Страницы

29.09.2012

Biz nə yazırıq?! Biz nə yazmırıq?

Məhbus Münzəvi. İlk publisistik yazım

Oturub düşünmədim. Ayaq üstə düşündüm. Biz nədənsə çox vaxt “oturub düşündüm” ifadəsini işlədirik. Biz harda otururuq əsasən? Ayaq yolunda, dərsdə, işdə, imkan tapanda evdəki divan-kresloda. Divan-kresloda düşünmürük. Mürgüləyirik. Işdə düşünürüksə deməli işdən narazıyıq. Dərsdə düşünmək (!) bu artıq təhsil sistemində olan problemlərdən xəbər verir. Biz daha çox ayaq yolunda oturub düşünürük. Elə ona görə də, fikirlərimizin bir çoxu iy verir. Nə isə, keçim ayaq üstə düşündüyüm məsələlərə.
Biz nə yazırıq?! Müasir ədəbiyyatımızı yaxından izləyirəm. Ona görə yox ki, zövq oxşayan, dərin mənalı yazılar yazılır. Qətiyyən!
Sadəcə daş atsan yazara və müğənniyə dəyən bu ölkədə bir-iki yaxşı müğənni olduğu kimi, bir-iki oxunacaq yazı tapmaq ümidim var (müəllifindən asılı olmayaraq). Lakin oxuduqdan sonra birmənalı olaraq itirdiyim vaxta heyfim gəlir. Mənzərə budur: əksəriyyət işini-gücünü bir kənara qoyub (əgər bütün işi gücü budursa vay halımıza) sevgilisi (sevdiyi) ilə arasında olan “qlobal” problemləri ədəbi nümunə adı ilə oxucuya sırıyır. “Qadın!!! Mən səni sevirəm! Sən niyə məni sevmirsən?!” tipli cümlələr yığını olan cızma-qaralar “səmimi sevgi şeiri” hesab olunur. Sevgilidən bir xeyir gəlmədiyini görən “şair” keçir “Tanrı” ilə qaçdı-tutdu oynamağa. “tanrı məni zibilə saldın, bir də gözümə görünmə” tipli cümlələr “dərin fəlsəfi şeir” adı ilə oxucuya sırınır. Bir də bunların hamısı (kişi-qadın, içən-içməyən)  “şərab içib sərxoş olur”. Bu da olur Bukovskinin 30 il öncə yazdığı, ancaq bizə hələ indi gəlib çatan”müasir şeir”.  Hələ bunun “quş olub ulduza uçmaq istəyən”i var, “göz yaşları dəniz olan”ı var, “acı xatirələri unuda bilməyən”i var, türklər demiş: var, babam, var. Doğrudur,mənim də bir neçə yazımda “tanrı” və “sevgili” məsələsi olub, lakin mən onları ədəbi nümunə hesab etməyib onlardan imtina etmişəm. Onlar ilk vaxtlarda yazdığım və eksperiment xarakterli yazılar idi. Lakin illərdir yazdığı halda inkişaf etməyib hələ də yerində sayan adamların “yazar” olaraq mövcudluğu belə günahdır. Heç kim də demir ki, ay bala, gəl bu işdən (bəlkə də işsizlikdən) əl çək!
Bu gün ölkədə və xaricdə böyük proseslər gedir. Lakin bir yazar da bunlar haqda fikir bildirmir. Sən yazarsansa, xalqa bir mesaj verməlisən. Əks halda sənin çayxanada danışan təqaüdçülərdən fərqin qalmır. 18-ci əsrdə ədəbiyyat adamları Böyük Fransa inqilabına zəmin hazırladılar, 20-ci əsrin əvvəlində ədəbiyyat və publisistika vasitəsilə Azərbaycanda müəyyən oyanış baş verdi. 20-ci əsrin sonunda müstəqillik, dil, din məsələləri üzrə, digər sahələrlə yanaşı, ədəbiyyat da öz təbliğ maşını funksiyasını yerinə yetirirdi. Ancaq bugün bir nəfər də ABŞ-ın İraq macəralarından, İsrailin Fələstində törətdiklərindən, ərəb baharından, Azərbaycan həqiqətlərindən yazmır. Azərbaycan həqiqətləri deyərkən, Qarabağ və Xocalını nəzərdə tutmuram. Anlayan anladı.
Bu yaxında yayılan deputat Gülər Əhmədovanın görüntülərinə heç bir ədəbiyyat adamı  mövqe bildirmədi. Xalqdan əlimi üzmüşəm. Xalq səsini çıxarmadığı üçün, olmadığı səsini də qorumur. Lakin özünə “yazar” deyən adam təkbaşına qışqırmalı və xalqın içindəki səsi onlara duyurmalıdır. Vətəndaş vaxtını ayırıb öz seçki hüququndan istifadə edir və səs verir. Bu Azərbaycan Respublikası Konstitusiyasının 1-ci maddəsində yazılmış: “Azərbaycan hakimiyyətinin mənbəyi Azərbaycan xalqıdır” normasından doğan normalar məcmusunun həyata keçirilməsi prosesidir. Lakin məlum olur ki, vətəndaşın verdiyi səsin heç bir önəmi yoxdur. Müəyyən miqdar pul verən adamın adı əvvəlcədən məlum olan siyahıya salınır. Bu lap Molla Nəsrəddinin “sən çaldın” əhvalatına döndü. Deməli, bu işlər doqquz milyonluq xalqın şərəfi, fikri ayaqlar altına alınaraq bir neçə yüksək vəzifəli şəxs arasında həll olunur. Xalq özü bu ədalətsizliyə susur, sonra da deyir ki “dünya birliyi Qarabağ ədalətsizliyinə hələ də dözür”. Sən özünü tanımırsansa, şərəfini Gülər Əhmədova kimi insanların ayaqları altına atırsansa, idarəetmədə iştirak edə bilmirsənsə, sən hələ xalq deyilsən, ey kütlə. Axı sənin Konstitusiyanda yazılıb ki, xalq hakimiyyətin mənbəyidir. Və sən, ey yazar, sən də susursansa və ya susmağa bərabər olan, sevdiyinin səni rədd etməsindən yazırsansa, sən birinci insan olmağı öyrən sonra yazar olarsan.
P.S. sənin kimisini elə rədd etsələr yaxşıdır!

Комментариев нет:

Отправить комментарий