Страницы

22.10.2012

Balaban

BalabanAzərbaycan musiqisinin yaşı çox qədimdir. O, uzun bir tarixi yolu qət edərək bu günümüzə kimi gəlib çıxmışdır. Xalqımızın malik olduğu bir sıra musiqi dəyərlərini zənginləşdirən bir çox amillər var. Bura əsrarəngiz muğam, aşıq sənəti və s. daxildir. Səsləri ilə dinləyicini bihuş edən xanəndələri müşaiyət edən alətlər sırasında balaban da yer alır.
Arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi aləti xalq arasında balaban və ya "Yastı" balaban adı ilə tanınır. Ucuna ikiqat yastı qamış müştük, ortasına isə xərək keçirilir. Xərəyin hərəkətə gətirilməsi alətin kökünü dəyişdirir.
Çox zaman qara zurna və sazla birlikdə dilləndirilən balaban həmin alətlərdə ifa olunan melodiyanın dəmkeşini tutur. Balaban nəfəsli musiqi aləti nağara və ya qoşa nağara ilə birlikdə zurnasız da çalınır. Azərbaycan xalqının nəfəsli milli musiqi aləti olan balabanın səsi indi də toy-mağarlardan, xalq çalğı alətləri orkestri və ansambllarından gəlməkdədir.
Balabanı Azərbaycandan kənarda tanıdan məşhur balaban ifaçısı Əlixan Səmədov xalqımıza məxsusu olan bu aləti qardaş Türkiyədə sevdirə bilib. Tarixi kökləri altıncı əsrə aid olan milli musiqi alətinin Azərbaycana məxsus olmasını sübut etməkdə böyük rolu olan Əlixan Səmədov ermənilərin bütün dünyada “duduk” kimi tanıtdıqları balaban ilə bir neçə ölkədə solo konsert proqramı ilə çıxış edərək, erməni plagiatlığını ifşa edib. Ə.Səmədov "Balaban metodu" adlı kitabın da müəllifidir.
Balabanın ifa imkanları çox genişdir. Bu alətdə muğamları, xalq mahnılarını, rəqsləri və instrumental pyesləri çalmaq mümkündür. Balabandan aşıq sənətində də geniş istifadə edilir. Balaban özünəməxsus gözəl və yumşaq səs tembrinə malikdir.
Balaban
Balaban
Balaban

Комментариев нет:

Отправить комментарий