Страницы

26.10.2012

Günel Eyvazlı - Nə asan məni unutmaq

Mən

Mən.
Həyatın küləyi qarşısında dayanmağı bacaran tək ağac.
Ağır yükü çiyinlərində daşıyan cəngavər
Əlini qarla isidən yoxsul.
Dünyanı qucağında daşıyan ana.
Əli boşluqlara toxunan kor.
Taleyindən edam edilmiş kəs.
Eyibsiz, əlçatmaz kölgə.
Keçmişin uşağı,
Bu günün sualı.


Çay

Buralardan keçən çay.
Sən düzənlik qucağında yeni yollar axtarırsan.
Cığırlarda nabələdlik, yoxuşlarda çınqıllar var.
Yol açırsan yamaclara, yamaclar da sənin deyil.
Bacarırsan, dağlara ax.
Gur çaylara qovuşarsan.
Axtardığın bol suları, bəlkə orda tapacaqsan.
Məndən məsləhət soruşma,
Mən bilmirəm.
Özüm yolun kəsiyində
Bir qətlə su dilənirəm.


ASAN

 Nə asandır,
 Addımını geri çəkmək.
 Qapıya yaxınlaşanda
 Heç açmamaq, toxunmamaq.
 Dönüb düşmək pillələrdən
 Aşağıya.

 Nə asandır,
 Söz deməmək.
 Yoxsul sükut.
 Susmaq, susmaq.
 Bütün sözlər əvəzinə
 Danışmamaq.

 Nə asan məni unutmaq.
 Nə uzaqdan, nə yaxından
 Soruşmamaq.
 Çox asandır, asand olmaq.

Комментариев нет:

Отправить комментарий