Страницы

25.10.2012

Ah, a dostum, o dəmlər

Tehran Əlişanoğlu

Eh, dostum, qocalırıq…
Bunu mən qəfil, kənardan durub son zamanlarda baş verən Ədəbiyyat olaylarını soyuq-soyuqqanlı fərq edirkən duydum. Və bir anlıq özümü təsəvvür etdim Ədəbiyyat dünyamızın daha yaşlı nəsil yazarları yerində…
Nigar xanım Köçərli növbəti bir layihə irəli sürmüş: “Ədəbiyyat şəbəkəsi”; ad məni diksindirdi…
Eh, dostum, yadındamı o günlər? “Ah, o dəmlər, a dostum, Lomonosov, deyirlər, / Ülvi bir gözəlliklə yazıb inci şeirlər…” Bunu eləcə Mirzə Fətəlinin odlu, keçmişlə dolu günlərə elegiyasından dəm tutaraq, anıram…
Əslində, söhbət öz zəmanəmizdən gedir… Bir yanda qosqocaman Anar başının dəstəsilə, o yanda “qırx yaşlı cavanlar”: Rasim Qaraca, Azad Yaşar, Həmid Herisçi, Murad Köhnəqala – AYO-çular və mən, YeniSidən… Zamanı gecikmiş bizlər… Ədəbiyyat dolayısına nə qədər cəng-cədəllər elədik: AYB Ədəbiyyat yaratmır! AYO – azad qələmlərin meydanı! Alatoran nədir – hərəkatmı? YeniSi – yeni markadırmı?.. Və burda mən bütün 1990-cı illəri şərh edərək, gəlib-gəlib 2002-2004-də qırıldığım nostalji-qeydlərimi anmaya bilmirəm…
Yadındamı, dostum… Təzə əsrin ibtidası: “Ədəbiyyat davası”nın pik həddinə çatdığı dəmlər… Siz kiminləsiz, cavanlar? Bir yanda heç cür yenilənə bilməyən AYB mətbuatı: “Azərbaycan”, “Ulduz”, “Qobustan”, “Literaturnı Azerbaydjan”, “Ədəbiyyat qəzeti”… O yandan yeni ədəbi qüvvələrə meydan verən: “Yeni Azərbaycan” (Alqış Həsənoğlu), “Bizim əsr” (Məqsəd Nur) və xüsusən də Aqil Abbas və onun “Ədalət” qəzeti, eləcə “Ədəbiyyat” adlanan əlavələriylə… Gəncliyin hayqırtıları alınmazlıqdan az qala “müqəddəs” bildiyimiz Ədəbiyyat sarayını uçuracaqdı… Yalançı bir barışdırıcılıqla: “Ədəbiyyat savaşları dünəndə qaldı…” – deyib, guya “ədəbi meydan” qovğalarını mətn, bilavasitə Ədəbiyyat yaratmaq müstəvisinə adlatmağa çağırırdımsa da, dəm o dəm idi ki, deyən, bu “dava-dava oyunu” niyəsə-nəyəsə sərf eləyirdi hələ…
Həə, o “ibtida” havası elə oradaca qaldısa da, sərəncamı heç də pis olmadı, dostum; Ədəbiyyat davası doğrudan doğruya mətnlərə keçdi… AYO kitabxanasından (2002) neçə-neçə yeni imzaların, bugün sayı 17-yə çatmış “Alatoran” dərgilərinin əsası elə o vaxt (2004) qoyulmadımı…Ya təkrar yada salımmı: Şərif Ağayarın (“Kosmos əsrinin gerçəkləri” silsiləsi), Mehman Musabəyovun (“Kağız” hekayəsi) və Seymur Baycanın (“Sırtıq sərçələr”) mükafat qazandığı ProzaN müsabiqəsi (2003) xatırında olmalı; indiki Müsabiqələrin sələfi… Qosqocaman nasirimiz Sabir Əhmədli necə mükafatlandırma mərasiminə gəlmişdi, ədəbi gənclik barəsində xoş, azca da tənbehedici sözlərini dedi… Mövlud Mövlud face.book-da riqqətlə yadıma salıb: adlı-sanlı münsiflərdən daha heç kəs gəlməmişdi, – deyir, – Anar da sizinlə elə onda düşünüşdü…
Yox, Mövlud azca yanılır; Anarın mənimlə nə işi, Ədəbiyyat naminə (!), AYB-nin gənclik siyasətinə protesto olaraq özüm getdim oralardan. Əvvəlcə üç gənc protesto eləmişdi: Zahir Əzəmət, Şərif Ağayar, Elnur Astanbəyli, sonra mən; daha sonra isə radikal çıxışlarını bəhanə edib, Rafiq Tağını kənarlaşdırdılar AYB-dən… Yoxsa ki, bekar(a) Xan kimi oturmuşdum da “Ədəbiyyat qəzeti”ndə bugünəcən; dəyənim yox, dolaşanım çoxsa da…
Axı, mənə görə: Ədəbiyyatda təzə əsr başlayırdı… Bir az da cavanlığımdan beynimi yeyən sinfi ideyalar: Sol, sol, sol!.. – çürüyən zümrənin yox, yeniSinin yanında olmalı ideyası… Yadımda, o vaxt “Ədəbiyyat qəzeti”ndən necə qürur və şəstlə birbaşa cavanların, (başlıca olaraq Şərif  Ağayar və “Nəfəs”çilərin) Mədəniyyət Nazirliyinin himayəsi altında yığışdıqları “Kino+” qəzetinə gedib jest etməyim; yəni ki, mən də sizinləyəm! Elə ordaca Zahir dar imkanlarına baxmayaraq, hələ mənə bir köşə də təklif etdi. Cavanlara güvəndiyim: “2000-cilər və…” silsiləsini o zaman (2004) başladım, sonra “Tənqid.net”də (2006; № 1, 2) davam etdirdim. Sol, sol, sol! Yeni əsrin ədəbiyyatını onlar, 2000-cilər yaradırlar… Necəmi yaradırlar (Nərmin Kamal, Sevinc Pərvanə, İntiş, Günel Mövlud, Şərif Ağayar, Zahir Əzəmət, Aqşin, Seymur Baycan, Rövşən Naziroğlu…)? – o yazılarda durur. Heç kəsin olmasa da, Profliqa İbonun (Professional Oxucular Liqası) yadında olar, ən çox o bəyənmişdi bu yazıları…
Ümumən onu da deyim ki, dostum, bir məsələdə Rasim Qaracayla tam razıyam: AYO təşkilatdan da çox, bir “fəlsəfə”dir; barışmazlıq fəlsəfəsi! (bax: Tənqid.net, 2010, №7) Bu gün faktik yoxsa da, “təzə əsri başlayanlar”ın içinə dolub fərdlərdə yaşayır, yəni felən var. Bu bir dəst-xətdir: Rasim Qaracadır, Həmid Herisçidir, Murad Köhnəqaladır, Azad Yaşardır, Seymur Baycandır, Nərmin Kamaldır, Aqşin Yeniseydir, Günel Mövluddur, Sevinc el Sevərdir, hardasa-haralardasa elə Qan Turalıdır… Və bir də ən ardıcıllarından biri kimi İbo-dur, POL yaradıcısı İbo (Professional Oxucular Liqası); AYO bugün harda var… – ən səhih bilgini ondan, onun yazılarından ala bilərsiz…
Hə, dostum, bu ki: növbə AYB-dəydi, bəli, yaşamaq istər isə, gəncləşməliydi… Elə gəncləşdi də, 2004 qurultayında: gənclərin dostu Rəşad Məcid katib gətirildi, “Ulduz”un qoca redaktoru yenisi ilə əvəzləndi, nə vaxtdır AYB qapılarında post gözləyən bir para cavanlar (Qəşəm Nəcəfzadə, Ədalət Əsgəroğlu, Bəsti Əlibəyli, Qulu Ağsəs, İlqar Fəhmi, Əsəd Cahangir, Aydın Xan, Səlim Babullaoğlu və b.) rəsmən, həm qeyri-rəsmi postlara yiyələndilər. Daha oralarda kimlər var, nə qovğalar oldu, deyə bilməm; bir zamanlar Ədəbiyyat sevdasıyla lapdan “Ədəbiyyat qəzeti”nə düşdüyüm kimi, qəfil də bayırda qalmışdım axı. Yaşım qədər “Ədəbiyyat qəzeti”ndə stajı olan Ayaz Vəfalı demədimi: ağlın olsun, eləmə!, bir zamanlar peşman olassan…
Amma fakt faktlığında qalır: artıq Ədəbiyyat dartışmalarının o yanında – qosqocaman AYB civarlarında da, bu tərəfində – AYO qruplaşmalarında da üz-üzə duran cavanlar idi. Təzə əsr işini görmüşdü; və fərqi yox, o tərəfdə də, bu tərəfdə də daha şiddətlə mətn davaları gedirdi… Siz kiminləsiz axı, müsyö cavanlar? Yadındasa, dostum, son olaraq bu söhbət iki- üç il öncə qalxdı və birdəfəlik də söndü! Həm də necə: cavanlara sevgisini Rəşad Məcid və Rasim Qaraca bir-birlərinə aşkar nifrətlə bəyan etdilər, vəssalam. Həə, daş qayaya rast gəlmişdi axı; ikincinin “barışmazlıq” mövqeyinə  Rəşad Məcid təzə, “barış fəlsəfəsi” ilə qənşər durmuşdu: barışın, sizə vuruş təklif edənlərlə də barışın…
Hələ AYB-nin 2004-cü il qurultayı ərəfəsində proqnoz verməyə çalışmışdım; həmin formatda, “köhnəlmiş” AYB-nin son qurultayı olasıdır bu, – demişdim, – hansısa başqa görkəmdə, Gənclər Şurasınınmı simasında, ya gənclərin qruplaşdırdığı başqa şəkildə ola bilsin ki, olsun, amma o daha bu AYB olmayacaq… – deyə təxmin etmişdim. Hə, dostum, bəzən proqnozlarımı lağa qoyursan, indi özün de: mən deyən oldumu, olmadı? O zamandan ha strukturlaşır, dəyişir, rəngdən rəngə düşürsə də: bu Rəşad Məcidin Gənc Ədiblər məktəbidir, bu “Ulduz”da bacarıqlı-bacarıqsız əllər dərnəyidir, Q.Nəcəfzadənin “Pərvanə”sidir, Aydın Xanın növbənöv proyektləri, kulturoloji dərsləridir, S.Babullaoğlunun beynəlxalq Ədəbiyyat körpüləridir və s. və i. – AYB təzə qurultayına gəlib-çıxmır ki, çıxmır… Bugünlərdə 2014-ə atmaqla hətta Rəşad Məcid özü də ironiya etmədimi buna?!
2004-2014… Sərrastdır, deyilmi: AYB-dən ədəbi plüralizmə! Əslində, elə: “AYB-nin Rəşad Məcid epoxası” da demək olar buna, hə-mi, dostum? AYB – bir zamanlar alınmazlıq, əlçatmazlıq, kult mənziləsinə qaldırdığımız Ədəbiyyatın “qəbirqazıyanı” kimi… Bir az kobud metaforaya görə üzrlər, amma Anar müəllim həmişə demirmi bəs: AYB Ədəbiyyat yaratmır! Məncə, AYB-nin son, tarixi “missionu”nu o hamımızdan gözəl bilir və səbrlə-təmkinlə başa vardırır da. Hə, dostum, bugün Ədəbiyyat yaratmaqlığa ən az iddialı məhz AYB-dir; o da olsa-olsa Rəşad Məcidin, ya Çingiz Abdullayevin özgə tədbirlərində (məsələn, Milli Kitab Mükafatı müsabiqəsində) təmsilçiliyi səviyyəsində… Axı elə təkcə Gənc Ədiblər məktəbi deyil ki… Kamal Abdullanın gənclər üçün Yaradıcılıq fakültəsi var…  Xanəmirin Çölçülər qrupu var… “Yazı” dərgisində toplaşanlar var… Hələ internet aləmini demirəm; Kultazın benefisinə (http://kult.az/tehran-elisanoglu-kultaz-com-un-benefisine/), bu barədə çox bəhs açmışam: Kultaz var, Azadlıq radiosunun Oxu zalı var, Kulis.az-da QanTuralının başına yığışanlar var… Nə qədər də törəmə ədəbiyyat saytları, yazar bloqları, ədəbiyyat-ətrafı şəbəkələşmələr var… Həə, dostum, qocalırıq; indi kimsə yüksək Ədəbiyyat materiyasından söz açmır, hansısa Ədəbiyyat yaratmaq missionu uğrunda cəng-cədələ çıxmır… Eləcə hamı başını qarışdırıb, səssiz-küysüz, öz mərtəbəsində, öz ədəbiyyatını yaradır…
Bunu mən Nigar xanım Köçərlinin təzə layihəsi – “Ədəbiyyat şəbəkəsi”nin təqdimat mərasimində də söyləməyə çalışdım; bəs bir on il əvvəl Ədəbiyyat deyəndə, bilirsizmi, axx, nələr, kimlər yada düşür, baş-başa gəlirdi… Amma gənclər söylədiklərimi, çətin ki, anlaya, təsəvvür edəydilər… Bir qrup kitabsevər, ədəbiyyatsevər entuziastlar idi ki, “Əli və Nino” dükanının sahibi Nigar xanımın ətrafında “Kitab klubu”na yığışmış, indi də təsəvvürlərindəki kitabı, günün Ədəbiyyatını həyatın içinə daşımağı düşünürdülər…
Axx, nostalji! Hələ 1995-də “Ədəbiyyat söhbəti”ndə demirdimmi ki: yetmiş ilə (sovet dönəmində) təsəvvürlərimizdə qurulu Ədəbiyyat sarayı axıracan dağılmayınca… Və həyatın içinə, gerçəklərə enib hər şeyi təzədən başlamayınca, çarəmiz yoxdur… O şeyi ki, zamanın axarı, dünyanın gərdişi özü edəcəkdi, ömür sərf etməyə dəyərdimi?..
Qocalırıq, dostum, qocalırıq…

ann.az

Комментариев нет:

Отправить комментарий