Страницы

28.09.2012

Ramazanın “Ramses”i


Arzu Abdulla

Və ya gözəllik ustalarının “Aylı gecə”si 

Sovet dönəmində belə bir lətifə vardı. İki kəndli söhbət edir. Biri o birinə deyir: “Bu şəhər Musanı da əməlli-başlı adam elədi, gül kimi işdə işləyir”. Həmsöhbəti ondan Musanın nə işlə məşğul olduğunu soruşanda belə cavab alır: “Şəhərdə “qurizşik” işləyir”. 

Kəndli neyləsin, elə bilirdi ki, “qurizşik” vəzifədir. İndi paytaxtımızda hara baxırsan, əcnəbi sözləridir. Restoran, mağaza, hətta cırıq ayaqqabıların tikildiyi yerə də yaddilli ad qoyulub. Məsələn, “Perfect” təhsil mərkəzi, “Star” hamilə geyimləri, “Star Silver” bijuteriya mağazası, “Haangar” mağazası, “Şare” qadın geyimi, “Tesko” kompüter mağazası, “Moonly night” gözəllik salonu, “Elit” restoranı... 

Çox maraqlıdır. Bizim xalq gerçəkdən, şair xalqdır, romantik xalqdır. Məsələn, gözəllik salonunun adına fikir verin: Moonly night. Bu dilimizə tərcümədə “Aylı gecə” deməkdir. Amma ingiliscə bilməyənlər bunu sadəcə, əcnəbi dildə olan hansısa söz kimi qavrayırlar. Yox, əgər gözəllik salonunun sahibi əndərabadilik etməyib, sadəcə, öz dilimizdə bu salonu “Aylı gecə” adlandırsaydı, bu daha çox doğmalıq hissi yaradardı. Sual olunur, niyə məhz “Aylı gecə”?
Zatən, bizim gözəllik ustaları müştəriləri elə günə qoyur ki, elə bilirsən, yarıqaranlıq otaqda, görmə qabiliyyəti zəif bir naşının əlindən çıxmısan. Bu baxımdan deyəsən, “Aylı gecə” yerinə düşür. Amma “Moonly night” yenə anlaşılmaz olaraq qalır. O ki, qaldı “Tesko” kompüter mağazasına, bu şəbəkənin adıdır.
“Perfect” təhsil mərkəzi öz adını ingiliscə olan “Mükəmməl” sözündən götürüb. İndi burada təhsilin mükəmməl olub-olmadığını iddia etmirik, amma dəqiq bildiyimiz bir nəsnə var ki, bu təhsil mərkəzindən heç bir ingilis yararlanmaq fikrində deyil.

Şahzadə başqalarının köhnəsini geyinir? 


Bakıda, Sahil metrosu ilə eyni sırada bir paltar mağazası var. Satılan malların çoxu nimdaş və ucuzdur. Amma heç özünə uyuşmayan adı var-Prenses. İngiliscədən bu sözün tərcüməsi “Şahzadə” deməkdir.

Biz adı ingilis dilində olan iaşə obyektlərindən demək olar ki, çoxuna yaxınlaşıb, satıcalarından sözün tərcüməsini soruşduq. Əksəriyyəti suala cavab verə bilmədi. “Onda mağazaya niyə ingiliscə ad qoyursunuz” sualını verəndə “Belə moddur” dedilər. Təmtəraqlı adın müştəri cəlbində müsbət rol oynadığını bildirənlər də tapıldı.
“Bless” geyim mağazası da şəhərin mərkəzində yerləşir. Mənası “xeyr-dua” deməkdir.
“Ramses” restoranı əsl Misir fironlarının odasına bənzəyir. Məncə, mumiyalanmış firon xortlasa, rahatlıqla gəlib taxtında otura bilər. Şəhərin mərkəzində, Rəşid Behbudov küçəsində yerləşən “Ramses” restoranı çox zərif və mükəmməl dizaynı ilə gerçəkdən möhtəşəm görünür.
Restoranın inzibatçısı deyir ki, bura əsl xarabalığa bənzəyirdi. Zirzəmidə yerləşən restoran təbii çay daşlarından hazırlanıb. Çay daşlarını Tovuzdan gətiriblər. Odur ki, restoranda rütubət və nəmişlik qoxusu yoxdur.
Restoranın adı çoxdan diqqətimi cəlb eləmişdi, hətta bir dəfə köşə yazılarımdan birində yazmışdım: “Dəqiq bilirəm ki, restoranına bu adı qoyan sahibkar dindardır və Həcc ziyarətində dəfələrlə olub, üstəlik, xeyriyyəçilik məqsədi ilə Həccə onlarla adam göndərib”. Proqnozumda azacıq yanılmışdım. Ramsesin sahibinin adı Ramazandır. Ramazanın valideynləri Həcc ziyarətində olub və qatı dindardırlar. O zaman ortaya sual çıxır: “Bəs nədən Ramses?”
Axı Ramses Misir fironlarından birinin adıdır və bəllidir ki, fironlar Allaha qarşı çıxıblar, müqəddəs kitabımızda da bu barədə yazılıb.
Restoranın sahibini tapa bilməsək də mehriban, gülərüz müavini dedi ki, bu, sadəcə, diqqət cəlb etmək üçündür: “İndi adını dəyişə bilmərik. Çünki 10 ildir bütün şəhər restoranı bu adla tanıyır”.
Qanun milli adların xeyrinə dəyişməyə yön alacaq
Bəs qanunvericilikdə bu məsələlər necə tənzimlənir? Milli Məclisin deputatı Əli Məsimli qanunvericiliklə tənzimlənən belə məsələlərin tədricən milli adların xeyrinə dəyişəcəyinə ümid etdiyini bildirdi. Azərbaycanda restoran, mağaza və digər iaşə obyektlərinin əcnəbi dildə adlandırılmasının bir növ dəb xarakteri aldığını dedi: “Bu, əslində özünəməxsus reklam xarakteri daşıyır. Özünə güvənən obyektlər milli ad qoyur”.
Ə. Məsimli deyir ki, ingilis dilində olan adların artmasının digər səbəbi ölkədə turizmin inkişafı ilə bağlıdır: “Turizm inkişaf etdiyi yerlərdə belə tendensiya olur. Bizdə də turizm inkişaf etdikcə həmin mərhələ yaşanacaq, amma milli adlar da genişlənəcək”.

Almaniyada türkcə, İsveçrədə...


Almaniyada təhsil alan soydaşımız Zülfiyə Əbdürəhimova deyir ki, oxşar proseslər o ölkədən də yan keçmir: “Almaniyada italyan restoranına italyanca, türk restoranına türkcə ad qoyulur. Hər yerdə türk marketlərinin adı türkcədir. Burada elə şəhərlər var ki, ingilis dilindən daha çox, türkcə, italyanca adlara rast gəlirsən”.

İsveçrədə yaşayan soydaşımız Elbəy Həsənli isə deyir ki, bu ölkə də Azərbaycanla eyni problemi yaşamaqdadır: “O gün əlimdə 20 İsveçrə şirkətinin adı vardı. Baxdım gördüm ki, bütün firmaların adı ingilis dilindədir. Yəni ingilis dili bütün dünyada olduğu kimi İsveçrədə də güclü mövqeyə sahibdir. Restoran, mağaza, hotellərdə ingilisdilli adlara üstünlük verilir. Məsələn, mən İsvecrəyə turist kimi gəlmişəm. Alman dilini bilmirəm, deməli, məcburam ingilis dilində danışım. Yəni ingilis dili faktiki dünyanın dilidir.
Burada almandilli qəzet oxuyursan, görürsən ki, yazının başlığı ingilis dilindədir, ya mətndə 3-4 yerdə ingilis sözlərindən istifadə olunub.
Onu da deyim ki, Avropada orta məktəblərdə ən azı 2, normada isə 3 əcnəbi dil öyrədilir. Yəni Avropada kiminsə 4-5 dil bilməsi adi bir göstərici sayılır. İndi ingilis dilini bilməmək cahillik hesab olunur”.
Elbəy Həsənli Almaniyanın ən nüfuzlu nəşrlərindən biri olan “Die Welt”in manşetə verdiyi karikaturadan danışdı: “Karikatura “alman dili ölüb, ingilis dili onu basdırır” fikrini ifadə edirdi. Çox təsirli bir karikatura idi. Düşünün, o boyda alman dilini ingilis dili nəinki İsveçrədə, hətta
Almaniyada yeyir. Bu, dünyanın qloballaşması ilə bağlıdır”.

teleqraf.com





Комментариев нет:

Отправить комментарий