Страницы

26.11.2012

AYB-nin Kamal Abdulla dövriyyəsi

Tehran Əlişanoğlu

Hə, bu başqa məsələ. Ən nəhayət, AYB də ədəbi gedişatın yeni, şərtən deyək: “müsabiqələr epoxası”na girdi; yazarlar üçün “ədəbi mükafatlar ” təsis edib, 2013-cü  ilə müsabiqə elan etdi…
Tək-tək suvenir-təzahürləri nəzərə almasaq (YeniSi-nin ProzaN, Kultazın Nəsimi müsabiqəsini və s.), yadınıza salıram: müsabiqələr epoxası bizdə lap təzədir, bu onilin hadisəsidir. Nigar xanım Köçərlinin Milli Kitab Mükafatı (MKM) müsabiqəsi ilə başlanır (2009-dan), sonra bura “amerikan demokratiyası”nın dəstəyi ilə Azadlığın Oxu zalının hekayə (2010-dan) və şeir (2012-dən) müsabiqəsi də qoşulur; və eləcə tədricən sistemli, ardıcıl (iki ildən bir, illik) şəkil alır.
Yazıçılara yazmaqda böyük stimul verməklə yanaşı, ən ümdə səciyyəsi odur ki: çağdaş, gəlişən Ədəbiyyatda 20-liklər, 10-luqlar müəyyənləşdirməklə yeni-yeni bədii əsərlər kəşf edir; günün tendensiyalarını üzə çıxarır… Oxucum bilir, həmin gəlişməni mən lap əvvəlindən alqışlamış, uğurlamışam da (bax: http://kult.az/milli-kitab-mukafati-musabiqesi-ve-siyahilar/ ; http://kult.az/tehran-elisanoglu-milli-kitab-musabiqesi-uduzanlar-udanlar/ və s.)!
2 ildən bir, Ədəbiyyatın bütün janrları: nəsr, poeziya, bədii tərcümə, ədəbi tənqid, publisistika üzrə 2000 min manat dəyərində nominasiyalar… – başlanğıc üçün yaxşıdır… Bizim ədəbi həyatın acınacaqlı “maddi-mənəvi çəkisi”ni yada gətirsək, hətta çox yaxşıdır! Bu ciddi addım, düşünürəm ki: Ədəbiyyata ianə şəklində Dövlət yardımı (AYB) ətrafında mənasız çəkişmələrdən yorulmuş ədəbi həyatı əməlli-başlı tərpədəcək; hamı-hamı-hamını qələm savaşına təhrik edəcək. Bu, eyni zamanda nə vaxtdır gözlədiyimiz “müsabiqələrin yarışması” prosesinə təkan verəcək; kim daha yaxşı, daha doğru, ədalətli hakimdir? – müstəvisində “çağdaş ədəbi dəyərləri kim müəyyən (diktə) edir” məsələsini aktuallaşdıracaq, gündəmə gətirəcək…
Həə, Nigar xanım Köçərli MKM layihəsini yenə də sürdürmək istərsə, daha da çox çalışmalı, işin təşkilinə daha çox zəhmət qoymalı olacaq; demokratiya dəyərlərinə önəm verən Azadlığın Oxu zalı daha da çox bədiiyyat məqamına həssaslaşacaq və s. Axı bir var: Ədəbiyyatı kənardan, Cəmiyyətdən istəyib stimullaşdırasan, bir də var: Ədəbiyyatın içindən, birbaşa peşəkar dəyərlərdən çıxış edib, onu (Ədəbiyyatı) cəmiyyətə təqdim edəsən… Bu ki: ortada nüfuz-imic-brend söhbəti var; AYB-nin təsis etdiyi yeni mükafatın simasında MKM də, Oxu zalı da çox ciddi rəqiblə üz-üzə durasıdır zənnindəyəm. Amma ki: həmişəki tək bu gedişatdan Ədəbiyyat və Oxucusu uduşda olasıdır. Təsəvvür edin, 2 ildən bir MKM-in, Oxu zalının, Nəsimi müsabiqəsinin təklif etdiyi 20-liklərə daha bir – professionallar 20-liyi əlavə olunacaq! Oxucunun seçim imkanı artacaq; həm də düşünürəm ki, eyni zamanda dürüstləşəcək: çün ola bilməz ki, obyektiv ədəbi-bədii yarışma müqabilində eyni adlar, eyni əsərlər bu və ya digər siyahılarda “təkrarlanmasın”… (Bunu biz artıq ilkin müsabiqələr təcrübəsindən də bilirik!)
Həə, qımışırsan Oxucum; “Deyirdin (yəni mən), bəs AYB-nin Ədəbiyyat yaratmaq imkanları tükəndi” ; proqnozlarda yanılmadığın iddiasında idin (yəni mən)… Demək, yanılmışam; amma bir o qədər də yox… Yanılmışam, o mənada ki: struktur çox möhkəm imiş; Zamanla Adlar-Fiqurlar-Nüfuzlar gəlib-gedir, struktur isə qalır… Məsələ strukturu Zamana işlətməkdəymiş; ki, deməzdim bu əsnada çox da yanılmışam. Yeni (və yenə) Ədəbiyyat savaşına girərsə, AYB yeni görkəmdə, başqa nəyinsə-kiminsə nümunəsində girəsidir… – deməmişdimmi; və misal olaraq: ötən qurultayından (2004) bu yanasını “AYB-nin Rəşad Məcid dövrü” kimi səciyyələndirməmişdimmi?! İndi də bu yandan irəliyəki “müsabiqələr epoxası”na diqqətli olsaz, məni haqlı biləcəksiz…
Mən “Azərbaycan Yazıçılar Birliyinin ədəbi mükafatları haqqında Əsasnamə”sinə baxdım. “Ədəbi mükafatların təsisçisi Azərbaycan Yazıçılar Birliyidir”. Təbii, “Qaliblərin müəyyənləşdirilməsi və mükafatların təqdimi ilə bağlı gedən proses və tədbirlərin təşkilatçısı” da AYB-dir. Amma burda əsas məqam (iş və fəaliyyət!): 11 nəfərlik, “Azərbaycan Yazıçılar Birliyi üzvləri arasından müəyyənləşdirilmiş” “Mükafatı təyin edən komissiya”da ifadəsini tapıbdır… Bu dəfə “Komissiya heyəti”nə diqqət etdim: AYB-nın hazırkı idarəçilik strukturundan nəsə-kimsəni orda görə bilmədim. Yəqin ki, prinsipial olaraq. Siz də diqqət edin: Komissiyada bütün müstəqillik illəri boyu (iki onil ərzində!) ədəbi çəkişmələrə yaxşı mənada bulaşmamış, ifrat qarşılaşmalarda (məsələn, AYB-AYO) Ədəbiyyatın xeyrinə, həmişə loyal mövqe tutmuş Simalar təmsil olunur… Yəni ki: əksərən ədəbi çevrələrdə Sözü də, üzü də olan yazarlardır…
Doğrudur, Əsasnamədən çox da bəlli olmur: bu – daimi Komissiyadırmı, ya yalnız 2013 il müsabiqəsi üçün təyin olunmuş heyətdir. Hər halda yaxşı düşünülmüş, uğurlu başlanğıcdır. Qutlu olsun! – deyək. Komissiyanın sədri son illərdə ədəbi nüfuzu gün-gündən artan, hətta ölkə hüdudlarından kənara çıxan yazıçı Kamal Abdulladır. Bir qədər bundan əvvəl Kamal Abdullanın çağdaş ədəbi proseslərə dair Ədəbiyyat söhbətinə şərh verərkən  özlüyümdə müəyyənləşdirmişdim ki: o, (K.Abdulla)1960-1980-ci illərin ədəbi maarifçiliyinə sayğı və səbrlə yanaşsa da, amma Ədəbiyyatımıza məhz modern dəyərlərin, modernizmin gətirilməsinin təşnəsidir. İndi Komissiyada da milli modernizmin şeirdə və nəsrdə nümayəndələri bildiyim və elə bu platformadan da daim təbliğ etdiyim ədəbi simaları gördükdə, barmağımı dişlədim. Demək, AYB civarlarında da, ən nəhayət, modern tendensiyalar hər cür yarımçıq ənənə və ənənəçiliyə qalib gəlmədə…
Lap son günlərdə Anarın məhz öz (1960-1980-ci illər) Ədəbiyyatının içindən postmodern ədəbiyyatı tənqidə daha bir, bəlkə də son cəhdinin bütövlükdə iflasa uğraması ilə işim yox (çün diqqət etdinizsə: nə qədər reaksiyalar oldusa da, lehinə olmadı), Anar həmişəki kimi mövqeyində möhkəmdir! Amma modern düşüncənin AYB-də axır ki, qələbə çalması münasibətilə onu mütləq təbrik etməliyik. Şeirdə: bütün yaradıcılığı ilə bunu qazanmış Vaqif Səmədoğlu, Ramiz Rövşən, Salam Sarvanın; nəsrdə: yaradıcılığı dünən də, bugün də modernə açıq R.Rövşən, Mövlud Süleymanlı, Əjdər Ol və hətta postmodernə meylli Kamal Abdulla və İlqar Fəhminin; ədəbi maarifçilikdə: dünən və bugünün ən zəhmətkeş kadrlarından Azər Mustafazadə, Bəsti Əlibəyli, Səlim Babullaoğlu və Fərid Hüseynin məhz bu dəyərləri dəstəkləyəcəyinə şübhə edə bilmərəm…
“Elçinlə Ədəbiyyat söhbəti”ndə (Bakı, “Təhsil”, 2012) belə bir maraqlı fakt var ki: sövet dönəmində Ədəbiyyat siyasətini həyata keçirən məxsusi “ədəbiyyat generalları” vardı. Kitabın müzakirəsi zamanı (AMEA Nizami adına Ədəbiyyat İnstitutunda) həmin məqamı elə 1960-1980-ci illər ədəbiyyatına da şamil edib, bu Ədəbiyyatın da öz generalları olduğunu söyləmişdim (Anar, Ə.Əylisli, Elçin kimi). Bu ki: hər epoxa Ədəbiyyatda da öz personajları, liderləri, qurbanları kimi, rütbəlilərini də istəyir. Görünür, hər cür ehkamlara və ehkamçılığa qarşı bizdə modernin Ədəbiyyata otuzdurulması prosesi də bunsuz ötüşəmməyəsidir… AYB-nin yaratdığı ədəbi  mükafatlar Komissiyası yeni (modern) dəyərlərin Ədəbiyyata girməsinə nə qədər vəsilə olasıdır… – yaxın illər göstərəcək!
Bir şey şəksizdir: ədəbi gedişatda daha da kəskin rəqabətlər dövrü gəlir; bu dəfə daha çox və daha çox sayda Mətnlərin diktəsi ilə. Və bu əsnada AYB bütün müstəqillik illəri ərzində qorumağa çalışıb, amma az qala itirdiyi ədəbi flaqmanlığı yenidən qaytarmağa cəhd edir. Amma bu dəfə demokratik mühit və plüralizmə hesablanmış yeni Ədəbiyyat siyasəti ilə! Baxaq görək, itilənmiş qələmlər buna nə deyəsidir…

ann.az

Комментариев нет:

Отправить комментарий