Страницы

25.10.2012

Baletin incisi

Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan balet rəqqasəsi Qəmər Almaszadə 1915-ci il martın 10-da Bakı şəhərində, mama və çəkməçi ailəsində dünyaya göz açıb. Q. Almaszadə Tamara ləğəbi ilə də tanınır. Hələ uşaqlıqdan onda baletə həvəs oyanmışdı. Atasından gizli olaraq dostunun məsləhəti ilə özəl balet studiosuna yazıldı. Sonralar bu studio Bakı Xareoqrafiya Məktəbinə çevrilmişdi. Atası isə o zamanlar, onun idmanla məşğul olduğunu bilirdi. Amma bir neçə ildən sonra sirrin üstü açıldı. Atası əvvəllər qəzəblənsə də, sonralar teatra gizlicə gəlirdi və qızının çıxışlarında tamaşaçılar arasında tez-tez görünürdü.
1930-cu ildə Qəmər Almaszadə Xoreoqrafiya Məktəbini bitirib Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlayır. Bu arada həmçinin ali pedaqoji məktəbinə də daxil oldu. 1932-də Reynhold Qlierin "Şaxsənəm" operasında ikinci dərəcəli rola seçildi. 1933-də indiki Sankt-Peterburqda Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olur.
Orada məşhur balerina Qalina Ulanovanın anası Mariya Romanovanın sinfində oxuyurdu. 1936-cı ildə ali məktəbi bitirib, Bakıya qayıtdı. 1937-də Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının əsasını qoydu. Üzeyir Hacıbəyovun rəhbərliyi ilə Azərbaycan əyalətlərinə elmi səyahət təşkil edib ilk mənbədən xalq rəqsləri haqqında məlumat toplamışdır. 1939-da Bakı Xoreoqrafiya Məktəbində ilk rəqs dərsini dedi. Daha sonra həmin məktəbin direktoru oldu. 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin "Qız Qalası" baletində ilk professional çıxışını etdi. Sonralar Fransada, Hindistanda, Nepalda da çıxış etmişdir. 1970-da Bağdada İraq Xalq Rəqsləri ansamblını qurmaq üçün dəvət olunmuşdu. 1950-ci illərdə baleti tərk etsədə 1990-ci illərin sonunacan Bakı Xoreoqrafiya Məktəbinin direktori kimi çalışmışdır.
O, bir sıra Şərq ölkələrində professional rəqs ansambllarının təşkil edilməsi üçün təcrübə və bacarığını əsirgəməmişdir. Qəmər Almaszadə respublikamızın ictimai həyatında yaxından iştirak etmiş, Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir. Görkəmli balet ustasının keçdiyi parlaq və şərəfli sənət yolu daim yüksək qiymətləndirilmişdir. O, SSRİ Dövlət mükafatı laureatı olmuş, bir sıra orden və medallara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Qəmər Almaszadə 2006-cı il aprelin 7-də ömrünün 92-ci ilində vəfat etmişdir.

Комментариев нет:

Отправить комментарий