Страницы

02.09.2012

Çəkək!

Gülnar Məsimli

Dərd dərdi doğar deyərlər, dərd dərdi unutdurar da deyərlər və sanki doğanın doğduğunu unutdurduğunu elə doğru da deyərlər...
Zamanla yarım yaşamın qeyri-mümkünlüyünü çox oxudun, çox gördün, dostum. Çox zamansa yaşantılarının  gerçək günlərində yaşadın. Gələnlərin getdiyini, gedənlərin bitdiyini, bitənlərinsə dönüşünün qeyri-mümkünlüyünü sən də yaşadın. Dünyamızın fırlanma gerçəkliyinə sığınaraq qəbul etdin bu acılı-şirinli gerçəkliyi, doğal kimi mənimsədin. Hər itkinin, hər acının bir umudlu sabahla əvəzlənəcəyi ümidi ilə sadəcə çəkməyinlə qaldın. Bir dərdin ağrısı bitməmiş yenisinin huyuna da alışdın. Daha nələrə alışmadın kim bilir...
 Urmi dərdini düşünərkən - Güneyin dərdi olan Urmuni, yalnız Güneyin ağrısı olan Urmini deyirəm. Bu ağrı içini yeyərkən indi Qaradağ dərdi əkləndi içinə... Urmi dərdi keçdi arxa cərgəyə. Sədlənir ağrlarınız zamanla.
Anlayırsan ki, çəkdikcə dərd dərdi  doğurur sanki. İndi daha bir ağrı asıldı içinizdən. Urminin ardınca gölün ölümünə ağlar gözlərinizin yaşı suluykən indi insan və qardaş itkisinin ölümünün dərdi əkləndi. Bir parça ürəyin içinə sığar ağrılar sığmaz oldu.
Dözümlü ol dedilər, oldu xalqımız, çözümlü ol dedilər, oldu xalqımız; bu arada elə hey xatırlayırsan ki, doğrudanmı çəkənə verilir dərdlər deyə? Bu qədər insan həyatının bir gündə bitdiyi dünya öz işində sanki, gətirəni ötürür, ötürəni gətirir, fərq etmədən fırlanır. Bir da baxırsan ki, fırlandıqca varın yoxluğu səni də bitirərək yoxluğa qərq edir. Bir ürəyə bu qədər gələnin ani və sarsıdıcı gedişi necə sığır deyə bir durduğunda düşünürsən... sadəcə düşünürsən...
Dərdi çəkmək gərək ki, biz də fırlandıqca çəkirsən. O taylı və bu taylı elə hey fırlana-fırlana çəkirsən. Fırlananların başına deyil, gözlərinin içinə düşərək çəkirsən. Necə ki yenidən zəlzələnin içinə düşürək çəkən soydaşlarımız kimi sən də uzaqdan-uzağa çəkirsən. Bir parça ət kimi olan ürəyimizə salaraq elə hey çəkisən.
Bir matəm havasına oynamadan, bir isti ocağa qızınmadan tüstüsünü çəkirsən. Boğazdan asılanların istisi getmədən Urminin acısını dözərək çəkdin. Urminin duzunun açıq yaraya basılmış ağrısı ötmədən də bu “naməhrəm” zəlzələnin fırlanmasını çəkirsən.
Bir dur da, düşün, ey dostum! Bunca ağrını bir parça ürəkdə çəkməkmi gərək ya çəkməmək? Çəkməzsən verilməyəcək düşüncəsini çəkək bəlkə beyin adlı vücudumuza, ağrı adlı qəlbimizə, əzab adlı ruhumuza! Gəl, dostum, bunları çəkək. Yetər ki çəkək!!!

Комментариев нет:

Отправить комментарий