Страницы

21.10.2012

“DAYAQ” seriyasından çıxan yeni şeir kitabları barədə

İbrahim Sel

Sayman Aruz, Ramin Cahangirzadə, Rəsul Yunan - öz sözü, öz üslubu olan qələm sahibləri haqqında

 SAYMAN ARUZ, “PALTARLARIM ADAMSIZDI”. Bu gün yaxşı yazıb-yaratmaq üçün yaxşı şəraitin olmasını tələb edən qələm sahiblərilə qətiyyən razılaşa bilmirəm. İstedad bir daş parçası üzərində də göyərir. Zənnimcə, insan hər şeydən əvvəl öz ləyaqətini qorumağı bacarmalıdır. Bernard Şou deyir ki insan kərpic kimidir, bişdikcə möhkəmlənir. Haqqında danışdığımız şair də nə qədər haqsızlıq görüb, ideya uğrunda apardığı mübarizədə amansız zərbələr ala-ala yetişib. Saymanın alın yazısı, tale qisməti belə olub. “Dur inqilab eyləyəlim,/ Dar ağacı, dar ağacı!”- deyən şairin mübariz, mərd-mərdanə həyat yolu yaradıcılığında da öz əksini tapıb. 
 Onu da deməliyəm ki, Sayman insanlığını şairliyində, şairliyini insanlığında təsdiq etmiş, sınaqdan çıxmış azsaylı dostlardan biridir. Haqqı, ədaləti hər şeydən üstün tutan Sayman bir azərbaycanlı kimi millətimizin fəxri övladlarındandır.
 Sayman Aruz istər həyatı, istərsə də yaradıcılığı ilə sübut edir ki, Azərbaycan ruhu yenilməzdir, basılmazdır. Xəlil Rzadan üzü bəri bu həqiqət müxtəlif poetik leksikonda səslənib. Türk atlarının nallarından qopan odlu qığılcımlar, savaş və cəng səslərinin yaratdığı qalibiyyət nidası, milli qürur, əzəmət və bahadırlıq təntənəsi zaman-zaman həmin o ölməz ruhun poetik marşınına çevrilib. Saymanın qələmində həmin o ruh çağlayır:

Vətən torpaq deyil, vətən daş deyil,
Vətən səni satan vətəndaş deyil.

Ruh kimi dolanır bütün canımda,
Qırmızı inamdır damarlarımda.

 “Mən kəlmələrin ilişmişəm dannağına”- deyən şairin lirik şeirlərində çox gözəl və oxunaqlı misralar var. Bunların arasında o qədər maraqlı, orijinal bənzətmələr var ki, bu günə qədər onları kimsədən eşitməmişəm. Məsələn, “Bulaşıq əllərimi/ həyatın başına çəkirdim”. Və yaxud: “Müharibə anlamını görgünən/ Uşaqsız bir oyuncağın gözündən”. Son misralar haqqında çox söz demək olar. Mən isə iki sözlə kifayətlənirəm: poeziya elə budur.

Qırmızı alma ye
Sev
Təbriz divarları qədər ucal.
Yalqızlıq qadındır
Dayanmadan sənə bağırır.
Sən isə
Yaralı ağac kimi
Cəngələ sığınırsan.

 Sayman Aruzun şeirlərində çağdaş şəhər ritmləri gen-boldur. O, Azərbaycanın şəhər estetikasını, məişət ritmlərini yazıya alan tək-tük şairlərdəndir:

Bütün şəhərlər Təbriz,
Bütün küçələr Miyar-Miyar.
Bütün adamlar sən,
Hərdən bir gəlirsən.
Yuxularımda uzanırsan
Mənsə öz bədənimi
Çətinliklə yada salıram.

 Sayman öz şeirlərini tipik Azərbaycan şairi kimi aşıq libasında, nağarada yox, sanki frakda, skripka ilə səsləndirir. Çox gözəl alınır. Tutaq ki belə:

Bir pəncərə ağac, 
Bir pəncərə yel,
Bir pəncərə dodaq,
Səni səsləməyə.

Bir divar əsarət,
Bir divar dözüm,
Bir divar üsyan,
Pəncərə açmağa.

 Klassik şeiri xatırladan sistem onda daha çox soneti xatırladır. İnanılmaz dərəcədə muzıkaldır Saymanın poeziyası. Şeirdə qafiyə sisteminin belə olması (daha doğrusu olmaması) ritmi heç də zəiflətmir, əksinə daha da gücləndirir. Çox güman ki şair bu şeirini standart klassik janrda yazsaydı, zəif olardı.
 “Gəl bərabər titrəyək, sevgilim,/ Mənim büzüşmüş dişiciyim,/ Ay tamamlanmayıbdır hələ!”. Onun poeziyasında müasir Avropa şeirilə Şərq şeirinin sintezi duyulur. Söhbət ondan gedir ki, Sayman iki mədəniyyətin, iki dünyagörüşün poetik modelini yaratmağa səy göstərir. “Paltarlarım adamsızdır” kitabında milliliklə dünyəvi çalarlar qovuşur. Amma burada elə yerlər var ki, Şərq poetik leksikonu şeirin bütün quruluşuna hakim kəsilir. Tam klassik libasda. “Dodaqlarında Ərəstu gərəkdi dərs oxuya,/ Baxışlarında Füzuli gərək qəzəl toxuya...”
 Amma əsasən sərbəst şeir ərazisinin adamıdır. Onun hətta hecada yazdığı şeirlər də nəfəs etibarilə sərbəst şeirin müxtəlif modellərini xatırladır.

Gözlərimdən kədərli insan keçir,
Ürəyimdən nəmişli zindan keçir.

Dodağımda ədəbli bir söyüş var,
Yumruğumda məhəbbətli döyüş var.

Qucağımda ümidsizlər yatırlar,
Sonra durub qucağımı satırlar.

 Əlbəttə, Saymanın bizi qane etməyən şeirləri də vardır. İnanmaq olmur ki, həmin şeirlər belə istedadlı şairin qələmindən çıxıb. Məsələn, bəzi məqamlarda şairin ifadə etdiyi fikri başa düşmək müşkül olur. Bir çox şeirlərdə şairin nə demək istədiyi oxucuya çatmır. Lakin bu nümunələrdə də şairin ürəyi döyüntülərini hiss etməmək olmur. Ona görə də elə bu şeirlər də oxucular tərəfindən maraqla qarşılanır.

Yatmaginən, oyaq olginən, gülüm,
Şairəm mən, qulaq olginən, gülüm.
Evimizdə pendir-çörək tapılar,
Getməginən, qonaq olginən, gülüm.

 Saymanın müraciət etdiyi mövzular olduqca rəngarəngdir. Lakin bu mövzuların içində Vətən həsrəti, yurd məhəbbəti başlıca yer tutur. Bu mövzuya qəsdən toxunmadım. Şair qəlbinin bir ömürlük yarasının qaysağını qoparmağa ehtiyac duymuram...
 RAMİN CAHANGİRZADƏ, “DAŞLAR”. Bu toplu mənim son illərdə oxuduğum ən gözəl çağdaş şeir kitablarından biridir. Ramin kimi şairlərin şeirləri yüngül və asan oxunar.
  “Bir ovuc torpağa dönsəm bağışla məni/ Verdiyin güllü dəsmalı bağlamışam yaralı qoluma”. Onun poeziyası axşamçağı mehi kimidir; hərdən çox qəribə, hərdən də heç bir qəribəlik doğurmayan bir ovqat yaradır. Bu iki hissin arasında çırpına-çırpına şeirlərin fikri-konstruktiv mahiyyətinə varmaq istəyirsən. 
 Bilirəm ki bu tipli şairlərin şeirlərindən söz açmaq o qədər də asan deyil. Gərək belə şeirlərin bəzilərinin düşündüyü kimi bir möcüzə yaratmadığına əmin olasan. Eyni zamanda düşünəsən ki bu şeirlər sənin hər gün oxuduğun, qulaqlarında misraları, qafiyələri döyənək olmuş şeirlərə də bənzəmir. “Daşlar” müasir Azərbaycan şeirinin artıq formalaşmaqda olan bir üslubi tendensiyasının ifadəsidir.
 “Daşlar” şeir kitabında müəllif yaşantılarımıza, iç dünyamıza işıq salır. İnsanlara, həyata sevgi aşılayır. Buradakı şeirlər bəzi məndə müxtəlif ovqat yaratdı. Qədim və ulu Muğanda doğulan bir insanın klassika bağçasından bircə gül dərməməsi təəccübə də səbəb olur. Amma onun şeirlərinin bir çoxunda dilimizin şirinliyini, zərifliyini özündə əks etdirən nəfəsi hiss edirsən. Onsuz da müasir gənclik öz müasir ruhlu şeirlərini hecasız yazır.
 Bəli, demək istəyirəm ki, Ramin müasir şairdir; şeirlərində modern ifadə vasitələri, deyim tərzi, köhnə, ənənəvi təsvir vasitələrindən imtina, ən başlıcası isə sözün müasir biçimi, seçimi və bunların fikir ardıcıllığına uyarlığı diqqəti cəlb edir. Təbii ki mən müasir sözünü “modernist” sözü ilə də əvəz edə bilərdim. Lakin “modernist” sözü “müasir” sözünün, anlamının tərkibindədir və əsl müasir şairlər elə modern şairlərdir.

Başına dolanıram,
Daşın oluram
Başıma düşürsən
Başımdan bitir daşlar

 Ümumiyyətlə, kitabı oxuyub bitirəndən sonra ilk təəssüratımı birinci növ təyini söz birləşməsi ilə ifadə etdim: müasir. Ancaq mən istəmirəm bu kiçik yazıda uzun-uzadı müasir şeir nədir sualına cavab axtaram, sonra həmin lepka ilə Raminin şeirlərini təhlil edəm. Qısaca deyim ki, müasir şeir hər bir arif oxucunun anlaya, dərk edə biləcəyi şeirdir, dövrün ritmini, zamanın xaosunu, həyatın reallıqlarını əks etdirir (dəxli yoxdur hansı formada). Müasir şeirdə miflə bu günün mistik möcüzələri, irreallıqla ən real həyat görüntüləri, zaman və zamansızlıq bir araya gəlir. Dünyanın obrazı yaranır və bu dünya obrazında Yer vətəndaşı şairin öz dünyasını seyr edirsən.

Parkda fiqur tutan daşlar
Birisinin qoltuğunda kitab
Birisinin əlində çəkic
Birisinin əlində oraq
Birisi mat-mat qabağa baxır
Birisinin belində tüfəng
Nə isti bilirlər
Nə soyuq
İllərdir yazıqlar
Olublar oyuq-oyuq

 Burada müasir oxucunun heç bir çətinlik çəkməyərək sanki gözlərinin qarşısında canlandıra biləcəyi bir tablo yaranır. Ümumiyyətlə, Ramin şeirlərində hiss və təəssüratla bağlı lövhələri “rəsm” etməyi çox sevir, daha doğrusu, onun hiss və duyğularının illüstrasiyası istər-istəməz oxucuya boylanır.
 Şair sözlə bir şeyin şəklini çəkəndə onun üzərində fotoqrafçı kimi yox, mahir bir rəssam kimi işləməlidir. Rəssam çəkdiyi hər bir şəkildə fikri neçə müxtəlif rənglərlə ifadə edirsə, şair də şeirdə fikri sözlərin vasitəsi ilə elə oxucuya çatdırmalıdır. Təkcə sözləri bir-birinin dalınca düzməklə kifayətlənməməlidir. Hər sözün işlənmə yerini zərgər dəqiqliyi ilə müəyyən etməlidir. Hətta nəyi, nə ilə müqayisə etdiyini də nəzərə almalıdır. Bu mənada Ramin Cahangirzadə mahir bir rəssam kimi gözlərimiz qarşısında dayanır.

Buruq-buruq buruldum
Sonra min bir kölgəm doğuldu
Bir-birinin ardınca düzülüb dayandı
Domino oyunu kimi birini aşırdım
Sonra aşa-aşa başa çatdım

 Onun poeziyasının özünəməxsus boyaları, məna çalarları və çeşidli rəngləri var. Deyir: “Balıqlar/ Sulardan çox daşları sevirlər”. Şeirlərində sadə sözlərlə poetik lövhələr yaratmağa çalışır.

Daş üstündə əyləşən qoca
Çəliyini göyə tutub
Tanrıdan yağmur istəyir

 Onun şeirləri ilk növbədə insanın qəlbini oxşamağa qadir bir tərzdə yazılıb. Həyat faktlarına onun xüsusi poetik yanaşması çox təqdirə layiqdir. Raminin poeziyası yaz səhəri kimi rəngarəngdir.

Fəsillər gələr
Çiynimizə qonar quşlar
Bitər ayağımızın altından çiçəklər
Əsən küləklər
Oturar üstümüzə toz-torpaq
Pəlmələr tutular
Buludların ürəyi dolar
Yağar yağış 
Yuyunarıq

 Raminin şeirlərinin daşlar barədə olan hissəsini sanki mələklər pıçıldayır qulağına, o isə sadəcə mələklərin səsində gələn sözləri yazıya çevirir: “Bu gecə yuxuda/ Buludların daş olmağını gördüm/ Başıma daş yağmasın deyə/ Dik atıldım”.
 Bu şeirdə bizdə dəbdə olan assosiativ şeirin bir qədər də mürəkkəb bir növü ilə qarşılaşırsan. Ayrı-ayrı şeirlərdəki qəribə, gözlənilməz təşbehlər, metaforalar da məhz əşya və hadisələrə, dünyada mövcud olan bütün varlıqlara yeni bir prizmadan boylanmağın nəticəsidir.

Daş baxışından daşa döndüm
İndi çalışma mənə bir söz deməyə
Daşlara söz batmaz deyirlər

 Nə ilə heyrətləndirir oxucunu müəllif? Hər şeydən öncə dünya səviyyəsində zəngin məlumat sahibi olması ilə, hər şairə vacib əxlaqı ilə. Dünya mədəniyyəti, tarixi və ədəbiyyatı sahəsində geniş məlumatı, əlavə olaraq həyata fəlsəfi baxış və romantiklik. Zatən ancaq çoxlu dəyərli mətnlər oxuyan bir insan bu qədər məlumat və mədəniyyət sahibi ola bilər.

Qəhqəhəmin səsində
Gizlənir kədərlərim
Ölürəm!
Dirilmək istəyirəm
Sakit bir ağac daxmasında
Sısqa işıq altında

 Cənub şeirlərini nəyə görə sevirəm? Çünki onlar çox səmimi yazırlar. Şeirlərdəki səmimilik onlarin qəlblərə zühur etməsi üçün kifayətdir. Xalis poeziyanin birinci şərti dogrudan da elə səmimiyyətdir. Bizim insanların ən böyük problemi səmimiliyi itirməsidir. Özü deyil bu gün çox adam; şairlərimiz özünü kiməsə oxşadır, yamsılayır, ona görə ədəbiyyat yorucu gəlir hamıya. Özünüz də görürsünüz, bu gün hər yazanın şerində həqiqilik olmur. Falş olur. Özünü başqasına oxşadıb, başqalarının təsiri ilə yaşayanların yazdıqlarında həyat aramaq, möcüzə axtarmaq sadəlövlükdür sadəcə.

Laylayım ucalsa üsyana dönər
Əriyib qurşuna çevrilər birdən
Mahnılar ucalar dilimdə yenər
Tərpədər dağları qopardar yerdən

 “Daşlar” şeir toplusunun Raminin poetik istedadının tam göstəricisi olduğunu söyləyə bilərik. Burda onun poeziyasının mənzərəsini bütünlüklə tamamlayan, fərdi üslubundan xəbər verən və öncə qeyd etdiyim müasir anlamına tam cavab verən şeirlər yer alıb. Hər hansı bir ədəbiyyat araşdırıcısı- tənqidçi üçün bu kitab poeziyamızın orijinal bir qütbü (tendensiyası) haqqında söz açmağa yetərlidir. 
 Qeyd edim ki, Ramin həmişə diqqətimdə olub: həm saytlarda, həm də “Alatoran” jurnalında dərc olunan şeirləri. Onun şeh damcıları tək büllur və zərif söz incilərini- lirikasını bütün gözəlliyi və dolğunluğu ilə əhatə etmək iddiasından uzağam. 
 “Can-nəfəs/ Ax həvəs/ Mənə bəs”. Kiçik bir yazıda bir şairin portretini çəkə biləcək qədər mahir rəssam da deyiləm. Lakin düşünürəm ki qismət olsa, Raminin yaradıcılığı haqqında nə vaxtsa geniş məqalə yazmalı olsam, daha çox onun söz sənətkarlığının incəliklərinə toxunmağa çalışacam.
 RƏSUL YUNAN, “MƏN ÇİN MƏHƏLLƏLƏRİNDƏ İTMİŞƏM”. Rəsul Yunanın şeirlərində qeyri-adi bir ruh, energetika vardır ki istər-istəməz duyulmaqdadır. Oxucuda yaranan rahatlıq, şeirdən aldığı ləzzət də elə o ruhu duya bildiyi ucun gəlir. Ruhsuz şeir zorla quraşdırılan, hiss və həyəcansız yazılan şeirdir. Düşüncə, hiss və həyacanlarla birləşəndə insan ürəyini ələ ala bilir. Bu cür yazmaq isə hər adama qismət olmur.
 Onun şeirləri elə “gəmiçilərin əski şarkıları kimidir”. Ən azindan oxuyanda yorulmursan, şeir bitən kimi şüurunda öz təsirini saxlayır.

Bu mahnı bitməməlidir
Sükut insanları boğar
Bu bulaq kəsilməməlidir
Qəlblərdə açan qərənfillər
Susuzdan ölər
Sevməyi unutmasan
Bütün gözəl şeyləri
Xatırlayacaqsan!

 “Yol” və “Hər nə var” şeirləri ideal poetik nümunələrdir. Bu şeirləri oxuduqca insanın varlığına bir nur yayılır və şeirlər bitdiyi zaman o təəssüratdan qopub ayrıla bilmirsən. Vaxt bulunca oxumaq deyil bu misralara münasibət, daxili ehtiyacını- o işığa, nura olan ehtiyacını ödəmək üçün dönə-dönə qayıtmalı olursan bu misralara.

Gözəlim! Haqlıdı günəş doğmasa
Sənsiz bu dünyada nəyə güvənsin?!
Haqlıdı bu payız oda çevrilib
Qarğalar səsində külə bələnsin.

 Rəsul Yunanın şeirlərinin formasını, janrını müəyyən etmək çox çətindir. O, heç vaxt qafiyəyə, janra görə ürəyindən gələn sözləri, fikirləri çərçivəyə salmır. Şair klassikadan bəhrələnsə də də, şeiri cəsarətlə, ürəyinin dediyi kimi yazır.

Gözəl bir mahnıydın yay axşamında
Batmışdın bağların sərinliyinə
Gördün çox sevirəm, birdən kəsildin
Qayıtdın sazların dərinliyinə

 Klassik sevgi şeiri tələblərinin bütün qanunlarını pozan müəllif öz dünyasının şeirini yaradıb. Ürəyimə yatan sevgi şeirləri papkasına kopyaladım bu parçanı da. O dəqiqə də əzbərləyə bildim. Yəqin elə o vaxt da bu səhifənin küncündən qatlayıb ayırmaqla nə vaxtsa şeiri əzbərləməyi planlaşdırmışam. Ən əsası isə, çətinlik çəkdiyim yazını bu şeiri yenidən oxuduqdan sonra asanlaşdırdım.
 “Tankların borusundan/ həm cənnətə yol var/ həm də cəhənnəmə”. Məncə müəllifin bu kitabını qarşına qoyub oxuduqca birinci şeirdən sonuncuya kimi sanki uzun bir yol keçirsən- Tanrıya doğru aparan sonsuz bir yol. Müəllif bu yolda əsil mənasında sarvana çevrilir, əlindən tutub aparır oxucunu. Şeirdən-şeirə mistikaya bir addım daha da yaxınlaşdığını qəlbindəki xoş bir hissdən belə duyursan. Sanki qalaktik küləklər uzaqlardan bu yana toxunur üzünə, sirayət edir qəlbinə.
 “Yer üzündə çox adların mənası yoxdu/ Və çox məna var ki adsızdır”. Onun şeirlərində misralar çılpaq deyil, örtülü, pərdəlidir. Ən adi, ən sadə həqiqəti belə şair elə incə bir tülə bürüyüb təqdim edir ki sözün sehri adamı məftunlayır. 
 Rəsul Yunan içindəki dağınıqlığı, xaosu bədii sözün vasitəsilə sahmana salmağa, düzənləməyə çalışır; böyük olacağına, həyatının haçansa nizama düşəcəyinə inanır. Yolun o başına çatmağın əsas ana xətti də var. Bu yola düşüb yürümək hamıya qoşulmaqdır, müdafiə olunmaqdır. O hamıya qoşulub təkrarlanmaq istəmir; öz daxili imkanlarından arxayındır, öz bildiyi tərzdə irəliləmək istəyir.

Ölmüş bir ağ at
Paslı bir tapança
Sınıq bir güzgü
Qoca bir qanqster
Şeirimdən keçir

 Bir çox şeirlərinin dili olduqca sadədir. Şair daha çox adi şeylərdən yazsa da, ancaq onu çox gözəl bir dillə təsvir edir ki, adama elə gəlir olduqca dərin bir mövzuya toxunub.

Yalnız qaranlıq bilir
Ay nə qədər işıqlıdır
Yalnız torpaq bilir
Suyun əlləri
Nə qədər həyat bağışlayandır
Çörəyin ən düz mənasını
Yalnız ac adam bilir

 “Mən Çin məhəllələrində itmişəm” kitabında yer alan şeirlər bir-birindən maraqlı, bir-birindən mənalıdır; hansından yazasan, bilmirsən. Ən yaxşısı, düşünmək istəyən, zövq almaq, ilhamın şəffaf rənginə boyanmaq istəyən hər kəs özü oxusun bu şeirləri.

Yalqız adamın rəsmi
rəsmdə görünməyən
paslı pianodur
Yalqız adamın rəsmi
əsən yeldir
solğun ay

 Sonda “Yağış türk dilində yağır”- yazan şairimizə bunları demək istəyirəm: Sən əsl şairsən, dilimizə, ədəbiyyatımıza layiq insansan. Öz üslubu, öz dünyaduyumu, öz sözü olan qələm sahibisən. Sənə uğurlar arzulayıram. 
 Nə yaxşı ki, ədəbiyyatımızda sizin kimilər var.

Комментариев нет:

Отправить комментарий