Страницы

22.09.2012

PKK-ya dinləmə qurğularını hansı Azərbaycan şirkəti verib?

Terrorçular təhlükəsizlik qüvvələrinin rabitə əlaqələrini və telefon danışıqlarını izləmək üçün İsrail istehsalı olan ən son texnologiyalar əsasında hazırlanmış dinləmə cihazları tətbiq edib. Bu cihazlar PKK-nın Azərbaycanda qurduğu şirkət vasitəsilə İsraildən alınıb.

Türkiyədə AKP iqtidarına bağlı olan və baş nazir Ərdoğanın qudasının qardaşına məxsus “Yeni Şafak” təhlükəsizlik strukturlarındakı qaynaqlara istinadən PKK-nın Azərbaycan əlaqələri barədə sensasion xəbərlər yayıb.
Qəzetin bugünkü sayında dərc edilmiş məqalədə deyilir ki, PKK terror təşkilatının ölkənin cənub-şərqindəki Bingöl əyalətində əvvəlcə 8 xüsusi təyinatlı polisi, ardınca 10 əsgəri pusquya salaraq şəhid etməsində “İsrail barmağı” ortaya çıxıb.
Bildirilir ki, terrorçular təhlükəsizlik qüvvələrinin rabitə əlaqələrini və telefon danışıqlarını izləmək üçün İsrail istehsalı olan ən son texnologiyalar əsasında hazırlanmış dinləmə cihazları tətbiq edib. Bu cihazlar PKK-nın Azərbaycanda qurduğu şirkət vasitəsilə İsraildən alınıb. Ötən bir neçə gün ərzində PKK terrorçuları Bingölün Karlıova qəsəbəsində əvvəlcə polisləri daşıyan minibusu partladıb, ardınca isə silahsız əsgərləri aparan avtobus karvanını pusquya salıb, bu zaman azı 10 əsgər şəhid olub, 70-i yaralanıb.
Qəzetin yazdığına görə, təhlükəsizlik qüvvələri bu iki terror hücumu ilə bağlı araşdırma zamanı PKK-nın əsgərlərin və polislərin hərəkət marşrutuna dair məlumatları necə əldə etdiyinə dair detallar üzə çıxarıb. Məlum olub ki, PKK-çılar hücum ərəfəsində həm GSM rabitəsini, həm ratsiya danışıqlarını dinləməyə imkan verən dinləmə qurğularından istifadə ediblər. Terror təşkilatı bu cihazları əldə etmək üçün aylar əvvəldən hazırlıqlara başlayıb. Bu məqsədlə Azərbaycanda şirkət qurub və həmin şirkət vasitəsilə İsrailin “Tadiran Telekom” şirkəti tərəfindən istehsal edilən dinləmə qurğularını alıb. Bildirilir ki, aviyonik sistemlərlə ( aviasiya elektronik sistemi) təchiz edilmiş casus cihazları İsraildən alındıqdan sonra Azərbaycana gətirilib, buradan İrana ötürülüb. İrandan isə PKK-nın İraqın şimalındakı Hınare düşərgəsinə çatdırılıb. Daha sonra terrorçular yüksək texnologiya əsasında hazırlanmış cihazları Türkiyə ərazisinə keçiriblər və onları ölkənin cənub-şərqində təhlükəsizlik qüvvələrinə qarşı terror hücumlarında tətbiq etməyə başlayıblar. Bölgədə təhlükəsizlik qüvvələri arasında ratsiya və telefon danışıqlarını dinləyən terrorçular onların hansı saatda haradan keçəcəklərini təsbit ediblər.
Bildirilir ki, sözügedən cihazlar “Tadiran Telekom” şirkətinin Hindistandakı bölümündə istehsal olunub. PKK cihazların alınması üçün İsraillə bu ilin fevral ayında anlaşıb, Azərbaycanda qurduğu şirkət vasitəsilə İsraildən cəmi 95 ədəd dinləmə cihazı sifariş verib. Fevral ayından başlayaraq cihazlar Azərbaycana göndərilməyə başlayıb və proses bu ilin uyun ayında başa çatıb. Qəzetin yazdığına görə, PKK bu ilin fevral-iyun ayları ərzində İsraildən 41 ədəd çiyində daşınan aviyonik tipli cihaz, 19 ədəd “point-point” tipli cihaz və 35 ədəd VHF/UHF ratsiya sistemini satın alıb. Terrorçular həmin cihazlarla bölgədə təhlükəsizlik qüvvələrinin istifadə etdiyi radiotezliklərə girərək dinləmə həyata keçiriblər. Terror təşkilatının Türkiyənin cənub-şərqində irimiqyaslı hücum əməliyyatlarına başlamaq strategiyası çərçivəsində bu cihazların alınıb ünvana çatdırılması 5 əy ərzində tamamlanıb. “Tadiran Telekom” şirkəti İsrailin sənaye mərkəzi Petah Tikvada yerləşir, bu şirkət İP telefon, ratsiya qurğuları, dinləmə cihazları və digər telekommunikasiya cihazları istehsal edir. PKK-ya verilən cihazların Hindistanda “Tadiran Telekom”un qurduğu şirkətdə istehsal olunduğu göstərilir.
Qeyd edək ki, “Yeni Şafak” Ankara ilə Bakı arasında münasibətlərin soyuduğu vaxtlarda Azərbaycan hakimiyyətinin ünvanına sərt tənqidlər və ittihamlar yazırdı. Qəzetin indiki yazısında əksini tapan məlumatların isə xüsusi xidmət orqanlarından ötürüldüyü şübhəsizdir. Türkiyədə PKK-nın terror hücumlarını artırdığı və kürd separatizminin heç vaxt olmayan dərəcədə qızışması ilə bir vaxtda hökumət terror təşkilatına xaricdən göstərilən dəstək məsələsini qabardır. Suriya rejiminin və İranın Türkiyəni zəiflətmək üçün PKK-ya dəstəyi artırdığı ortadadır. Eyni zamanda Ərdoğan hökumətinin İsraillə münasibətləri kəsməsindən sonra yəhudi dövlətinin də PKK-ya dəstək verməyə başladığına dair məlumatlar yayılmaqdadır. Qeyd olunmalıdır ki, Qərb mənbələri Türkiyə iqtidarının Azərbaycanın İsraillə hərbi-təhlükəsizlik sahəsində sıx əməkdaşlığından narahat olduğunu açıqlamışdılar. “Yeni Şafak” qəzetinin yazdıqları isə PKK-nın Azərbaycanda dayaqlarının olması və bəzi yüksək vəzifəlilər tərəfindən himayə edilməsi barədə yerli mətbuatın illərlə yazdıqlarını yenidən gündəmə gətirir.
İsrailin “Tadriran Telecom” şirkətinə gəldikdə isə, dünyanın telekommunikasiya sahəsində aparıcı şirkətlərindən biri olaraq onun həm də Azərbaycanla ticarət əlaqələri var. Bu şirkətin məhsullarının Azərbaycandakı distrübütörü “Advantek Company”dir. Həmin şirkət vasitəsilə “Tadiran Telecom”un istehsal etdiyi telekommunikasiya avadanlıqları Azərbaycanın Dövlət Gömrük Komitəsinə, Bakı Təcili Yardım Stansiyasına, “Azəriqaz”a və digər strukturlara satılıb. Ancaq indiki halda PKK-nın “Tadiran Telecom”dan casus cihazlarını onun rəsmi distribütoru vasitəsilə almasından söhbət gedə bilməzdi. Çünki bildirilir ki, PKK bu cihazları almaq üçün şirkəti ilin əvvəllərində qurub. Lakin digər tərəfdən, Türkiyənin təhlükəsizlik strukturlarından lazım olan məlumatları almaqla Azərbaycan tərəfi asanlıqla həmin şirkətin və onun arxasında dayananların izinə düşə bilər. Hər halda, Ərdoğanın Azərbaycana səfərinin və iki ölkə arasında Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının toplantısının ardınca bu faktların açıqlanması Bakı üçün gözlənilməz hesab edilə bilər.
Mühüm bir detalı da əlavə edək ki, yazıda faktlar ortaya qoyulsa da, rəsmi Bakı qəzet tərəfindən ittiham edilmir. Lakin bu məqaləyə yazılan şərhlərdə maraqlı məqamlar var.
Məsələn, şərhlərdən birində yazılır: “Bu cihazların bir şirkət tərəfindən Azərbaycana soxulması mümkün deyil. Çünki qələm şəklindəki gizli kameraların bilə girişinin yasaq olduğu bir ölkəyə bu şəkildəki qabaqcıl texnoloji dinləmə alətlərinin rəsmi yolla soxula bilmiş olması üçün Azərbaycandakı bağlantını da araşdırmaqda fayda vardır”.

musavat.com

Комментариев нет:

Отправить комментарий