Страницы

23.11.2012

Duruşu şahanə könül

Ədalət Əsgəroğlu

Tel –tel olub əsər rüzgar,
Düymə –düymə bağlar məni.
Xallar vurar düyün-düyün
Hal qəsrində saxlar məni.

Öz külümdü… ocaq çatar,
Tüstüm uçar ərsə çatar.
Bəla gələr çalar – çapar
Çalın –çarpaz dağlar məni.

Əsgəroğlum keç qəlbidən,
Qəlp qəsdidir qəlbi dilən.
Qəlpələnsə qəddim birdən
Qəhr eyləsin sağlar məni.


***
Duruşu şahanə könül,
Belə dayan qurban sənə.
Yüzü başına dolana
Yenə mənəm yanan sənə.

Öz şəninə hürr olalı
Bir adına pir olalı
Biz birləşib bir olalı
Neylədi ki yaman sənə.

Əsgəroğlum şükür haqqa,
Gün yaraşır gülən baxta.
Eşqilən çıxmısan taxta
Gətirmişəm iman sənə.

Комментариев нет:

Отправить комментарий