Страницы

20.11.2012

Seymur Abbas deputatın cavabını verdi

haberHər bir kəsi, siyasi fikirlərindən, şəxsi maraqlarından asılı olmayaraq insaflı olmağa çağırırıq

"Uzun illərdən bəri Fələstinlə İsrail arasında gedən və fasilələrlə davam edən müharibə bitmək bilmir və bunun da sonunda mən bu və ya buna bənzər lokal müharibələrin getməsini istisna etmirəm", - BBC Azərbaycancaya müsahibəsində bu sözləri hökümətyönümlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib.
"Əlbəttə günahkar tərəf Fələstindir. Fələstin İsrail ərazisini raketlərə tutub və orda da ölüm və dağıntılar olub. İsrail dövləti də öz dövlət maraqlarını və dövlət imicini vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün daha böyük hərbi arsenalla Fələstinə qarşı cavab atəşləri açır", - o deyir.

Millət vəkili Qəzza bölgəsinin bombalanması nəticəsində günahsız insanların, uşaqların qətlə yetirilməsinə görə təəssüfləndiyini deyir.
"Amma İsrail də dövlət olaraq öz varlığını qoruyub saxlamalıdır və Fələstinin tərəfindən atılan atəşlərə cavab verməlidir. Məncə burada Suriyada və İranda gedən proseslər, Suriyanın vətəndaş müharibəsi durumunda olması, orda vəziyyətin çox kritik səviyyəyə gəlib çatması, bunun ardınca İranın özündə daxili böhranın dərinləşməsi blokada və sanksiyalar nəticəsində İranda iqtisadi sosial durumun son dərəcə ağır vəziyyətə düşməsi də təsir edib", - Fəzail Ağamalı belə hesab edir.
"Heç kim üçün sirr deyil ki, Fələstindəki radikal qruplaşmalar İranın təsiri altında olan qüvvələrdir və onlar İsraili düşünülmüş şəkildə müharibəyə cəlb etmək istəyirlər", o əlavə edir.
Ağamalının fikrincə, belə gedərsə, müharibənin miqyası dərinləşib hətta Suriya ilə, İranla da genişlənə bilər və bütün regionu bürüyə bilər və bununla da İran texnoloqları düşmüş olduqları vəziyyətdən müharibə yolu ilə çıxmağa cəhdlər göstərərlər.
"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin "Mədəni Maarif" şöbəsinin müdiri Seymur Abbas, deputatın bu fikirlərinə münasibət bildirib.
İslamazeri.az-a münasibət bildirən Seymur Abbas deyib:
"Deputatın açıqlaması çox təəssüfləndiricidir. Çünki,  belə çıxır ki, Azərbaycan tərəfi nə vaxtsa Ermənistan tərəflə müharibəyə ilk başlasa, səhv etmiş olacaq.
Əgər Fələstin tərəfi işğaldakı torpaqlarını geri almaq üçün mübarizə aparırsa və deputatın fikrinə görə bu səhvdirsə, onda elə çıxır ki, Azərbaycan tərəfinin də hər bir addımı və ya Şəhid Mübariz İbrahimovun ermənilərə zərbəsi də bu qəbildən olduğu üçün Fəzail Ağamalı düşüncəsiylə dəyərləndirildikdə səhv hesab olunar.
İsrail-Fələstin münaqişəsində Azərbaycan-Ermənistan münaqişəsinə oxşar çox cəhətlər var. Bu cəhətlərdən birincisi və ən təhlükəli olanı münaqişəyə “tarixi baxışdır”. Sionizm Fələstin ərazisində min illər bundan əvvəl Yəhudi dövlətinin olduğunu iddia edərək Fələstini işğal edir.
Eyni məntiqlə (Böyük Ermənistan xülyası ilə) Ermənistan qoşunları Dağlıq Qarabağı öz nəzarətlərinə alaraq bu ərazinin Azərbaycandan ayrılmasını tələb edirlər.
Başqa sözlə desək, Azərbaycan ərazilərini işğal etmiş Ermənistana qarşı BMT tərəfindən qəbul edilmiş dörd qətnamə yerinə yetirilmir, əksinə Azərbaycana mümkün yardımlara məhdudiyyətlər qoyulur. Eyni ilə belə münasibət İsrail-Fələstin münaqişəsində də aydın görünür.  İsrail nə üçün BMT-nin qəbul etdiyi qətnamələri vecinə almır? Kim onu beynəlxalq hüquqa hörmət etməyə məcbur etməlidir; beynəlxalq təsir mexanizmləri, yoxsa hər şeyini, nəhayət hegomon güclərdən ümidini itirmiş insanların özünümüdafiə hərəkətləri?
Bəs BMT tərəfindən müəyyən edilmiş sərhədlərdən kənarda xeyli ərazini zəbt etmiş, yerli əhalini öz ev-eşiyindən qovmuş İsrailin, bu hərəkətləri nə üçün Fəzail Ağamalının qınağına səbəb olmur?
Son olaraq Fəzail Ağamalının diqqətinə yolunu getdiyi liderinin bir tarixi cümləsini qeyd etmək istəyirik: Heydər Əliyev Fələstinli liderdən birilə görüşdə belə demişdir: "Azərbaycan Fələstinin dostudur. Müstəqil Azərbaycan Respublikası Fələstin xalqının qəhrəmanlıq mübarizəsini həmişə dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir".
Bu gün belə fikirlər səsləndirənlər, heç bir təqsiri olmayan fələstinlilərin Sionist qoşunları tərəfindən öz yurdlarından qovulmasını və Sionist ordusu tərəfindən zorakılığa məruz qalmasını unutmamalıdırlar.
Bunu da unutmamalıdırlar ki, Ermənistandan, Dağlıq Qarabağdan və işğal edilmiş ətraf rayonlardan qovulmuş günahsız azərbaycanlılar məhz sionist rejiminin və onu müdafiə edən imperializmin qurbanı olmuş Fələstinlilərin taleyini yaşayırlar.
Hər bir kəsi, siyasi fikirlərindən, şəxsi maraqlarından asılı olmayaraq insaflı olmağa çağırırıq".

Комментариев нет:

Отправить комментарий