Страницы

05.09.2012

“Qaya”: 50 il əvvəl başlayan əfsanə

60-70-ci illərdə dörd nəfərdən ibarət bir qrupun səsi ittifaqın hər yerinə yayılmışdı. Teymur Mirzəyev, Arif Hacıyev, Rauf Babayev, Lev Yelisovetski və onları birləşdirən “Qaya”. Dörd gənc kvartet yaratmaqla tarixə düşürlər.

HƏR AXŞAM SAAT 11-də

Bir-birilərini hələ Asəf Zeynallıdan tanıyırdılar. O vaxtlar Bakıda “çoxsəsli oxuyan qruplar” yox idi. Onlara isə birağızdan xorla oxumaq xoş gəlirdi. Bir dəfə Teymur təklif edir ki, gəlin sınayaq, bəlkə, nəsə alındı. Və başlayırlar müxtəlif gecələrdə, mədəniyyət evlərində çıxış etməyə. 60-cı illərdə caz Bakıda çox dəbdə idi. Onlar da cazpərəst idilər, cazı çox sevirdilər və əsasən də, caz oxuyurdular.
Təbii ki, ingiliscə yox, icazə vermirdilər. O vaxtlar informasiya məhdudiyyəti var idi. Plastinkalar tapılmırdı. Mahnılara ancaq radio vasitəsi ilə qulaq asa bilirdilər. Hər axşam saat 11-də Amerikadan caz proqramı verilirdi. Harda olmalarından asılı olmayaraq, həmin saatda radionun qabağına yığışardılar.
Tale elə gətirdi ki, konservatoriyada da bir yerdə oxumalı oldular. Rauf simfonik orkestrdə zərb alətlərinin ifaçısı, Arif və Teymur xor dirijoru, Lyova isə nəzəriyyəçi idi. Tez-tez konservatoriyada da çıxış edirdilər. Məşq etməyə yerləri yox idi. Harada olsa, bir yerə yığılardılar. Əksər vaxtlar axşamlar Rus Dram Teatrının qarşısında görüşüb bulvara gedərdilər.

BÖYÜK SƏHNƏYƏ YOL

Böyük səhnəyə 1961-ci ildə gəldilər. Bir gün Rauf Hacıyev onları Azərbaycan Dövlət Estrada Orkestrində işləməyə dəvət edir. O vaxtlar orkestrdə Elmira Rəhimova, Oqtay Ağayev, Nella Andreyeva, Sona Həsənova solist idilər. Orkestrdə oxuduqları birinci mahnı Rauf Hacıyevin “Bakı”, Əziz Əzizovun “Tez gəl, yar”, rus mahnılarından “Trevojnaya molodost” idi. Burada onları “Bakı” vokal kvarteti adlandırırdılar. O vaxtlar orkestr çox məşhur idi. Bu orkestrlə onlar keçmiş SSRİ-nin bütün şəhərlərində qastrollarda olurlar. Elə ilk xarici ölkəyə – Əlcəzairə səfəri də bu orkestrlə edirlər.
Onları Bakıdan daha çox Moskvada, Leninqradda tanıyırdılar. 62-ci ildə Leninqradda qastrolda olarkən, onları yerli televiziya proqramına dəvət edirlər. “Serenada”, “Solnoçnaya dalina”, “Çuçu” kimi amerikan və daha bir neçə yerli mahnılar lentə yazılır və konsert şəklində yayımlanır. Sonra bilirlər ki, Leninqrad televiziyası, sən demə, Finlandiyada da nümayiş etdirilirmiş. Bu konsertə Finlandiyada da baxanlar çox olub və konsertdən sonra orada onların kuklalarını hazırlayıblar.

DAĞISTANDA “QUNİP” OLDULAR

Orkestrdə 1963-cü ilə qədər işləyirlər. Artıq orkestrin tərkibində işləmək onları qane etmirdi. Sərbəst fəaliyyət göstərmək istəyirdilər. Amma bu, təsəvvür etdikləri qədər də asan olmadı. Bir gün Dağıstan Bəstəkarlar İttifaqının sədri Murad Kojlayev onları Dağıstana dəvət edir. Dəvət qəbul olunur və onlar bir neçə gündən sonra səfərə çıxırlar. Burada “Qunip” adlı ansambl yaradırlar. “Qunip” Şeyx Şamilin doğulduğu kəndin adı idi. “Qunip” Dağıstanın ilk estrada qrupu idi. Onların üç gün vaxtı var idi. Bu üç gün ərzində onlar proqram hazırlayırlar. Çox gözləmək lazım gəlmir. Cəmisi bir neçə konsertdən sonra populyarlaşırlar. Amma burada da işlərini axıra çatdıra bilmirlər. Günlərin birində Moskvadan ünvanlanmış məktub əsasında onları geriyə – Bakıya çağırırlar.
Müslüm Maqomayev Uzaq Şərqə 4 aylıq qastrola hazırlaşırdı. Gözləmədikləri halda bu səfər onlara da təklif edilir. 120 konsertlə Uzaq Şərqin bütün mərkəzi şəhərlərində çıxış edirlər. Müxtəlif orkestrlərin nəzdində qastrollar, konsertlər bir-birini əvəz edir.

ALLA PUQAÇOVANI, İOSİF KOBZONU GERİDƏ QOYDULAR

1966-cı ildə Moskvada vokalçılar və qruplar arasında keçirilən ümumittifaq müsabiqə isə onların yaradıcılığında xüsusi rol oynayır. Adətən, bu müsabiqəyə dəvətnamə bir il qabaqcadan göndərilirdi. Onlar isə dəvətnaməni alanda müsabiqənin başlanmasına cəmisi on beş gün qalırdı. On beş günə nə etmək olardı ki… 10 mahnı hazırlayırlar.
Müsabiqə çox gərgin keçir. Alla Puqaçova, İosif Kobzon və başqaları da iştirakçılar arasında idi. Qruplardan isə Gürcüstandan “Trio”, Pribaltikadan “Layme”, Moskvadan “Sovetskaya pesnya” və başqaları birinci yer üçün mübarizə aparmalı idilər. Azərbaycanın təmsilçisi isə onlar idi.
Müsabiqənin üçüncü turu da artıq başa çatmaq üzrə idi. Onlar hələ ki, birinci yerdə gedirdilər. Bu barədə Bakıya da məlumat çatmışdı. Və Bakı qəzetləri onların bu uğuru haqda xəbərlər dərc edirdilər. Bakıya qayıtdıqdan sonra məlum olur ki, qəzetlərdə onların adı Mirzə Babayev, Rauf Hacıyev kimi yazılıb. Bu gəncləri Bakıda hələ çox az adam tanıyırdı. Ona görə də düşünürdülər ki, Moskvada qalib gələ biləcək adamlar varsa, bu, ancaq Mirzə Babayev, Rauf Hacıyev ola bilər. Bu da həmin an. L.Utyosov, Tofiq Quliyev, Laqidze, L.Lyadova, İ.Milyutiv kimi görkəmli musiqiçilərdən ibarət münsiflər heyəti qərarı elan edir. Qalib onlardır.
Heç kim inanmır ki, onlar cəmisi 10 günə hazırlaşıblar. Müsabiqədən sonra Moskva onları buraxmaq istəmir. Saysız-hesabsız qastrol səfərlərinin siyahısı tutulur.

NİYƏ MƏHZ “QAYA”?

1967-ci ildə oğlanlar filarmoniyanın nəzdində öz ansambllarını yaradırlar. Ansambla ad qoymaq məqamı gələndə – kimin təklif etdiyi yadlarında deyil – “Qaya” üzərində dayanırlar. Niyə məhz “Qaya”? Külək dəniz sahilindəki qayalara çırpılanda əks-səda verir. Elə bir əks-səda ki, onun cazibəsindən çıxmaq çox çətin olur. Bu ad tezliklə bütün SSRİ-də məşhurlaşır.
1972-ci ildə “Qaya” öz şou-proqramını hazırlamaq qərarına gəlir. Proqramın ssenarisini yazmaq üçün Moskvanın məşhur teatr rejissoru Mark Razovski və Yuli Qusman Bakıya dəvət edilir. Kostyumlar məşhur modelyer Vyaçeslav Zaytsevə həvalə edilir. Səhnə tərtibatına isə söz ola bilməzdi. “Qaya” öz tərkibinə iki qadın – Qala Barinova ilə Tamilla Ağəliyevanı da daxil edir.
“Oqni bolşovo qoroda” adlanan şou-proqramın premyerası keçmiş Lenin adına Respublika sarayında olur. İki saata qədər davam edən konsert dünyada məşhur olan ilk rok-opera – “İssus super sta” ilə yekunlaşırdı. Bu proqramla Rusiyanın Kremllə üzüzə konsert zalında 7 gün konsert verdilər. Şou-proqramda konferansye yox idi. Proqramın aparıcıları da özləri idi. Rumıniyada rumın dilində, Almaniyada alman, Macarıstanda macar, Çexoslovakiyada isə çex dilində danışırdılar.
Tam sərbəst şəkildə, solo konsertlərə isə 72-ci ildən sonra getməyə başladılar. Onlara orijinal janrlar – fokusçular, janqlyorlar, rəqqaslar da qoşulurdu.

CAZIN VƏTƏNİNDƏ ALQIŞ DƏNİZİ

Bu illər ərzində 40 ölkəni gəzirlər. Afrikanın, demək olar ki, bütün ölkələrində çıxış edirlər. Rauf Babayev deyir ki, indiki CAR-da SSRİ-dən ilk dəfə olaraq, onlar çıxış etmişdilər. Maraqlı səfərlərindən biri ABŞ-a olub. Hyustondakı caz kollecində konsert verməli idilər. Çıxışa repertuarda olan mahnılardan başladılar. Salonun reaksiyasını heç cür başa düşə bilmirdilər. Onlara çox sakit və təmkinlə qulaq asırdılar. Belə şəraitdə oxumaq da çətin idi. Bir neçə mahnıdan sonra caza keçdilər. Mahnının ortasında tamaşaçılar ayağa durmağa başladılar. Oğlanlar ümidsizcəsinə bir-birilərinə baxırlar. Fikirləşirlər ki, tamaşaçılar onları bəyənməyib, çıxıb gedirlər. Amma birdən gurultulu alqışlar onları diksindirir. Tamaşaçılar onları alqışlayır və səhnəni tərk etməyə hazırlaşan oğlanları geri çağırırlar. Onlar sonuncu mahnını bir neçə dəfə oxumalı olurlar. Oxşar hal Macarıstanda da olmuşdu. Bütün ölkələrdə çıxış etmək onlara zövq verirdi. Xüsusən də, Kubada. Kubalılar kimi oynaq xalq, bəlkə də bütün dünyada yoxdur. Zal ağzınacan dolu olardı. Konsert zamanı bütün zal rəqs edirdi. Hətta pərdə arxasında xadimə qadın da işi rəqs edə-edə görürdü.

30 İLLİK NAĞIL SONA ÇATDI

80-ci illərdə “Qaya”nın tərkibi tez-tez dəyişir. 1985-ci ildə isə “Qaya”nın nəzdində Caz və kamera orkestri yaradılır və “Qaya” estrada simfonik dövlət ansamblı adlanır. Çox keçmir, ansamblın nəzdində “Talisman” adlı rok-qrup da formalaşır. Ansamblda müxtəlif vaxtlarda Abbas Əhməd, Eldar Rizaquluzadə, Rüfət Babayev, Əzizə Mustafazadə, Fuad Biqbayev, Aygün Kazımova və başqaları fəaliyyət göstərirlər. Tofiq Quliyev, Fikrət Əmirov, Rauf Hacıyev, Vasif Adıgözəlov, Oqtay Zülfüqarov, Fərəc Qarayev, Əziz Əzizov, Tofiq Babayev kimi bəstəkarlarla çalışan “Qaya” fəaliyyətinə 88-ci ildə nöqtə qoyur. Əfsanəvi “Qaya” minləri, milyonları öz əks-sədasının cazibəsinə saldı.

ann.az

 

Комментариев нет:

Отправить комментарий