Страницы

03.09.2012

Çarlz Bukovski. Mənə sevgi gətir

Namiq Hüseynlinin tərcümələri

Harri pilləkanlarla enib bağa girdi. Orda xəstələr gəzişirdi. Ona arvadı Qloriyanın da orada olduğunu demişdilər. O arvadının stol arxasında tək başına əyləşən gördü. Harri arvadına tərəf gedib, yan tərəfdən sakitcə ona yaxınlaşdı. Stol götürüb üzbəüz əyləşdi. Qloriya başını dümdüz tutmuşdu və bənizi solmuşdu. O ərinə baxdı, lakin tanımadı. Xeyli baxdıqdan sonra tanıya bildi.
-Sən konduktorsan? – o ərindən soruşdu.
-Hansı konduktor?
-Həqiqi konduktor?
-Yox.
O solmuşdu, gözləri də solğun idi. Solğun-mavi rəngdə.

-Qloriya, özünü necə hiss edirsən?
Onlar ağ rəngə boyanmış, dəmir stolun ətrafında oturublar. Kişi gözlərini bir nöqtəyə zilləyib. Stolun düz ortasına kiçik güldan qoyulub, güldanın içində solğun, boynunu kədərli şəkildə bükmüş gül qönçələri durur.
-Sən oğraşsan, Harri. Sən fahişələrlə yatırsan.
-Düz demirsən, Qloriya.
-Onlar səninkini sovururlar? Bəs səninki durur?
-Mən ananla birlikdə gələcəkdim Qloriya, amma o bir az soyuqlamışdı.
-Ömür boyu o qoca siçovulun bir yeri ağrıyır... Sən konduktorsan?
Digər xəstələr ya stol arxasında oturur, ya ağacın altında durur ya da çəmənlikdə uzanmışdılar. Onlar susurdular və heç qımıldanmırlar da.
-Burda yemək necədir Qloriya? Özünə dost tapa bilibsən?
-İyrəncdir. Yox. Oğraş.
-İstəyirsən sənə kitab oxuyum? Sənin üçün nə gətirim? Ürəyin nə istəyir?
Qloriya cavab vermədi. O sol əlini qaldırdı, ona baxdı, yumruğunu sıxdı və düz burnunun üstündən yumruq ilişdirdi. Harri yerindən sıçrayıb onu əlindən tutdu. Qlorya yalvarıram!
O ağladı:
-Niyə mənə şokolad gətirmədin?
-Qloriya axı özün dedin ki, şokoladdan zəhlən gedir.
Yaş gözlərindən çay kimi axıb gediri.
-Mən şokoladı xoşlayıram! Şokoladı sevirəm!
-Xahiş edirəm ağlama, Qloriya... Sənə şokolad gətirəcəm, nə istəsən gətirəcəm... Qulaq as, mən sənə yaxın olmaq üçün burdan iki küçə o tərəfdə, moteldə otaq tutmuşam.
-Onun solğun gözləri geniş açıldı.
-Moteldə otaq? Bilirəm sən orda hansısa fahişə ilə birlikdəsən! Siz orda pornoya baxırsınız, tavanda böyük güzgü var.
-İki gün sənin yanında olacağam Qloriya, - Harri nəvazişlə dedi. – Nə istəsən gətirəcəyəm.
-Yaxşı, elə isə mənə sevgi gətir, - o qışqırdı. – Axı niyə sevgi gətirməmisən?
Xəstələr çevrilib onlara baxırdılar.
-Qloriya, inan mənə, səni heç kim mənim qədər sevmir.
-Bayaqdan mənə şokolad gətirmək istəyirdin ey? Bax o şokoladı dalına yağlayarsan!
Harri pul qabından bir kart çıxardı. Otelin kartı idi.
-Unutmadan verim sənə. Götür. Burdan zəng etməyə icazə verirlər? Ürəyin nə isə istəsə mənə zəng edərsən.
Qloriya dinmədi. O kartı götürüb əlində bir neçə dəfə fırlatdı. Sonra əyilib ayaqqabısını çıxardı, kartı onun içinə qoydu və yenidən geyindi.
Harri həkim Censenin onlara yaxınlaşdığını gördü. Həkim Censen yaxınlaşıb donquldandı: “Belə-belə işlər...”
-Salam həkim Censen, - Qloriya yavaşca dilləndi.
-Oturmaq olar? – həkim soruşdu.
-Hə, əlbəttə ki, - Qloriya dedi.
Həkim dolu idi. Həm ətli, həm məsuliyyətli, həm də avtoritetli idi. Qaşları enli və həcmli görünürdü. Elə həqiqətən də enli və həcmli idilər. Qaşları sanki yekə, selikli ağzına girib, orda yoxa çıxmaq üçün aşağıya doğru sallanırdılar, ancaq şərait buna imkan vermirdi.
Həkim əvvəl Qloriyaya, sonra çevrilib Harriyə baxdı. “Belə, belə, belə” – o dedi. – Mən xəstədən çox razıyam, - bizim işimiz çox yaxşı gedir...”
-Bəli, bəli həkim Censen, mən elə indi Harriyə deyirdim ki, məndə sağalmaq üçün özümə inam yaranır və sizin məsləhətləriniz, qruplarla çalışmalarınız mənə çox kömək edir. Mənim yersiz acıqlanmağım, səbəbsiz melanxoliyalarım və öz-özümə kədərlənməyim az qala keçib gedib.
Qloriya əlini dizinə qoyub oturmuş və gülürdü.
Həkim Harrinin üzünə gülümsünürdü.
-Qloriya inanılmaz dərəcədə surətlə sağalır.
-Hə, - Harri dilləndi. – Görürəm.
-Məncə çox az bir müddət daha müalicə olunduqdan sonra Qloriya evə qayıda bilər, Harri.
-Həkim, - Qloriya soruşdu. – Siqaret çəkmək olar?
-Hə əlbəttə,- həkim dedi, o cibindən hansısa ekzotik siqaretdən çıxarıb Qloriyaya uzatdı. Qloriya siqaret götürdü, həkim qızıl suyuna çəkilmiş alışqanını çıxarıb yandırdı. Qloriya tüstünü içinə çəkib havaya buraxdı...
-Sizin gözəl əlləriniz var, həkim Censen – o dilləndi.
-Çox sağ ol əzizim.
-Və bizi xilas edən, sağaldan xeyirxahlığınız var...
-Bacardığımız qədər çalışırıq, indi elə o yaşımızdır... -  həkim Censen mülayim səslə dilləndi. İndi isə icazə verirsinizsə, gedim başqa xəstələrlə danışım.
O cəld stuldan qalxıb, başqa bir stula, bir kişi və onu ziyarət edən qadının yanına getdi.
Qloriya gözünü Harriyə dikdi.
-Piyli donuz! Səhər yeməyində tibb bacılarının pox-püsürünü yeyib piylənir...
-Qloriya, səninlə görüşmək çox xoşdur, ancaq mən yol yorğunuyam, gedib bir az dincəlmək istəyirəm. Məncə həkim haqlıdır. Mən də səhhətində yaxşılaşma hiss edirəm.
O qəhqəhə çəkib güldü, ancaq onun gülüşü sakit gülüş deyildi, nə isə saxtakarlıq hiss edilirdi. Sanki əvvəlcədən məşq etdiyi rola girmişdi.
-Heç bir yaxşılaşma-zad yoxdur, əksinə pisləşmişəm...
-Elə deyil Qloriya.
-Burda xəstə mənəm yoxsa sən, ay Balıq Kəlləsi? Hamıdan yaxşı diaqnozu mən qoya bilərəm.
-“Balıq Kəlləsi” nə deməkdir?
-Sənə heç vaxt kəllənin balıq kəlləsinə oxşadığını deməyiblər?
-Yox.
-Onda üzünü qırxanda diqqətlə baxarsan. Ehtiyatlı ol, qəlsəmələrini zadı kəsmə ha.
-Yaxşı, mən gedim... ancaq sabah yenə gələcəm.
-Gələn dəfə konduktoru da gətirərsən.
-Bəlkə, yenə də nə isə istədiyin var?
-Sən indi öz nömrənə gedib hansısa fahişəni qayıracaqsan?
-Bəlkə sənə “Nyu-York”un yeni nömrələrindən gətirim? Sənin “Nyu-York”dan xoşun gəlirdi axı.
-“Nyu-York”u sox dalına, Balıq Kəlləsi. “Taym”ı da onun arxasıca sox!
Harri ona tərəf əyrilib, onun öz burnunu əzişdirdiyi əllini tutub sıxaraq sağollaşdı:
-Özünü ələ almağa çalış. Sən tezliklə sağalacaqsan...
Qloriya sanki onu eşitmirdi. Harri yavaş-yavaş ayağa qalxdı, çevrildi və pilləkanlara doğru yönəldi.Pilləkanları qalxarkən çevrilib Qloriyaya əl elədi. O isə heç tükünü də tərpətmədi.
Onlar qaranlıqda uzanmışdılar, hər şey yaxşı gedirdi və birdən telefon zəng çaldı. Harri davam edirdi, ancaq telefon da davam edirdi. Bu işə mane olurdu. Bir azdan onun çiyinləri boşaldı.
-Lənətə gələsən, - o deyib ayağa durdu. Sonra işığı yandırdı və dəstəyi qaldırdı.
-Allo?
Bu Qloriya idi. – Sən orda hansısa fahişəni qayırırsan!
-Qloriya niyə belə gec zəng etməyinə icazə veriblər? Sənə yuxu dərmanı verə bilmirlər?
-Sən hələ indiyə kimi qurtara bilməyibsən?
-Sən nə vaxtsa “qaşok”da oturubsan? Mən elə indicə “qarşok”da oturmuşdum ki, sən zəng elədin...
-Yaxşı görək... qurtaranda mənimlə sağollaşarsan?
-Qloriya, lənətə gəlsin, gör şiddətli qarabasmalar səni nələrə vadar edir...
-Mənim qarabasmalarım həmişə həqiqətlə üst-üstə düşüb, ay Balıq Kəlləsi...
-Qulaq as, sən ümumiyyətlə nə dediyini qanmırsan. Heç olmasa bir az yat. Sabah yanına gələcəm.
-Yaxşı, Balıq Kəlləsi, get FAHİŞƏNİN yanına!
Qloriya dəstəyi asdı.
  Nen əynində pijama yatağın kənarında oturmuşdu, gecə süfrəsində su və bir şüşə viski vardı. O siqaret çəkərək, ayağını ayağının üstünə aşırmışdı.
-Hə, - o soruşdu, - arvadın necədir?
Harri bir qurtum içib onun yanında oturdu.
-Bağışla, Nen...
-Kimi və nəyə görə bağışlayım? Onu, səni yoxsa kimi?
Harri viskidən bir qurtum aldı.
-Gəl, bundan qırsaqqız düzəldib uzatmayaq...
-Eləmi? Bəs bundan nə düzəltmək istəyirsən? Samanlıqda dombalaq aşacaqsan? Bəlkə bir də qurtarmağa cəhd edəsən? Bəlkə hamama gedib sərinləmək istəyirsən?
Harri Nenə baxdı.
-Lənətə gələsən, bəsdir deyindin. Səni nə gözlədiyini gözəl bilirdin. Sən özün mənim yanıma gəlmək istəyibsən!
-Çünki, bilirdim ki, mən gəlməsən gedib başqa bir fahişə gətirəcəksən!
-Zibilə qalasan! – Harri dedi. – Yenə bu söz.
-Hansı söz? Hansı söz? – Nen stəkanı devirdi və götürüb divara tərəf atdı.
Harri gedib, yerdən stəkanı götürdü, viski ilə doldurdu, Nenə uzatdı, sonra özünə də süzdü.
Nen stəkana baxdı, bir qurtum aldı və stəkanı stolun üstünə qoydu.
-Mən ona zəng edib hər şeyi danışacam!
-Danışarsan, lənətə gələsən! O xəstədir!
-İt oğlu it əsl xəstə sənsən!
Yenidən telefon zəng çaldı. O otağın ortasında, bayaq Harri qoyduğu yerdə dururdu. Onlar hər ikisi yataqdan sıçrayıb telefona cumdular, ikinci zəng vaxtı dəstəyə yetişib, hərəsi bir tərəfindən yapışdılar. Onlar çətinliklə nəfəs alaraq yerdə fırlanarkən, bir-birinə sarılmış gövdələri, əlləri və ayaqları bütünlükdə tavanı əhatə edən güzgüdə əks olunurdu.

Çeviri: Namiq Hüseynli

Комментариев нет:

Отправить комментарий