Страницы

21.11.2012

Azərbaycanın sevgi şeirində mevgi

Salam Sarvan

Azərbaycan şeiri yarandığı dövrdən indiyədək əsasən YARla məşğul. Vay dədəə, şeirimiz bu müddətdə YARın qarşısında nə hoqqalardan çıxmış?!
Əzilib-büzülmüş, ağlayıb-sıtqamış, diz çıkmüş, yerə yıxılıb ağnamış, bir sözlə, hər cürə vəsli-yari-dili-bəzmü-nəvayi-peymanturluqlar etmiş.
Hərçənd minillik sevgi şeirimiz lox və fərasətsiz. O, indiyədək YARı “yoldan çıxara” bilməməkdə. O, hələ də ol sitəmkarın zülmündən dili-bimar vəziyyətdə. O, hələ də “qayıt!” yalvarışlarıyla YARın zəhləsini tökməkdə. Baxmayaraq ki, YAR otuz il bundan qabaq çıxıb getmiş və hal-hazırda doqquz uşaq anası. Hətta ona da baxmayaraq ki, bu doqquz uşağın böyüyü adam yortmağa görə on ildi ki, həbsxanada.

İndi buyurum ki, əvvəllər şairlərimiz çox utancaq olduqlarından üç əsr ərzində yalnız YARın tellərinə baxıblar. Öz dilləriylə desəm təkcə YARın zülfünün pabəstəsi olublar: “uzun saçlar”, “topuğacan hörüklər”, “siyah tellər”, “pərişan zülflər”...
Və bu haqqısab dəbdə dəyişikliklərin baş verməsinədək – YARın öz saçlarını kəsdirməsinədək davam etmiş. Bax da, sevgi şerimizdə “kare saçlar”, “kaskad saçlar”, “şapuçka saçlar” ifadələrinə rast gəlmisənmi?
Hərçənd sevgi şeirimizin tarixi dəhşətli bir şeyi də göstərir: təkcə kişi şairlərimizin qadın YARlarının yox, elə qadın şairlərimizin kişi YARlarının da telləri nədənsə uzun olmuş. Hər halda 19-cu əsr şairəsi Heyran xanımın şeirlərindən belə məlum:

Şanə çəkibən çin-çin elə, sal üzə zülfün,
Qüllab kimi ol ucları rüxsarə qayıtsın.

Onu deyirdim axı... Məhz YAR saçlarını kəsdirəndən sonra şeirə yeni nəfəs gəlmiş, şairlər həmin zamandan başlayaraq YARın hilal qaşlarına daraşmışlar.
Bundan əlli il sonra isə sürmənin kəşf olunmasıyla şeirdə YARın kiprigi də görünməyə başlamış. Bu da o səbəbdən ki, yar özü şairlərə müjgan oxları atmış, yəni özü “girişmiş”.
Və nə sirri-xudadırsa, bu oxlar bir qayda olaraq şairlərin ürəyinə dəymiş. Hər halda, bütün klassikanı ələk-vələk etməyimə rəğmən, alnının ortasından vurulan bir dənə də şairə rast gəlmədim.
Beləcə 400 il ərzində şeirimiz yalnız YARın tükləriylə məşğul olmuş.
P.S. Növbəti yazı Azərbaycan şeirinin tükdən sonrakı mərhələsi barədə olacaq.

kulis.az

Комментариев нет:

Отправить комментарий