Страницы

29.09.2012

"Hamımız potensial Elşad Abdullayevik və Gülər Əhmədovayıq"

Tanınmış politoloq Mayis Güləliyev ilə müsahibə

“Əsas səbəb bizim siyasi fəaliyyətimizlə və yaşıllar ideologiyasının Qərb imperialist  maraqlarına zidd  olması ilə bağlıdır”

-Mayis müəllim, bu günlərdə Avropa Yaşıllar Partiyasının baş katibi Jaqualine Kremersin başçılığı ilə bir qrup “yaşıl” Azərbaycanda səfərdə oldu. Bu səfərin əsas məqsədi nədən ibarət idi?
-Əvvəlcədən qeyd edim ki, Avropa Yaşılları mütəmadi olaraq Azərbaycanda olurlar və regionda baş verən hadisələrin araşdırılması üçün görüşlər keçirirlər. Bu görüşün də əsas məqsədi son ildə regionda və Azərbaycanda baş verən hadisələrin bir daha  araşdırılması və 2003-cü il seçkiləri öncəsi Azərbaycandakı ictimai-siyasi prosesləri müzakirə etməkdən ibarət idi.
Heç şübhəsiz kmi, bütün bunlar Yaşıllar ideologiyası prizmasından araşdırılır. Odur ki, Azərbaycanda Yaşılar ideologiyasının inkişaf perspektivləri və Yaşıllar Partiyasının fəaliyyəti də müzakirələrin mərkəzində dayanırdı.

-Bu görüşlərin necə nəticələndiyi haqda nə deyə bilərsiz? Yəni onlar hazırkı ictimai-siyasi vəziyyətlə bağlı hansı təsürratla ayrıldılar?
-Onların hazırladığı hesabat noyabr ayında Afinada keçiriləcək Avropa Yaşıllar Partiyasının Konfransında açıqlanacaq. O vaxta qədər fakt araşdırma missiyasının topladığı məlumatlar araşdırılacaq və xüsusi metodologiya ilə dəqiqləşdiriləcək.

- Siz 2008-ci ildə prezident seçkilərində içtirak etmişdiniz. Təəssüf ki, Sizin namizədliyiniz MSK tərəfindən qeydə alınmamışdı.  Bu görüşdə Sizin 2013-cü il seçkilərində iştirakınız  müzakirə edildimi?
- Biz 2008-ci il seçkilərində iştirak etmişdik. Təəssüf ki, seçkilərin saxtalaşdırılması elə səviyyədə həyata keçirilir ki, ayrıca partiyanın ona müqavimət göstərməsi  artıq qeyri-mümkün olub. Böyük ehtimalla biz 2013-cü il seçkilərində də iştirak edəcəyik. Əlbəttə bu məsələ qonaqlarla müzakirə edildi. Lakin əsas qərar Afina görüşündən sonra veriləcək.

- Bəs Yaşıllar Partiyasının qeydiyyatı məsələsi qonaqlarla müzakirə edildimi?
- Bu məsələ bizim üçün çox prioritet olduğundan hər bir görüşdə bu məsələ mütləq müzakirə edilir . Afina görüşündə də müzakirə ediləcək. Təəssüf ki, qanunların qorunmasına birbaşa məsuliyyət daşıyan Ədliyyə Nazirliyi özü qanunları kobud surətdə pozaraq Azərbaycan Yaşıllar Partiyasının qeydiyyat məsələsini müsbət həll etmir. Artıq 6 ildir ki, biz qeydiyyatsız fəaliyyət göstərməyə məcbur olmuşuq. Belə vəziyyət bizim fəallığmıza ciddi təsir göstərir.

-Qeydiyyatın olmaması, yəqin ki, digər siyasi partiyaların istifadə etdiyi   bütün  hüquqlardan istifadə etməyə mane olur?
-Əlbəttə. Birincisi, qeydiyyatın olmaması səbəbindən biz seçkilərdə  partiya kimi iştirak edə bilmirik. Baxmayaraq ki, Azərbaycanda proporsional seçki sistemi yoxdur və seçicilər partiyalara yox, ayrıca insanlara səs verirlər, bütün hallarda siyasi partiyanın hüquqi şəxs kimi çıxış etməsi təşkilati işlərin səfərbər edilməsinə müsbət təsir göstərir. Digər tərəfdən, qeydiyyatın olmaması səbəbindən daha çox üzv cəlb etmək çətinləşir. Qeydiyyatın olmaması partiyalararası münasibətlərə də mənfi təsir göstərir. Belə ki, qeydiyyatın olmaması səbəbindən biz müxtəlif səfirliklərin, ATƏT-in, BMT-nin tədbirlərinə qatıla bilmirik. Bizim dəvət olummamağımızı qeydiyyatımızın olmaması ilə əsaslandırırlar. Biz bilirik ki, əsas səbəb bizim siyasi fəaliyyətimizlə və yaşıllar ideologiyasının Qərb imperialist  maraqlarına zidd  olması ilə bağlıdır. Lakin hər halda qeydiyyatın olmaması bizim fəaliyyəti xeyli məhdudlaşdırır.

-Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalarla münasibətinizdə belə diskriminasiya hiss edirsinizmi?
- Partiyanın yaranığı ilk illərdə belə diskriminasiya hiss edilirdi. Hətta  o vaxtlar daxil olduğumuz siyasi koalisiyalarda da  belə diskriminasiyanı hiss edirdik. Lakin son altı ildə biz öz fəaliyyətimizlə sübut etdik  ki, biz “yaşıl” ideologiyanın daşıyıcısıyıq və öz fəaliyyətimizdə ardıcılıq. Biz Avropa Yaşıllar Partiyasına müşahidəçi statusda üzv olduq. Bütün seçkilərdə iştirak edirik. Mütəmadi mətbuatda çıxışlar edirik. Prezident, bələdiyyə və parlament seçkilərində aktiv iştirak etdik. Cəmiyyətdə baş verən ictimai-siyasi hadisələrə öz münasibətimizi bildiririk. Qlobal, regional və yerli problemlərin araşdırılması və həll edilməsi yollarını yaşıl ideologiya nöqteyi-nəzərində tədqiq edən “Yaşıl Qafqaz” jurnalını dərc edirik. Bu yaxınlarda “Yaşıl Alternativ” Xəbər Agentliyi də təsis etmişik. Bu günlərdə bu Xəbər Agentliyi fəaliyyətə başlayacaq. Müxalifətin, QHT-lərin və elmi institutların keçirdiyi tədbirlərdə yaxından iştirak etməyə çalışırıq. Yaşıllar Partiyası tez-tez dəyirmi masalar və  elmi-praktiki konfranslar təşkil edir. Necə deyərlər “dəvət olunan yerə getməyə ərinmirik, dəvət olunmadığımız yerdə isə görünmürük”.

-Müxalifətlə əməkdaşlıq imkanlarınız necədir?
-Biz müxalifətin əməkdaşlığına can atan partiyayıq. Biz dərk edirik ki, Azərbaycanın problemlərini həll etmək üçün ciddi əməkdaşlığa və vətəndaş həmrəyliyinə ehtiyac var. Lakin harada olmağımızdan asılı olmayaraq öz ideologiyamıza və proqramımıza sadiqliyimizi və öz müstəqilliyimizi saxlamağa cəhd edirik.

-Hazırda Demokratik Qüvvələrin Məşvərət Məslisində təmsil olunursuz.  Bu birliyin gələcəyinə inanırsınızmı?
- Bizim cəmiyyətdə siyasi fəaliyyətlə və əməkdaşlıqla bağlı qəribə yanaşma var. Əksəriyyət elə düşünür ki, siyasi partiyalar vəziyyəti tezlikle dəyişdirməlidirlər. Əməkdaşlıqla bağlı da  tezliklə nəticələrin olacağı fikri  üstünlük təşkil edir. Bu onunla bağlıdır ki, insanlar fəaliyyətlərində məqsədi tam şəkildə araşdıraraq müəyyən etmirlər. Gözləntilər reallığa yox, arzulara söykənir. MM ilə də bağlı  belə fikirlər, hətta orada olan partiyalar tərəfindən də tez-tez səslənir. Əvvəla deyim ki, MM siyasi Birlik deyil.  Mənim bu məclisdə iştirakımın əsas məqsədi seçki məsələləri ilə bağlı bəzi siyasi partiyaların baxışı ilə taniş olmaqdır. Mənim MM-dən  böyük gözləntim olmayıb və yoxdur. Bu qurum siyasi partiyaların seçki məcəlləsini demokratikləşdirmək və azad seçkilərin keçirilməsi üçün siyasi mühitin yaradılmasını əsas məqsəd kimi qarşıya qoyan məsləhət xasrakterli  forumdur. Burada  siyasi birliklər üçün xarakterik olan struktur yoxdur. Bu mənada  MM-dən  gözləntilər çox olmamalıdır. Lakin siyasi partiyaların hər hansı səviyyədə toplaşması inam və etibarı ciddiləşdirir. Odur ki, bizim uzun illər müttəfiqlik etdiyimiz partiyalar da burada təmsil olunurlar. Bu bizim  müttəfiqlərimizlə siyasi blok kimi formalaşmamıza qətiyyən mane olmur.

-Lakin sizin dügər müttəfiqiniz, yəni Vətəndaş Və İnkişaf Partiyası orada iştirak etmir. Bu  nə ilə bağlıdır?
-Vətəndaş və İnkişaf Partiyası  bizim əsas müttəfiqimizdir. Bu partiya Məşvərət Məclisinin işində iştirak etmək üçün iki dəfə dəvət alıb. Hətta Məşvərət Məslisinin  təsis qrupunun nümayəndəsi dəfələrlə VİP-ə  MM-nin içində iştirakla bağlı müraciət edib. MM-nin son iclasında da VİP-in MM-nə dəvət edilməsi qərarı qəbul edilib. Mən bu qərarı VİP rəhbərliyinə çatdırmışam. Lakin VİP-in də öz siyasəti və strateji baxışları var. Mən onların əvəzində cavab verə bilmərəm.

-Cəmiyyətdə indi ən çox müzakirə edilən məsələ Gülər Əhmədova ilə Elşad Abdullayevin video qalmaqalıdır. Buna bir siyasətçi kimi münasibət bildirə bilərsizmi?
-Doğrusunu deyim ki, məni bu fakt yox, bu fakta  cəmiyyətin münasibəti çox sarsıtdı.  Yəni bu fakt hamiya çoxdan bəlli olan və yeni sübuta ehtiyacı olmayan faktdır. Hamı bilir ki, Azərbaycanda demokratik seçki keçirilmir. Hamı bilir ki, seçki siyahısı yuxarılarda tərtib edilir. Hamı bilir ki, MSK, DSK və Məntəqə seçki komissiyası cəmiyyətin ən geniş təbəqəsinin iştirakı və dəstəyi ilə seçkini saxtalaşdırırlar. Bu faktı sübut etmək üçün yeni faktlara elə də ehtiyac yoxdur. Digər tərəfdən, hamı bilir ki, haram pullarla varlanmış insanlarda şərəf və ləyaqət hissi olmur. Onlar üçün əsas puldur. Belə insanlar öz doğma insanlarını da şantaj etmək üçün iistənilən vasitələrdən, o cümlədən onların videoya çəkilməsindən istifadə edə bilərlər.  Deməli, bu hadisədə hər iki fakt yəni kiminsə video çəkilişı təşkil etməsi və kiminsə “iş düzəltməyə çalışması” bizim cəmiyyətrdə xarakterik bir məsələdir. Odur ki, bu faktlar məni təəccübləndirməyib. Məni sarsıdan isə bu faktlara insanların münasibətidir. Yəni qeyd etdiyim hər iki faktın daşıyıcılarına cəmiyyət tərəfdən olan rişxənd və qisas hissi, onların şəxsiyyətinin aşağılanmasına yönələn ifadələrin işlədilməsi və ya bu hadisədərn yararlanmağa cəhdlər, çox hallarda sevinc və fərəh hissinin gizlədilməməsi  bizim cəmiyyətin bizim hər birimizə nə qədər düşmən olduğundan xəbər verir.

-Bağışlayın, amma mən Sizin məntiqinizi anlaya bilmədim. Yəni Siz bu faktların üzə çıxmasına niyə biganəsiniz?
-Yenə qeyd edirəm ki, bu faktlar yeni faktlar deyil. Odur ki, mən buna təəccüblənmirəm. Amma məni sarsıdan fakt ondan ibarətdir ki, Azərbaycanda Siz neçə nəfər tapa bilərsiniz ki, Elşad Abdullayev qədər pulu olsun, amma bu puldan öz məqsədlərinə çatmaq üçün rüşvət verməyə hazır olmasın? Axı onlar bu pulu əyri yolla ona görə qazanırlar ki, əyri işlərə xərcləsinlər. Digər tərəfdən, Siz Azərbaycanda neçə nəfər tapa bilərsiniz ki, Gülər Əhmədova  kimi hakimiyyətə yaxın olduğu halda bu imkanlardan öz məqsədləri üçün istifadə etməsin. Deməli, bizim əksəriyyətimiz Gülər Əhmədovayıq və Elşad Abdullayevik. Odur ki, bu hay-küy onlara qarşı yox, daha çox bütünlükdə cəmiyyətə qarşı çevrilməlidir.  Ömrü boyu Gülər Əhmədova kimi olmağı arzulayanların və ona həsəd aparanların bu gün onu topa tutması  ciddi ictimai və psixoloji problemdir. Və ya Elşad Abdullayevin rəhbərlik etdiyi Beynəlxalq Universitetdə 100-150 manatlıq dərs demək üçün onun qapısı ağzında saatlarla gözləyən və onun rüşvət maşınında iştirakçı olan “ziyalıların” bu gün ona əxlaq dərsi deməsi və sevinc hissini gizlədə bilməməsi ciddi problemdir. Bu cəmiyyətdə əhalinin əksər hissəsi,  o cümlədən özünü demokrat adlandıran müxalifət də rüşvət mexanizmində fəal iştirak edir. Bu gizli psixoloji  vəziyyət öyrənilməlidir. Cəmiyyət xəstədir. Bu xəstəlik müalicə olumalıdır!

-Yəni nə etmək lazımdır?
-Bu faktların sübut kimi ortaya atılması  və ya bu hadisənin müxalifət tərəfindən hakimiyyətə qarşı istifadə edilməsi heç də qeyd etdiyim problemləri,  xüsusilə  vətəndaşla cəmiyyət arasındakı ziddiyyəti aradan qaldıra bilməz.  Bu ziddiyətin həlli sistemli yanaşmanı tələb edir.  Bu yanaşma təksə “yaxşı” idarəçiliyin qurulması ilə bitmir. Çünki belə idarəçiliyin  qurulması da  həm fərdi, həm də kollektiv şüurun saflaşmasını tələb edir. Azərbaycanda Fərdi və Kollektiv şüur son 200 ildə ciddi şəkildə korlanıb. Həm fərdi, həm də kollektiv şüur bir-biri ilə sıx bağlıdır. Onlar bir-birinin inkişafını stimullaşdırır. Onların inkişafı üçün isə əsas meyar dini və əxlaqı dəyərlərin priopitet dəyərlər kimi möhkəmlənməsidir. Halal-Haram, xeyr-şər ziddiyyətlərinin mübarizəsindən şərəfli və əxlaqlı fərd yetişir. Bizim cəmiyyətin ən böyük bəlası onun öz dini dəyərlərindən uzaq düşməsidir. Dini və əxlaqi dəyərlər hər bir cəmiyyətin zaman və məkanda mayakıdır.  Bu mayaka malik olmayan cəmiyyətlər intəhasız dəryada qaranlığa qərq olacaqlar. Bu intəhasız dərya qlobal problemlərlə üz-üzə dayanan və rəqabət aparan dünyadır.

Gülsüm Kolanlı

Комментариев нет:

Отправить комментарий