Страницы

23.11.2012

MƏXFİ CƏMİYYƏT (MASON ŞİFRƏSİ). 18-29-cu hissələr


Asiman Eyniyev. Detektiv roman

Bu kəskinsüjetli detektiv əsər müəllifin yaradıcı təxəyyülünün məhsulu sayılır. Romanda təsvir edilən hadisələr, ədəbi surətlərin adları, məkan, eləcə də başqa cəhətlər həyatda və reallıqdakılarla üst-üstə düşməsi istisna olunmur. Belə hallarda yazıçı milli qanunvericilik, ayrı-ayrı fərd, eləcə də rəsmi qurumların qarşısında heç bir məsuliyyət daşımadığını bəri başdan bəyan edir...


18

Böyük izdihamın içində çaşıb qalan Skot nə edəcəyini bilmirdi. O, ətrafa göz gəzdirib, yerə bərkidilmiş, üstündə yeraltı keçidə işarə verən, üzərində “Bar Metro” yazısı olan beton tikilinin üstünə çıxdı. Tikilinin üstündən ətraf aydın görünürdü.
Nəticə onun istədiyi kimi olmamışdı. Telefonu çıxarıb zəng etmək istəyəndə, yeni bir ismarıc gəldiyini gördü. Tələsik açıb oxudu. İsmarıc Laradan gəlmişdi.
– “Skot, bağışla, işlə əlaqədar təcili tək məni ekspertə çağırdılar. Mütləq görüşəcəyik”...
Skot tikilidən yerə tullanıb fikrə getdi.
“Deməli işlər ürəkaçan deyil. Bu adam odur. Mən buna əminəm. Bu şəxs Abbas Abdullayevin oğludur. Mənim cəsədə baxmaq imkanım olmayacaq. Lara o barədə məlumatı, bilirəm, mənə verə bilməyəcək. Hər şey gizli saxlanılmalıdır. Mən bir çıxış yolu tapmalıyam. Mütləq bir yolu olmalıdır.” – Sanki öz-özünə danışırdı.

19

Milli Təhlükəsizlik Nazirliyi.

Xüsusi xidmət mayoru Laraya öz kəskin etirazlarını bildirirdi.
– Lara, Skot bizim keçmiş əməkdaşımız olub, onun bu məlumatdan xəbərdar olduğunu bilirik. Amma iş indi bizim üstümüzdədir. Skot bu işə yaxınlaşa bilməz. Biz onu dəvət etsək əgər, yalnız o zaman kömək edə bilər. Amma sən özün də bilirsən ki, indi onun köməyinə ehtiyacımız yoxdur. Ekspert rəyinə görə, müəmmalı meyit şəhərin meri Rza Abdullayevin cəsədidir. O, iki gün öncə qətlə yetrilib. Üzərində olan qan ləkələrinin göstəriciləri müayinə zamanı məlum oldu. Dünən gecə onu yaralı halda narkoman tapıb. O, tam bir gün yaralı vəziyyətdə qalıb.
Lara bir anlıq çaşqınlıq hissləri keçirtdiyini hiss etdi.
– Onu damğalayıblar, – deyən mayor qələmi əlində fırladıb başını oturduğu dəri kresloya söykədi.  – Dilində olan damğa bilinmir, amma alnında maraqlı bir yazı yazılıb: “NEBE”.
– Bunun mənasını bilən var? – Məyus halda soruşan Lara əlini başına aparıb gicgahlarını masaj etməyə başladı.
– Hələlik axtarış davam edir. Bu istiqamətdə işləyən xeyli sayda əməkdaşımız var.
– Mən başa düşə bilmirəm, – Lara tələsik əlavə etdi:  – Onu hadisə gününün səhəri heç kəs görməyib, yoxsa görüblər, sadəcə yaxın duran olmayıb?
– Fikrimcə, onun ağzı köpüklənirmiş, görənlər içkili olduğunu düşünüb yaxın durmayıblar. Bir də işgəncə möhkəm verilib. – Mayor aydınlıq gətirdi. – Əgər dilində olan damğa biz düşündüyümüz möhürdürsə onda hər şey açıq–aydındır.
Lara diqqətini cəmləyib yenidən soruşdu:
– Aydın olan nədir? Möhür kimlərin möhürüdür ki?
Mayor kreslonu 360 dərəcə fırılatdı.
– Hələ məlum deyil. Aydınlaşdırılanda, açıqlanacaq.

20

Türkiyədəki əsas hava limanı.
Naməlum adam mühafizəçiləri ilə birlikdə “Boeing – 8” sərnişin təyyarəsindən endi. O, təyyarə trapında ikən ətrafa göz gəzdirirdi. Eyni vaxtda düşən təyyarəni gözləyirdi. Eyni vaxta enən lüks “Challenger – 604” özəl təyyarə sürətini azaltdı. Naməlum adam sevincək halda təyyarəni görəndə trapdan tələsik düşməyə başladı. Mühafizəçilər onunla bərabər tələsdilər.

21

Milli Təhlükəsizlik Nazirliyi.
Lara stolun üstünə qoyulmuş fincandakı suyu içdi. Mayor onun həyəcanlı olduğunu anladı.
– Lara, sənə nə olub, niyə belə həyacanlısan?
– Skot məndən xəbər gözləyirdi. O, cəsədin Abbas Abdullayevin oğlu olduğunu sanki bilirdi. Mən ona ekspertin yanına yollandığımı dedim və Skotu aldatdım.
– Xahiş edirəm, Skotun adı bir də çəkilməsin. Biz buna görə cavab verməli olacağıq. Mayor sərt şəkildə bəyan etdi.
– Nəyə görə? – Lara əsəbi halda qeyri-ixtiyari sualını zildən səsləndirdi.
– Lara, bilirəm yorğunsan, hələlik son hadisələrin həyəcanını üstündən atmamısan. Ona görə bir az dincəlməyin məsləhətdir.
– Biz nəyə görə cavab verməliyik? – Lara səsini alçaltdı.
– İşimizə bizdən başqa heç kəs müdaxilə edə bilməz. Bunu başa düşürsən, yoxsa yox? Skot artıq işdən kənarlaşdırılıb.
    Lara mayorun haqlı olduğunu bilirdi. Amma o, ürəyində olan fikirləri Skotla bölüşmək istəyirdi. Buna icazə yox idi. O, əmrə tabe olmalı idi. Bu iş ciddi əhəmiyyətli işə çevrilib, buna artıq Skot müdaxilə edə bilməzdi. Bu, dövlətin rəsmi işi olduğu üçün gizli saxlanılmalıdır. Lara bunları yaxşı başa düşürdü.
– Abbas Abdullayevə xəbər vermisiniz? – soruşan Lara artıq özünə gəlirdi.
Mayor:
– Yox! – deyib ayağa qalxdı. – İndilərdə yəqin xəbər verəcəyik. Abdullayevlər ailəsinə başsağlığı verib, cəsədi yaxın vaxtlarda onların ixtiyarına ötürməliyik. Bu gün Abbas Abdullayev klinikadan ayrılıb, məlumatlara görə, özünü yaxşı hiss edir.
Lara razı halda başını yellədi. Mayor daxili əlaqə telefonuyla köməkçisini çağırdı. Köməkçi içəri daxil oldu, hərbi qaydada salamı verib dayandı.
 – Abbas Abdullayevi çağırın gəlsin, – mayor əmr etdi.

22

Türkiyənin əsas hava limanı .

“Challenger – 604” markalı özəl təyyarənin trapı açıldı. İki mühafizəçi çıxıb ətrafa baxandan sonra işarə ilə içəridə olanın çıxmasını istədilər. İçəridən bir nəfər çıxdı. Qara kostyumlu, alçaqboylu, ağsaçlı adam eynəyini taxıb dərindən nəfəs aldı. Yorğun addımlarla aşağı enməyə başladı.
Mühafizəçilər çoxalmışdı. Arxada olan altı mühafizəçi öndə düşən adamı hər tərəfdən mühafizə edirdi. Adam yaşlı olmasına baxmayaraq, olduqca şıq görünürdü. Son model qara rəngli “BMW” markalı minik maşınına yaxınlaşdılar. Mühafizəçilərdən biri qapını açdı. Ağsaçlı adam oturdu. Qapı örtüldü. Mühafizəçi ön oturacaqda əyləşdi, getmək üçün sürücüyə əli ilə işarə etdi. Ağsaçlı adam maşının arxa oturacağında yanaşı oturan adama:
– Vedat bəy, işləriniz ürəkaçan deyil, – söyləyib başını oturacağın qırağına söykədi.
– İşlərimiz yolunda gedir. İşi pozmaq istəyənlərin cəzası verildi, – deyə Vedat bəy bütün olayları danışmaq üçün az qala səbrsizlik göstərirdi.
– Eşitdiklərimə görə işi yaxşı yerinə yetirə bilməmisiz.
– Çox təəssüflər olsun ki, bu belə oldu. Amma biz işi tamamladıq. İşi pozan adam öldü.
– Bilirsiz, Vedat bəy, siz o adama xüsusi fərqləndirici işarə qoymusunuz: bu işarə olduqca tanınmış işarədir. Siz bu işarə ilə açıq-aşkar fikrinizi bəyan etmək istəmisiz. Bunu başa düşdük, amma siz cəsədi hara gəldi tullamamalıydız...
– Düzdür, bu bizim ən böyük səhvimizdir. Vedat İlker müsahibi ilə razılaşmağa məcbur idi.
– İcazə verin sözümü bitirim, – deyən ağsaçlı adam eynəyinin altından barmaqları ilə burnunun üstünü ovuşdurdu.
 – Buyurun, üzr istəyirəm! – Vedat İlker özünü yaxşı hiss etmirdi.
– Rəhbərlik sizin tutduğunuz işi bəyənməyib. Siz özünüzü açıqlamaq istəmisiniz, biz kimik demək istəmisiniz. Belə olmaz. Biz işlərimizi pozan adamlara layiqli cəzasını verib onu dəfn edirik. Amma siz bunu etməmisiniz. Siz tamam ayrı bir iş görmüsünüz.
– Mən səhvimi başa düşürəm, – deyən Vedat bəy özünü az qala itirmişdi.
– Mən sizi başa düşməyə çalışıram. Amma rəhbərlik nə deyəcək, bunu hələ ki heç özüm də bilmirəm.
– Sizdən xahiş edirəm, məni əfv etmək üçün öz xahişinizi rəhbərliyə bildirin.
– Bu barədə, çox güman ki,  rəhbərlik birgə qərar qəbul edəcək.
Vedat İlker üzünü maşının pəncərəsinə tərəf çevirdi. Mərmərə dənizinin sularında gəmilər hərəkət edirdi. Maşın iki qitəni ayıran İstanbul boğazının üzərində salınan körpünün üstündə iti sürətlə şütüyürdü.

23

Milli Təhlükəsizlik Nazirliyi.

– Bu ola bilməz, siz nə danışırsız? Mənim oğlum yaşayır, o, sağdır. Siz yalan danışırsız, bu ola bilməz, – deyə başını stolun üstünə qoyub ağlayan Abbas Abdullayev nə edəcəyini bilmirdi.
– Çox təəssüflər olsun, Abbas müəllim, oğlunuz artıq dünyasını dəyişib, bu acı həqiqətlə barışmalısız.
– Onu kim öldürüb, heç olmasa bunu bilirsiz? – Abbas Abdullayev üz cizgilərini sərtləşdirib soruşdu.
– Yox, hələ ki bunun üzərində işləyirik. Narahat olmayın, çox yaxın vaxtda qatil mütləq tapılacaq.
– Çox yaxın vaxtda? Bu nə deməkdir? Mən əmr edirəm, bu gün onun qatili tapılmalıdır. Tapılmalıdır, tapılmalıdır, – Abas Abdullayev yerindən ayağa qalxıb mayora tərəf hücum etmək istəyirdi.
– O, böyük həyəcan keçirir, təcili həkim çağırın, – mayor köməkçisinə işarə etdi.
Lara otaqda  bir yerdə dura bilmirdi. Abbas Abdullayev ayaq üstündə dayana bilməyib yerə yıxıldı.
– Təcili həkim çağırın, tez gəlsin. – Lara qışqırdı.
– Lara, hər şey qaydasındadır. Bu dəqiqə həkim gələcək. – Mayor əyilib Abbas Abdullayevin kürəyindən tutub qaldırdı.
Həkim içəri daxil oldu, xəstəyə ilk tibbi yardımı göstərdi. Abbas Abdullayev iki dəqiqə keçəndən sonra özünə gəldi.
– Rza, sən ölməməliydin, – yana-yana təkrarlayan Abbas Abdullayev faciə ilə barışmalı oldu...
– Oğlumu görmək istəyirəm. – Abbas Abdullayev mayora müraciət etdi.
– Yolu göstərin, – mayor köməkçisinə əmrini verdi...
– Əməliyyat qrupu Rza Abdullayevin iş yerini gözdən keçirtməlidir. – Mayor Laraya fikrini bildirdi.
– Bunu Skot artıq edib, – Lara mayora yad nəzərlərlə baxdı.
– Başa düşmədim? Biz bunu yenidən icra edəcəyik. Biz öz işimizi görürük.
– Elə demək istəmədim. – Lara əlavə etdi:  – Mən onunla əlaqə saxlamışdım. Skot onların bir xəbəri olmadıqlarını bildirdi. Rza Abdullayev işçilərinə Türkiyəyə gedəcəyini bildirib. Onlar yalnız bunu bilirlər. Üç gündür ki, Rza Abdullayev məzuniyyətə çıxıb.
– Biz bir də araşdıraq, – deyə mayor telefonla harasa zəng etdi.

24

Skot taksafon kabinetinə yaxınlaşanda yaxınlıqda olan məsciddən azan səsi eşidildi. Telefonda tələsik klinikanın nömrəsini yığıb səsini tənzimlədi.
– “Alo, buyurun, növbətçi həkim sizi dinləyir.”
– Danışan X saylı polis bölməsinin rəisidir. Dünən axşam növbədə olan həkiminizin adı və ünvanı lazımdır.
Növbətçi həkimin dili dolaşdı. O, dünənki müəmmalı cəsədin kimə aid olduğunu bilmək istəyənlərdən biri idi. Sanki öz-özünə dedi: “Deyəsən, artıq məlum olub!” Amma nəyə görə dünən növbədə olan həkimin nömrəsini istəsinlər. Bax bu ona qaranlıq qaldı.
 Skot əsəbi halda:
– Sizinlə deyiləm?
– Bir dəqiqə bağışlayın, bu saat  deyirəm, ünvan...
Skot deyilən məlumatı yaddaşına köçürdükdən sonra dəstəyi asıb tələsik taksafon kabinetindən çıxdı.
Növbətçi həkim özünü itirmişdi. Üzünə asılan dəstək, dünən növbədə olan həkimin heç də işinin ürəkaçan olmadığını göstərirdi. Növbətçi həkim həyəcandan nə edəcəyini bilmirdi. O, dünən növbədə olan həkimə zəng etmək istədi, amma bacarmadı. Onun adını və ünvanını bayaq özünü polis rəisi kimi təqdim edən şəxsə dəqiq demişdi. Bu, bir növ, həmkarlar arasında satqınlıq sayılır.

25

Flora xanımın fəryadı yaxınlarını narahat edirdi. Onun vəziyyətinin heç də yaxşı olmadığını bilirdilər.
– Təcili həkim gəlməlidir, – deyən İsa Abdullayev Flora xanımın vəziyyətinin pis olduğunu yaxınlarından birinə söylədi.
– Belə olmamalıydı, – Abbas Abdullayev hər dəqiqə təkrarlayırdı. O, başını aşağı salıb ağlayırdı.
– Mərhumu yerdən götürməliyik, – məclisi idarə edən adam növbəti dəfə öz fikrini Abbas Abdullayeva çatdırdı.
– Necə deyirsiz, elə də olsun. – Abbas Abdullayev zəif səslə cavab verdi.
İsa Abdullayev mühafizəçilərə hazır olmaq əmrini verdi. Flora xanıma ağrıkəsici iynə vurub yatağa uzatdılar. Bir neçə mühafizəçi meyiti yerdən qaldırdı.
Abbas Abdullayev dəsmalını üzünə tutub məclisi idarə edənin yanındaca gedirdi. İsa Abdullayev toplaşan insanları yönlədirir, onlara göstərişlər verirdi. Flora xanım cəsədin evdən çıxmasından xəbərsiz idi. Bədəninə vurulan dərmanın təsirindən ayılaraq bərkdən çığırdı:
– Rza! – Onu yenidən sakit etdilər.
– Oğlum haradadır? – soruşan Flora xanım yataqdakı yorğan və balışları dağıdıb bərkdən hönkürürdü. Bir qədər keçəndən sonra malikanədəkilərə meyitin torpağa tapşırılması xəbəri çatdırıldı.
– Oğlumun üzünü mənə göstərmədilər. Onun üzünü son dəfə görə bilmədim, – çığıran Flora xanım fəryad qoparırdı.
Rza Abdullayevin cəsədin evə gətirəndə üzünü örtmüşdülər. Oğlunun meyitini təhvil alan Abbas Abdullayev özü bu barədə xüsusi tapşırıq vermişdi. İsa Abdullayev də daxil olmaqla, heç kəsə cəsədin üzünü açmasına icazə verilməmişdi...
...Abbas Abdullayev ekspertdən çıxan cəsədə baxandan sonra gözlərini eyni bir nöqtəyə zilləyib ürəyində cəsədin alnına yazılan sözü təkrar edirdi. Ekspertizanın əməkdaşı cəsədin dilini çıxarıb ona göstərəndə Abbas Abdullayev özünü az qala itirmişdi. Cəsədin dilində üçbucağa bənzər bir şəklin möhürü vurulmuşdu. Özü də o, tam aydın görünmürdü.
– Sizcə, bu nəyin işarəsidir? – soruşan Abbas Abdullayev artıq özünü idarə etməkdə çətinlik çəkirdi.
–Biz də heç bir şey başa düşmədik... – deyə həkim cavab verdi.
Yenidən mayorun iş kabinetinə daxil olan Abbas Abdullayev həmin sualı bu dəfə təkrar olaraq mayora ünvanladı. Mayor:
– Dəqiq məlum deyil, – deyib onu gözüyolda saxladı.
Cəsədin üzərində olan yaraları kimsə görməməsi üçün Abbas Abdullayev mühafizəçilərinə “Meyitin üzünü açmayın!” tapşırığını vermişdi.
                                               
26

Türkiyə, İstanbul.

Bahalı “BMW ” markalı maşın Avropa ilə Asiyanın qovuşduğu qədim İstanbulun çıxışı olmayan, labirintə bənzəyən küçələrində astaca hərəkət edirdi.
Çöldə yağmur çiskinləyirdi. Yerə düşən yağış damcıları xoş qoxu yaradırdı. Bəzi qədimi evlərdə yaşayan qadınlar pəncərələrdən bir-biri ilə söhbət edir, xörək reseptləri barədə məlumatları bir-birinə ötürür, bayırdakı yağışa əhəmiyyət vermirdilər. Yayda olan belə yağışlı havaya İstanbulun daimi sakinləri artıq öyrəşmişdi...
Velosipetini almaq üçün özündən yaşca böyük olan oğlana ağlaya-ağlaya yalvaran uşaq, çarəsiz qalıb yerdən nəsə götürüb onun başına çırpdı. Bu hərəkət maşında başını oturacağa söykəyən ağsaçlı adamın gözündən yayınmadı, “Oho, afərin!” söylədi. Dalanın tinində dayanan oğlan maşınları diqqətlə seyr edirdi. Oğlan dayanan yer yolu dörd hissəyə bölürdü. Sağa dönən maşın oğlanın gözündən yayınmadı. O, maşının arxasınca baxırdı. Maşının qabaq oturacağının başlıqaltısının arxasındakı monitordan geriyə baxan ağsaçlı adam onları arxadan seyr etməkdə olan oğlanı gördü. Bir qədər baxandan sonra gülümsədi.
Dalanın sonundan 500 metr aralıda qədim bir kilsə ucalırdı. Köhnə, amma işlək vəziyyətdə olan məbəd idi. Maşın kilsənin yanında dayandı. Maşının qapısı açılanda mühafizəçi artıq onun yanında dayanmışdı. Kilsənin giriş qapısında bu qədim tikilinin tarixi barədə heç bir məlumat yox idi. Sürücü də mühafizəçi missiyasını yerinə yetirirdi. O, maşından düşüb, ətrafa diqqətlə nəzər yetirdi. Sonra ağsaçlı adamla birlikdə kilsəyə daxil olan Vedat  İlker dua etdi...

27

Lara evinə daxil olan kimi, mobil telefonu ilə Skota zəng etdi. Onun mobil telefonu söndürülmüşdı. Daha sonra ev telefonu ilə Skotun yaşadığı mənzilin nömrəsini yığdı. Telefon bir-iki dəfə çağırandan sonra səsli ismarıc sistemi işə qoşuldu: “Xahiş edirik, siqnal səsindən sonra məlumatınızı saxlayın”...
– Tələsik səndən ayrıldığıma görə məni bağışla, Skot! Bu yaxında biz səninlə mütləq görüşəcəyik. Bir neçə gün mənim telefonum cavab verməyəcək. Mən özüm səni axtaracağam! –deyib dəstəyi asdı.
Lara tutduğu işdən peşman olmuşdu. Amma yaxşı bilirdi ki, Skot onu düzgün başa düşəcək. Çünki Skotun özü də bu ağır yolun yolçusu olub.
Siyirməni gəzib bir disk çıxartdı. Pleyeri işə saldı. Universitet illərindən Andrea Bocelli fanatı olan Lara hər gün onu dinləmədən özünü rahat hiss etmirdi. “Melodramatik” italiyan tenoru ustalıqla “işini” yerinə yetirirdi...

28

Türkiyə, İstanbul.

İki nəfər məbədə daxil olan zaman kilsənin zəngi vuruldu. Ağsaçlı adam əlini sinəsinə aparıb xaç çəkdi. Vedat bəy kilsənin boş zalını gözdən keçirtdi. Ətraf olduqca sakit və qaranlıq idi. Kilsənin rahibi onların yanından keçəndə başını əyib salam verdi. Vedat bəy salamı alıb ağsaçlı adama üzünü tutdu və maraqla soruşdu:
– O haradadır? – sualının cavabsız qaldığını görüb simasını sərtləşdirdi.
Rahib onlardan təxminən on beş metr aralıda asılmış, çox köhnə görünən pərdənin arxasına keçdi. Kilsənin ön hissəsi zəif işıqlandırılmışdı. Divardan dini mövzuda müxtəlif rəsmlər ikonalar asılmışdı. Rahib gözdən itəndən sonra Vedat doğma torpağında özünü narahat hiss etməyə başladı. Tez-tez dönüb ətrafına baxırdı.
Ağsaçlı adam onun qorxduğunu hiss edib xəlvətcə güldü. Oturacaqların bir hissəsi yenicə təmir edilmişdi. Qalan hissəsi sınıq-sökük idi. İrəli doğru addımladıqca, ön oturacaqlar aydın görünməyə başladı. İkinci sırada arxası onlara çevrilmiş bir nəfər oturmuşdu. Addım səsləri eşidildikdə ona doğru gələn addımları duyub üzünü çevirmədən dedi:
–  Xoş gəlmisiz!
Ağsaçlı adamla birlikdə hədəfə çatan Vedat bəy o adamla görüşüb qucaqlaşdı. Onlar çarpaz şəkildə çiyinlərini bir-birinə vurdular. Ağsaçlı adam “Bəs o haradadır?” – deyəndə, üzü görünməyən adam dilləndi:
– O sizinlə görüşəcək! Mən sizi onunla görüşdürəcəyəm, – deyib irəli doğru addımladı.
İki nəfər onun arxasınca gedirdi. Öndə gedən adamın üzü görünmürdü. Onun üzündə iki gözü bağlı olan maska vardı. O, kilisənin arxa qapısından çıxdı.
– Mən buradan yol olduğunu heç düşünməzdim, – deyə Vedat bəy başını iki yana tərpətdi.
Kilsənin arxa qapısı ot basmış xəlvəti bir küçəyə açılırdı. Bu dar küçə olduqca xəlvəti və ayaq izi dəyməyən bir cığıra bənzəyirdi. İrəlilədikcə küçənin sonu get-gedə daralırdı. Arxadan önə doğru piramida şəklində başa çatan bu küçə şəhərin bu hissəsindəki kanalizsiya sistemlərinin qovşağı kimi tanınırdı. Çürümüş ağac yarpaqları ayaq altına yapışıb iz buraxmağa yol vermirdi.
– Görəsən rahib bu yolu bilir? – Öz-özünə sual verən Vedat bəy ağsaçlı adamın başını aşağı salıb kirmişcə yeriməsinə lap məəttəl qalmışdı. Ürəyində – “Bu necə səbrli adamdır?” – deyirdi.
Bir qədər addımlayandan sonra üstü nəm çayırlar basmış dəmir qapıya çatdılar. Qapı aşağıya doğru açılırdı. Üzü maskalı adam əyilib qapını açdıqdan sonra aşağı doğru düşməyə başladı.
– Buradan pilləkən var? – deyə soruşan Vedat bəy tamam çaşıb qalmışdı.
Ağsaçlı adam danışmır, öndə gedənin arxasınca düşüb onu izləyirdi.
Maskalı adam:
– Parolunuz yadınızdadır?  – soruşanda Vedat bəyə hər şey aydın oldu.
Bura onun hələ də yaxşı tanımadığı gizli qərargahlardan biri idi. Vedat bəy son dəfə başını qaldırıb qaranlıq göylərə baxdı. Buludlar olduqca tutqun və qatı görünürdü. Bir-birinə dəyib vahiməli səs edən buludlardan gözünü çəkib –  “Bilirik!” – deyə o da sualı cavablandırdı. Ağsaçlı adama “Qapını ört” əmri verildi. Ağsaçlı adam son pilləni düşəndən sonra qapını bağladı. Ətrafa zülmət qaranlıq çökdü. Alışqanla divara bərkidilən məşəli yandıran maskalı adam banklarda kompyuter sistemi ilə işləyən dəmir kassaların siyirməsinə bənzəyən qapının yanına yaxınlaşdı. Maskalı şəxs qapının dəmir tordan olan hissəsinə parolunu dedi. Sonra isə o, Vedat bəy ilə ağsaçlı adama da öz parollarını deməsini buyurdu. İki nəfər parolu dəmir tordan içəriyə səsləndirdi. İçəridən cavab gəlmədi. Bir neçə saniyədən sonra qapı kilidi şaqqıldadı, adamın ətini ürpəşdirən cırıltı səslə açıldı. Təşrif buyuran üç nəfər içəri daxil oldu.
Qaranlıq zal. Vedat bəy ətrafında ağsaçlı adamdan başqa birinin olmamasını hiss etdi. Yuxarıdan işıq yalnız bir yeri işıqlandırdı. Bu işıq ortadakı yeganə stulda oturan adamın üzərinə düşürdü. Vedat bəy işıq yanandan sonra yanındakı maskalı adamın yoxa çıxdığını gördü. Tək stul yuxarıdan işıqlandırılırdı. Ağsaçlı adam yaxınlaşıb eyni vəziyyətdə onunla görüşdü. Vedat bəy də hərəkətləri təkrar etdi. Ayaq üstə dayanan iki nəfər suallara cavab vermək üçün səbirlərini güc-bəla ilə basırdılar...
...İlk sual Azərbaycanda törədilən səs-küylü qətlin lazımı şəkildə icra edilməməsi barədə oldu. Vedat bəy dili dolaşa-dolaşa verdiyi cavab eynilə ağsaçlı adama söylədiyini təkrarı idi. Ağsaçlı adama İsraillə bağlı sualı verəndə o cavabında – “Hər şey yolunda gedir!”– söylədi.
Oturan adam söylədi:
 – İşi tamamla! – deyə Vedat bəyə son xəbərdarlığını etdi və əlavə olaraq bildirdi: – ...Azərbaycanda təqaüdə çıxmış kəşfiyyatçılardan bir nəfər sənin işini pozmaq, daha doğrusu bizim sirrləri faş etmək, üzə çıxartmaq niyyətindədir. Onu dərhal aradan götürmək əmrini verirəm. Vedat bəy, “Üzünü işığa çıxartsan bir də qaranlığa mənim yanıma gəlmə!” Son tapşırığı yerinə yetir. Bu sənin andındır. Əslində bu, son görüşümüz deyil, səhv atılan addımla bağlı bura toplaşmışıq. Bizim qarşıdakı planlarımız tezliklə həyata keçməlidir. Buna görə biz lazımi səviyyədə çalışıb işimizin öhdəsindən gəlməliyik. Çox yaxın vaxtda Azərbaycanda loja qurulacaq və bütün Qafqazın idarə edilməsi bizim üzərimizə düşəcək. Azərbaycandan yaxınlarda Rza Abdullayevin yerinə adamımız seçiləcək. Müvəqqəti olaraq işlər sənin üstündədir. Bir də səhvə yol vermə, işi sonacan tamamlamamısan. Öhdənə düşən işi sona yetir. Tamamla, mənim sizə söyləyəciklərim bu qədər. Çıxa bilərsiz...
İki nəfər zaldan çıxıb məşəlin verdiyi zəif işıqla dar küçəyə açılan qapını tapdılar. Kilsədən üzünün tərini silə-silə çıxan Vedat maşına oturanda “oh!” deyib dərindən nəfəs aldı.

29

Gecə saat 23:00.

44 saylı binaya sanki dərin sükut çökmüşdü.
Yenicə dayanan “Volkswagen Passat” markalı  maşının güclü işıq şüaları qarşıdan keçən səfil itin gözlərinə düşdü. Külək bərk əsdiyindən binanın birinci blokuna kəndirlə bağlanan uşaq yelləncəyi yellənirdi. Yelləncək binanın divarlarına sürtünüb qəribə, küt səs çıxarırdı. Skot maşından düşüb ikinci bloka girdi və liftə yaxınlaşdı. Liftə daxil olub üstündə dörd rəqəmi yazılmış düyməni sıxdı. Liftin qapıları bir də onun düşmək istədiyi mərtəbədə açıldı. Bir anlıq “dejavyu” hissinə qapıldı. Qapının üstündəki ad və soyad onun görmək istədiyi adama məxsus idi. Qapı zənginin düyməsini sıxdı, sonra isə onu astaca döydü. İçəridən “Kimdir?” – deyə uşaqlara məxsus səs eşidildi.
– Zəhmət olmasa açın! – Skot mülayim səslə qapının arxasından gələn səsə cavab verdi.
Qapını kök, yaraşıqsız bir qadın açdı. Skot həkimin evdə olub-olmadığını soruşanda, qadın incə səslə onun evdə olduğunu bildirdi. Səs bu qadına məxsus ola bilməzdi. Bu səs ayıdan çıxan pişik səsinə bənzəyirdi. Bu barədə ürəyində fikirləşən Skot içəri daxil oldu. Həkimin xoşagəlməz simasını görəndə, bu adamla işləməyin çətin olacağını düşündü.
– Siz kimsiz? – Həkim ilk cümləsini təəccüb dolu sualla başladı. O, sağ gözünü tez-tez qırpırdı.
– Mən qonşuluqda yaşayıram. Bu binanın yeni sakiniyəm. – Skot tez cavab verdi.
– Mən sizi birinci dəfədir ki, görürəm. – Həkim onu başdan-ayağa süzdü.
Skot sonucu cümləyə fikir vermədi.
– Özümü çox pis hiss edirəm, qonşum sizi məsləhət gördü. – Skot özünü xəstə kimi qələmə verdi.
– Qonşunuz kimdir? – Həkim təəccüblə soruşdu.
Bu sual Skotu çaşdırmadı. O, belə bir sualın əvvəlcədən veriləcəyini təxminən bilirdi. “Futbol  planeti” qəzetinin daimi oxucusu olan Skot sonuncu blokda yaşayan köşkçünü bir dəfə yağışlı havada bu binaya gətirmişdi. Adı da Skotun həkimə dediyi kimi idi.
– Rauf Yunusov. Qəzet satan işləyir və sizi də mənə məhz o məsləhət gördü.
Skot adı söyləməmişdən öncə o hadisəni bir daha yadına saldı. Köşkçünü yağışlı havada yolda qoymayan Skot onu evinə gətirəndə adını soruşmuşdu. Dəfələrlə ondan qəzet alsa da, adını bilmirdi. Özünü xoş niyyətlə təqdim edən köşkçü həyəcandan və ona olunan yaxşılığın qarşılığını verə bilmək üçün, adı ilə bərabər soyadını da demişdi.
– Buyurun, keçin bu otağa, – həkim yol göstərib, onu şəxsi kabinetinə saldı.
 Skot içəri daxil olanda nədən başlayacağını bilirdi. İçəridə stol, stolun üzərində iynələr, spirt qabı  və ağ rezin əlcək var idi. İki stul kiçik stola söykənmişdi. Yatağın üzərində ağ mələfə səliqəli görünürdü. Kiçik ekranlı televizor işə salındıqdan sonra, Skot  özünü yenidən tamam başqa formada təqdim etdi. Həkim çaşıb qaldı.
 – Siz məni aldatmısız! – həkim səsini qaldırmaq istəyəndə, Skot cəld arxaya çəkilib onun ağzını əli ilə qapadı.
– Yavaş, sus! Evindəkiləri təlaşa salma. Mən səndən, sadəcə dünən  klinikaya gətirilən cəsədin kimliyini və üzərində olan yaralar barədə  məlumat öyrənməyə gəlmişəm. Əlimi çəkirəm. Sakit ol, danış görüm!
Əlini çəkən kimi həkim stolun üstündən boş iynəni götürüb Skotun ayağına batırdı. İynə onun baldır nahiyəsinə keçmişdi. Qəflətən vurulan bu zərbə sarsıdıcı alındı. Skot özlüyündə onu güllə zərbəsilə bərabərləşdirdi. Həkim cəld əlini telefona tərəf uzadıb dəstəyi götürmək istəyəndə, Skot arxadan onun boğazını tutub ağzını qapadı. Həkim diz üstə yerə çökmüşdü. Qapının arxa tərəfindən səslənən pişik səsli qadın:
– Orada nə baş verir? – deyə həyəcanla soruşdu.
– Xəstə iynədən yaman qorxur, – Skot sakit səslə cavab verəndə qapının o tərəfindəki pişik səsli qadının gülüşünü duya bildi. Skot əlini ayağına aparıb iynəni çıxartdı.
– Sənə son dəfə xəbərdarlıq edirəm: mən rəsmi dövlət qurumunun – MTN-nin əməkdaşıyam. Səninlə əlaqə yaratmaq üçün məni göndərdilər. İstəyirsən bax, – deyib cibindən vəsiqəni çıxartdı. Həkim vəsiqəyə baxandan sonra başı ilə “oldu” işarəsini verdi. Həkim ayağa qalxdı. Yenidən Skota hücum çəkib onun ağzına yumruq zərbəsi endirdi. Skotun ona sürücülük  vəsiqəsini göstərdiyini bilirdi. Zərbənin təsirindən Skot səntirlədi. Dərhal özünü toplayan Skot ona qarşı bir müdafiə fəndi işlətdi. Bu fənd “Dzyudo”da  “ippon” adlanırdı. Həkim kürəyi üstdə yerə sərildi. Skot onun ağzını yenidən qapayıb hirsli-hirsli dilləndi:
 – Bax, səni və arvadını öldürüb oğlunu apara bilərəm. Bir daha soruşuram: mərhumun alnında nə yazılmışdı? – Skot səsini bir qədər də yüksəltdi. Həkim ona olunan müraciətdən çəkinib başını qorxmuş adam kimi tərpətdi. Skot bu mimikaları yaxşı bilirdi. Həkimin ağzından əlini çəkdi. Həkim az qala yalvara-yalvara dilləndi:
– Xahiş edirəm, onlarla işiniz olmasın, istəyirsiz məni öldürün!..
– Heç birinizlə işim yoxdur, cəsəd haqqında mənə geniş məlumat versən, çıxıb gedərəm. – Skot sərt şəkildə cavab verdi. O, sadəcə qorxudurdu.
– “Nebe...” – deyə həkim həyəcanla ayağa qalxdı: – Alnında “Nebe” yazılmışdı. Dili köpüklənirdi. Dilində damğa olduğuna əminəm. Onu damğalamışdılar. Adam şəhərin merinə bənzəyirdi. Üz–gözü şişmişdi. Simasın yaxşı görmək olmurdu. Üzərində olan qan ləkələri hadisənin yeni olmadığını sübut edirdi. Həkimlər hadisənin bir gün öncə törədildiyini əsas gətirdilər. Nə qədər əlləşdiksə, həyatını xilas edə bilmədik. Ekspertə yollamaq istəyirdik, amma MTN-nin əməkdaşları gəlib bizdən cəsədi təhvil aldı. Özüm əvvəlcə yaxınlıqdakı polis bölməsinə zəng etdim, amma onlar gəlməyəcəklərini bildirdilər. Mən indi də şokdayam, belə cəsədlə heç üzləşməmişdim. Çox ağır işgəncə vermişdilər yazığa. Nə qədər çalışdımsa, dilində olan damğanı başa düşə bilmədim. Dilinə, mənim fikrimcə, xüsusi möhür vurulmuşdu. Nəyin möhürü olduğunu bilmirəm, amma əminəm ki, o yara məhz möhür yerinə oxşayırdı...
Həkim artıq özünü yaxşı hiss edirdi. Skot əlini alınına aparıb dərindən nəfəs aldı.
– Alnına qazılan “Nebe” sözü, dilinə vurulan möhür. Çox maraqlıdır. – Öz-özünə pıçıldayan Skot qaşlarını çatıb dərindən fikirləşdi.
O, bu sözün mənasını bilmirdi. Bu kəlmə ilə nəyə eyham vurulması barədə də heç bir şey fikirləşə bilmədi. Möhürün də olub-olmadığını dəqiqləşdirmək müşkül idi. Bəlkə də heç möhür də deyilmiş.
– Deyirsiz, hadisə cəsədi klinikaya gəitrməmişdən bir gün öncə törədilib? – Skot soruşdu.
– Bəli, bəli, biz müayinə zamanı bir neçə hallarla rastlaşdıq. Bəlkə vaxtında klinikaya çatdırılsaydı, həyatını qurtarmaq mümkün olardı.
Skot dərindən nəfəs alıb danışdı:
– Mən artıq gedirəm. Sakit ol! Bilirəm ki, polisə zəng etmək istəyinə düşməzsən. Əks-halda fikrimin üstündə duracağam.
Həkim razılıq əlaməti olaraq başını tərpətdi. Skot ayağa qalxıb otaqdan çıxdı. Ağımtıl şalvarında xırdaca qan ləkəsi əmələ gəlmişdi. Bu, iynənin yeri idi. Uşağa göz vurub qadına minnətdarlıq edəndən sonra evdən çıxdı. Həkim onun arxasınca baxırdı. Otağa daxil olan qadın “Burada nə baş verib?” – deyə soruşanda Skot binadan artıq uzaqlaşmışdı.

Комментариев нет:

Отправить комментарий