Страницы

24.11.2012

Aliq Nağıoğlu - Bu dünyada bir Ağəmi vardı….

Kənd toyundan çizgilər 

 “Məğlubiyyətin oyatmadığı insan heç vaxt qalib gələ bilməz!...”

       ... Aparıcı: ”Gəlsin xeyir-dua versin İsrafil baba, Bayram baba” deyəndə ağır xatirələrdən ayıldım. İkincinin oğlu səksən yaşlı, vaxtilə “at oynadan” ağsaqqalın qoluna girib mağarın ortasına çəkir. Deyəsən, Bayram babanın xəstəlikdən, ya da başqa səbəbdən, yeriməyə taqəti- qüvvəsi qalmamışdı. Gələ bilmədi. İsarfil baba dünya görmüş, müdrik kişilərin tək-tükü idi bu kənddə... Aparıcıya çatmamış əlini şalvarının cibinə salıb pul çıxartdı, sarı beşliklərdən birini ayırdı, kişi hal əhlidir, qalanını qatlayıb yerinə qaytardı. Müsafirlərin içindən yüngül gülüş keçdi...
Kənd toylarının adətləri hələ çoxdu, pul belə yerdə əsas icraedici funksiya daşıyır, odur ki, cibə qoyulan da qalmayacaq. Mənə bax, dodaqlarını büzmə, bəs bunları kim etməlidir: əlbəttə, babalar, qohumlar, yaşlı kişilər... Amma mağarda bu yaşda olanlar, demək olar ki, yoxdur, indi meydan yeni- yeni ortayaşlılarındır.
        - Bunu mənə verirsən?! Onda qoyum cibimə,- deyir aparıcı. Bu adam həm də aktyordur, məclis idarə etmək əlində nəmənə şeydir ki... Ağızlar işləsə də, nəzərlər səhnəyə dikilmişdi. Hamının gözləri qarşısında pulu köynəyinin döş cibinə basdı, bu, oturanlara mesaj-nümunə idi, yəni ağsaqqaldan gör-götür edin, mənim də xərcliyimi əsirgəməyin. Sonra çalğıçılara üz tutur ki, babanın şərəfinə bir musiqi gəlsin, haqqını da verib.
        Musiqi qəm dağıdır, zövq verir insana,
        Dərk qılmaz bunu onlar ki, səfalətləri var.
        Əlağa Vahid deyib, musiqiçilərdən siqaret çəkən kim, çay içən kim. Aparıcı “Maestro” deyə bir neçə kərə hətta səsini ucaldır. Tənbəl-tənbəl başlayırlar...
        Baba inanılmaz dərəcədə qocalmışdı, əli-ayağı əsirdi, ayaq üstə güclə dururdu. Xeyir- dua verdi, bu arada bəyoğlan da yerindən qalxıb gəldi, babayla qol- boyun oldu, ancaq dayanmağa taqəti olmayan qoca oynaya bilmədi, yenə qardaşoğlunun köməyi ilə yerinə qayıtdı.
        Bəy, lap sütül imiş ki, ay allah... Hələ onun arıq uzun sifəti ətə dolmamışdı, nazik qıçları bərkiməmişdi... İşıldayan qara uzunburun ayaqqabıları nəzərlərimi çəkir... Düşünürəm ki, nə vacib imiş evin bircə oğulunu bu tezliklə evləndirmək, ağır yükün altına salmaq... Nə qədər istəsən səbəblər gətiriləcək: zəmanəyə etibar yoxdur; anası xəstədir- bir köç külfətin biş-düşünü edən lazımdır; istədiyi var- birdən verilsə, nə; “tez evlənən, tez ayrılan uduzmaz” və s. və i.
        Bəyoğlana qoşulub əmisi, əmioğullları oynayır. Deyəsən, bu nəsil təkcə yemək-içməklə ad çıxarmayıb, oynamaqda da geri qalmır. Ancaq mən özüm də  elə bu nəslin həmyaşıdı kimi gözlərim kimlərisə axtarır. Ləzzət eləmir adama;  dağdan ağır, hündürboylu, ədəb- mərifət sahibi olan, məclislərin yaraşığı kişilər olmayan məclisə baxmaq. Elə bircə həkimliyindən başqa arıçılığı, sitrus bitkilərinin kənddə ilk becəricisi; bərəkəti ilə ad çıxarmış qoyunların sahibi, rəqsi ilə “Meşəbəyi”yə öz möhürünü vurmuş Ağəmi. Bu, el ağsaqqalının adı, əslində başqadır, ancaq ayama hardan gəlib- bax, bu maraqlıdır. Kimsə də böyrünə əlavəsini etməzdi, sadəcə Ağəmi, vəssalam. Bütün əlsiz-ayaqsızlara, imkansızlara Ağəminin qatqısız, təmiz balı dərman idi. Şöhrəti, hətta arıların özü uzaq Astaraya gedib çıxmışdı. Bir dəfə mənə dedi:”1 kq bal hazırlamaq üçün bir arı 2 milyon gülə qonmalıdır.” Ağəmidə arı zəhmətsevərliyi vardı. Belə bir deyim var:”Əziyyət səadətin əkin sahəsidir. Nə qədər əziyyətə qatlaşsan, o qədər də səadət dərərsən.” Onu bazar-dükan qabağında qeybət vuran, gündüzün günorta çağı yatan, mərdimazarlıq edən, pəl vuran... görən olmadı. “Son dərəcədə qürurlu insanlar susmağı və yalnızlığı sevər...” - bunu da böyük  -A.P.Çexov deyib. Mən bura zəhmətsevərliyi də əlavə edərdim.
         Bu arada məclisə bəstəboy, arıq, səliqəsiz-zövqsüz geyinmiş xanım müğənni daxil olur. Aparıcı onu “Primadonna” kimi təqdim edir. Deməyəsən, bəyimizin yeznəsi gitaraçı imiş, xətrini- hörmətini əziz tutan manısların bəzilərinin toya təşrif buyuracağı gözlənilirdi. Deməli, bir-birindən gözəl, maraqlı ifalar olcaqdı...
         Bəzən "su" olmaq lazımdır, səssiz, sakit...! Bəzən "sel" olmaq lazımdır hirsli və dağıdıcı!.. Bəzən "şam" olmaq lazımdır, səbrlə tükənməyi gözləyən!.. Bəzən "alov" olmaq lazımdır, qarşısına çıxan hər şeyi yandıran!.. Kiminə “su” olacaqsan, kiminə “sel”!.. Kiminə "şam" olacaqsan, kiminə "alov"!.. Amma, əsla və əsla kimsəyə "qul" olmayacaqsan. Səni YARADAN varkən!..
         Ağəmini yaxından tanıyan adam kimi deyə bilərəm: o, həyatı boyu bir dəfə də ağlamadı. Ən çətin anlarda, kədər üz verəndə belə sakit, təmkinli oldu. Sanki, Qabriel Qarsia Markes: "Bu həyatda heç kim sənin göz yaşlarına layiq deyil, amma əgər kimsə layiq olacaqsa, o, səni heç vaxt ağlatmayacaq", onu nəzərdə tutub yazmışdı. Dostoyevski deyirdi ki, insan kədərindən təmizlənir. Yəni, ağlamamaq da olar...
         Kimsə deyib:”Həyat nərdivanlarını çıxarkən, insanlarla yaxşı davranaq. Çünki enərkən yenə eyni insanlara rast gələcəyik...”
         Uzaq Moskvada yaşayan yazıçı dostum Sultan Mərzili az qala atalar sözü yaradıb:”Addım təkrar olanda vərdişə, vərdiş xasiyyətə, xasiyyət isə taleyə çevrilir.”
        Toylarda qonaqlar daha çox söz deməyə çağırılır. Bunun sadə izahı var: aparıcılar pul xəstəliyinə tutulub, toy sahibindən aldıqları ilə kifayətlənmir, oturanlara nəzər salaraq onları qruplaşdırır, növbə ilə mağarın ortasına çağırır. Belədə toy kimi misilsiz adət-ənənənin ssenarisi pozulur və əksəriyyətin bu eybəcərliyə hövsələsi-həvəsi qalmır, yavaş-yavaş mağarı tərk edir.
       “Ömür yadda qalan günlərın sayı ilə ölçülür”,- bu da mərhum Xudu bəy Məmmədlinin qızıl kəlamıdır.
        Bu yazımı birnəfəsə yaza bilmədim, bunun özəl səbəbləri var. Arada Moskvada yaşayan, kəndə- anasına, burdakı ailəsinə-uşağına baş çəkməyə gələn dostumla görüşə gedəndə, oğlunun Moskvada baş tutan toyunun özəlliklərindən danışdı, o toyun şəkillərini bizə paylayanda evimə qayıdan gecə təzədən mətnə kökləndim. Demə, orda aparıcılar- kişi və qadın- bir-birindən maraqlı əyləncələr düşünür. Bunlardan biri kimi yığılan pulları yenicə nikaha girmiş gənc ailəyə təqdim edir. Orda da toya dəvətlilər çox səliqəli şəkildə paketdə nəmər salır, qiymətli-sadə hədiyyələrini bəyə-gəlinə bağışlayırlar. Daha bizim toy aparıcıları kimi kisələrini açıb ucdantutma pul qopartmırlar, həm də ancaq özlərinə. Hegel deyir, əgər insan ötəri, fani bir şeyi- yəni, vacib olmayan, miskin bir şeyi-  məqsədə çevirirsə, deməli, burda maraq həmin şeyə yox, adamın özünədir. Dizraeli yazır ki, gənclik səhvlər edir, yetkinlik bu səhvlərlə mübarizə aparır, qocalıq bu səhvlərin peşmançılığını çəkir. Aparıcılar da hələ Ağəmi demiş anlamazdır, nə vaxtsa səhvlərini anlayacaqlar, tezi-geci var. Gəl ki pul bizləri nə vaxt bezdirəcək?! Bu arada bir atalar sözü yadıma düşür:” Abdaldan paşa olmaz, taxtadan – maşa.” Hələ bir tamada var, bir cümləsi yerində deyil- başdan-ayağa qüsurludur. Yeri gəldi-gəlmədi, kəlməbaşı “mənəviyyat” sözü dilindən düşmür. Məcbur olub haqqında bir neçə miniatür yazdım, obrazını hekayələrimdə yaratdım- oxudu, tərgizdi. Bir nəfər yaramazı da islah etmək qənimətdi. İşimiz onda yox, məqamı gəldi, haşiyə çıxdıq.
        Aparıcı adətinə xilaf bir nəfərə söz verir ki, bu adam da tost- anekdot ustasıdır. Mikrofonu əlinə alan kimi başlayır:
        - Biri pişiyindən bezib onu aparıb azdırır. Evə qayıdanda görür ki, pişik həyətdədir. İkinci dəfə onu daha uzaq bir yerə aparır. Ancaq evinə çatanda pişiyi yenə həyətdə görür. Bezib bu dəfə meşənin ən dərinliyinə, dolanbac yollarla uzaqlara aparır. Ancaq nə yazıq ki, geri qayıdanda özü də azır, evin yolunu tapa bilmir. Arvadına zəng edib soruşur:
         - Ay arvad, pişik gəlib?
         - Hə, həyətdədir...
         - O şərəfsizə de, gəlsin məni də aparsın...
         İmam Əli (ə) deyir: baxma kim deyir, bax, nə deyir. Milan Kundera buyurur: “Sözün kim tərəfindən deyilməsi çox önəmlidi.” Bu adamın söylədiyi lətifəyə kirimişcə qulaq asmaq mümükünsüzdü. Mağarda bir neçə dəqiqə ara vermədən dalğa-dalğa gülüşmə keçir...
         Aparıcı müğənnidən gözəl bir musiqi istəyir, onunsa başı çay içməyə qarışıb. Dözmür:
         - Maestro, biz toydayıq!- O da öz aləmindəymiş kimi şaşırır, cəld mikrofonu götürür.- Baax, belə!
        Və oxuyur...

         “...Süleymandan, Nuhdan qalan dünyadı,
         Oğul doğan, dərdə salan dünyadı,
         Hər kimsəyə hər nə verib, alıbdı,
         Əflatundan bir quru ad qalıbdı...”

       Yazının əvvəlində gətiriyim sitatın mətnin ümumi ruhuna uyğunluğu olmasa da, kimsə məğlubiyyətdən yan ötüşmədiyindən sadə xatırlatma etdim, həm də ən azından özümə. Bircə ölümə çarə yoxdu, ancaq nə qədər ki, sağsan, cıza bildiklərini gerçəkləşdirməyə çalış.
       Yazım niyə pərakəndə alındı sualının cavabı da sadədir- həyatımız, ömrümüz, adət-ənənələrimiz kimi, hər şey pərakəndədi bu həyatda. İnsan toylarda- yemək-içməyin bol, musiqinin rəngarəng olduğu məkanda- daşınır-düşünür, dağı-aranı qatır bir-birinə. Özümün ütülü, birxətli, monoton həyatdan zəhləm gedir, həmişə çalışıram ki, düşünülmüş ziqzaqlar, büdrəmələr yaşayım. Təkrar-təkrar özümü belə vəziyyətlərə salıram, təkrarın özü mühüm bir şeyə çevrilir: bu, sanki hipnozun bir növüdür. Mən özümü hipnoz edirəm ki, daha dərin bir ruhi vəziyyətə keçə bilim. Lakin, bu rutinə uzun müddət əməl etmək çox böyük dözüm tələb etdiyindən
açığı, onu mütəmadi yarımçıq kəsməli oluram.
        Aparıcı nəhayət ki, şeir dedi, özü də Aşıq Alıdan:
     
       Ay hazarat ......gəlin sizə soyləyim
       Dövlətli dalınca el dolandirir...
       Kəsilib hörmətim, yatıbdı baxtım
       Yəqin bu dünyanı, pul dolandırır...

       "Adamı heç yerdə heç nə gözləmir, gərək hər şeyi özünlə gətirəsən" -
 Remarkın sözləridir. Mən də fikirlərimi, düşüncələrimi götürüb toya gəldim, burdakı ovqat isə bəzi işıqlı insanların xatırlanmasına, anılmasına səbəb oldusa, bundan mutluyam.

       “Vahid, səndə ki, vardır bu qədər eşq, məhəbbət,
       Dünya qocalıb getsə, çətin sən qocalarsan.”

       Xoş halına o kəslərin ki, ülviyyəti, insanlığı, əqidəsinə rəğmən, kitablarda-ürəklərdə yerlərini əbədilik salıb!

Комментариев нет:

Отправить комментарий