqqızımı oğurladı.
Şirin-şirin sətirlər.
Duyğularıma toxunan.
Sözlər məni  bitirər.

Saqqızımı  oğurladı.
Qayğıkeşlik, nəvaziş.
Heç kimdə olmayan cürət.
Qeyri-adi  davranış.

Saqqızımı oğurladı.
İti  ağıl, intellekt.
Qaçmağa bir yer olmadı.
Qaldıq birdən tet -a-tet.

Saqqızımı oğurladı.
Payız, leysan yağışı.
Kimsə ihmal edəməz ki.
O can alan baxışı.

Saqqızımı oğurladı.
Mən təslim, dilim laldı.
Qapıldım dəli sevdaya.
Çeynəməyə nə qaldı.

Bəla

Acısı içini göynədər.
Siyirib ata  bilməzsən.
Şirini qəlbini kövrəldər.
Özünü saxlaya bilməzsən.
Tərifi  dünyanın xoşbəxti edər.
Göylərə qaldırar.
Tənqidi  kal  əzgil kimi büzüşdürər.
 Yerin altına soxar.
Varlığı – qazanılmış qayğı sindromu.
Dərd  okeanı.
Yoxluğu -cəza.
Tapmaca deyil bu.
Baladı, bala.
Allhdan gəlmiş, qarından çıxmış bəla.

Qonağım

Sıxıntı  qonağımdı bugün.
Laiqincə uğurlamağa çalışıram.
Getməsini  istəmək –eyib qonağın.
Gözləyirəm.
Əhvalım- buanki  Bakı havası kimi.
Göylər- yağmağa müntəzir.
Mən-ağlamağa.
-Əziz qonağım, çaydan-sudan, ehtiyacın?-
Qonaqdan soruşulmaz,əlbət.
-Göz yaşımdan çay dəmləsəm, içərsənmi?
-Qəhrimdən yemək bişirsəm,
ləzzətlə nuş edərsənmi?..

Çıq, çıq, çıq

Kəsişmədi  yollar.
Birləşmədi  heç.
Toxundu  bir ara.
Ara-sıra...
Çarpmadı  elektriki.
Qısa qapanma oldu sanki.
Çevrilmədi  sevgiyə.
Tutuşmadı  iti alovla.
Yanar ocağa dönüşmədi.
Döndü  hər kəs öz yoluna.
Öz  zülmünə, üsyanına.
Kələ-kötür.
Bəzən hamar  yollar apardı.
Əsdi, coşdu, sakitləşdi.
Bəzən şimşək kimi çaxdı.
Bəzən lal baxışla susdu.
 Dəyişdi, böyüdü, varlandı.
Qazandı, itirdi.
Çılğınlaşdı, müdrikləşdi.
Ruh öz yerində qaldı
Ruh öz halında qaldı.
Girdimi  o romantik qəlbə kimsə?
Getdimi, qaldımı?
Sehirli  anlar yaşatdımı?
Ruh  öz yerində qaldı.
Yenə nisgilli, yenə yarımçıq.
Pəncərəsi  səksəkədə.
Qapısı  açıq.
Ürək  yenə öz işində.
 Saat kimi...
Çiq...  Çıq...  Çıq...
Мысль - проза мечты.

Комментариев нет:

Отправить комментарий