Страницы

17.11.2012

Niyə ədəbi təşkilatlarımızın “Oxu zalı” yoxdur?

Rövşən Yerfi

Son beş ildə mənzillərimizdə özünə xüsusi yer qazanan daha bir elektrik cihazının aludəçisinə çevrilmişik. Bu cihaz çox vaxt gecəmizi, gündüzümüzü əlimizdən alan, saatlarla qarşısından çəkilə bilmədiyimiz kompüter aparatıdır. Onunla “tanış olandan” kitab oxumağa marağımız azalıb, qəzetlər gərəksizləşib, hətta televizor da gözümüzdən düşüb. O, mənəvi tələbatımızı ödəməyə kömək edən digər cihazların da (radio, maqnitofon, DVD və sair) az qala qəniminə çevrilib. Komputerin belə “supermen” olmasının səbəbi, əlbəttə, hamımızı əsirinə çevirən beynəlxalq internet şəbəkəsidir. Ona görə də bütün dünyada olduğu sayaq ölkəmizdə də internet istifadəçilərinin sayı anbaan yüksək sürətlə artır, əhatə dairəsi genişlənməkdə davam edir.

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatlarına əsasən ölkəmizdəki əhalinin 65 faizi internetdən istifadə etmək imkanına malikdir. Əhalinin 30 faizdən çoxu isə genişzolaqlı internet istifadəçisidir. Verilən informasiyaya görə beynəlxalq internet şəbəkəsində 700 milyona yaxın sayt fəaliyyət göstərir. (Yeri gəlmişkən, dünyada ilk veb sayt 1991-ci ildə, Azərbaycanda isə 1995-ci ildə yaradılmışdır.) Milyonlarla saytların cüzi bir hissəsi - 15 minə yaxını Azərbaycan saytlarıdır. Düzünü deyim ki, bu saytların bütövlükdə tərkibi, bölgüsü haqqında ətraflı məlumatım yoxdur. Məqsədim heç bu da deyil. Əslində söhbətimi Azərbaycan saytlarının təqribən 0.06 faizini təşkil edən beş-on ədəbi saytlar ətrafında qurmaq istəyirəm. (Beş-on sayt dedikdə bu sıraya H.Cavid, S.Vurğun, X.Rza, B.Vahabzadə, Elçin, Anar və ilaxır yazarların, həmçinin yeni cavan yazıçı və şairlərin şəxsi saytları aid olunmur.)
Məlum olduğu kimi ölkəmizin internet məkanında ilk milli ədəbi sayt yazıçı Məqsəd Nur və tanınmış tənqidçi Tehran Əlişanoğlunun birlikdə 2002-ci ildə yaratdıqları “Yenisi.net” saytıdır. Mütərəqqi hal saytın içində ədəbi yazıların verilməsi ilə yanaşı onların müzakirələr üçün də forumun açılması idi. İlk sayt Azərbaycanda çağdaş və avanqard ədəbiyyat yazarlarını birləşdirən, təbliğ edən başqa ədəbi saytların əmələ gəlməsinə hiss edici təkan verdi. Eyni zamanda ədəbi müzakirələri Azərbaycan dilində internetdə yayımlamaqla ilk ədəbiyyat forumunun da bu sayt vasitəsi ilə əsası qoyulmuş oldu
“Yenisi.net” saytı mövcudluğunu üç il saxlaya bilsə də ondan sonrakı ədəbi saytlar üçün özünəməxsus, diqqətəlayiq iz buraxdı. Belə ki, 2005-ci ildən onun başladığı yolu onlarla ədəbiyyat və ədəbi yönümlü mədəniyyət saytları davam etdirməyə çalışdı. Müxtəlif zaman kəsimlərində “Bizimki”, “Mədəniyyət.net”, “Edebiyyat.net”, “Edebiyyat.az”, “Bizim yazı”, “Doqquziklim.net” , “Lit.az” və sair saytlar meydana çıxdı. Əfsuslar ki, müəyyən səbəblər, əsasən də maaliyə çatışmamazlığı üzündən onlar da uzunömürlü olmayıb bir müddətdən sonra fəaliyyətlərini dayandırmışlar. Doğrudur, bəzi xəbər saytları mədəniyyət və ya ədəbiyyat bölmələri yaradıb hərdən kiçik ədəbi nümunələ dərc edirlər. Gəl ki, onların əsas fəaliyyəti ədəbiyyata dair deyil.
Bu ilin iyul ayından bəri yenilənməyən “Ən yeni ədəbiyyat”, “Adyazar”, “Yazarklub”, “Qala” saytlarını da, deyəsən oxşar tale gözləyir. Maddi cəhətdən gəlirsiz sahə olması səbəbindəndir ki, ədəbiyyatımız mətbuatda yetərli “çəkiyə” malik olmadığı kimi hazırda internet məkanında aktiv beş-altı saytla təmsil olunur. Dünya gənc türk yazarlar birliyinin “dgtyb.org” saytı, “Azlit.net”, “Avanqard.net”, “Yeninefes.net”, Dünya Azərbaycanlı Yazarlar Qurumunun “Dayaq” saytları ədəbi mühitdə aparıcı mövqelərə çıxmaq əzmində hələki fəaliyyətlərini uğurla davam etdirirlər. Xüsusilə, “Dayaq” saytı mövzu rəngarəngliyi, geniş əhatəliliyi ilə digərlərindən çox fərqlənir. Ədəbi nəslindən, siyasi baxışından, ictimai dəyərindən asılı olmayaraq burada bütün yazarlara meydan verilir. Təki onlar oxucunun insani-əxlaqi hisslərini, zövqünü korlamasın.
Nəhayət adlarını çəkdiyim saytlar cərgəsində yazarların əksəriyyəti tərəfindən gündəlik olaraq izlənən, oxunan iki sayt da var ki, bunlar “Kultaz” mədəniyyət portalı və Azadlıq radiosunun “Oxu zalı”dır.
Gənc yazar Zahir Əzəmətin gərgin əməyi və zəhmətinin nəticəsi olaraq “Kultaz” saytı beş ildən artıqdır ki, davamlı fəaliyyət göstərir. Burada yazarlar və bütövlükdə ədəbiyyatla yanaşı teatr, kino, musiqi, rəssamlıq ilə bağlı hər gün maraqlı xəbərlər, materiallar dərc edilir. Ötən illər ərzində saytda minlərlə ədəbi mətnlər, tərcümələr, araşdırmalar, müəllif yazıları yayımlanıb. Hazırda “Kultaz” Azərbaycan internetində nəinki ədəbiyyatı, ümumən mədəniyyəti təbliğ edən ən böyük internet resursudur. Portalda tez-tez müxtəlif mövzulara aid yaradıcılıq müsabiqələri təşkil edilir. Hər il gənc istedadların kəşfi və tanıdılması məqsədilə Nəsimi Milli Ədəbiyyat müsabiqəsi keçirilir. Bu il isə saytın beşilliyi ilə əlaqədar fəal yazarlarının nəsr nümunələri toplanmış “Proza almanaxı" çap olunmuşdur.
“Oxu zalı” “Kultaz”-dan yaşca kiçik olsa da ictimai fəallıqda onu üstələyir. Bəhs etdiyim ədəbiyyat portalı danılmaz həqiqətdir ki, fəallığı nəticəsində müasir ədəbi mühitimizdə yazarların böyük bir hissəsini ətrafına yığaraq aparıcı mövqe qazanmışdır. Burada müntəzəm surətdə hər gün çoxlu sayda materiallar: ədəbi tədbirlər və yeni kitablar haqqında xəbərlər, ədəbiyyatın ən aktual problemləri ilə bağlı müsahibələr, yeni yazılmış əsərlər barəsində tənqidi məqalələr dərc olunur. Saytın yeni kitablar, yeni tərcümələr, nəsr bölmələrində kitab təqdimatları və müzakirələri ilə, müxtəlif janrlı yazılarla tanış olmaq mümkündür. Portalda qeyri-adi virtual kitabxana - Azərbaycan ədəbiyyatı kitabxanası yaradılıb. Kitabxanada şifahi xalq ədəbiyyatından başlamış yazılı ədəbiyyatımızın qədim vaxtlarından bu günədək bütün dövrlərinin, müasirlərimiz də daxil olmaqla yüzlərlə şair və yazıçıların əsərlərindən nümunələr toplanılıb. Şifahi ədəbiyyat hissəsində 27 dastanın tam mətninin verilməsinə, 61 xalq nağılının audio formatda təqdim olunmasına isə heyrətlənməmək, dəyərləndirməmək mümkün deyil.
Bütün sadaladıqlarımdan əlavə hər il keçirilən “Ədəbi Azadlıq” hekayə və şeir müsabiqəsi ədəbiyyatımızda sağlam rəqabət mühitinin yaradılmasında olduqca diqqətəlayiqdir. Belə ki, yüzlərlə yazarın bu ədəbi yarışda iştirakı müsabiqənin ciddiliyindən və qazandığı nüfuzundan xəbər verir.
“Oxu zali”nın bir xoşa gələn cəhəti də, yazarlar və onların əsərləri haqda tərif yazılarını qəbul etməməsidir. Sayt şəxsiyyətləri yox, problemləri müzakirə etdiyini oxucularının diqqətinə çatdırır.
Şübhəsiz, “eyibsiz gözəl olmaz” və ya “iş olan yerdə nöqsan da olar” məsəlinə rəğmən “Oxu zalı”nın da oxucuları qane etməyən müəyyən cəhətləri, çatışmamazlıqları var. Saytda ədəbi materialların məzmununa bədiilik baxımdan çox siyasi nöqtəyi nəzərdən yanaşılması, özlərini müxalif elan edən yazarların fərqli təbliğ edilməsi, “dəstə” təsiri bağışlayan bir qrup müəllifin imzalarını mütəmadi görmək heç də birmənalı qarşılanmır.
Bəzən düşünürəm: mindən çox üzvü olan Yazıçılar Birliyinin niyə buna bənzər işlək mətbuat orqanı və ya saytı olmasın? On mətbuat orqanını (8 jurnal, 2 qəzet), üç fəal: qəzet, jurnal və saytla əvəz etmək olmazmı? Ola bilsin kimlərinsə xoşuna gəlməsin, amma mən hesab edirəm ki, “Oxu zalı” bu gün ədəbiyyatımız üçün Yazıçılar Birliyindən daha artıq işləyir, fayda verir və nüfuz qazanır.
Ədəbi təşkilatlarımızın niyə “Oxu zalı” olmasın? Mənəviyyatımızın zənginləşməsinə xidmət edən ədəbi saytlarımıza sərfəsiz münasibət görəsən, nə qədər davam edəcək? İnkişaf etmiş dünya ölkələrində xeyli müddətdir saytların, sayt qəzetçıliyinin çap mətbuatını tədricən sıxışdırdığını fakt olaraq görürük. Yaxın illərdə bu hal bizdə də təkrarlanacaq. Bu o deməkdir ki, təbliğat, təşviqat sahəsində elektron mətbuat qalanlardan önə keçəcək. Biz isə həmişə olduğu kimi yenə gecikirik, “atılan toplara diksinməyiriz”... 

kaspi.az

Комментариев нет:

Отправить комментарий