Страницы

26.11.2012

Aydın Xan (Əbilov). Evimdəki - içimdəki düşmənlər

Birinci bölüm: Sevgidən nifrətə

...Brauzerin e-pəncərəciyinə “f” hərfini yazan kimi sosial şəbəkədəki profili avtomatik yükləndi, sonra tezbazar əsas səhifəyə keçdi, çat bölümündə onu tapdı, qarşısında yaşıl işıq yanırdı: həmişəki tək, sanki gül kimi feysbukda əkiblər yeni virtual dostunu...
Tanış olduqları bir ayda ilk dəfə idi ona tam səmimi, ürəkdən, ərklə yazırdı:
“–  Sənə təcili ehtiyacım var...”
“–  Salamını udmusanmı?!”
“–  Zarafatın hayında deyiləm, gəl məni qurat burdan!..”
“–  Nə olub, ürək?!”
“–  Sual vermə, ya indi, ya da heç vaxt!..”
“–  Yaxşı– yaxşı, sinirlənmə, quzum, ünvanı yaz, bir yarım saata gəlirəm...”

“–  Nə yarım saat?!!” –  hirsindən-hikkəsindən böyük hərflərlə yazdı: “–  Tez gəl...”
“–  Ok, nəzərə al ki, mənim təyarrəm yoxdur, indi iş vaxtının sonudur, tıxaclardan imkan daxilində tıxaclardan yan keçə bilsəm 25 dəqiqəyə özümü ruhumun gözünə çatdıraram... Ünvanını yazmadın axı?!”
“–  Sən gəl Elmlər Akadeiyasının qarşısına, özüm taparam, telefon nömrən həmənkidir?”
“–  Aha, uçuram, ürək...”
...İçində sanki cəhənnəm alovu ruhunu yandırırdı: indicə törətdiyi əməlin dəhşətini hələ də anlamaq iqtidarında deyildi... indi özünü hiss etmirdi, sanki kənardan qalıb özünə nəzarət edir, bir yad adamı idarə edirmiş kimi yanındakına reaksiya verirdi. İkiləşmişdi, biri özüydü, bəlkə də ruhuydu, digəri isə ətdən-sümükdən, qandan-əməllərdən ibarət robot...
...Əmisinə zəng etdi:
“–  Əmi, təcili bizə get... Deyəsən, ata bərk xəstələnib... Mən dərman dalıyca qaçıram.  Qapı açıqdır... O biri qohumlara da zəng elə. Birlikdə gəlin...” – Mobil xəttin o tərəfindəki nəsə dedi, amma əmisinə qulaq asmaq həvəsində-təpərində deyildi deyə, telefonunu söndürdü. Sonra uzun-uzadı gələn gələn zəng səsinə reaksiya vermədi, musiqili səsdə yanıqlı bir şərqi eşidilməkdəydi: “Bu gecə ölümlə yataram...”
...İçi yanırdı, bayaqdan soyuq duş da ona təsir eləmirdi, sərinləşdirici şampunla yuyunandan sonra bir iyirmi dəqiqə soyuq suyun altında qaldı,baxışları atasının hər iki gündən bir üz qırxdığı ülgüyün güzgülü səhtində parıldadı...
Onu əlinə götürüb sındırdı, amma ürək eləmədi damarlarına çəksin. Soyuq su təravətli bədəninə bir üşütmə gətirdi, suyu bağladı, qurulanmağa başladı. İri güzgüdəki ağbənizli yeniyetməyə diqət etdi, sanki özünü ilk dəfə idi görürdü – bu gün yaman böyümüşdü, yaşından artıq görsənirdi. Yaşınauyğun gəlməyən hündür boyu, azcana arıq, fəqət güssəli bədənində hamam fənərlərinin ağ işıqlarının şüaları sayrışırdı, gözəlliyi ilə istənilən adamı cəzb edə biləcək qəddi– qaməti vardı. Az qala özü özünə qibtə elədi: amma içindəki kədər indi bir yaşmağa çevrilib baxışlarını qapadı...
...Qurulandı, sondəbli alt paltarlarını götürdü, ətirlədi, üstgeyimini əyninə keçirtdi, anasının yataq otağına daxil oldu, ehtiyatla ona yaxınlaşdı, yanağından öpdü, ah çəkib o biri otağa, atası uzanmış yataq taxtına tərəf irəlilədi. Atasını da öpdü:
“–  İlahi, kaş bilsəydiz sizi necə dünyalar qədər sevirəm!..”
Gözlərindən yaş damcılandı, atasının cibindəki pulları və bank kartlarını götürdü, neutbukunu bel çantasına saldı, bəzi paltarlarını da ora əlavə etdi, bir daha arxaya baxmadan yüyrək addımlarla üçmərtəbəli mülkün həyətinə endi, bahalı maşınlarına son dəfə nəzər saldı, həm evin, həm də həyətin qapısını bağlamadı, küçə boyunca tələsə-tələsə  Elmlər Akademiyasının qarşısındakı yarıqaranlıq bağa doğru tələsdi...
Telefonunu yandırdı, çoxlu zənglər, ismarıclara baxmadı, əmisi, qohumları, dostlarından gəlmişdi onlar: bircə nömrə 20 dəfə təkrarlanmışdı.
“– Haradasan? Mən artıq çatıram, gözlə. Sən hansı maşındasan bəs?”
 ...İri baxışları adama gəl-gəl desə də, ümumi simasındakı yeniyetmə saflığı, bir az da uşaq məsumluğu onu çoxlarına sevdirmişdi – ətrafında hər zaman dostları, qızlar, feysbukda isə çoxsaylı pərəstişkarları olsa da, heç kim onun içdən çəkdiyi əzab– əziyyətdən xəbəri yox idi. Təkcə son vaxtlar mütəmadi yazışdığı, indicə canlı olaraq tanıyacağı şəxsdən başqa...
Bahalı “CİP” maşınına əyləşdi: sürücünü sanki yüz il idi tanıyırdı, əlini sıxdı, yanaqlarını toqquşdurub öpüşüb-görüşdülər: dinmədi, sadəcə baxışları ilə bu görüşü dərk etmək istəyirdi...
–  Vau, mən də deyirəm yazışdığım qoca bir insan, sən demə körpə imişsən ki?! – virtual dostu zərif əlləri ilə onun saçlarını qarışdırdı...
–  Salam, sür, sadəcə, gəl bir az susaq, mənə vaxt lazımdır ki, özümə gəlim...
–  Oldu... – hər ikisi susdu.
Sürücüyə diqqət verdi: onun təxminlərinə görə, bu ən azı idmançı olmalıydı, amma yanındakı kifayət qədr yaraşıqlı, bir az da zərif görünüşlü idi. İçində düşündü: “Kaş mavi olmayaydı, bircə petuxla gəzməyim çatışmırdı? Əşşi, cəhənnəmə ki?! İndi məndən ötrü nə fərqi var e?! Kim olursa, olsun, sadəcə, mənim yalqızlığıma şərik olsun...”
Çox fırlandılar şəhəri: hər ikisi susqun haldaydılar, elə bil ruhlarına imkan yaratmışlar ki, bir-birini həzm edə, içində əridə bilsinlər...
–  Yaxşı, bunun axırı olmalıdır da. –  Tanışı dilləndi: –  Hara gedək bəs?
–  Acmamısan ki? –  Heç dəxli olmayan sual verdi ona.
–  Nəsə yemək pis olmazdı. Nəyə qonaq edim səni?
–   Fərq etməz, amma sakit bir yerə gedək, səninlə doyunca danışmaq istəyirəm. Narahat olma, pulum da var...
Sürücü yaraıqlı eynəyi altından gözləri ilə gülümsəyərək ona məlhəmcəsinə baxış atdı:
–   Fullanmısan ha, deyəsən özünü tutmusan, manıs?!
–  Aha... – güclə də olsa, gülüşünü işə salıb bu xoşsimalı, indi bütün dünyada ona doğmalaşan şəxsin yanında kədərini gizlətməyə çalışdı. Maşında həzimn musiqi səslənirdi, Bakının işıqlı yollarından şütüyürdülər:
–  Gəl belə edək, gedək Teleqüllədəki fırlanan restoranda oturaq, həm dünyanı, fırlanarıq, həm də hər şeyi unudarıq...
– Filosofluğa başlamısan, yekə burun?!
Restorana əvvəlcə onları buraxmaq istəmədilər, bəhanələri isə bu idi ki, gənc oğlanın geyimi onlara yaramır, Samir, –  sürücünü adıydı, –  bahalı telefonundan kiməsə zəng etdi, sonra dəstəyi mühafizəçiyə uzatdı, ümumi razılıqdan sonra sürətli liftlə yuxarı qalxdılar. Axşamüstü hələ restoranda az adam vardı, sanki bütün dünya ayaqlarının altındaydı, ya da indi əsl ruhlar kimi göyüzündə uçuşurdular. Menyüdən yeməyə-içməyə nələrisə seçib sayrışan işıqlarıyla adamın işinə doluşan şəhəri seyr etdilər...
– Səni belə bilməzdim: yazışmalarımızdan yekə kişiyə bənzədirdim...
– Heç kim mənə on yeddi yaş vermir...
– Düzünü desəm, sənin qəfil zəngindən diksindim.
– Niyə?
– Boynuma alıramm ki, görüşəcəyimizə inanmırdım. Yatsaydım da, yuxuma girməzdi ki, son 5 ildə qiyabi tanış olduğum bir sevimli şəxslə belə tezliklə real həyatda görüşə bilərəm...
– Həyatda hər şey olur.
– Söz yox, təsadüfü heç nə olmur. Bir şey var da, mən dəhşətli dərəcədə sevdiyim, istənilən şəxsi, hər şeyi tez itirirəm, ya da əlimdən çıxır. Tanrı sanki bütün sevdiklərimi mənə qısa müddətdə göstərməklə gözəlliyin ani olduğunu taleyimdə sınayır...
– Hmm, – birdən gözünə qəribəlik sataşdı: – Qaşlarını niyə qırxmısan ki?!
Həmsöhbəti bir anlıq pərt oldu, sonra bunu büruzə verməyərək sakitcə dilləndi:
– Bunun səbəbini sonra sənə anladaram...
– Özünbilən məsəhətdir. Adətən mən insanların şəxsi işlərinə qarşımıram. İncidinsə, bağışla.
– Yox, problem deyil. Tələsmə, dostluğumuz gücləndikcə, haqqımda hər şeyi biləcəksən...
– ...Biirsən, vaxtımız çox məhdüddür. Mən sənə içimdə illər boyumca gəzdirdiyim sirlərimi açmaq istəyirəm...
– Eh, onsuz da məni axtaran sevməyə gəlmir ki?! Ya kədər paylaşmağa, ya da dərd bölüşməyə gəlirsiz...
Yeniyetmə ayağa durdu:
– Dinləmək istəmirsənsə, gedim...
– Otur, uşaqlığına salma, əyri burun, –  Samirin səmimi təbəssümü onun yerinə əyləşdirdi...

İkinci bölüm: Nifrətdə sevgi

– ...Söz ver ki, sona qədər diqqətlə diləyərsən məni. Söylədiklərim çox ciddi, ağrılı məsələlərdir...
–  Yaxşı...
Siqaretdən götürüb daağına qoydı, alışqanla yandırıb bir qulab vurmuşdu ki, öskürək az qala boğmuşdu onu, gözlərinə yaş gəldi. Belə daha məsum və uşaq görsnirdi. Samir ərklə onun titrəyən barmaqları arasındakı siqareti götrüb külqabıya basdı. Oğlanın gözlərinə qan gəlmişdi...
– ...Cəhənnəm olsun, nəsə başıma gələnlərin əsas hisələrini sənə danışacağam. Çalış, əsas məğzini tuta biləsən...
Atamla anam sevmədən evləndirilmişdilər. Hər ikisinin, sonralar anladığım qədər, özünəməxsüs qəribəlikləri vardı. Atam çox savadlı idisə, anam diribaşdı. İndiyəcən yalnız bacarığına görə hər şey əldə edən atama rəğmən, atasından qalan var-dövləti sələmə verməklə heç də ondan az pul anamın əlinə gəlmirdi. Anam sonralar boyun oldu ki, atama hər zaman nifrət edib. O, hətta mənə hamilə olanda da, atam anamı it balası tək çırıb. Onlar yalnız üç ay sakit həyat keçiriblər, sonra aralarında sanki dünya müharibəsi başlayıb. Mən onların yeganə uşağıydım. Hər ikisi ayrı-ayrılıqda məni dünyalarca sevirdilər. Hiss edirdim ki, həm atamın, həm də anamın həyatının mənası mən idim. Hər şeyimiz vardı, mərkəzə yaxın böyük həyətli mülkümüz, kənddə evimiz, maşınımız, atamın vəzifəsi, anamın obyektləri, bağımız, hətta mənim oxumam planlaşdırılan Almaniyada ikiotaqlı mənzilimiz də...
...Təkcə sevgi yox idi evimizdə.  Atam anamı, anamsa sanki bütün insanları sevmirdi. Böyüyə-böyüyə heç cür anlaya bilmirdim ki, atamla anam niyə ayrı-ayrı otaqda yatır?! Mən onların hər ikisini dəlicəsinə sevirdim. Həyatımı onlarsız təsəvvüür belə eləmirdim. Evdə olanda anamla, bayırda isə –  bu, tək-tük hallarda, şənbə və bazar günləri baş verirdi, –  atamla necə qürur duyduğumu bircə bilsəydin...
Uşaqlığım tənhalıq içində tez ötdü: atalı-analı yetim-yesir idim: başqaları mənim yerimdə olsaydı, bəlkə də özünü dünyanın xoşbəxti sanardı. Amma ən evimdəki – valideynlərimin ailədaxili gizlinlərini bildiyimdən, iki yaxın düşmənlə birlikdə yaşadığımdan çox üzülürdüm. Düşünmək belə çətin idi ki, nə qədər dəhşətli bir həyat idi sürünürdüm. Atam evə gc gələr, çox vaxt içkili olardı, ən xırda şey üstə özündən çıxar, anamı təhqir edərdi. Xüsusən də anam kimləsə telefonla danışanda ona fahişə deyərdi. Böyüdükcə, içimdə atama qarşı böyük sevgiylə birlikdə güclü nifrət doğulurdu...
Anam isə otağına çəkilər, için-için ağlayardı. Belə vaxtlarda imkanım olsaydı, dünyanın özünə belə od vurub yandırardım. Atamın nə üçün belə hərəkət etdiyini anlaya bilmirdim.
Biz, hətta, Türkiyəyə, Gürcüstana, Avropa ölkələrinə istirahətə gedəndə, atam oteldə ikiotaqlı nömrə sifariş verər, villamızdakı kimi burada da anamdan ayrı yatardı. Anamsa məni yuxuya verər-verə gözyaşlarını axıdardı. O qədər olub: onun göz yaşları sifətimə axıb, diksinmişəm, amma gözlərimi açmağa ürək eləmmişəm ki, anam daha da kədərlənər...
 Beləcə böyüyürdüm, bəlkə də amansızlaşırdım, bu münaqişənin arxasında nələr durduğunu heç kim bilmirdi. Onlar kənardan əsl xoşbəxt ailə sahibləri kimi görünürdülər. Toylarda, şənliklərdə, yaslardada özlərini nümunəvi cütlük kimi aparırdılar. Ancaq elə ki, evə gəlirdilər, yenə it-pişik kimi boğuşmağa başlayırdılar. Yadımdadır, bir dəfə lap ağını çıxartdılar. Növbəti dava-dalaş söyüşlərdən o yana keçdi, onda mənim 13 yaşım vardı. Anam atamın növbəti təhqir və yumruğuna dözməyib çığırdı:
“Axı mənim günahım nədir?!”
“Fahişə, sələmçi köpəy qızı...” – atam lap ağını çıxartmışdı...
“Yaxşı kişinin qadını qəhbəlik eləməz...” –  anamın sifətinə dəyən zərbə onun dodaqlarını partlatdı, mən ortaya girdim. Hirsindən qan püskürən atam məni kobudluqla itələdi kənara. Başım divana dəydi, ağrıdan qışqırdım. Anam yaralı aslana döndü, atamın üstünə şığıyıb dırnaqlarını onun sifətinə çəkdi, köynəyini cırdı. Mən dəli kimi çığırıdım, atam sanki ayıldı, dinib-eləmədən otağına çəkildi...
Anam qorxudan qışqırıdı:
“Oğraş, uşağın nə taxsırı?!”
“Ana, mən yaxşıyam, narahat olma...”
Ara sakitləşəndən sonra atamın otağına keçdim:
“Haçana qədər belə davam edəcək, ata?”
Atam sərxoş halda dilləndi:
“O qancıq çərləyənə qədər...”
“Mən səni heç vaxt bağışlamayacağam...”
“Cəhənnm ol, bic köpəy uşağı. İlandan ilan doğular da...” – atam viski şüşəsini başına çəkməyə başladı...
Düzünü boynuma alıram, atamın bu ağır sözləri məni dəhşətə gətirdi. İlk dəfə idi ki, o məni də təhqir edirdi. Halbuki indiyəcən ondan güldən ağır bir sö eşitməmişdim. Mətbəxə keçib bıçaqlardan birini qamarladım,birbaşa hamama keçdim. Suyu açıb bıçağın mişarlı tiyəsini biləyimə çəkdim. Baxışlarım güzgüdə mənə qan ağrıyırdı...
Sonra baş verənləri dumanlı xatırlayıram, amma yadımda qalan iki şey oldu. Bir anamın dayanmadan çığırmağı, bir də atamın qapını sındırıb məni elə vəziyyətdə görəndə hönkürməyi. Ona qədər atamın ağlamaq bir tərəfə dursun, heç kövrəldiyini görməmişdim.
Bir ara evimizdə sakitlik oldu: mən xəstaxanada müalicə alanda atamla anam gecə-gündüz başımın üstündən kənara çəkilmirdilər. Elə dinməzcə durub mənə baxırdılar. Hər ikisinə yazıqlığım gəlirdi. Bir-birinə nəsə demək istəyəndə belə, adım çəkir, üzünü mənə tutaraq danışırdılar. Mənim öz canıma qəsd eləməyib də onları yalnız kədərlərində birləşdirə bilmişdi. Hər ikisinə baxırdım və düşünürdüm: “Axı bunların nəyi çatışmır?!”
Ömrümə yaş qalandıqca, zaman sürətlənirdi: illərin necə gəlib keçdiyini izləyə bilmirdim. Atamın xasiyyəti daha da tündləşmiş, o adamayovuşmaz olmuşdu. Gecələr anamla mənim yatdığım otağa gəlir, sakitcə üstümü ortüb üzümdən öpürdü. Onda mən ayılırdım, Allaha yalvarırdım ki, kaş atam anamı da sevsin, öpsün, amma arzum ürəyimdə qalırdı.
Axır çərşənbələrdə, Novruz və Ramazan bayramlarında, Yeni ildə arzum yalnız o olurud ki, atamla anam barışsın. Fəqət bu əbədi istəyim elə ürəyimdəcə çürüməkdəydi. Beləcə evimdəki və içimdəki düşmənlərlə sonluğa doğru gedirdim...
Fərid susdu, Samirin düz gözlərinin içinə baxdı və qəfil ona sual verdi:
 – Səncə, onlar niyəq qırışırdılar?
– Demək çətindir. Aailədə söz-söhbət üç şey üstə olur: seks, pul, xəyanət...
– Hmm! –  Fəridin gözləri az qala bərəlib yerindən çıxaydı. – Gəl aşağı düşək...
Liftlə sakitcə endilər, maşına oturub yola düşdülər. Ağaclığın yanında Fərid sakitcə, sanki yalvarırmış kimi dilləndi:
– Burada saxla, gəl təpəlikdən şəhərə baxaq. Amma gözlə bir qədər.
O, başını Samirin çiyninə qoydu. Yeniyetmənin göz yaşları Samirin ruhuna qədər gedib çıxdı.
Həyatı boyu sifətlər görmüş Samir ilk dəfə idi ki, yad adamın taley kədərnə bu qədər əsirdi...

Üçüncü bölüm: Çağımızın Feysbuk əfsanəsi...

Fərid 12 yaşın içindəydi: babası yazıq elə hey ona yalvarsa da, bu dəcəl yazıq kişi ilə heç cür dostlaşa bilmirdi –  vaxtilə Qamət vəzifədə işləyəndə nəvəsinə vaxt çatdıra bilməmiş, aralarındakı məlhəm qohumluq bağları birdəfəlik qırılmışdı sanki...
İndi pulu, vaxtı çox olsa da, yeganə qızının tək oğul övladı olan Fərid, Qamətə heç cür ürək qızdıra bilmir, bəzən bəhanələr də quraşdırırdı:
–  Baba, sən anla ki, mən zəmanə uşağıyam, sənin nəvən yox...
–  Axı mən də istəyirəm başqa babalar kimi nəvəmlə dost olum... Övladdan nəvə, dövlətdən dəvə, deyiblər...
–  Ay baba, anla, indi nə dəvə, nə də qohumluq vaxtıdır...
Dərinə varanda, Fərid hətta babasından yorulur, usanırdı bu nəvazişlərdən, öpüşlərdən, görüşlərdən.
Qamət hətta onun üçün bahalı smartfon, noutbuk, maşın alsa belə, Fəridin öz virtual aləminə qapılması vardı ki, ora heç kimi buraxmaq istəmirdi...
Qızı atasını başa saldı ki, Fərid təzəlikcə feysbuka girişib, heç kimlə qarışıb-qaynaşmır...
Yaşının bu çağında Qamət kompyuter müəllimi tutdu, özünə bahalı netbuk, planştet aldı, bir ayın içində onlardan işləməyi, İnternetdə hərlənməyi, sosial şəbəkədə feyslənməyi, hətta qızlarla tanış olmağı, dost-tanışlarının, əsgər və tələbə yoldaşları ilə ünsiyyət yaratmağı öyrəndi.
Son günü müəllimi ona artıq öz profilinin açmasının gərəkliyini bildirdi –  buna qədər başqa bir şəxsin niki altında daxil olurdu...
Müəllimi biləndə ki, nəvəsinə görə Feysbuka daxil olmaq istəyir, 14 yaşlı qız uşağı niki ilə qeydiyyatdan keçməyi Qamətə təklif etdi. Köhnə qurd məmurlardan olan Qamət müəllimin ağlına əvvəlcə bu təkilif batsa da, sonra nə düşündüsə, fikrindən daşındı, son anda yeniyetmə bir oğlan olaraq özünə profil açdı. "Sirrim faş olsa, uşaq, heç olmasa, ikiqat yalana görə mənə nifrət eləməsin!" –  bu qayğılı fikri narahatlıqla beynindən keçirtdi...
Qızından nəvəsinin  e-ləğəbini nikin öyrəndi, əvvəlcə onun maraq dairəsini araşdırdı, sonra yazdığı statusları, şərhləri, paylaşdığı materialları, foto və videoları, musiqi və filmləri tədqiq elədi. Onun virtual tanış və dostlarının hamısı ilə dostlaşdı –  öz yeniyetməlik illərini sanki təzədən yaşamağa başladı...
Ardıyca Feysbukda nəvəsinə dostluq yolladı: Fərid az qala bir ay ona heç bir reaksiya vermədi. Qamət onun bütün yazdıqları, paylaşdıqlarına beyendim etdi, sonra yavaş-yavaş şərhlər yazmağa başladı – şərhlərdə də xüsusi şifrələnmiş sevgisini izhar edirdi...
Yavaşcana bu virtual inadkarı ram etməyə başladı: bir gün nəvəsi onun e-dostluq təklifini təsdiqlədi və Qamət niki Don Kixot olan Fəridin 134-cü virtual tanışı oldu...
Qəribə idi, baba-nəvə həyatda nə qədər uzaq, yad, soyuq idilərsə, əksinə İnternetdə və soaial şəbəkədə bir o qədər yaxın, doğma, hərarətli idilər...
Günlər keçir, artıq Qamət bu yeniyetmə nəvəsinin, necə deyərlər, "cikindən tutmuş bikinə qədər" hər şüeyini bilirdi sanki: özü də sanki saflaşır, uşaqlaşırdı.
Onlar həyatlarındakı hər şeyi bölüşürdülər –  Fərid yaşantılarını, yaşadıqlarını, Qamət isə xəyallarındakılarını, bir də yaşaya bilmədiklərini. Nəvəsinin necə mürəkkəb yaşam tərzinə malik olduğunu, ata-anası tərəfindən az qayğıyla əhatələndiyini, valideynlərinin ona az vaxt ayırdıqlarını isə sadəcə sevilməməsi ilə izah etdiyini ürək ağrısı ilə dinləyirdi. Növbəti yazışmalarının birində isə –  tərslikdən elə qızının evində, qonaq otağında o öz planşteti ilə, uşaq otağında isə Fərid noutbukuyla çatlaşan vaxt, –  nəvəsinin bir etirafı onu elə sarsıtmışdı ki, gəl görəsən!
–  "Bilirsən, babam haqqında danışmaq istəyirəm. Belədə pis kişi deyil, amma nədənsə ona ürək isidə bilmirəm də..."
–  "Niyə?.."
–  "Bilmirəm, uzun müddət ayrı şəhərdə yaşayıb, yaxı pulu və hörməti var, amma mən ona öyrəşə ilmədim də..."
–  "Lomdur ki?"
–  "Yox, ala, hətta özünə planştet alıb. Hərif, deyəsən, qocalıqda yorğalığa başlayıb (bunlar artıq Qamətin sözləri idi, hərdən televiziyada yaşlı müğənnilər görəndə söyləyərdi!)..."
–  "Ehtiyatlı ol ha, qızlar onu sənin əlindən qapmasınlar!"
–  "Heç demə. Əslində, onu çox istəyirəm, hətta bilirəm ki, o da məndən başqa bir kimsəyə ürək qızdırmır. İşi də elə olub ki, hər zaman qapalı şəraitdə yaşayıb. Fəqət, nəsə mənimki o qocayla tutmur da..."
Qamət bu yerdə göz yaşlarını saxlaya bilmədi: uşaq incə məqamlara toxunmuşdu. Yaxşı ki evdə onlardan başqa bir kimsə yox idi, yoxsa sirrinin üstü açılardı...
Qamət elə indicə nəvəsinin yanına qaçıb onu qucaqlamaq, bağışlanmasını yalvarmaq, al yanaqlarından öpmək istədi, amma nədənsə ürək eləmədi...
Qəfildən Fəridlə məzələnmək keçdi ürəyindiən, səsinin yoğunluğuna salıb bərkdən söyləndi. Yazdı:
–  "Hər halda onu da başa düşməyə çalış..."
Qışqırdı:
–  Fərid, bu nə deməkdir axı, mən sizə ayda-ildə bir dəfə qonaq gəlirəm, onda da sən sevimli babanı tək buraxıb otağında gizlənirsən...
–  "Görüm qoca xoruz nə banlayır e..."
–  "Ok!" –  Qamət tez planşteti gizlətdi. Gülməkdən güc-bəla ilə özünü saxladı...
Bayaqdan virtualda təbəssüm işarələrini sağa-sola paylamaqla Qamətə sevinc –  müsbət enerji paylayan Fərid otağa, real həyata enən kimi baxışlarında yeniyetmələrə xas olmayan bir acı kədərlə babasına baxdı:
–  Sizə çay gətirim, baba?!.
...Drakula –  Qamət yenə Don Kixot –  Fəridə yazdı:
–  "Yazdığından belə çıxır ki, hər şeyin var. Bəs nəyin çatışmır ki, evdən –  həyatdan, hətta super babandan narazısan?.."
–  "Aha, bu, uzun söhbətdir. Bilirsən, mən bir qızı sevməyə başlamışdım, ilk eşq oxum daşa dəydi..."
Qamət artıq ağarmağa başlayan başının qaşıdı: "İlahi, işimiz var da. Həyat virtuallaşsa da, dünya dəyişsə də, bunun insan və sevgiyə bir zərrə qədər də təsiri olmayıb... Hər şey yenə sevginin başında çartlayır..."

Növbəti hissənin sonu              (Ardı var)

Комментариев нет:

Отправить комментарий