Страницы

01.10.2012

Sayman Aruz - Payız

Payızın rənginə bürünüb zaman
Acı qəhvə kimi ağzımı büzür.
Məndə kimsə var ki, yaman ağrıyır
Məndə kimsə var ki, hələlik dözür...

Gülməyin dibində bir ağlamaq var
Şübhənin içində bir acı gərçək.
Bizim sevgimiz də tamamlanacaq
Yarpağın ağaca xəyanəti tək!

Ağzımdan yapışıb hansısa bir əl
Gözümdən yağıram payızlı şeir.
Mənim kədərimi anlatmaq üçün
Dərin olsa belə dayazdı şeir!


Kaş payız təqvimdən çıxıb gedərdi
Payız fəsil deyil, sarı kədərdi
Ağzında siqaret, lap özüm kimi
Məni səndə alan bir gicbəsərdi!

Həyat qəhvə kimi acı və qara
Olsa da falında pəncərə çıxıb...
Sevin! Yox, sevinmə, biz aşiqlərin
Evini həmişə pəncərə yıxıb!

35 ildir ki, bu şair dözür
35 ildir ki, bu şair yanır.
Məni soruşsalar deyin hər axşam
Kaffelr küncündə inqilablanır...

Qışa uduzmuşam təqvim oyunun
Gedirəm şaxtası yerimə gəlsin.
Sənə uduzmuşam sevgi qumarın
Gedirəm başqası yerimə gəlsin!

Tüstüyə bürünmüş kafe kimiyəm
Həyatım da nəsə özümə taydı.
Bu uzun, bu soyuq qışın sonunda
Kaş ki, doğurdan da bahar olaydı!

Əllərim cibimdə, sən də ki, yoxsan
Ağzımda siqaret, acıdır dilim...
Mən də payız kimi çıxıb gedirəm
Gələn payıza dək,  sağ ol sevgilim!

Комментариев нет:

Отправить комментарий