Страницы

31.10.2012

Yaxşılıq qapı açar

Akif Abbasov

Qanlı-qadalı müharibə illəri idi. Cəbhədə ağır döyüşlər gedirdi. Qara xəbər hər gün neçə-neçə evin qapısını döyürdü. Camaatın müharibə törədənlərə nifrəti aşıb-daşırdı. Hamı bir qarın ac, bir qarın tox dolanırdı. Arxa cəbhədə adamlar səhərdən axşamadək çalışırlıdar. Kənd yerlərində əkin-biçin olduğundan şəhərdə yaşayanlara nisbətən onların güzəranı pis deyildi. Gətirib məhsullarını bazarda satır, əyin-baş, ərzaq alırdılar. Şəhərdə möhtəkirlər hər şeyi od qiymətinə verir, kefləri çağ yaşayırdılar. Elə bil müharibə onlara aid deyildi. Neçə-neçə evdə uşaqlar: «Ana, acmışam, çörək ver, yemək gətir. Ana, soyuqdur, üşüyürəm!» - deyə zarıyırdı. Hərə öz hayında idi. Kim bilir, müharibə hələ nə vaxt qurtaracaqdı.

Bazarın tinində dayanmış Sahibə altı ay olardı ki, ərinin qara kağızını almışdı. Evdə nə vardısa hər şeyi satmışdı. Gümanı heç nəyə gəlmirdi. Neft qurtarmışdı. Nə çörək vardı, nə qənd, nə də quru çay. Qohum-qonşunun üstünə getməyə də üzü gəlmirdi. Onlar da yaman gündə idilər. Ev soyuq, uşaq ac idi. İş tapmaq ümidi ilə neçə-neçə idarəni dolaşmışdı. Adicə xadimə vəzifəsinri təklif edən də tapılmırdı. Əynindən çıxartdığı nimdaş paltarını səhərdən bir neçə adama göstərmişdi. Alan tapılmırdı ki, tapılmırdı. Baxır, sonra başlarını bulayıb yollarına düzəlirdilər. O, paltarı su qiymətinə satmağa da razı idi. Lakin insafa gələn yox idi. Odur ki indi qanıqara dayanıb durmuşdu. Özü də bilmirdi ki, nə qədər gözləməli olacaq. Bütün bunlar azmış kimi bir yandan da bayaqdan addım-addım onun dalınca düşən, dayananda isə ayaq saxlayıb onu gözdən qoymayan eynəkli cavan oğlan Sahibəni haldan çıxarırdı. Sonra elə bil qadın yatmışdı, ayıldı. Gəncə qanı qaynadı: «Pis oğlana oxşamır. Əlacım nədir?! Bəlkə köməyi dəydi» - deyə fikirləşdi.
Cavan oğlan da qadının üz cizgilərinin dəyişdiyini gördü, başa düşdü ki, «yumşalıb». Bu onu ürəkləndirdi.
Sahibə əbəs yerə burada vaxt itirdiyini anlayıb bazardan çıxdı və evlərinə doğru getməyə başladı. Məhəlləyə az qalırdı. Qadın gəncin onu izlədiyini görüb yavaş səslə: «Yaxınlaşma, asta-asta gəl»- dedi.
Məhəllədə iki kişi əyləşib nərd oynayırdı. Gənc ehtiyat elədi: «Bu məhəllənin cavanlarını yaman deyirlər. Yetənə yetir, yetməyənə bir daş atır, heç nədən adamı çək-çevirə salır, döyüb-əzişdirirlər. Hətta ölüb-öldürməkdən də qorxmurlar. Birdən bu gözəl aldadıb məni tora salar…»
Məhəllə cavanları gözə dəymirdilər. Müharibənin qızğın çağında kimisi cəbhəyə getmişdi, kimisi gecə-gündüz neft mədənlərində çalışırdı. Beşi-onu da qaçıb gizlənmişdi.
Az sonra Sahibə alçaq bir evin qapısını açıb içəri girdi. Cavan oğlan onun ardınca özünü içəri saldı. Otaqda 3-4 yaşlarında son dərəcə arıq, rəngi solğun bir oğlan uşağı sınıq-salxaq oyuncaq maşınla oynayırdı. Anasının gəldiyini görüb onun qarşısına yüyürdü, ümid dolu baxışlarını Sahibənin sifətinə zillədi:
- Ana, çörək aldın?
Qadın cavab əvəzinə göz yaşlarını tökdü. Cavan oğlan:
-Mən indi gəlirəm, - deyib çıxdı.
Bazarda bahalıq olsa da, hər şey vardı. Gənc ətraf kəndlərdən idi. Dünyanın bu qarışıq vaxtında pis dolanmırdılar. Həyət-bacanın məhsulundan bazara daşıyır, azdan-çoxdan qazanırdı. Bunun müqabilində evdən ona cib xərcliyi verirdilər. Gözləri yaxşı görmədiyindən davadan buraxmışdılar.
O, kağız torba götürüb iki kilo çörək, 10-15 ədəd qənd, bir az quru çay, bir dənə sabun alıb geri qayıtdı. Həmin günlər üçün bu bazarlıq böyük iş idi. Evdə məlum oldu ki, neft də qurtarıb. Qadına müraciətlə soruşdu:
- Qonşudan neft tapmaq olar?
-Gedim, baxım…Hamı bizim günümüzdədir.
-Bir az borc al, sabah gətirərəm, həm işlədərsən, həm də qonşunun borcunu verərsən.
Sahibə çörəkdən bir parça kəsdi. Bankanın dibində qalmış şordan çörəyin üstünə yaxıb oğluna uzatdı. Uşaq acgözlüklə yeməyə başladı. Sonra qadın şüşə qab götürüb çıxdı.
Qonaq aclıqdan əziyyət çəkən, gözlərinin altı gömgöy göyərmiş oğlanın saçlarını tumarladı, eyni zamanda gözlərinin yaşardığını hiss edib özünü ağlamaqdan güclə saxladı. Üzünü uşağa tutub:
-Sənin adın nədir? - deyə xəbər aldı.
-Malik.
Oğalan da öz növbəsində onun adını soruşdu.
-Mənim də adım Zülfidir.
Çörəyi yeyəndən sonra Malikin gözlərinə sanki işıq gəlmişdi. Dil-boğaza qoymurdu:
-Sən mənim atamsən? Davadan gəldin? İndii bizim çörəyimiz olacaq? Anam deyirdi ki, atan qayıdan kimi hər şeyimiz olacaq.
Zülfi bir anlığa nə cavab verəcəyini bilmədi. Sonra ağır-ağır:
-Atan davadan hələ qayıtmayıb, - dedi.- Amma sən narahat olma. Bu gün-sabah gələr.
Uşağın əhvalı təzədən qarışdı. Qanı qaraldı. Bunu görən Zülfi tez:
- Mən sənin əminəm. Qorxma, indi sizin hər gün çörəyiniz olacaq. Hələ sənə meyvə də, konfet də gətirəcəyəm.
Uşağın gözlərində sevinc parladı:
-Əmi, bəs bu vaxta qədər harada idin? Niyə gəlib bizə dəymirdin?
Zülfi tutuldu. Onu bu vəziyyətdən Sahibə qurtardı. Qapı açıldı. O, əlində neft dolu şüşə içəri girdi:
-Allah, bu nə zülümdür biz çəkirik. Bizi bu günə salanın tifağı dağılsın.
Az keçmiş çay da hazır oldu. Adama bir stəkan çay içdilər. Anasına söykənərək oturmuş Maliki yuxu aprardı. Sahibə mitil yorğan-döşəyi yerə saldı. Maliki soyundurub yatağa uzatdı.
Zülfi neft lampasının solğun işığında qadının hərəkətlərini izləyirdi. Onun yaraşıqlı, lakin solğun sifətində ötən illərin ağrı-ajısı, ehtiyac içəriəində keçən həyatının qayğıları gizlənmişdi. Yarımqaranlıq otaqda adını belə bilmədiyi yad bir kişiylə yalqız qalmaq məcburiyyətində olduğundan mənəvi sarsıntı, əzab və ingəncə, dərin narahatçılıq hissi keçirirdi.
Sahibə sandığın üstündəki sonuncu yorğan-döşəyi də götürüb evin o biri küncündə yerə saldı. Yanaqlarında göz yaşları, xəcalətindən min dəfələrlə ölüb-dirilərək Zülfiyə sarı çevrilərək yatağı göstərdi:
-Gecdir, keç, dincəl, - dedi. Sonra üzünü yana çevirdi. Eyni zamanda o, bu iki yatağın hansına girəcəyini qət edə bilmədiyindən çaşıb otağın ortasında qaldı.
Zülfi oturduğu stuldan qalxmadan dayanıb baxırdı. O da ağır vəziyyətdə qalmışdı. Sahibə lampanın işığını azaldıb üst paltarını çıxarmaq istəyəndə Zülfi ayağa qalxdı:
- Yaxşı, mən gedim…
Qadın qulaqlarına inanmadı və eyni zamanda onu yaranmış vəziyyətdən çıxardığına görə allahına min dəfələrlə şükür elədi. Yarıkönül:
-Gecənin bu vaxtı hara gedəcəksən? Gecdir, yer salmışam. Yat, dincini al, səhər ertə gedərsən…
Gecənin bu vaxtı hara gedəcəyini heç Zülfi özü də bilmirdi. Bakı kəndlərinin birində yaşayırdı. Gecəni burada qalmaq fikrində olduğundan bu qədər ləngimişdi. İndi isə…
-Yox, getməyim məsləhətdir. Yenə gələcəyəm. İmkanım daxilində çalışıb sizə kömək əlimi uzadacağam.
Sonra o xudahafizləşib çıxdı. Otağın ortasında donub qalmış Sahibə haçandan-haçana özünü ələ aldı. Zülfinin xeyirxahlığı, alicənablığı onu riqqətə gətirdi. Göz yaşlarını sinəsinə tökdü.
…Bu minvalla Zülfi il yarıma yaxın – müharibə qurtarana qədər gündə də olmasa, günaşırı, həftədə bir dəfə bu ailəyə baş çəkirdi. Qohumlarının köməyi ilə qadını işə də düzəltdi. Onlar üçün əlinə düşəndən, kənd payından – süd, qatıq, göyərti, meyvə gətirir, arada uşağa əyin-baş da alırdı.
Zülfi bir gün işdə oturmuşdu. Qəflətən zəng çalındı. Dəstəyi qaldıranda tanış qadının – Sahibənin səsini eşitdi. O, həyəcanlı idi. Qəhər onu boğduğundan danışmağa imkan vermirdi. Lakin bu, sevinc yaşlarına oxşayırdı:
-Ərim müharibədən gəldi…
Zülfi əvvəlcə qulaqlarına inanmadı. Ona görə təəccüb içərisində soruşdu:
-Necə yəni müharibədən gəldi?
-Sən demə, itkin düşübmüş, elə biliblər həlak olub Bu gün şadyanalıq edəcəyik. Qonşular da yığışacaq. Səni də dəvət edirəm. Mütləq gəl. Ərimlə birlikdə səni gözləyəcəyik.
Zülfi bir dəstə gül, bir qutu şokolad alıb Sahibəgilə getdi. Qonaqlar artıq əyləşmişdilər. Zülfinin gəlişi Sahibəni çox sevindirdi. İrəli yeriyib mehribanlıqla onunla görüşdü. Bu, qonşuların diqqətindən yayınmadı. Mənalı-mənalı bir-birlərinə baxdılar. Sahibə Zülfini əri ilə tanış etdi:
-Bu bizim ailənin ən yaxın adamıdır. O, çətin, ağır günlərdə sənin namusunu qoruyub. Ev əşyalarının hamısını satmışdım. Yeməyə, otağı qızdırmağa heç nə yox idi. Uşaq acından yata bilmirdi. Boynu armud sapalağına dönmüşdü. Bu cavan oğlan mənə rast gəlməsəydi, daha bilmirəm bizim günümüz-güzəranımız necə olacaqdı?! O, təmənnasız olaraq kömək əlini ailəmizə uzatdı. Tez-tez bizə gəlib-getdiyindən qonşular elə bilirdilər ki, o mənimlə yaşayır. İndi istəyirəm sən də, qonşular da əsil həqiqəti biləsiniz: bu neçə müddət ərzində o özünü həqiqi kişi, namuslu, xeyirxah insan kimi aparmışdır. Onun barmağı da mənə toxunmayıb. Mənə, ailəmizə etdiyi yaxşılığa görə indi mən hamının, ərimin yanında onu öpmək, bütün nəcib və xeyirxah hərəkətlərinə görə minnətdarlıq etmək istəyirəm.
Sahibə Zülfini öpdü.
Heç kimin, o cümlədən ərin də gənc qadın və cavan oğlan arasındakı münasibətin saflığına, səmimiliyinə şübhəsi qalmamışdı. Əksinə, Zülfinin fədakarlığı, xeyirxahlığı hamını riqqətə gətirmişdi.

prof.akif@mail.ru

Комментариев нет:

Отправить комментарий