Страницы

22.10.2012

"Beynəlxalq Təşkilatlar Cənubi Qafqazda sülhün olmasında maraqlı deyillər"

Politoloq Mayis Güləliyev ilə müsahibə

- Cənubi Qafqaz dünyanın ən mürəkkəb bölgələrindən biri olaraq bilinir. Xarici oyunçuların maraqlarına aid olan daxili və xarici münaqişələr bölgədə bir-birinə qarışır. Bu həqiqəti nəzərə alaraq bölgənin ümumi vəziyyətini necə dəyərləndirmək mümkündür?
-Tarixən bu region müxtəlif güclərin maraqlarının kəsişmə nöqtəsi olub, bu gün də olmaqda davam edir. Lakin son 200 ildə regionun əhəmiyyəti xüsusi olaraq artıb. Bu onunla bağlıdır ki, 1) bütünlükdə Böyük Yaxın Şərq regionunun enerji ehtiyatları ciddi maraq kəsb edir; 2) enerji ehtiyatlarının tranzitində Cənubi Qafqazın əhəmiyyəti güclənib.
Yaxın 40-50 il ərzində bu iki fakt səbəbindən regionun diqqət mərkəzində olacağından xəbər verir. Enerji daşıyıcılarının azalması kontekstində regionda ciddi qarşıdurmalar ola bilər . Regionda son 20 ildə baş verən hadisələr belə qarşıdurmalar üçün əsas olduğundan xəbər verir. Azərbaycan və Gürcüstan ABŞ və Avropa İttifaqı ilə yaxın əlaqədə olsalar da iqtisadi cəhətdən Rusiyadan xeyli asılıdırlar. Bu asılılıq ilbə il artır. Ermənistan iqtisadiyyatı isə tamamilə Rusiya iqtisadiyyatından asılıdır.

-Avropa qurumlarına inteqrasiya Azərbaycan xarici siyasətinin prioritet məsələlərindən biridir. Bu yöndə Azərbaycanın izlədiyi siyasəti necə qiymətləndirirsiniz?
-Hər bir dövlətin, o cümlədən Azərbaycan dövlətinin əsas vəzifəsi öz vətəndaşlarının təhlükəsizliyini qorumasıdır. Burada ən geniş mənada təhlükəsizlik başa düşülməlidir. Yəni enerji və ərzaq, fiziki və bioloji, mədəni və mənəvi və sair təhlükəsizlik. Belə olan halda kiçik dövlətlər üçün, o cümlədən Azərbaycan üçün təhlükəsizliyi təmin etmək çətin olacaq. Belə dövlətlərin insan resursları, xüsusilə intelektual resursları, həmçinin təbii resursları kifayət etməyəcək ki, öz təhlükəsizliklərini təmin edə bilsinlər. Çünki yalnız təbii resursların intelektual resurslarla birləşməsi yuxarıda sadaladığım təhlükələrin qarşısını almağa imkan verə bilər. Odur ki, bir neçə ildən sonra qlobal problemlər region dövlətlərini, o cümlədən Azərbaycanı ciddi şəkildə “yaxalayacaq”. Bu problemlər hələ ki, sadə vətəndaşlara o qədər də bəlli deyil. Hələ ki, Azərbaycan öz enerji ehtiyaclarını öz ehtiyatları ilə trəmin edə bilir. Gürcüstan isə, tranzit ölkə kimi, Azərbaycan ehtiyatlarından faydalanır. Ermənistanın enerji təminatında Gürcüstan, Türkiyə, Rusiya və İran yaxından iştirak edir. Cənubi Qafqaz ölkələrinin ərzaq təminatı da digər ölkələrin hesabına baş verir. 10-15 ildən sonra Azərbaycan ciddi enerji problemi ilə üz-üzə dayana bilər. Beləliklə, yaxın gələcəkdə bu problemlərlə həm Gürcüstan, həm də Ermənistan qarşılacaq. Odur ki, bu üç Qafqaz ölkəsinin qarşısında dayanan problemlərin həlli onların özləri tərəfindən müstəqil həll edilə bilməz. Bu ölkələr həm enerji, həm ərzaq, həm də ekoloji problemləri həll etmək üçün “böyüməlidirlər”. Yəni onların həm insan resursları, həm də təbii resursları elə artmalıdır ki, qarşıdan gələn enerji və ərzaq problemini həll edərək öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilsinlər. Onların “böyüməsi” isə dörd alternativ variantla ola bilər. Birinci variant bu ölkələrin hamısının və ya hər hansı birinin Rusiya ilə konfederativ və ya federativ birləşməsidir. İkinci variant Türkiyə ilə, üçüncü variant Avropa Birliyi, dördüncü variant isə İranla konfederativ və ya federativ birləşmədir. Cənubi Qafqaz ğlkələrinin hər üçü Avropa Birliyinə cəhd edir. Lakin Avropa Birliyi onları qəbul etməkdə nəinki tələsmir, hətta düşünmür. Bunun ciddi səbəbləri var.

-AB Dağlıq Qarabağ münaqişəsinin həlli, ya da heç olmasa bölgədə gərginliyin aradan qaldırılması üçün nələr edə bilər?
-Hər hansı problemi, o cümlədən Dağlıq Qarabağ problemini həll etmək üçün bu problemin mahiyyəti öyrənilməlidir. Məsələn, Siz “Dağlıq Qarabağ probleminin həlli” deyəndə onun Azərbaycana birləşməsini nəzərdə tutursunuz. Ermənistan jurnalistləri “Dağlıq Qarabağ probleminin həlli” deyəndə onun müstəqilliyinin əldə edilməsini və ya Ermənistana birləşməsini nəzərdə tuturlar. Bəs Avropa Birliyi “Dağlıq Qarabağ probleminin həlli” deyəndə nəyi nəzərdə tutur. Bunu bilmək çox vacibdir. Onların “Dağlıq Qarabağ probleminin həlli” deyəndə nəyi nəzərdə tutduğunu mən kifayət qədər yaxşı anlayıram. Onlar “Dağlıq Qarabağ probleminin həlli” deyəndə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını nəzərdə tuturlar. Onlar üçün qətiyyən fərqi yoxdur ki, 1) Dağlıq Qarabağ müstəqil olur, 2) Azərbaycana qayıdır və ya 3) Ermənistana birləşir. Qaldı bu sülh üçün, yəni “Dağlıq Qarabağ probleminin həlli” üçün onlar nə edə bilər. Hazırda heç nə! Cünki indiki halda Azərbaycan tərəfi, “Dağlıq Qarabağ probleminin həlli “ kimi sülhü qəbul etməz. Sülh üçün işğal olunmuş torpaqlar azad edilməlidir. AB-nin bu problemin həllinə nə dərəcədə səmimi yanaşması digər müzakirənin mövzusudur.

- Xarici işlər naziri Elmar Məmmədyarov'un, BMT-nin Baş Assambleyasının 67 – ci sessiyasına qatılmasını necə dəyərləndirmək olar?
-Azərbaycan dövlətinin BMT Assambleyasında və ya hər hansı beynəlxalq tədbirlərdə aktiv iştirakı vacibdir. Mən belə əlaqələrə mühüm əhəmiyyət verirəm. XXI əsrdə Azərbaycan beynəlxalq tədbirlərin imkanlarından maksimum istifadə etməlidir.

-Sizcə, Beynəlxalq təşkilatların və dövlətlərin Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar fikirində hər hansı bir dəyişiklik müşahidə olunurmu?
-Beynəlxalq Təşkilatların əksəriyyəti Cənubi Qafqazda dayanıqlı sülhün olmasında maraqlı deyillər. Xüsusilə regionda enerji maraqları olan ölkələr və onların nəzarətində olan təşkilatlar region ölkələrinin asılılığını artırmaq üçün onların bir-biri ilə qarşıdurmasında maraqlıdırlar. Belə qarşıdurmalar həm region ölkələrində cəmiyyətlərlə hakimiyyət arasında birliyin olmasına mane olur, həm də region ölkələrinin inteqrasiyasına mane olur. “Parçala hökm sür” siyasəti Cənubi Qafqazda da aparılır.

- Bir müddət əvvəl Xocalı genosidinin tanınmasına dair qərar layihəsi İtaliya Parlamentinə təqdim edildi. Bu qərar layihəsi sizcə hansı proseslərin başlanğıcıdır?
-Ermənilər çalışırlar ki, Türkiyəyə qarşı “erməni genosidi” , Azərbaycan çalışır ki, Ermənistana qarşı “Xocalı genosidi” qəbul edilsin. Bu xalqlar, yəni həm azərbaycan, həm də erməni xalqları regionda marağı olan və regionu nəzarətdə saxlayaraq öz müstəmləkəçilik arzusunu reallaşdıran qüvvələrin fitnəkarlığının qurbanılarıdır. İnanın mənə, hər hansı ölkə qeyd etdiyim “genosidi” qəbul etməklə regiona ədalət və sülh gətirmək fikrində deyil, Əksinə onlar bunu etməklə regionu yalnız gərginlikdə saxlamaq istəyirlər. Onlar istəmirlər ki, bu iki xalq sülh şəraitində yaşasın. Belə olarsa, onda onlar ucuz neft və qazdan məhrum olarlar.

- Bölgədə izlənilən siyasəti nəzərə alaraq Ermənistanın siyasi və iqtisadi inkişaf perspektifləri ilə bağlı nə demək olar?
-Ermənistanın iqtisadiyyatı Azərbaycanla müqayisədə xeyli zəifdir. Bu təkzibolunmaz faktdır. Lakin Ermənistanın insan resursları ciddi çəkildə inkişaf edir. Ermənistanda elm və təhsil sürətlə inkişaf edir. Xüsusilə, gənc nəsil müasir texnologiyaları öyrənməyə cəhd göstərir. Ermənistanla digər ölkələrin, xüsusilə Rusiyanın elm və təhsil sahəsində əməkdaşlığı getdikcə möhkəmlənir. Bu bizi düşündürməlidir. Çünki insan resursları çox mühüm istehsal faktorudur və iqtisadi inkişaf əsasən ondan asılıdır.

- Sumqayıt hadisələrinin üzərindən 24 il keçdi. Keçən il ABŞ-lı konqres üzvü Adam Shiff Konqresdə bu hadisəni gündəmə gətirməyə çalışdı. Bu il Kalifornia Qanunvericilik Məclisində Sumqayıtda qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsi gündəmə gəldi. Sizcə, ermənilər bizi yeni qondarma Erməni soyqırımı təhlükəsi ilə üz – üzə qoymaq istəyirlər, yoxsa burda başqa məqamlar var?
-Qeyd etdiyim ki, ABŞ və bəzi Avropa ölkələri Türkiyəyə təzyiq etmək üçün 1915-ci il hadisələrini vaxtaşırı qaldırırlar. Sumqayıt hadisələri də bəzən gündəmə gəlir. Bütün bunlar yalnız və yalnız təzyiq vasitəsidir. Hətta Dağlıq Qarabağın bu günkü statusla fəaliyyət göstərməsi də Azərbaycana təzyiq vasitəsidir. Bütün bu hadisələr Ermənistan və Azərbaycan dövlətlərinin başı üstündə asılmış “Domokl qılıncıdır”. Bu ölkələrdən hər hansı biri ABŞ-ın “çaldığı hava ilə rəqs etməsə” bu qılınc işə düşəcək.

Oktay Hacımusalı                      kafkassam-merkez.com

Комментариев нет:

Отправить комментарий