Страницы

03.09.2012

BİZİM ZİBİLLƏMƏ XƏSTƏLİYİMİZ

Şirinxanım Kərimbəyli Şadiman

Əslində zibil sözü elə çox mənalı deyimdir ki, onu bir çox gedişlərdə işlətmək olar. Amma mən bu yazımda küçələrimizdə, yaşayış ərazilərimizdə baş alıb gedən zibil yığınlarının bugünki gündə sağlamlığımız üçün açıq-aydın bəlaya çevirilməsinin acı gerçəkliyini dəyərli oxucularımızla, sözə, fikirə qiymət verən qələm əhliylə bölüşmək istəyirəm. İnan ki, bu üzdən xüsusən yay aylarında evdən çıxmaq istəmirəm. Çünki çıxan kimi ya qonşularla, ya da zibilləmə xəstəliyinə tutulmuş, kimi gördüm, onunla didişməyə başlayıram. Bu didişmə isə axırda ürək ağrılarımla başa çatır. Necə deyərlər zərbə özümə dəyir.
Amma neyləyim ki, bu acınacaqlı vəziyyətə dözə bilmirəm. İndi bir çox məmur özbaşnalıqlarını, yağlananların haqsızlıqlarını və buna bənzər könül bulandıran mətləbləri çıxmaq şərtiylə nəinki paytaxtda, hətta bölgələrdə də geniş və ürək açan abadlıq işləri gedir. Parklarda, yollarda, küçələrdə səliqə-səhman göz oxşayır. Amma kaş ki, bizim öz əlimizlə yaşadığımız ərazini, küçəni, hasarımızdan o tərəfi zibilləmə əmalıyyatımız olmayaydı. Biz xoşlayırıq evimizi, hasarımızı daşdan yapmağı, evimizin içini bahalı əşyalarla doldurmağı, hətta pulumuz olmasa belə kreditlə, borcla, xərclə bu diləklərimizi yerinə yetirməyi…Üst-başımızı zinət əşyaları ilə doldurmağı…Necə deyərlər, evimizin içi, üst-başımız parpar parıllayar, ancaq evimizdən çıxan zibilimizi mütləq hündür mərtəbəli binanın sakiniyiksə ordan aşağı, həyət evində yaşayırıqsa hasardan o üzə atmağı xoşlayırıq. Bunu qətiyyən natəmizlik hesab etmirik. Elə zənn edirik ki, evimizi, özümüzü təmiz saxlayırıq. Küçələrdə, parklarda, zibilxanalarda qoyulan qutulardan bizə nə. Hətta, işdi-şayəd aparıb kefimizin xoş vaxtı zibili zibilxanaya atmalı olsaq onu qutuya yox, mütləq yerə tullayırıq. Çox vaxt da bu əməliyyatı az yaşlı uşaqlara tapşırırıq, onlar da apardıqları polietilen torbaları elə yolun yarısındaca atıb qaçır. Əllərinə alışqan, kibrit düşsə zibilə də od vururlar. Bir də görürsən günəşin yandırıb yaxan vaxtında tüstü aləmi bürüyüb. Biz çox vaxt etdiyimiz bu yanlışlıqları mənzil-istismar idarələrinin boynuna yıxırıq.  Ay yığışdırmırlar, ay aparmırlar…Düzdü onları da bu işdə çox səriştəli saymaq olmaz, çünki zibilliyə od vurma əməliyyatını onlar özləri də çox vaxt edirlər. Amma biz heç düşünmürük ki, bu zibilliklər bizim sağlamlığımızın atasına od vurur, onun belini bükür, kitabın bağlayır. Bu tədricən, ağ ciyər vərəmi, ürək çatmazlığı, qan azlığı, xərçəng (yandırılan polietilen torbalar xərçəng xəstəliyinin dost doğmaca balasıdır,) xəstəliklərinin  bədənimizi ünvan seçməsinə və bizi vaxtsız məzara yollamasına səbəb olur.
Dünən işıq, qaz, su ödənişləri etmək üçün banka getmişdim. Bank beş qatlı binanın birici qatında yerləşir. Təzə təmirdən çıxıb, necə deyərlər, içəri girəndə adamın ürəyi açılır. Amma bankın həyəti zibillə doludur. Beşmərtəbədə yaşayan sakinlər zibil atmağı, aşağı düşməyi çətin sayıb yuxardan aşağı zibili həyətə tökürlər. İşçi xanımlara deyirəm, hayıf sizin bu təmirdən, həyətdə necə zibilikdir. Deyirlər ki, irad tuturuq üstümüzə hücuma keçirlər. Neyləyək, qanqaralığ salmaq istəmirik, biz yığışdırırıq, yuxarıdakılar tökürlər. Əlqərəz, istəkli oxuculara onu demək istəyirəm ki, bizim elə mənəvi xəstəliklərimiz var ki, ona nə həkim, nə təbib, nə də dava-dərman  çarə edə bilməz. Çünki bu bizə içdən gəlir. Həkimlərin dili ilə desək genlərlə daxil olur qanımıza…
Biz donlarımızı həddindən artıq qısa, şalvarlarımızı dar edib küçəyə çıxmaqla, və yaxud televiziya kanallarında belə əndirəbani geyimlərlə var-gəl etməklə, reklamlarda vay sözünə vuay deməklə, elə bilirik ki, avropalıyıq. Bizə avropalı yox, özümüz olmaq lazımdır, amma küçələrin, parkların təmizliyini avropalılar kimi, yəni inkişaf etmiş ölkələr kimi qorumalıyıq, bacarmırıqsa onlardan bu gözəl mətləbləri öyrənib gündəlik həyatımızda vərdişə çevirməliyik.
 Biz hərdən bir əlindən çox əsəbləşdiyimiz adama zibil deyirik. Yəni bu sözü söyüş kimi işlədirik. Deməli zibilin üfunətli bir şey olduğunun fərqindəyik. Amma bu üfunətli şeyi uf demədən qapımızın ağzına, dalanlara, yol qıraqlarına tökürük. Hətta insanlarımız, utanıb çəkinmədən, asfalta tüpürür də…Günəbaxan tumunu isə çırtlayıb hara gəldi tullayırıq. Dayanacaqlar siqeret qutuları, kötükləri ilə  ah-vay edir. Hələ saqqızı demirəm, hərdən bir kefimizə düşəndə  onu sərnişin avtobuslarında oturacaqlara da yapışdırırıq… Və bunu qətiyyən ayıb hesab etmirik. İndi siz deyin, ey şərəfli, izzətli millətimiz bizim zibilləmə xəstəliyimizə kim çarə edəcək? Həkimlər, hüquq mühafizə orqanları, ya özümüz???

Комментариев нет:

Отправить комментарий