Страницы

25.09.2012

AÇIQLAMALARLA BİZİM DƏ QARNIMIZI DOLDURUN


Bu yaxınlarda hamımız Təbriz yaxınlığında baş verən zəlzələ ilə sarsıldıq, zəlzələnin fəsadlarından narahat olduq. Çadır şəhərciklərindəkilərin acılarını dərk etməkdən isə heç danışmıram. Təbii ki, bu təbii fəlakətdən sonra kimimiz duamızla, kimimiz pulumuzla əlimizdə olan imkanlardan istifadə edib, İranda yaşayan azərbaycanlılara kömək etmək istədik. Çünki hər şeydən öncə bizdən bunu vicdanımız tələb edirdi. Fərq etməz İrandakı zərərdidələr türk olsun, fars olsun,  önəmlisi odur ki, onlar da Allahın yaratdığı Adəm övladlarıdır.

Bu millətdə yaxşı bir xüsusiyyət var ki, zərər çəkənin əlindən tutur, ona kömək edir. Bu dəfə də müsbət xüsusiyyətimizi göstərdik. Amma bəzilərimiz ona bir qədər siyasi don geyindirdik.  Kampaniyalar başladı, pul yığıldı, yardım göndərildi, zəlzələ azərbaycanlılar yaşayan bölgədə baş verdiyi üçün millətçilər bəyanatlar verdi. Bu kimi bir sıra işlər. Ən əsası da Somalidəki yetimlərin başına əl çəkməyi özünə vəzifə bilən deputatımız yerlə yeksan olan kəndlərə getdi. Oradan eksklüziv görüntülər, müsahiblər gəldi bu tərəfə. Çox gözəl. Bəzi deputatlarımız burdan bir başa bəyanatlar verdi ki, İran hakimiyyəti Təbrizi niyə silkələyib? Və ya sosial şəbəkələrdə Sarkisyana "yubka" geyindirməklə təskinlik tapan tipik insanlar boğazdan yuxarı statuslar yazdı, müzakirələr apardı. Deyə bilərsiniz ki, ay balam bunun nə yeri var axı indi. Camaat yaralarını sarmaqla məşğuldur, sən indi oyanmısan?! Əslində düz də deyirlər. Çünki onlar indi nəinki yaralarını sarmaq, hətta yeni inşa olunacaq evlərinin xəyalları ilə yaşayırlar. Nə isə keçək mətləbə.
Yəqin ki, sizi də bu suallar düşündürür. Bəlkə də haqq verəcəksiniz.
Görəsən Təbrizdə zəlzələdən zərər çəkənlərin müdafiəsinə qalxan deputatlarmız Bakıda evlərindən haça-paça çıxarılanları görmürdülərmi?  Yoxsa onda vicdanları "dimidrol" atıb yuxuya getmişdi. Yəqin ki, "Qış bulvarı"nın tikintisi aparılacaq sahədə, "Bayraq meydanı"nın salındığı yerdə aparılan dəhşətli söküntüləri heç kim unutmayıb. O zaman Bakıda süni şəkildə zəlzələ törədilirdi və sakinlər çarəsiz şəkildə nalə edirdilər. Bu nalələr hələ də qulaqlarımızada cingildəyir.
Kür daşqınlarından su altında qalan evləri hələ də bərpa edə bilməyən sakinləri bəs necə?
Sulutəpə evləri başlarına uçurulanları demirəm hələ. İdrak Abbasovun ölümcül döyülməsi də yaddan çıxmayıb.
Hər gün ölən əsgərlərin qanı necə?
Məcburi köçkünlərin bir neçə yataqxanası yandı. Bunu hara yazaq. Onlarla hansı məmur və ya millət vəkili maraqlanıb?
Və ölkədə baş verən yüzlərə bu cür haqsızlıqlar.
Deməli bu canfəşanlıqlarımıza siyasət donu geyindirilib. Sifarişlə müqəddəslik, mələk siması almışıq. Lazım olanda çıxırıq ortaya, bir iki söz danışırıq, kampaniyalar aparırıq, vəssalam. Yoxsa sizin digərlərini düşünməyə vaxtınız olmur. Zahiri məsumluq, daxili çirkinliklərlə dolu əməllər.
Nə zaman bu problemlərimizə tanınmış siamlarımızın qarnımız doyacaq qədər açıqlamasını və onların həlli yönündə çalışdığını görsəm, ondan digər açıqlamalarının səmimiliyinə də inanacam.
Kampaniyalarınızı ölkə xaricində yox, ölkə daxilində görmək ümidi ilə...

Tural Həsənli              hesenli.t@gmail.com

Комментариев нет:

Отправить комментарий