Страницы

27.10.2012

“Özümü Stalinin üstünə atdım”

Bu yaxınlarda Rusiya federal xidməti general Nikolay Vlasikin arxivlərini açdı. Arxivdə generalın gündəlikləri və xatirələri də var. Əlbəttə ki, bütün xatirələr və gündəliklər Stalinə həsr edilib.
Çünki Vlasik hər kəsdən uzun müddət (1931-1952) Stalinin cangüdənlər dəstəsinin rəisi kimi çalışıb.
Vlasik Nikolay Sidoroviç (1896-1967), general leytenant. Kasıb kəndli ailəsində, Qrodnensk quberniyasının, Babiniçi kəndində anadan olub. 1919-1920-ci illərdə dövlət təhlükəsizlik orqanlarında çalışıb. 1931-ci ildə Stalinin şəxsi cangüdəni olub. 1946-1952-ci illərdə SSRİ Milli təhlükəsizlik Nazirliyində Baş mühafizə idarəsinin rəhbəri kimi çalışıb.

1952-ci ilin mayında vəzifəsindən azad edilərək Sverdlovsk əyalətinə göndərilib. Orada Bajenovs islah- əmək lagerinin rəhbəri olub. 1952-ci ilin dekabrında həbs edilib, 1955-ci ildə 10 il sürgünə məhkum edilərək, general rütbəsindən və medallardan məhrum edilib. Amnistiyaya düşdükdən sonra sürgün müddəti azaldılaraq 5 il olub. 1956-cı ildə əfv edilib, lakin hərbi rütbəsi bərpa edilməyib. Yalnız 2000-ci ildə bəraət qazanaraq rütbə və mükafatları ailəsinə geri qaytarılıb.
Bu da general Nikolay Vlasikin xatirələrindən seçmələr.

“ 1927-ci ildə Lubyank komendaturasına bomba atıldı. Mən həmin vaxt Soçidə məzuniyyətdə idim. Rəhbərlik məni təcili olaraq çağırdı. Mənə Kremldə ÜFK-nin (Ümumrusiya fövqəladə komissiyası) xüsusi bölməsinə rəhbərlik etmək, o cümlədən Stalinin şəxsi cangüdənlər dəstəsinə xüsusi diqqət göstərmək tapşırıldı.
Həmin vaxta qədər Stalinin yanında yalnız məzuniyyətlər vaxtı onu müşaiyət edən bir cangüdən olurdu. Bu litviyalı Yusis idi. Mən Yusisi çağırıb onunla Stalinin adətən dincəldiyi Moskva yaxınlığındakı bağ evinə getdim.
Bağ evinə gedib, hər şeyi öyrəndikdə gördüm ki, orada tamamilə qarışıqlıq hökm sürür. Nə alt paltarı vardı, nə qab-qaşıb nə də xidmətçilər. Bağ evində yalnız bir komendant yaşayırdı. Yusisdən öyrəndim ki, Stalin yalnız bazar günləri ailəsi ilə bu bağ evinə gedirmiş və özləri ilə Moskvadan apardıqları buterbrodlarla qidalanırmışlar.
Mən işə bağ evinə pal-paltar və qab-qaşıq göndərməklə başladım. Sonra bağ evinin yaxınlığındakı sovxozla danışdım ki, ora ərzaq göndərsinlər. Bağ evinə aşpaz və xidmətçi də göndərdim. Moskva ilə telefon əlaqəsini bərpa etdirdim. Yusis qorxdu ki, bu yeniliklər barədə Stalinə xəbər versə o qəzəblənər, ona görə də xəbər verməyi mənə həvale etdi.
Kremldə Stalinin ailəsi ilə yaşadığı mənzildə ev işçisi Karolina Vasilyevna və xidmətçi də qalırdı. Stalin üçün yemək kreml yeməkxanasından aparılırdı.
Stalin ailəsi ilə (arvadı Nadejda Alliluyeva, qızı Svetlana, oğlanları Vasiliy və Yakov) çox sadə yaşayırdı. Köhnə, əməlli başlı sürtülmüş paltoda gəzirdi. Naddejda Sergeyevnaya təklif etdim ki, onun üçün yeni palto tiksin. Amma bunun üçün o ya ölçü götürməli idi ya da köhnə paltonu götürüb eynilə onun kimisini tikməli idi. Ölçü götürmək mümkün olmadı, çünki Stalin dedi ki ona yeni palto lazım deyil. Amma biz yenə də yeni palto tikdik.
Nadejda Sergeyevna (Stalinin xanımı) çox nadir hallarda nəsə istəyirdi. Sadə geyinirdi. O Akademiyada oxuyurdu və vaxtının çoxunu uşaqlara ayırırdı.
Stalin adətən səhər saat 9-da dururdu. Səhər yeməyini yeyib saat 11-də Mərkəzi Komitədə işə gedirdi. Naharını işdə edirdi, yeməyi onun kabinetinə Mərkəzi Komitənin yeməkxanasından aparırdılar. Bəzən Kirov Moskvaya gedəndə onlar birlikdə evə nahar etməyə gedirdilər. Tez-tez gecə yarısına qədər çalışırdı. Xüsusilə də Leninin ölümündən sonra trotskiçilərlə mübarizə aparılan vaxtı çox çalışırdı. Stalin çox vaxt gecə saatlarına qədər Mərkəzi Komitədəki kabinetində oturub “Leninizm sualları” kitabı üzərində çalışırdı. Adətən işdən evə piyada qayıdırdı. Yanında tez-tez Molotov olurdu.
1933-cü ildə Stalinin xanımı faciəli şəkildə (Nadejda Alliluyeva özünü güllə ilə vurub) öldü. Stalin həyat yoldaşı və dostunun vəfatını ağır keçirdi. Uşaqlar hələ balaca idilər, Stalin işi ucbatından onlara vaxt ayıra bilmirdi. Uşaqların tərbiyəsini Karola Vasilyevnaya tapşırası oldular.
Uşaqlar böyüyəndə onların məsuliyyəti qismən mənim də çiynimə düşürdü. Svetlana, atasının sevimli qızı yaxşı oxuyurdu və ciddi idi. Vasiliy elə də yaxşı oxumurdu, daha çox kənar şeylərə məsələn at sürməyə meyl edirdi. Onun hərəkətləri barədə tez-tez qorxa-qorxa Stalinə şikayət etməli olurduq. Stalin oğlanlarına sərt davranırdı. Onları tez-tez cəzalandırırdı.
Payızda, adətən avqust-sentyabr aylarında Stalin ailəsi ilə cənuba gedirdi. O məzuniyyətini Qara dəniz sahillərində, Soçidə və ya Qaqrda keçirirdi. Adətən iki ay cənubda qalırdı. Soçidə istirahət edərkən bəzən maçestinsk vannası da qəbul edirdi. O çox oxuyurdu, siyasi və bədii ədəbiyyatı izləyirdi. Cənubda olarkən adətən dənizdə katerlə gəzməklə, kinoya getməklə, bilyard oynamaqla əylənirdi. Bilyardı onunla birlikdə bağ evində yaşayan işçilərlə oynayırdı.
Əksər vaxtını isə bağa ayırırdı. Soçidə yaşayarkən bağında çoxlu limon və mandarin əkirdi. Ağaclarla həmişə yalnız özü maraqlanırdı, ilk meyvələr olanda çox sevinirdi.
Stalin yerli əhalinin malyariyadan əziyyət çəkməsindən olduqca narahat idi. Onun təklifi ilə Soçidə çoxlu sayda ekvalipt ağacları əkildi. Bu ağaclar virud daşıyıcılarını məhv etmə qabiliyyətinə malik idilər.
Çxaltiboya çatdıq. Bu bina Mərkəzi Komitənin və Gürcüstan Sovet Respublikasının nazirlər ittifaqının işçiləri üçün istirahət yeri idi. Stalin şəxsən Gürcüstan MK-nin baş katibi Çarkvianiyə tapşırmışdı ki, o Çxaltuboda dincələcək, sonra Borjomiyə gedəcək. Çarkviani Stalinə demişdi ki, bağ evi səliqəyə salınıb. Lakin bina o vəziyyətdə idi ki, yaşamaq mümkün deyildi. İsti su üçün iki qazança olsa da işləmirdilər. Qapıların heç birinin bağlanma yeri yoxdu, varsa da paslanıb. Borjomidə də vəziyyət eynidir. Hər yer çirklidir, hər otaq. Stalinin istirahəti üçün hər şeyi normal vəziyyətə salmaqdan ötrü çoxlu işləmək lazım gəldi. Lakin iki günlük dəhşətli istilərdə işlədikdən sonra istirahət verilməli olduğu vaxt yoldaş Stalin bizə hirsləndi ki, ölkə rəhbəri üçün ən adi rahatlığı təmin edə bilmirik. Ürəyim sıxıldı. O hirslənirdi və bizdən tez səliqə yaratmağı tələb edirdi. Biz çox yorulmuşduq, əgər yerlilər kömək etməsəydilər biz çətin ki bu işin öhdəsindən gələrdik.
Stalin hamıdan çox Kirovu sevirdi. Yoldaş Kirovun Moskvaya və ya cənuba gedişi Stalin üçün əsl bayram idi. Kirov adətən bir-iki həftəlik gəlirdi. Stalinin mənzilində qalırdı. Stalin demək olar ki, ondan ayrılmırdı.
1934-cü ilin 1 dekabrında Kirov Leninqradda öldürüldü. Stalin bu xəbərdən sarsıldı. Onunla birlikdə Leninqrada getdim, hiss edirdim ki, yaxın dostunun itkisindən sarsılıb.
Bu şərəfsiz qətl bir daha göstərdi ki, Sovet hakimiyyətinin düşmənləri hələ məhv edilməyiblər və istənilən anda zərbə vurmağa hazırdırlar. Yoldaş Kirov xalq düşmənləri tərəfindən öldürüldü. Onun qatili Leonid Nikolayev deyib: “ Bizim atəşimiz Sovet hakimiyyətinə qarşı ölkənin daxilindəki
partlayışdan xəbər verməlidi idi.”
1934-cü ildə Molotovun həyatına sui-qəsd edildi. Molotov və yoldaşları möcüzə sayəsində sağ qaldılar.
1935-ci ilin yayında Stalinin həyatına da sui-qəsd edildi. Bu o cənubda olarkən baş verdi. Stalin Qaqrda dincəlirdi. O Yaqodun hədiyyə etdiyi (Xalq daxili işlər komissarlığının rəhbəri) balaca katerdə Qara dənizdə üzürdü. Yanında bircə mən vardım. Sahilə çatdıqda biz dincəldik, yedik, gəzdik və bir neçə saat orada olduq. Sonra katerə minib evə tərəf yola düşdük. Piçunda tərəfdə mayak var. Mayakın yanında isə sahil mühafizəçilərinin postu yerləşirdi. Buxtanı dönüb Qaqr tərəfə üzəndə sahildən güllə səsləri gəldi. Bizə atəş açırdılar. Tez özümü Stalin tərəfə atıb onu bədənimlə örtdüm. Digər qayıqlardan sahilə pulemyot atəşi açdıq. Bizim katerə olan atəş səsləri susdu.
Kater çox pis düzəldilmişdi. Deyəsən Yaqodun şəxsi təşəbbüsü ilə onu zəif düzəltmişdilər. Sahilə güclə çatdıq.
İstintaq zamanı katerə atəş açan şəxs dedi ki, katerin nömrəsi yad idi bu da ona şübhəli görünüb. Ona görə də atəş açıb. Amma bu inandırıcı deyildi, çünki biz sahildə ikən onun hər şeyi aydınlaşdırmağa kifayət qədər vaxtı vardı.
1947-ci il idi. Stalin məni çağırdı və dedi ki, cənuba həmişəki kimi qatarla deyil Xarkova qədər qatarla sonra isə maşınla gedəcəyik. Hesab edirdim ki, maşınla o qədər yol onunçün əzablı olacaq. Bu səyahətdən imtina etməsi üçün onu inandırmağa çalışdım. Amma o heç dinləmək də istəmədi.
Xarkova qədər fasilələrlə getdik. Stalinlə birlikdə yemək yeyirdik. Sonra maşın xarab oldu. Stalin dedi ki, piyada gedəcək, maşın düzələndə ona çatarıq.
Sonra Stalin ZİS-110 maşınına mindi. Maşın çox xoşuna gəlmişdi. Sonralar məzuniyyət vaxtı yalnız bu maşınla səyahət edərdi. Pis yollara baxmayaraq biz Moskvadan axşam çıxdıq. Bütün gecəni getdik. Stalin az yatırdı, yalnız iki saat və özünü yaxşı hiss edirdi. Danışıq zamanı dedi ki, maşınla getməkdən çox razıdır çünki çox şey görə bilib. Dedi ki, şəhərlərin tikildiyini, ərazilərin təmizləndiyini görüb, kabinetdə bunu görmək olmur.
Stalin əlavə etdi ki, Moskva yolunu da düzəltdirmək lazımdır. Yolu bir neçə hissəyə bölmək, ora mühafizəçilər qoymaq, onlara ev, ərazi vermək lazımdır ki, yolun qayğısına qalsınlar.

presspost.az

Комментариев нет:

Отправить комментарий