Страницы

28.10.2012

Ədəbi müstəvidə ölüm - Narıngül

...Başqa bir savaş meydanı da var. Meydan  deyəndə ki, eləcə müstəvidir, yəni simvolik proyeksiya. Amma döyüş sözü hər mənada öz ampulasındadır. Bu müstəvidə əsəblər gərginləşir, üz əzələləri tarima çəkilir, hiss və emosiyalar qəzəb paltarını geyinir, alov uzaqdan adamı qarsıyıb yandırır. Əsəbi barmaqlar diyircəkli qələmin, yaxud klavşinin quzu kimi yumrulanıb yan-yana uzanmış düymələrinin üstünə uzanır:    “Qələm barmaqların altında tətik”.
Uzaqdan döyüş səsləri eşidilir. Amma güllə gözə dəymir, qurğuşun iyi, kükürd filan da yoxdur. Burda tərəflər bir-birinə güllə əvəzinə söz atırlar. Burda yazar-yazara qarşı vuruşur. Yazar-yazarı axtarıb  tapır, ən yaxın hədəf kimi, ən uyğun nişangah kimi... lap elə doğması kimi. Bir-birlərini yaxşı tanıyırlar axı... Bilirlər ki, cəzası yoxdur.

Bu müstəvinin öz terroristləri, öz bombardirləri var. Silah birbaşa ürəyə tuşlanır. Bir-birini ardınca bir neçə zərbə... əlavə kömək... hücum, taktika. Sonra nisbi sakitlik yaranır. Bir də baxırsan ki, böyük bir roman yazılıb qoyuldu ortaya. Atəşkəs dövrünün romanı. İlk cümləsini oxuyan kimi görürsən, sözlər əsl mənada müharibədən çıxıb, şil-küt olub. Cümlələr sınıq-salxaq, fikirlər dağınıq, üslubdan barıt qoxusu gəlir. Dərhal hiss olunur ki, müharibə məhsuludur, şinelini soyunmayıb. Yanında da silahı. Bircə sözünə, cümləsinə toxunmaq istəsən, sənə atəş açacaqlar, döyüşə çəkəcəklər.
Görürsən ki, heç müdafiə olunan tərəfin də əsəri “xoşbəxt” gündə deyil. Burda da səngər qoxusu, vaxt azlığı, təlaş, ehtiyat tədbirləri...
Yazar-yazara qarşı vuruşur. Hər an hücum təhlükəsi var. (Yazarın – yazardan başqa düşməni yoxmuş).
Hərə öz işində-gücündədir...    
Mən heç... Mən məsafə və sülh adamıyam. Taktika, hücum, filan bacarmıram ki, vuruşam. Heç ədalət də axtarmıram. Harda axtaracağımı bilmirəm, tapacağıma da inanmıram. Eləcə özüm  bacardığım qədər ədalətli olmağa çalışıram, vəssəlam!
Pəncərəmi günəşə açıram. Hər tərəf yaşıldır. Yaşıl yarpaqların ömrünə calanmaq, yazın əsl dadını çıxartmaq istəyirəm. Cəhənnəm olsun hər şey: savaş, mübarizə,vasvasılıq. Qələmi əlimə alıram. Yox, bir az da sürətlə yazmaq keçir könlümdən. Kompüterə yaxınlaşıram.
Aha... bir də baxıram ki, mənə tərəf güllə tuşlanıb. Deyəsən, hədəfdəyəm axı. Neyləmişəm görəsən. Məşhur bir türk mahnısında deyildiyi kimi: ”Ben nerde, nerde yanlış yaptım”.
Hə, yadıma düşdü. Fasebook səhifəsində bir xanım yazarın yazısına kişik iradımı bildirmişdim. O da öz növbəsində  “kiçik” bir eyhamla xəbərdarlıq edib. Bunlara söz demək olmaq axı... heysiyyətlərinə toxunur, söz götürmürlər. Halbuki həmin xanım kimi istəsə geninə-oluna təhqir edir, hardan istəsə zərbələr endirir. Deyir ki, ədalət axtarıram, tapanda susacağam, daha heç nə yazmayacağam.. Nə bilim vallah...
Kompüteri söndürüb pəncərəyə yaxınlaşıram. Təbiət elə əsrarəngiz, elə sirlidir ki... Günəş o qədər parlaq və ehtişamlı, zaman o qədər sürətlidir ki, az qalırsan müvazinətini itirəsən. Birdən diksinirəm. Baxıram ki, qələm əlimdədir. Bir də görürəm  ki, müstəviyə doğru dartınıram. Bu nədir? Yenicə ürəklə qoşulduğum fərəh və sevinc dolu izdihamdan zorla, insafsızcasına  qoparılıram.
-Yox, istəmirəm, mənlik deyil. Ya səbir! Mən istəmirəm! Allah, özün səbir ver... Ürəyimi, əllərimi buraxın! Əllərim... barmaqlarım...  incidir... Yaxşı-yaxşı, təslim oluram.
Yenidən yazı masamın arxasına keçirəm...
Xoş gəldin, ölüm!

publika.az

Комментариев нет:

Отправить комментарий