Страницы

26.09.2012

Məhrəm duyğularını bizimlə bölüşdüyü üçün...

Sevda Sultanova

Abbasa təşəkkür edirəm

Bir neçə gündür ki, Facebook səhifələrində İran rejissoru Abbas Kiarostaminin Bakıya gələcəyi haqda xəbərlər yayılır. Rejissoru ölkəmizə Fehruz Şamıyevin rəhbəri olduğu “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi dəvət edir.
Keçən yazılarımdan birində qeyd etmişdim və yenə də xatırlatmağı vacib sayıram: Azərbaycanda bir neçə təşkilat var ki, onlar kinomuz üçün, bu sahəyə məsul olan rəsmi şəxslərdən daha çox iş görür. Ən azından nəyisə yerindən tərpətmək, canlandırmaq istəyirlər.

F.Şamıyev onlardan biridir, çalışqandır, zəhmətkeşdir, doğrudan da nəsə eləmək istəyir və eləyir. O, “Start” Tələbə və Gənclərin Beynəlxalq Film Festivalını, sonra, keyfiyyətli tədris təklif edən Bakı Film İnstitutunu yaratdı.
İlin əvvəlində Bakıda Nuri Bilge Ceylanın prodüseri Zeynəb Atakanın master klasslarını təşkil etdi.
Bu ilin sonunda isə paytaxta dünya kino sənətinin usta rejissorlarından A. Kiarostaminin gəlişi planlaşdırılır. Bu işlərə görə Fehruza təşəkkür edirəm.
Kiarostamiyə görə isə xüsusən.
Kiarostaminin dünya kino sənətində yeri haqda nəsə demək, düşünürəm ki, artıqdır.
...Təşkilatçılar Facebookda “Kiarostamiylə görüşmək imkanınız olsaydı nə soruşardınız” sualını ünvanladılar. Əvvəl beynimdə bir neçə sual doğdu. Amma sonra o suallar öldü. Görüşəsi olsam, ona sual verməzdim, nəsə soruşmazdım. Həvəslə master klasslarını dinləyərdim.
Və əllərini sıxıb təşəkkür edərdim (onun şəxsində sevdiyim bütün rejissorlara): var olduqları üçün.
Fikirlərini, məhrəm duyğularını filmlərində bizimlə bölüşdükləri üçün.
İnsan təbiətini, kişi-qadın münasibətini həssas şəkildə tədqiq etdikləri üçün.
Həyatımıza fərqli rakursdan baxmağa kömək etdikləri üçün.
Bizi alternativ həyat tərzlərinə, özgə fikirlərə dözümlü münasibət göstərməyə dəvət etdikləri üçün.
Alternativ təklifləri üçün.
İnsanın hər halını başa düşməyə, onu tələsik ittiham etməməyə çağırdıqları üçün.
Həyatının hansısa mərhələsində çətin anlar yaşayan, tanımadıqları bir insana dayaq ola bildikləri üçün.
İnternet məkanında kiçilən dünyanın və bu kiçilən dünyada daha da yalnızlaşan, bir-birinə daha da yadlaşan insana ümid, yaşam impulsu verməyi bacardıqları üçün.
Katarsis üçün.
Yer kürəsinin hansısa nöqtəsində bizə ruhən doğma olan insanların varlığını sübut etdikləri və tənha olmadığımızı bir daha göstərdikləri üçün...

kulis.az

Комментариев нет:

Отправить комментарий